Ramiz
QUSARÇAYLI
AZƏRBAYCAN BAYRAĞI
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində "ya qazı, ya şəhid" bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, -
Azərbaycan bayrağı !
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !
QAR
Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qübarı
Tox toxa söylənir, ac aca, - qardı.
Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda,
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
çox qoca qardı...
Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut...
Bir evdə od yanır,
bir evdə sükut
Bir baca tüstüdü,
bir baca qardı.
Qar düşüb ovçunun tələsinə də,
Qar qonub tüfəngin lüləsinə də,
Qar yağır gecənin şöləsinə də
Bu qar sirli qardı, tapmaca qardı.
Boyundan boy verir boyların üstə,
Oynayır sıldırım layların üstə,
Uzanıb ən uzun çayların üstə,-
Adına gəlincə,- bir heca, Qardı...
YASTI BALABAN
Yerlər, göylər çağladı,
Quşlar qanad saxladı,
Dindi, anam ağladı
Yastı balaban, yastı.
Havalandım zilindən,
Hara qaçım əlindən...
Ürəyimi dilindən
Asdı, balaban, asdı.
Qərib durnam, heyim yox,
Qara zurnam, qıyım yox,
Gör nəyim var, nəyim yox,
Bəsdi, balaban, bəsdi...
Dərd boyu bəstə-bəstə,
Çox oynadım qəm üstə.
"Kəsmə şikəstə"m üstə
Əsdi, balaban, əsdi.
Aylı sevdam, Aylı dan,
Dad bənovşə boyludan,
Nəydi Qusarçaylıdan
Qəsdi, balaban, qəsdi...
2005
QUSARIM
Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bilmədim Suvarın, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.
Yerləri gül səsi, çiçək qapısı,
Göyləri nur seli, mələk qapısı,
Dosta dost qapısı, ürək qapısı
Düşmənə keçilməz hasarım mənim,
Qusarım mənim.
Bir daşı yurd daşım, binə daşımdı,
Bir daşı baş daşım, sinə daşımdı,
Bil ki, yamaq daşım, pinə daşımdı,-
Sənsiz hara düşsə güzarım mənim,
Qusarım mənim.
Ötür şəlalələr tel nəğməsini,
Asıb qayalara sel nəğməsini,
Yasab nəğməsini, Hil nəğməsini
Könlümə əbədi yazarım mənim
Qusarım mənim.
Düşsün gözəllikdən gözə dən, baxım,
O gözəl hüsnünə təzədən baxım...
Çıxım, Şahdan baxım, Ləzədən baxım
Deyim, bu - qartalım, bu - sarım mənim,
Qusarım mənim.
Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bu səs Suvarındı, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.
2008
***
Sənə qondu könlümün
Quşu, başdaşım, quşu.
Deyən gəlir ölümün
Xoşu, başdaşım, xoşu...
Bu nə xof, nə hürküdü,
Ağı da bir türküdü,
Dünya yaman bürküdü
Üşü, başdaşım üşü.
Deyim sözün düzünü,-
Ağartmadım üzünü...
Yan-yörəmdə yüzünün
Leşi, başdaşım, leşi...
Xətt çək yaşımın üstdən,
Daş tök daşımın üstdən,
Yondur başımın üstdən,
Naşı, başdaşım, naşı...
Quba , 2008
AĞLAMA
Ağlayırsan, indi ağla,
Məni öləndə ağlama.
Qəbrim üstə güllər solub
Xəzan gələndə ağlama.
Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda,
Ağla, düşmən ağlayanda,
Dostlar güləndə ağlama...
Gözəl davran, gözəl inlə,
Darılma dərd gözəlinlə...
Göz yaşını öz əlinlə
Özgə siləndə ağlama...
Öz tamı var, öz təhəri,-
Ölüm ömrün son bəhəri...
Gizlə gözündən qəhəri
Gözün biləndə ağlama.
Axşam şəri, səhər danı,-
Səninlə böldüm hər anı,
Sonuncu dəfə dünyanı
Yarı böləndə ağlama...
2008
BU MİLLƏT
B.Vahabzadəyə
Bir yetim payına beşi boylanır,
Bu millət, bu millət, bu millət mənim.
Çadırdan çadralı kişi boylanır
Bu millət, bu millət, bu millət mənim.
Nəfsini Arazın axarı bildi,
Dərbəndi dərdinin çıxarı bildi,
Şuşanı bazara çıxara bildi
Bu millət, bu millət, bu millət mənim.
Qalıb yad əlində yurdu,
yalandı,-
Özü öz-özünə tordu, talandı,
Yüz yerə bölündü, partiyalandı
Bu millət, bu millət, bu millət mənim.
