Təranə RƏHİMLİ
QIŞ LÖVHƏSİ
Yaxasını söküb bulud
Qar ələyir küçələrə.
Bəyaz pərdə çəkib bulud
Gündüzlərə, gecələrə.
Ağarıb bəxti Bakının,
Gəlinlik geyinib şəhər.
Qış sirri danışır quşlar
Qar üstündə səhər-səhər.
«Bəyaz güllər» səpələnir
Çölə, düzə ləçək-ləçək.
Naxışlanır pəncərəmdə
Ulduz-ulduz, çiçək-çiçək.
Düzüm-düzüm sırsıralar
Ağacların buz sırğası.
Sirdi, sehrdi, əfsundu
Qarın, çovğunun qovğası.
Mürgü döyür göy dalğalar,
Dənizin yuxusu gəlir.
Təbiətin nəfəsindən
İlk sevgi qoxusu gəlir.
Göylər bərəkət göndərir
Torpağa qar tökə-tökə.
Səttar fırçası gərəkdir
Bu qış lövhəsini çəkə.
21 yanvar, 2008
PAYIZ…
Yenə də yağış yağır, füsünkar bir gecədi,
Kəsilib gediş-gəliş, səs-səmir yox küçədə.
Elə qəribdi şəhər, elə qəmli çöl-bayır…
Payız mənə dərdimdən üzül deyir, öl deyir.
Küçə fənərlərinin başı yerə dikilib,
Asfalt üstə buludun qaş-qabağı tökülüb.
Damlalar gölməçədə «yağış nəğməsi» çalır,
Fikir pyedestalında payız şeiri ucalır.
Pəncərə şüşəsində damla-damlanı qovur,
Yuxusu qaçmış şəhər yenə gözünü ovur.
Hardasa gizlənib ay, əksi suda oynayır,
İndi şair təbimin qanı yaman qaynayır.
Yenə də yağış yağır, füsünkar bir gecədi,
Kəsilib gediş-gəliş, səs-səmir yox küçədə.
Elə qəribdi şəhər, elə qəmli çöl-bayır…
Payız mənə dərdimdən üzül deyir, öl deyir.
noyabr, 2007
GÜZGÜDƏKİ MƏN DEYİLƏM
Qaşdı, gözdü, tanış üzdü,
Ömürdən bir parça izdi.
Boylanıb özümü gəzdim,
Güzgüdəki mən deyiləm.
Buz heykəldi daş güzgüdə,
Donub buz baxış güzgüdə.
Gözüm yaz, yay, qış güzgüdə,
Güzgüdəki mən deyiləm.
Bəxt güzgümdü, bəxt göstərir,
Mənə qızıl taxt göstərir.
Allah, nə xoşbəxt göstərir,
Güzgüdəki mən deyiləm.
Çəkdiklərim saya gəlməz,
Mənim gözüm belə gülməz.
Güzgü məni görə bilməz,
Güzgüdəki mən deyiləm.
yanvar, 2008
ÇIXIB GEDƏCƏYƏM, VƏTƏN
Çıxıb gedəcəyəm, Vətən,
Ürəyimdə sənin dərdin.
Bu gedişlə neçə-neçə
Ümidlərə qəsd edəcəm.
Sənə həsrət qalmağımla
Özümü şikəst edəcəm.
Çıxıb gedəcəyəm, Vətən,
Məni gözündə saxladın.
Gözündən düşə bilmərəm,
Gedəcəyəm boynumdakı
Bu haqq-saya hörmət ilə.
Çox bölünüb paralandın,
Sənə olan bütöv eşqi
Paylaşıb bölən deyiləm
Bircə qarış torpağına
Tay olmayan qürbət ilə.
Çıxıb gedəcəyəm, Vətən,
Səni səndən uzaqlarda
Vəsf eləməyə gedəcəm.
İçimdəki yurd sevgisin
Bir də… Bir də…
Kəşf eləməyə gedəcəm.
Çıxıb gedəcəyəm, Vətən.
yanvar, 2008
«QAN BANKI»NDA DÜŞÜNCƏLƏR
Qan qoxusu çökmüşdü
döşəməyə, tavana.
Divarlarda qan donduran şəkillər…
Ümidlər, sonra da dualar yıxılırdı
pəncərədən o yana.
Üz-gözündən oxumaq olurdu
adamların içindəki talanları,
Qansız-qansız üzürdü fələk
qana möhtac olanları.
Xəstələrə baş çəkən həkimin
ürəyinin qanı qaçmışdı,
Talasemiya, Hemofiliya adlı dərdlər
qan üçün yaman acmışdı.
Ölüm yedəyində gedən talelər
əcəlin bir addımlığında,
Əkilməmiş ümidlər göyərirdi
«Qan bankı»nın yaxınlığında.
İlahi, bu nə mizandı?!
Burda məzarla qan tərəzi gözündə.
İlk dəfə dərdin rəngini gördüm
dərdini bilməyən bir körpənin üzündə.
10 iyul, 2007
***
Gözlərinin ova-ova
itələdi yuxusunu dərinə.
Ölməliydi bu gözlərin
oyaq qalmaq həvəsi.
