Hafiz HACXALIL
Çoxminillik tarixə malik ədəbiyyatımız, söz sənətimiz bütün dövrlərdə aparıcı bir güc kimi özünü göstərmiş, cəmiyyətin inkişafında böyük rol oynamış, ədəbi-bədii fikir tariximiz zənginləşmiş, cilalanmış və günümüzədək sistemli inkişaf yolu keçmişdir.
Özündə həyat gözəlliklərini, eybəcərliklərini rəngli fəlsəfi çalarlarla əks etdirən bədii ədəbiyyat nümunələri dünən olduğu kimi bu gün də yazılır və oxunur. Müasirlik, yenilik, ədəbi axtarışlar uğrunda ədəbiyyatımızda müxtəlif cərəyanlar arasında mübarizə gedir və bu da şübhəsiz ki, inkişafa səbəb olmaya bilməz. Bu mənada mən gənc yazarların xidmətini yüksək qiymətləndirirəm.
Mənim qəhrəmanımın gənclik yaşı keçsə də onun ədəbiyyatımızda və ictimai mühitdə xüsusi çəkisi var. Əkbər Qoşalı. İmzası türk dünyasına, ədəbiyyatsevərlərə yaxşı tanışdır. (Mənə söz verib ki, özümü yaxşı aparsam türk dünyasını gəzdirəcək. “Şair sözü əlbəttə yalandır”). Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Əkbər Qoşalının “Ölümlərin ötəsi” kitabının ön sözündə özünə, öz içinə çəkilmənin, dünya mülkünün fövqündə durmağın fəlsəfi və poetik təqdimatında Əkbərin “özünəməxsusluğunu” belə görür və sonra bu şeiri misal çəkir.
Nə kağızı dinc qoydum,
Nə səni yazıq canım.
Biz özümüzə doğma.
Dünyaya yadıq canım.
Ola bilər ki, burada “canım” müraciət formasında deyilir, ancaq mən hörmətli Məhərrəm müəllimlə və Əkbər Qoşalı ilə razı deyiləm. Şairlər və ümumiyyətlə söz adamları dünyanın ən bədbəxt və xoşbəxt adamlarıdır. Dünyanın sevinci, dərdi və nələri .... hamısı söz şəklindədir və bu mənada Əkbər :
Biz özümüzə doğma,
Dünyaya yadıq canım
deməklə səhvə yol verir. Şairlər heç vaxt özlərinə doğma, özlərinə şirin olmurlar. Özünün faciəsini yaddan çıxarıb özgələrin dərdinə yanmaq, özgələrin faciəsinin qəhrəmanına çevrilmək nə vaxtdan “özünə doğmalıq” oldu?! Məncə, bunu belə desən daha yaxşı olardı:
Biz ki, özümüzə ögey,
Dünyaya doğmayıq, canım.
(Şeirdə fikri və hecanı dəyişdirdiyimə görə yəqin ki, məni bağışlayarsan).
Sonuncu kitablarına hamımıza tanış və hamımızı qorxuya salan adlar qoymusan, qardaşım. Hər iki kitabını dönə-dönə oxumuşam. Oxuduqlarım haqqında səninlə fikir mübadiləsi aparmağa imkan olmasa da ürəyimdə “sənin və yazdıqların haqqında nə isə yazacağam fikri məni rahat buraxmayıb”. Şükürlər olsun ki, bu gün ölənə qədər məni rahat buraxmayan sıxıntılarımın bircə anlıq da olsun əlindən qopub sənə “nə isə” yazıram.
Şeirlərinin hamısında özünə təsəlli üçün dediyin “hər şey yaxşı olacaq” var ha, - heç də hər şeyin yaxşı olacağına bizi tam yox, ümumiyyətlə inandırmır. Üzdə öz etirazını bildirməsə də bir şair dostumuz sərinləşdirici içkiyə bənzər “hər şey yaxşı olacaq”a bir az səmimiyyət və qılıq qatıb sənə göndərdi, yadındamı?
bəlkə də bu şeyrin adı şeyirdi,
bəlkə də xəyaldı, nə varsa xəyal?
inan bu sözləri qəlbim deyirdi
sənə öz sözünü göndərirəm, al:
hər şey yaxşı olacaq...
Yox, dostum, heç də hər şey yaxşı olmur.