Bilmədim hara düz, hara dağ deyir,
Özünə qurduğu tora bağ deyir...
Ağlaya-ağlaya Qarabağ deyir
Bu millət, bu millət, bu millət mənim.
Yaranan dağıdır,
Yaradan yığır,
Ağını ağlayıb qaradan yığır,
Bu qədər alçağı haradan yığır
Bu millət, bu millət, bu millət mənim.
Qəm oldum,
qəlbinin ərpi olmadım.
Çör-çör oyunlara çırpı olmadım,
Qubadan Göyçəyə körpü olmadım
Bu millət, bu millət, bu millət mənim.
Bir qarış yer üstə yaşınmaz qanım,
Dərdimin nuruyla ağarır danım,
Üzüm ayağında Azərbaycanın,-
Ölüm ayağında Azərbaycanın,-
Bu millət, bu millət, bu millət mənim.
NEYNİM
Bu torpağın harayı nə,-
Hay tuta bilmirəm, neynim.
Ürək dönüb şum yerinə
Boy tuta bilmirəm, neynim.
Baş açmıram, kim nəçidi,
Kim tacirdi, kim hacıdı,
Hərə bir cür zürnaçıdı
Züy tuta bilmirəm, neynim.
Bu qan nə çox qaldı yerdə,
Yoxsa gedib ölüm bir də...
Mənə elçi gələn dərdə
Toy tuta bilmirəm, neynim...
AXŞAMINIZ XEYİR
Nəyiniz yox idi şeirdən özgə...
Bakıda öyünüz var idi sizin,
Yeriniz, Göy ünüz var idi sizin,
Vallah, hər şeyiniz var idi sizin,
Axşamınız xeyir, şair dostlarım.
Nəşriyyat dönmüşdü qəssabxanaya,-
Vardı ət şairi, balıq şairi,
Vardı qaz şairi, toyuq şairi,
Kürəkən şairin kürən kitabı
Kişnərdi üstünə "yoluq" şairin...
Axşamınız xeyir, şair dostlarım.
Çörək ağacına dönmüşdü şeir,
Şairlər acından kef eləyirdi.
Tənqidə düşəndə arxalı "şair",-
Daş dəyən it kimi zingildəyirdi,
Axşamınız xeyir, şair dostlarım.
Yolü kəsə idi fəxri adların,
Təriflər, təltiflər qoşa gəlirdi.
Gəlirdi komsomol mükafatları,
Gəlirdi partiya mükafatları,
Gəlirdi...
dalınca Xocalı, Şuşa gəlirdi...
Axşamınız xeyir, şair dostlarım.
Əyri hamarlayıb, düz qururdunuz,
Cümlə tumarlayıb, söz qururdunuz,
Dünyanı yenidən siz qururdunuz,
Bilmədim başınız nəyə qarışdı?!
Axşamınız xeyir, şair dostlarım.
Nə tez yaddan çıxdı elin dərd-səri,
Üç yaşlı, beş yaşlı qız uşaqları,
Oyada bilmədi Siz böyükləri,
Oyada bilmədi Siz uşaqları,
Axşamınız xeyir, şair dostlarım.
Çıxın bir havaya künc sizin deyil,
Hələb sizin deyil, Həcc sizin deyil?!
Kababa çağırır İsa bulağı,
Elə bil Qarabağ heç sizin deyil,
Axşamınız xeyir, şair dostlarım.
SÖZ
Göz yaşım Söz yaşıdı,
İşığında şam öldü.
Ölən halal yaşadı,-
Yaşayan haram öldü.
Nə sirli bu söz yüküm,
Heyrətinə diz büküm.
Öldü Salaməleyküm,
Əleykümsalam, - öldü.
Ürək kəsdim, arıtdım,
Söz-Söz sərib qurutdum ...
Bir misranı unutdum,-
İçimdə balam öldü ...
TƏCNİS
Mən yazan dərdlərin iki rəngi var,
Zəmiyə bənzəyir,- sarı, ya yaşıl.
Hər rəngin öz səsi, öz ahəngi var,
Yaşıla al düşür, sarıya yaşıl.
Ha yaşıl pərdəyə gül ək,- sim sarı,
Payızın gözündə gül əksim sarı,
Yaşıl göz yaşıyla gülək simsarı
Bəlkə bir misramı sarıya yaşıl.
Bulaq bir cürədi, Güldərə sinə,
Dönüb Qızbənövşə gül dərəsinə,
Nə qalıb cinasda gül dərəsi, nə,-
Ramizə sarıdı, Sarıya* yaşıl ...