Ölməliydi içində ya bir şeir,
ya bir misra…
Yuxulu-yuxulu son xırıltısını eşitdi
dərinlikdəki səsin.
Sonra utandı əvvəl gözlərinə,
oradan qəlbinə uzanan
qatil barmaqlarının yerinə.
10 iyul 2007
SON GÖRÜŞ
Son sözü demək çətindi
sevdiyin adamla üz-üzə.
Burda nə sevgi vəd edən dəniz var,
Nə də o dənizə baxa-baxa
deyiləsi vida sözü.
Göydə ulduz da görünmür,
«Ayrılmayın» desin bizə.
İndi şəhər boşdu, ətraf kimsəsiz,
Küçə fənərləri yaslı, hüznlü,
agaclar da dəymir gözə.
Bu tənha küçədə elə bizik –
Sən, mən və solmuş çiçəyin
son nəfəsi kimi
qoxuyan «Joze».
2007
***
Bu dərdin sözdə yaşayan,
İçimdə ölən vaxtıdı.
Doğranıb şeirə, misraya
Ömrünü bölən vaxtıdı.
Pəncərəmdə ay doğulub,
Yatağıma qor dağılıb.
Gecə gözümə yığılıb,
Yuxuma gülən vaxtıdı.
Yatıb dağların lalası,
Susub hamının laylası.
Tez uyu, şair balası,
İlhamın gələn vaxtıdı.
10 iyul 2007
BU SEVGİ ELƏ DƏRDDİ…
Yerişi asta-asta,
Gəlişi usta-usta.
Qəlbinə yastı-yastı
Girər, xoşuna gələr.
Üzüyola bilərsən,
Ağladarsan, gülərsən.
Möhkəm büküb-bələrsən
Elə beşikdə ölər.
Şirindil, xoşqılıqdı,
Taleyə göz-qulaqdı.
Xəncəri ayrılıqdı,
Qəfil bağrını dələr.
İstər baxa, baxıla,
Ürəyinə taxıla,
Çox gələrsən yaxına
Səni yağı, yad bilər.
Nə həlimdi, nə sərtdi,
Nə xaindi, nə mərddi,
Bu sevgi elə dərddi,
Gülmə, başına gələr.
10 iyul 2007
Q Ə L Ə M
Sənə sarılmadım ovunmaq üçün,
Sarıldım ovunsun köhnə dərd, ələm.
Sinəmə sığmayan sözü, söhbəti
Könüldən-könülə daşıdın, qələm.
Girdin qılığına sadə ruhumun,
Neçə sirrim düşdü ağıza, dilə.
Sənlə bölünəsi hissim, düşüncəm,
Qarşıda şərikli illər var hələ.
Səni çox yüklədim qəmlə, kədərlə,
Çəkilməz dərdimi yaşadın, qələm.
Ömrünə bağlıdır ömür taleyim,
Ey şair ruhumun yaşıdı qələm!
iyul, 2007
ADAM BELƏ XOŞBƏXT OLMAZ
Adam belə xoşbəxt olmaz,
Sənədək olmayan kimi.
Bu xoşbəxtlik belə qalmaz,
Heç kəsə qalmayan kimi.
Atalar qorxub deməyə,
Xoş günün ömrü az olar.
Uçub gedər kəpənək tək,
Xatirəndə zəri qalar.
Bu günün sabahı yoxdur,
Axırına çıxacaqlar.
Yaman günlər kürəyindən
İtələyib yıxacaqlar.
Adam belə xoşbəxt olmaz,
İstisi yandırar səni.
Ocağını söndürərlər,
Tüstüsü yandırar səni.
Gör nə həsrət xərcləmişəm
Bu günə neçə sənədir.
Nə yaxşı ki, belə günlər
Ömürdə beş-üç dənədir.
2007
SƏNİ GÖZLƏRİMİN YAŞI TUTACAQ
Məni elə unut, mən də unudum,
Dönüb ürəyimi bir də sınama.
Rəngbərəng dərdlərim özümə qalsın,
Sevgini götür get, məni qınama.
Yenə ümid vermə, köhnə ümidin
Hələ qurumayıb gözünün nəmi.
Yuxuma da gəlmə, xəyalıma da,
Unut öldürdüyün arzular kimi.
Demə bu dünyanın üzü dönükdü,
Qınama taleyə belə əyildim.
Dağdan dözümlüydüm, daşdan səbrli,
Məni sən dəyişdin, belə deyildim.
Daha bu sevginin ölmək vaxtıdı,
Köksümdə sən boyda məzar yatacaq.
Nə ah çəkəcəyəm, nə də adını,
Səni gözlərimin yaşı tutacaq.
İŞIĞA EHTİYACI VAR İNSANIN
İşığa ehtiyacı var insanın,
Qaranlıq otaqda qapı dəliyindən
süzülüb gələn xırdaca işığa.
Tənha gecədə
zülmətin bağrını dələn
bapbalaca işartıya, işığa…
Qarlı qışda
sönmüş tonqalın içində
işaran bir zərrə közə…
Ürəyini don vuranda
bir işıqlı, isti sözə…
İşığa ehtiyacı var insanın.
