HƏYAT ŞƏMİ BU MƏMLƏKƏTIN
Torpağının altı
üstündən qiymətlidir
bu məmləkətin,
şəhid balalarıyla...
Əcnəbilər
yerin altını da bilirlər,
üstünü də,
Ayağımız dəyə bilmir Qarabağa.
Şəhidlər xiyabanında,
Utandığından ölüb yerə girən olur
ölə bilmədiyi üçün.
…
Ağ qızıl yığanları
mis pul kımı qızarır tarlalarında
Bu məmləkətın.
…
Nə torpağının altına,
Nə də üstünə layıq ola bılmədim...
Ölüm ayağının altında, Vətən!
KİMLİK
Soyadı: Azərbaycan
Adı: BAKI
Atasının adı: Tarix
Doğum tarixi: erkən orta əsrlər
Doğulduğu yer: Abşeron yarımadası
Aılə vəziyyəti: bakirə.
Bir yanda Qız qalası, İçəri şəhər,
O biri yanda Xəzər.
Odlar yurdunun oduna qızınıb,
Xəzərdən su içib.
Qara qızıl axır damarlarında,
Qara, qapqara qanı “müsbət bir”dir.
Xəzər boyda iri gözlərinin rəngi mavi,
Boyu uca, Bayıldan Biləcəriyə qədər,
Hərbi vəziyyəti – qəhrəman şəhər,
Bakı,Bakı...
Səni o qədər sevdim ki...
ŞUŞADA VURULAN VERTOLYOT
Ürəyin yandımı, yandımı için,
Odun çıxdımı, çıxdımı ruhun,
Külün qaldımı, qaldımı yadında vurulmağın,
Şuşada vurulan vertolyot.
“Uşaq” idim onda,
qəşəng idim onda,
Yana-yana düşən sən də qəşəngdin.
Elə baxırdım,
Elə bilirdim fişəngdir,
Şuşada vurulan vertolyot.
Bilirdinmi obyektiv “Xəbərçi”
Verəcək vurulmaq xəbərini,
Xəbərin oldumu özündən,
Şuşada vurulan vertolyot?..
Çıxdı ruhun plazma halında,
Uçdu uçduğun göylərə.
Ulu göylər,
Yağmurlu, sulu göylər,
Vurğun vertolyotlarin
Eşqiylə dolu göylər.
Şuşanın dağlarına,
Şuşanın dumanına,
qırmızı koftasına,
yaşıl tumanına,
Azad olmaq gümanına,
Şuşaya vurulmuşdu,
Şuşada vurulan vertolyot.
Kərəm olub düymə-düymə
açdın Şuşa sevgini,
yana-yana qaçdın göydən,
Qaça-qaça düşdün göydən
Alma misali...
Şuşada vurulan vertolyot.
Mən də bir gün vuruldum
ürəyimdən...
QURBANAM
Ana torpaq gözəllərin gözəli,
Bu gözəlin laylasına qurbanam.
Göy Göl kimi, Maral Göl tək qızların,
Xəzər kimi anasına qurbanam.
Nələr varmış bu fələyin oynunda,
Qara qızıl xəzinədir qoynunda,
Meşələri boyunbağı boynunda,
Dağılmayan danəsinə qurbanam.
Doqquz iqlim gözəlliyi üzündə,
Min bir dərdin dərmanı var düzündə,
Dəli Xəzər elə gülür gözündən…
Mavi gözlü aynasına qurbanam.
Başım üstən gilavarlar əsməsin,
Araz coşub yollarımı kəsməsin,
Bu torpağın gözəlləri küsməsin,
Su gözəli sonasına qurbanam.
ATAM
Atam
Anamdan əvvəl gəlib dünyaya,
Anamdan sonra evləndi...
Əvvəllə sonun arasındakı ömür
sıxdı onu.
Bir az həyatdan gördüyü amansızlıq,
Bir az anamsızlıq
qatıldı bu ömrün gözünə.
Qarışdı dünyası,
Qızının toyu,
Qadınının yası...
Bu köhnə sovet adamının
…cibindəki
kommunistliyinin
təzyiqi vurdu ürəyini.
Haqqın dalınca getdi,
baxmadı təzyiqlərə.
Bakıdan Moskvaya,
Gəncədən Leninqrada,
Sıxdı onu ora da,
bura da...