* Sarı Aşıq
***
Noldu qərib yetim,
qəribə yetim,
Ölümün gözündə çiçəklədinmi ?!
Evindən qəbrinə uzanan yolu
Dörd taxta üstündə iməklədinmi ?!
Əlində bel idi, kürəyində tər,
günün varıydımı,
gün-gündən betər ...
Qəribin qəbri də ayrılıq ötər,
Bu təzə sevdaya söz köklədinmi ?!
Bu yaz bənövşələr sənsiz qaldı ki ...
Sevdiyin çay yeri çənsiz qaldı ki ...
Çat düşən ürəyin dənsiz qaldı ki ...
Torpağın altında dərd ləklədinmi ?!
Bu torpaq sənindi,
Sən bu torpağın,
Ələyir, sovurur qəm bu torpağı,
Həm səni ağladım, həm bu torpağı
Gözümün yaşını yelpiklədinmi ?!
... Bilməyib gəlmişəm dünyaya mən də,
Elə sənin kimi tənhayam mən də,
Dönürəm bir bəyaz röyaya mən də,-
Yanında bir qara yer rənglədinmi?!
GILƏNAR
Aşıq Əlikram üçün
Yer Göyə bənd, bəs Göy nəyə,
Ölləm göynəyə-göynəyə
İki dünya bir köynəyə
Dar gələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.
"Bəhri divanə" irsimin
Qopuz kimi öz tilsimi.
Eşq özü də iki simin
Bir naləsi ay Gilənar.
Nar giləsi, ay Gilənar.
"Baş müxəmməs" şah beytimdi,
"Baş sarıtel" ah beytimdi
"Kərəmi" mdi, "Dübeyti"mdi
Yar tələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.
"Dərbəndi" dərd dənim kimi,
"Laçını" dağ çənim kimi,
"Yurd yeri"nin mənim kimi
Var dəlisi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.
Dilimdə o gülün adı,
"Zarıncı"dı, "Qaytarma"dı,
Neyçün məni qaytarmadı,
Bir beləsi ay Gilənar,
Nar giləsi, ay Gilənar.
08.11.08
BAŞ MÜXƏMMƏS
Toy tutsa da yüz əl qəmə,
Mənəm Məcnun gözəl qəmə,
Hər gözəl bir «Gözəlləmə»,
Göz divanə, qaş müxəmməs-
Baş müxəmməs.
Gül yanaq güllü qafiyə,
Sarıtel telli qafiyə,
İncə bel bəlli qafiyə
Eşq bir bəla, huş müxəmməs,-
Baş müxəmməs.
Yer ağlasın göyçə məni,
Ta tanımır Göyçə məni…
Lalə qannı göy cəmənin
Gül üzündə yaş müxəmməs,-
Baş müxəmməs.
Cəngi Koroğlu cəng ərim,
Misri cövlanda ləngərim,
Qaraca Çoban səngərim
Sapandında daş müxəmməs,
Baş müxəmməs.
Təngə dərəm yaz dəlisi,
Qız bönövşəm naz dəlisi,
Qusarçaylı saz dəlisi
Naləsi də xoş müxəmməs,-
Baş müxəmməs.
DIVANI
Məmməd İlqara
Bu axşamın nağıl dili qısadı,
Bu axşam saz havasına susadım,
Ya yanğıma su çiləyim, su atım,-
Ya simlərin alovuna bük məni,
Divani çal, Divani.
Bu dünyadı, kim oyaq, kim mürgülü,
Kim əlsizdi, kim silahlı, süngülü.
Yüz baş əyir bir ağılın yüngülü,
Yüz havalı bir havaya köklənib,
Divani çal, Divani.
Gözümüzün gözümündə qara bir,
Gözümüzün qarasında yara bir,
Sök yaramı, ara məni arabir,
Gör ağrıma neçə qulaq şəklənib
Divani çal, Divani.
Söz köhləndi, dırnağıyla nal qıran,
Bəlkə səsi yatanları qaldıra…
Bu torpağa göz dağıdı «Çaldıran»,
Günahların qılıncına çək məni,
Divani çal, Divani.
Çox istədim, nə çoxdanam, nə azdan,
Çox dərinlər üzə çıxdı dayazda…
Dərd çağlayır Qusarçaydı, Arazda,
Daşa dəyib ümidimin yelkəni,
Divani çal, Divani.
DƏRDIMI YIĞDIM OVCUMA
Məhsim üçün
Dərdimi yığdım ovcuma
göyərər novruza, anam.