Müraciət etdiyin mövzularda həyat və sən varsan. Məsələn 1995 və digər illərdə yazdığın şerlərdə bədiiliyin, təbiiliyin, epizmin və sözlə şəkil çəkməyin, tablo yaratmağın gözəlliyini görürük. Bəli, burada mühit amilini də nəzərdən qaçırmaq olmaz. Qədim bir türk - oğuz yurdundan, təmiz havadan qopub şəhərin dar dolanbac yollarında yürümək, kiçik bir yataqxana odasına sığınmaq və alnımıza yazılan ömrün hər gününə təpik döymək, xlorlu sudan içmək, qara tüstülü bir udumluq “oksigeni” olmayan şəhər havasından udmaq şair ruhuna sərinlik gətirərmi?! Yox, qardaşım, yox! Mənə elə gəlir ki, sən tam şəhərli olmamışdan qabaq daha gözəl yazırdın:
...ünvansız bir həsrət sıxır qəlbini
gözünə düşən yol gözümdən düşməz.
Tanrım, sən bu qızın çıxart qəlbini,
bəlkə bir bəndən də dözümdən düşə...
və yaxud da,
Ürəyin çatan dərdə,
boyun çatmır neynəyək!?
Baxdım göz yaşın çatır,
yaşın çatmır sevgiyə.
Bilirəm, ya bu yazıya bir cavab yazacaqsan, ya da “sən lap qəribəsən e, gah mənə deyirsən ki, sən yaxşı yazırdın, gah da xoşuna gəldiyi şeirlərimdən “sitat gətirersən” - deyəcəksən. Ancaq etiraf elə, mən bəzi tənqidçilər kimi söz kəsən, fikir qılınclayan deyiləm (Camaat indi baş kəsir).
Şeirlərindən qurtardım, indi də keçək hekayələrinə və digər yazılarına.
Maraqlı burasıdır ki, sənin hekayələrindən “intellekt” iyi gəlir. Onlarda olan canlılıq, axıcılıq, birbaşa ruha bağlılıq şeirlərində (müəyyən şeirləri çıxmaq şərtilə) özünü biruzə vermir. “Ölü yuxusu” kitabında toplanmış hekayələrində günümüzün reallığı, hadisələrə münasibətin, obrazlarının dili çox möhtəşəmdir (möhtəşəm sözü Sizə tanış olsa gərək). Hekayələri oxuduqca görürsən ki, bərli-bəzəkli, sirli-sehrli bir şey yoxdur. Bircə şey var, o da dərdə abunə olan ürəyin. Həqiqət və yaşantılar hekayələrinin özün başda olmaqla baş qəhrəmanlarıdır.
“Haqq dünyası” hekayəni oxuduqdan sonra fikirləşdim, sənə sui-qəsd etməsələr yaxşıdır (Allah göstərməsin- Amin!). Axı Bakıda nə çoxdu anası “Nanire Xaçikovnalar”. Bu gün Ermənistanda azərbaycanlı əsirlərdən, girovlardan başqa bir nəfər belə azərbaycanlı, türk olmadığı halda Azərbaycanda ( elə Türkiyədə də) minlərlə erməni var. Hətta elələri var, erməni olduğunu özləri də etiraf edir. “Yevrovijin” yarışmasında bəzilərinin erməni qanı qaynayıb, erməni ürəyi dözməyib öz qohum-əqrəbalarına “sms” də göndərmədilərmi!?. Vallah biz diriykən goru çatlayanlardanıq. Qanımızı ona-buna qatırıq, sonra da deyirik, bizə nə oldu.
Sağ olmuş, yenə siyasət yox, əslində əsl həqiqət məni sənə yazdığım bu yazıdan uzaqlaşdıracaqdı. Yeri gəlmişkən, “Sağ olmuş”unda və “Bizim Xudaverdinin bir günü”ndə demək olar ki, “Yaşantı”nın portretini çəkmisən.
Bir də yadımdan çıxmamış, “Ağ qadın” (açığı, şeirin əvvəli xoşuma gəlmədi) şeirin olmasaydı aylarla fikirləşdiyim bu yazını tamamlaya bilməyəcəkdim. Bu da “Ağ qadın”a cavab:
Sən qara dünyanın xal boyda ağı,
Saçların ağarar, bəxtin ağarmaz.
Nəyinə lazımdı bu ağlıq axı?
Bu qara adamlar səni anlamaz.
AĞ QADIN!
Başına mən boyda qara bağla sən,
Ağla gözlərindən qara qan gələ.
Ağ günə çıxmazsan ağlamaqla sən,
Çətin köməyinə yaradan gələ.
AĞ QADIN!
...Bu iki misranı da son söz kimi yazıram.
Mənim günümə bax, cibimdə pul yox,
Ürəyim hər dərdə abunə olur.







YENİLİKLƏR