Məktublar göndərdi
düzdə qalan düzə,
Qışdan yaya uzun illər
məktublara bükülüb çıxdı.
Əynim-başım olmayanda.
ürəyi od tutub yandı.
Almadığı geyimim
Gecələri bəyaz Leninqradın
asılqanlarında təzə qaldı.
Bəyaz gecəli şəhərdən,
Gecə gözlü kəndə döndü.
Ağ-qara ömürlə birgə...
Ağac əkdi,
Düşmən çəpəri çəkdi.
Oğul-qız böyütdü,
saç ağartdı.
Əllərinin qabarıyla öpdü torpağı,
ev qurdu...
Adını tutduğu dünya,
atdı onu...
Qaldırdığı evi,
saldığı yurdu,
bölgə qarışıq aldılar...
böldülər insanları:
ölməlisi, qalmalısı...
ölməlilər qaldı,
qalmalılar öldü...
Atam anamdan əvvəl
gəlib dünyaya...
Anamdan gördü-götürdü,
Allah da anamı götürdü...
Hərdən nənəm deyir ki,
“Elə bəl heç balam yoxuymuş”.
Nənəm bilmir ki, Anam var.
Yuxusuz qaldığım gecələr
anamla doludur.
Saçlarımda açan Ağ Güllər
Anamla doludu...
Ürəyimin içi anamla doludu.
için-için
anamı dünyaya gətirmək istəyirəm.
Qəbirlər içrə tənha məzar var,
içi anamla doludu.
Üstünü götürüb atam,
Hər gün su tökür ora,
Anam ayılmaz...
Anam bir də məni doğmaz.
Atam
anamdan əvvəl gəlib dünyaya,
anamdan sonra evləndi.
Anam bir də dünyaya
Gəlməz,
gəlməz,
gəlməz...
Anasızlar ürəkdən gülməz…
GƏLİN KÖÇƏN QIZ
Xınalı əllərin əlcəkdə,
gözlərin yolda,
gəlinlik gözləyir səni gələcəkdə...
Vağzalı sədasına köklədin taleyini,
Arzuların nə kökdəydi bəs,
Gəlin köçən qız?!
Çırağın başına fırlan,
Quranın altından keç,
Bu evdən ağ duvağda çıx,
“Günün ağ olsun” – dedilər,
yolun açıq...
Vağzalı sədası altında
kim ağladı, kim?
Belini kim bağladı bəs,
Gəlin köçən qız?!
Uzun-uzadı vağzalı,
Aram-aram yollar,
Həzin-həzin yerışın...
Zaman nə ahəngdəydi bəs,
Gəlin köçən qız?!
Ağappaq gəlinliyin,
Qapqara saçların,
Qıpqırmızı bel bağın,
Bəxtin nə rəngdəydi bəs,
Gəlin köçən qız?!
KÖRPƏM
Keçmişlə gələcəyin arasında
gözləyirəm səni,
sən yoxsan...
Arzularım var,
varım, yoxum var,
Sən yoxsan, yox.
Ətrin gəlir
nəfəsini içinə çəkmiş divarlardan,
səsin yaşayır otağımın sükutunda,
mışıl-mışıl yatırsan:
-
- İkisi var imiş, biri yox imiş.
- Sən yoxsan, yox.
Yer tapa bilmirəm özümə,
Göylə yer arasında,
sənsizlik sıxır məni...
Məkanım, zamanım məlum,
həmişə bu gündəyəm-
keçmişlə gələcəyin arasında.
Elə gözəlsən,
Gözüm qamaşır çilçirağa baxdıqca...
Tələsirəm vaxtım azaldıqca,
Sənin də
vaxtsız gələcəyini bilirəm,
sən yoxsan...
Özündən əvvəl gələn adın var,
Yolunu gözləyən qadın var –
mən varam, atan var...
Sən yoxsan.
Burnumda qoxun,
əllərimdə sığalım darıxır.
Bəsdi yolunu gözlədiyim,
Bəsdi daha gəlmədiyin,
Bəsimdi, hər şey bəsimdi...
Keçmişlə gələcəyin arasında
gözləyirəm səni,
Sən yoxsan,
Gələcəkmisən?







YENİLİKLƏR