Toy payıza çəkən kimi
ölüm çəkir yaza, anam…
Dünya məni yaman sıxıb.
dərd-dərd əkib,
qəm-qəm yığıb,
ölümün də şiti çıxıb
qoyan yoxdu duza, anam…
Ağarmadı bu dağ-duman,
göz yaşım şeh gül ağrıma…
Ölsəm, üstümdə ağlama
qoy özünü naza, anam.
Bu ürəknən, bu başınan,
gün-gün özümdən daşınnam.
Adımı da baş daşımdan
sildim…
Yaza-yaza anam…
NƏYIM VARSA ÖZÜMÜNDÜ
Nəyim varsa özümündü,
Kiməmsə özüməm, Allah.
Sel ağzında daş kimiyəm
İnadam, dözüməm, Allah…
Heç nəyində gözüm yoxdu,
Tam yox, dərdin tamı kimi.
Özüm kimi yaşayıram
Öləcəyəm hamı kimi.
Üz tutmuram enişlərə,
Yoxuşlar öpür dizimdən.
Vaxtında ölə bilmədim
Yaman qorxuram özümdən.
Hərə bir daş atır mənə,
Daş tuta bilmirəm, neynim.
Əlimdə sözün cilovu
Boş tuta bilmirəm, neynim.
Söz açır, gülə bürünür,
Güldü sağın, solun, Allah.
Arxamca ölüm sürünür
Nə gözəldi yolun, Allah…
BU YAZ ÇIÇƏKLƏMƏ, ƏRIK AĞACIM
Ayaqlarının donu təzəcə açılan balaca qızcığaz
xəstəxanada yuxudan oyanıb dedi ki, Şuşada,
evimizdəydim. Qapımızdakı ərik ağacı çiçəkləmişdi…
Nə göyərt bu dərdi,
Nə ləkdən keçir,
Silkələ, çalxala, ələkdən keçir.
Daha güldən keçib, çiçəkdən keçib,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Qeyrət başı bağlı,
dərd başı açıq,
Səhər ürək götür, dərd başına çıx…
Ağaclar Şuşada qurğuşun açır,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Dərdə bax,
can dözür, qan dözür belə,
Yaralı daşları kim üzür belə,
Ağla Mehri belə, Zərgəzur belə,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Oyatma, qoy yatsın yatan dərdləri,
Köz-köz ürəyimi çatan dərdləri,
Gördüm çiçəyini atam, dərdlərin…
Bu yaz çiçəkləmə, ərik ağacım.
Bu dərd qaya-qaya,
daş-daş güllənir,
Daş-qaya üstündə savaş güllənir,
Yiyəsiz yurd yeri yavaş güllənir,
Bu yaz çiçəkləmə, ərik ağacım.
GÜNAH DAĞI
Söhrab Tahirə
Əsir ayrılıq küləyi,
gah düzünə,
gah dağına.
Gözümdə yüz dağ əriyir
baxanda, Vallah, dağına…
Susur Araz, Samur hələ,
daş çürüdür mamır hələ,
Dünya dərd-dərd damır hələ
Köksündəki ah dağına
Səhənd sehri əsim-əsim,
töyşüyür Şəhriyar səsim
Mən nə qədər ürək kəsim
Bu yurdun «Segah» dağına…
Meydan birdi,
nər ikidi
hər oyunda zər ikidi,
Adında Azər ikidi,
dağ çəkir günah dağına.
Qusarçaylı, Vətən sayır,
o tay, bu tay haqq arayır,
Çatmır azadlıq harayım
Savalandan Şah dağına…
BIR TEL AĞI,
BIR TEL BAYATI
Sənin tellərinin yaz havası var,
Sənin tellərinin naz havası var,
Sənin tellərinin öz havası var,
Məni tel havası öldürür, gözəl…
Yanaqda tel yeri,
üzdə tel yeri,
Bənövşə boynunu yalar tellərin.
Axşamlar çiyninə yığıb gedərsən,
Gecələr mənimlə qalar tellərin.
Telindən asılar gecənin çatı,
Tel-tel ürəyimi çəkər tarıma.
Bir tel ağı olar,
bir tel bayatı
Tellərin dağ çəkər yuxularıma.
Dönər gecələrim tel yuxusuna,
Gecələr sübhəcən tel görər gözüm.
Bataram sübhəcən tel qoxusuna
Gecələr sübhəcən tel hörər gözüm.
Telini gözümlə öpərəm hər gün,
Telinin ucuna hörməzsən məni.
Gözün baxa-baxa ölərəm hər gün,
Görzün baxa-baxa… görməzsən məni.
Mənimçün bu yazın gül tağı yoxdu,
Özün bir çiçəksən,
telin bir çiçək.
