Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Hər çiynimdən qanad düşür

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Hafiz HACXALIL

TÜRKƏ AĞI

Mənim türk babalarım,
Sinəsi körük babalarım.
Siz tər töküb dəmir əritdiniz,
Biz tər töküb əridik.
Türk adını göy üzünə bayraq edən siz oldunuz,
Tanrıdağda haqq bulmağa varıb gedən siz oldunuz.
Nərənizdən qan ağladı göy buludlar,
Gündoğandan - günbatana yorulmadı bədöy atlar.
Hey, hey mənim qoca baxtım,
Hey, hey mənim qan çilənmiş qızıl taxtım.
Bu tarixdən o tarixə səsim çatmaz,
Zəhərlənmiş Atillanı səs oyatmaz.
Səsim yoxdu, nərəm yoxdu,
Nə Tanrıdan, nə bəndədən kərəm yoxdu.
Elə bil ki, milyon illik yaddaşımı itirmişəm.
Təklənmişəm bozqurd kimi öz başımı itirmişəm.
Dərd sazında türkü deyən qardaşımı itirmişəm.
Ana vətən bölünəndə neçə-neçə yurddaşımı itirmişəm.
Türk dilində danışmağım yasaq olub.
Türkəm deyib öyünənlər zindanlarda dustaq olub.
Əliqanlı fars qurubdu azadlığa dar ağacı,
O sahildən bu sahilə Araz axar acı-acı.
Dönüb bir ağ göyərçinə Şəhriyarım səssiz ağlar,
Bu zamansız ayrılığa Bakı ağlar, Təbriz ağlar.
Kərkükümə layla deyən dilim yoxdu,
Dəmir kimi möhkəm olan Dərbənd adlı elim yoxdu.
Göyçə dərdi göy üzünə bülənd olub,
Göyüm-göyüm göynər yenə Göyçə gölü.
Görən bir də qopuzumda çalınarmı “Göyçəgülü”.
“Bicoların” çaxır qoxan nəfəsində inildəyən Borçalıyam.
Babalardan miras qalan günah mənim,
Xan Əmrahın, Kamandarın sazındakı min ah mənim.
Hey, hey mənim qoca baxtım!
Hey, hey, mənim qara çuxam!
Parçalandım, xırdalandım yata-yata.
Xaqan idim kölə oldum, var-yoxumu sata-sata.
Nə altımda bədöy atım,
Nə əlimdə qılıncım var.
Oyanmağım hələ tezdi.
Bir az yatım,
Nə qədər ki, başım altda balıncım var.
Mən özümə türk deyimmi, ah, babam, ah!
Zəngibasar, Vedibasar,
Dərələyəz, Uluxanlı,
Yallısını yel aparmış Ağbabam, ah!
Sak babamın yaşadığı Sisianım,
Əlim sənə çatmayırsa, ünüm sənə yetməyirsə
Mən Bakıdan necə durub səni anım.
Tanrım mənə səbir vermə, bu səbrin iplərini üz deyirəm,
Dayanmışam yol üstündə gedənləri gözləyirəm.
Bu tarixin yaddaşına türk adıyla qoymasaq iz,
Görən necə baxacağıq babaların üzünə biz.
31.07.08

DÜŞÜR

Dost, mənim hər bir günümə
Neçə-neçə günah düşür.
Bu günahlar içində hey,
Ürəyimə min ah düşür.

Yoxdu bir sevinc verənim,
Dərd kəsilib ömrə qənim,
Mələklərim ölüb mənim
Hər çiynimdən qanad düşür.

Hey baxırıq yerə-göyə
Gözümüzü döyə-döyə
Günü, ayı görək deyə,
Axşam düşür, sabah düşür.

Yaşayırıq qaça-qaça
İstər cavan, istər qoca
Özümüzü unutduqca
Yadımıza Allah düşür.
01.03.08


QALMAYIB

Viran olub yurd yerləri,
Daş üstündə daş qalmayıb.
Əzilibdi ləçək-ləçək
Çəmən, çiçək xoş qalmayıb.

