"Qəzetin muradı xalqın gözünü açmaqdır. Onun borcudur ki, işlərin yaxşı və yamanlığını xalqa göstərsin"
1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü görməsi Azərbaycan ictimai həyatında əlamətdar hadisə kimi yadda qaldı. "Əkinçi"nin səhifələrində elm, məktəb və mədəniyyətin təbliğinə dair dərc edilmiş yazılar xalqın maariflənməsi üçün ana dilində qəzetin nəşrinin nə qədər vacib olduğunu sübuta yetirdi. "Əkinçi" qəzetinin nəşrə başlaması Həsən bəy Zərdabinin həyatında dərin iz buraxmış hadisəyə çevrildi. Demokratik ideyaların carçısı və tribunası olan "Əkinçi" Həsən bəyin mənəvi övladı idi. O, 1875-77-ci illərdə parladı, mövhumat və cəhalətə, mühafizəkar qüvvələrə qarşı çıxaraq, qaranlıq mühitimizə işıq saçdı. H.Zərdabi yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır. Onun borcudur ki, işlərin yaxşı və yamanlığını xalqa göstərsin".
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç їklassikї qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeyddiyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib.
Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.
Azərbaycan Respublikasının 1995 - ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50 - ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar ї vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998 - ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Ulu öndər Heydər Əliyevin Fərmana əsasən mətbuatın üzərində olan senzura ləğv edildi. Bu sərəncam Azərbaycan mətbuatının inkişafında xüsusi yer tutmaqla yanaşı, inkişaf yeni mərhələnin əsasını təsbit etdi. Ulu öndər cəmiyyətə mətbuatla ünsiyyətin qurulması və media ilə işləmək vərdişləri aşıladı. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olması ilə bağlıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
2008-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” medianın inkişafında mühüm rola malikdir. 2008-ci il Azərbaycanın inkişafı baxımından mühüm dövr sayıla bilər. O baxımdan ki, həm siyasi, həm iqtisadi, həm də ictimai sferada aparılan islahatlar ölkəmizdə demokratiyanın inkişafına xüsusi stimul verib. Bu sırada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam müstəsna yer tutur. Bu addım Azərbaycanda müstəqil mətbuatın inkişafında yeni mərhələ sayılır. 2009-ci ilin mayın 22-də dövlət başçısı İlham Əliyevin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı imzaladığı sərəncam da bu istiqamətdə atılmış növbəti mütərəqqi addımdır. Prezidentin Sərəncamına əsasən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edilib. Dövlət başçısının digər Sərəncamı ilə Fondun Müşahidə Şurası formalaşıb. Bununla da Fond fəaliyyətə başlayıb.
(Qaynaq: SİA/Elşad HACIYEV)







YENİLİKLƏR