Bəzən sığınsaq da
gecənin qoynuna,
Qaranlığı, təkliyi
bəzən etsək də peşə,
İşığa ehtiyacı var insanın,
hər yerdə, həmişə.
2 mart 2008
QƏDİM BAKI, SİRLİ ŞƏHƏR…
Qədim Bakı, sirli şəhər…
Qum içində xatirələr…
Ölən keçmişlə ölmədim,
Bu günə qaldım birtəhər.
Günəşini sevə-sevə
Qızmar yayında qovruldum.
Xəzri qovdu sağdan-sola,
Küləklərinlə sovruldum.
Xəzərini ayna bildim,
Bəxtimə ayna tutmadın.
Səni doğma ana bildim,
Balalarına qatmadın.
Qollarını açdın yada,
Doğmaların uzaq düşdü.
Qoşaqala qapıları
Gələnə-gedənə küsdü.
Gözün üstə böyüyənlər
Dörd bir yana səpələndi.
O saf dünyam uçulandan
Ömrüm-günüm qəlpələndi.
Qədim Bakı, sirli şəhər…
Geri dönəydi o illər.
Bəxtəvər günlərə doğru
Yüyürəydim axşam-səhər.
19 aprel 2008
ƏRİK AĞACLARI ÇİÇƏKLƏYƏNDƏ
Nənəmin çöhrəsi güllər açardı,
Babamın üzündən kədər qaçardı,
İlk bahar aləmə ətir saçardı,
Ərik ağacları çiçəkləyəndə.
Hər ağac ağ gəlin, üzündə düvaq,
Bir ömrün yazına bəzək hər budaq.
Sanardıq bir də qış qayıtmayacaq,
Ərik ağacları çiçəkləyəndə.
Torpaq ağ ləçəkdən xal-xal olardı,
Qəlbimə dağ boyda fərəh dolardı.
Hissimi, ruhumu məndən alardı,
Ərik ağacları çiçəkləyəndə.
Qaçışardıq bağda kəpənəklər tək,
Səpilərdi telimizə ağ çiçək.
Evə qayıdardıq elə sevincək…
Ərik ağacları çiçəkləyəndə.
Yarı soluxardı, yarı qalardı,
Yağış döyəclərdi, külək yolardı,
Əl yetəni qızlar dərib talardı,
Ərik ağacları çiçəkləyəndə.
Yadımda o doğma bağçanın ətri,
Neçə bahar ötüb o vaxtdan bəri,
Biri də verməyib o yazın yerin.
Mənə o bağçanı, o yazı verin
Ərik ağacları çiçəkləyəndə.
28 may 2008
MƏN VƏ SƏN
Mənimçün dünyaya dəyər
yazın əvvəlində
bir qom bənövşə,
Səninçün fərq etməz
bu boz şəhərlə
qoynu şəlaləli yamyaşıl meşə.
Mənimçün əzizdi ulu keçmişin
ən kiçik yadigarı,
Səninçün qiymətlidi bu günkü sərvətin,
gələcək arzuların.
Mənimçün müqəddəsdi
böyüdüyüm torpağın
hər çınqılı, hər daşı,
Səninçün Vətən gərəkdir
olduğunçun vətəndaşı.
Mənimçün bu həyat
dərd yüklü gündüzlər, gecələr,
Səninçün ömrün yayı, qışı əyləncələr…
Sən və mən – bir aynanın iki üzü.
Birimiz bir atımlıq fişəng,
birimiz qütb ulduzu.
Hərəmizin öz dünyası, öz həvəsi,
Söylə, nə birləşdirə bilər bizi?
4 iyun 2008
SƏNLİ GÜNLƏR
Sənli günlər
kədəri fərəhindən,
dərdi huzurundan bol.
Gözlərimdən başlanan,
gözlərində bitən yol.
Sənli günlər
təklikdən sevgiyə
gətirdiyim pənah.
Sinəmi yandırıb çıxan,
sonra dilimdə ölən «ah».
Sənli günlər
kələ-kötür, düyünlü.
Tumarlaya,
hamarlaya bilmədim
hüznlü-hüznlü.
Sənli günlər
qarmaqarışıq yuxu,
Abrıma qısılıb verdiyim
qurbanlar günah.
Sənli günlər…
Yadımda qalmayıb çoxu,
Yəqin bağışlayar Allah.
17 dekabr 2008
DÖRDLÜKLƏR
***
Yaman gəlib şair təbim,
Yenə şaham söz taxtında.
Bu nə telefon zəngidi
İlhamın şirin vaxtında?!
***
İllər hərəmizi bir yana atdı,
Göyə səpələnən ulduzlar kimi.
Bir yerə yığıla bilmədik deyə
Bitirdik bu ömrü yalqızlar kimi.
***
Oxuma yazdığımı,
Öz yolundan saparsan.
Baş qoyma yastığıma,
Baş ağrısı taparsan.
***
Çıxaq qəmin təkindən,
Sevinc ürək qoparsın.
Düşək dərdin tərkindən,
Bizi sevgi aparsın.