Lal qayalar tutub yası,
Bulaqların göynər sazı.
Yamaclarda yaz havası.
Zirvələrdə qış qalmayıb.

Fələk vurdu sərt əlinnən
Ölmüşəm namərd əlində…
Nə yaxşı ki, dərd əlindən.
Sınıq könlüm boş qalmayıb.


***
Qrup yoldaşım Aytənə

Ötəri hiss kimi kəpənək olmur,
Onun güldən-gülə qonmağı çətin,
Bir yerdə doğulur, min yerdə ölmür.
Məzarı bir olur ilk məhəbbətin.

Cücərib boylanar çiçəksayağı,
Uçar göy üzünə quş qanadında.
Kökünə güc verər ürək torpağı
Çıxar yarpaqları sevgi adında.

Sevinc uzaq düşər, qəm yaxın gələr.
Süzülər yanaqdan göz yaşı kimi.
Görənin içini sökər, silkələr
Qərib məzarlıqda başdaşı kimi.

Danışar Tanrının sevdiyi dildə,
Ürəyi-ürəyə calaq eyləyər.
Hər sevən ürəkdə, sevən könüldə
Məhəbbət sözünü bayraq eyləyər.

Ya adı, ya odu qalar xatirə
Ya göyə çəkilər bulud donunda.
Sədasız - səmirsiz getdiyi yerə,
Gedər sakit gedər, sükut donunda.

13.04.08

ÇƏKƏR

Hər gün ömrə naxış vurar, astaca,
Hər gün ömrə qara çəkər, ağ çəkər.
Mənim kimi külü göyə sovrulan
Gecə-gündüz nalə eylər, ah çəkər.

Ovçusu çox
ömür adlı bərənin,
Alnında taleyi yatır hərənin.
Günahlar içində ölən bəndənin
Günahını diri çəkər, sağ çəkər.

Suya həsrət torpaq idim, yer idim.
O ulduzdan, bu ulduza yeridim.
Elə bil ki, sinəm şəkil yeridi.
Zalım fələk gündə neçə dağ çəkər.
12.07.08

ALLAH, BU SEVGIYƏ BAĞIŞLA MƏNI

Yazılan yığvaldı başıma gəlir,
Hara gedirəmsə qarşıma gəlir.
Bilirəm, sənin də xoşuna gəlir.
Allah, bu sevgiyə bağışla məni.

O haqdan süzülən qaynar bulaqdı,
Nur kimi gözümdən könlümə axdı.
Ömrümün, günümün bu cavan vaxtı.
Allah, bu sevgiyə bağışla məni.

Geyinsən geyilmir, yesən yeyilmir.
O sazda çalınmır, dildə deyilmir.
Sənin də bir adın sevgi deyilmi?
Allah, bu sevgiyə bağışla məni.

Nə yansın, nə də ki, min ah eyləsin,
Zülmət gecələri sabah eyləsin.
Bəndələr sevməklə günah eyləsin.
Allah, bu sevgiyə bağışla məni.

Sevgimə şahiddir bu qələm, kağız.
Qu tək oxuyuram mən də bir ağız.
Yazıqdı, nə olar, yazıqdı o qız.
Allah, bu sevgiyə bağışla məni.
13.02.08

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Anar Bayramoglu, 27 Avqust, 2009 06:03:19
    Hafiz bey, unutmayaq ki biz ulu babalarimizdan bize miras qalmish torpaqlarimizi qoruya bilmemisheik! Amma bele bir deyim var "Turk kishisinin gore bilmediyi hec bir shey yoxdur". Atilladan, Qaraqoyunlu Qara Yusifden, Nadir shah Efshardan, Aga Mehemmed SHah Qacardan, SHah Ismail Xetaiden, gelen irsi gucumuzle biz torpaqlarimizi yagi dushmenden xilas etmek gucunde ve ezmindeyik! Sadece bize birlik lazimdi! Siz Turke agi sherinizle damarlarinda TURK qani axan her bir insani qefil yuxudan ayiltdiniz! Shirin yuxuda olanlar da ayilsalar yeqin ki birlik alinar!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az