Mənə bundan betər tel dağı yoxdu,-
Qəbrimin üstdə də telin bitəcək.
APARIR
Aparır məni mələklər,
Gecəmi şamdan aparır.
Aparır dəni küləklər
Payızı şumdan aparır.
Yurd daşında qan hörüyü,
Yaddaşımda qəm körüyü,
Odu ocaqdan kürüyür
Tüstünü damdan aparır.
Gülümü tağdan düşürür,
Ölümü haxdan düşürür,
Çeçeni dağdan düşürür
Ərəbi qumdan aparır.
Soyu Saxadan, Sakidən,
Nefti Bağdaddan, Bakıdan,
Tusini Qalaktikadan
Xəyyamı camdan aparır.
Kin bir, oyun bir, tələ bir,
Hər dünüm haqqın Hələbi…
Qovulur Həsən Cələbi
Tarixi Rumdan aparır.
Dünya, bu eşq də səngidi,
Nə mən uşaq, nə sən gidi…
Bu cəng müsəlman cəngidi
Tutub qolumdan apırır…
GƏL DESƏN…
Gəl desən gəlməyəcəyəm,
Gəlmə desən gələcəyəm,
Gəl deyəndə könlüm olmur,
gəlmə deyəndə hövsələm.
Bu get-gəllər arasında qalan eşqə güləcəyəm,
Birdi cənnətdən qovsalar, ya cəhənnəmdə sevsələr…
Mən bu havalı dünyanın nazıyla çox oynamışam,
Bəxti qara çiçəklərin göz yaşları məndən keçib.
Göylərlə çox əlləşmişəm, yazıyla çox oynamışam,
Məhəbbətin kövşən yeri ürəyimdən dən-dən keçib.
Güman bitməz şırımlarda qan suvardı yaşılımı,
Söz göyərtdim sel ağzında, qoxlayan kim, dərən kimdi.
Buz bağlamaz Şah düzündə Ərzurumun aşırımı
Gəlsin görək lələ şaman, Keşiş nədi, Kərəm kimdi?
Qolunu aç, dar ağacım, üzün ağ olsun, gəlirəm,
Bu haqq mənim özümündü, heç kəsə verməyəcəyəm!
«La ilahə illəllahım», məni sevirsən, bilirəm,
Məni məndən çox sevənim, mən səni
sevməyəcəyəm!..
QURUDUB GÖNDƏRMƏ BƏNÖVŞƏLƏRI
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.
ZƏMINXARƏ
Bu gül deyil, xəzəlimdi,
Bu son deyil əzəlimdi,
Bu qəm mənim gözəlimdi
Gözəl dünya, qəmin xarə,
Zəminxarə.
Şah küləyi, dağ ahəngi,
Daşlar oynar cəngi-cəngi,
Dəşti rənği, Dügah rəngi,
Neyçün qaldı zəmin xarə
Zəminxarə.
Donan yaşdı Laçın gözdə,
Əriyər də, əriməz də,
Bir yurd ağlar Əriməzdə
Ağlar üzü həmin xarə
Zəminxarə.
Ah, təzə dərdin boyatı,
Dilimdən qaçar bayatı,
Qarabağ, Qacar-bayatı,-
Zülüm-zülüm dəmin xarə,
Zəminxarə.
Araz, Samur, a Sar çaylı,
Rast dərəli, Hisar çaylı,
O səs sənsən, Qusarçaylı
O çay sənsən, gəmin xarə,
Zəminxarə.
GECƏ YARISI
Bir şeir ağladım gecə yarısı,
Bir şeir hönkürdüm... ağ vərəqlərə.
Göydə Ay bildiyim saman sarısı
Qopub yarpaq-yarpaq töküldü yerə
Gözümün nəmində məzar sükutu,
Üzümdə şehlənən ölüm buxarı.
Çiynimdə gecənin qara tabutu,-
İçində bir ölü sevinc ağarır...
Bu gecə ürəyim elə ağrıdı,
Heç kəsin ürəyi ağrımaz elə.
Bu gecə özümə elə ağladım,-
Ölsəm, heç anam ola ağlamaz, elə...
GƏLDIM
Cavan yaşda bir dərvişdim,
Hara gəldim, çaşıb gəldim.
Özgə atına minmişdim,
Öz xoşumla düşüb gəldim.
Bir əlimdə daş oynatdım,
Bir əlimi boş oynatdım,
Ürək qovdum, baş oynatdım
Bir balaca bişib gəldim.
Gördüm ki, düzdən keçirlər,
Əyilib bizdən keçirlər…
Torpağın üstdən keçirlər
Mən altından keçib gəldim.






