dr.Yaqub DƏLİÖMƏROĞLU
Rus ordusu 1864-cü ildə iyun ayının əvvəllərində Türkistana hücuma keçir və Əhməd Yesəvi Türbəsi yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Türkistan şəhəri bu hücuma 12 gün davam gətirir. Hücum zamanı rus topçularının atəşindən türbə 11 yerdən zərbə alır. Ruslar şəhər təslim olmazsa, türbəni yıxacaqları ilə təhdid edirlər. 12 gün hücuma davam gətirən şəhərin qabaqcıl adamları bu təhdidlərin həqiqət ola biləcəyini görüncə ağ bayraq qaldırmaq məcburiyyətində qalırlar. Ruslar Türkistan şəhərini işğal edərkən Yesəvi Həzrətlərinin xalq üzərindəki dərin mənəvi təsirini istifadə etdikləri kimi, daha sonrakı illərdə xalqı öz yanlarına çəkmək üçün də bu amili dəyərləndirirlər.
Qaynaqlar Türkistanın işğalından sadəcə 5 il sonra A.Kun isimli bir tarixçinin, 1871-72-ci illərdə orijinal fotolarla Türkistan albomu hazırladığını bildirir. O illərdə dünyada tarixi sənət əsərlərinə olan maraq da artırdı. Bu gün Yesəvi Türbəsi Muzeyinin arxivində bir neçə surətini görə bildiyimiz bu şəkillərdə türbənin ətrafı uçuqlarla dolu görünür. 1884-cü ildə Çar idarəsi Türbənin təmiri üçün böyük miqdarda pul ayırır, lakin bu təmir nəticəsində türbə pozulur. Çarlığın bu səyi müsbət nəticə verməyincə, 1907-ci ildə xalqdan yardım toplanaraq təmir işlərinə başlanılır. 1910-cu ildə təkrarlanan bu kampaniya ilə bəzi bölmələr təmir olunur.
Ruslar 1875-ci ildə Türkistanda yeni şəhər planını müzakirəyə çıxarırlar. Yesəvi Türbəsinin şimal şərqinə əsgər qarnizonu və onun ətrafına da zəruri tikililər inşa edirlər. Yeni şəhər bir-birini kəsən iki prospektə yol açılan küçələrdən əmələ gələcəkdi. Daha sonra cənub şərq nöqtəsində birləşməli olan yeni şəhərlə qədim Türkistanın haradasa əlaqələri yoxdur. Bu gün Türkistanın İcra Hakimiyyəti, məhkəmə, vergi idarəsi kimi qurumların olduğu bölgə bu yeni şəhər səmtindədir.
Türkistan üçün mühüm inkişaf istiqamətlərindən biri də 1901-1902-ci illərdə şəhərdən 4,5 km qərbdə Daşkənd-Orenburq dəmiryolu üzərində stansiya qurulmasıdır. Bu illərdən etibarən stansiyanın ətrafında Barisofka adıyla bir kənd yaranır. Stansiya kəndi başlanğıcda şəhərdən ayrı ikən, 1909-cu ildə stansiyadan şəhərə doğru uzanan bir prospekt salınır. Bu prospekt daha sonrakı illərdə Türkistanın ən hərəkətli bölgəsi olacaqdır. Stansiya prospekti inkişaf edir və 1960-cı illərdə isə stansiya şəhəri ilə Türkistan birləşir.
Qazax xalqının ilk milli mətbuat orqanlarından olan “Qazax Qəzeti”ndə 1913-cü ildə Böyük Qazax milliyyətçisi Mircakıp Dövlətin “Həzrət Sultan” başlıqlı yazısı o günlərdəki Türkistan şəhəri ilə bağlı mühüm məlumat verir. “Həzrət Sultan” bu gün də Əhməd Yesəvi üçün Qazaxlar arasında tez-tez istifadə olunan ifadələrdən biridir. Mircakıp o illərdəki Türkistana olan marağı və xalqın vəziyyətini aşağıdakı kimi təsvir edir:
“Hansı yörənin Qazaxı olursa olsun, hər Qazax Həzrət Sultan adını bilir. “Həzrət Sultana gedirik” ifadəsi Qazaxlar arasında tez-tez işlədilir. Həzrət Sultanı ziyarətə istəkli təqva əhli və sufilər, Qazaxlar arasında çoxdur. Həzrət Sultana baş çəkib qayıdanlar həccə gedənlərdən etibar cəhətdən bir az olurlar. Onlar ziyarətlərini həcc qiyafətləri içində edirlər və məmləkətlərinə o geyimlərlə dönürlər. Xalq onlara Məkkədən gələn hacılar kimi hörmət edib əllərini sıxır. Qazaxlar Türkistana belə hörmət göstərsələr də, Həzrət Sultanın orada olduğunu bilsələr də, əksəriyyət onlar haqqında çox az şey bilir. May ayının birində Daşkəndə gedərkən mən də Türkistana dönüb Həzrət Sultanı ziyarət etdim.
...
Hazırda Həzrət Sultan Türbəsinin hər tərəfi yarılmış və uçacaq kimi bir görünür. “Xoca Əhməd Yesəvinin nəsliyik” deyə yüz illərdir türbəyə sahib çıxaraq bura gələn ziyarətçilərdən faydalanan xocaların, türbənin sonsuza qədər yaşaması üçün bir iş görməyə niyyətləri yoxdur. 1910-cu ildə “Xoca Əhməd Yesəvi Türbəsini təmir edəcəyik” deyərək xalqdan külli miqdarda (12 min som) vəsait toplandı. Kozloviski adında bir mühəndis təmir işlərinə başladı. Daha işin onda biri belə bitmədən xocalar mühəndislə dalaşıb onu geri göndərdilər. Onlardan hesab soran heç kim yoxdur. Xocalar kənd-kənd gəzib Qazaxlardan Türbənin təmiri üçün mal toplayırlar.” Mustafa və Gulamkadir adlanan xocaların 1910-cu ildə Atbasar yörəsi Kayıtavıl adlanan kənddən topladıqları pulları nə etdikləri məlum deyildir. Yenə Evliyaata yörəsi Qazaxı, Botbay Boyundan Hurməhəmməd Beki oğlu isimli bir varlı, Həzrət Sultanın ziyarətinə böyük miqdarda pulla gedir və Şuham adlı Xocaya, 100 atla birlikdə çoxlu pul verir. Onun da nəticəsindən xəbər yoxdur.
...
Bu hadisələr də göstərir ki, Türkistanlı Xocaların Türbəni təmir etdirməyə niyyətləri yoxdur. Türkistan rəhbərliyindəki müsəlmanları başqa işlərdə çox məsuliyyətli olsalar da, xocaların bu hərəkətlərinə niyə etiraz etmədiklərini heç cür anlamadıq.
Hazırda icra hakimiyyətinin qərarıyla türbənin bəzi hissələri təhlükəli adlandırılaraq ziyarət üçün bağladılmışdır. Abılay Xanın tikdiyi bölmə Aksaray adlanan bölmə, müsafirxana və türbənin quyusu bağlıdır. Bu türbənin idarəsi xocalarda olduğu müddət ərzində xalqdan milyonlarla pul toplansa da, faydası yoxdur. Türbənin tarixi bir xatirə olduğunu düşünüb sonsuza qədər qalmasını istəyənlər onun təmiri və idarəsini bir Arxeologiya İnstitutuna verməlidirlər. Xalqdan toplanan pulun qəpiyinə zərər gəlməmək şərtiylə bu institut mühəndislərlə təmirə başlamalıdır. Bu məqsədin reallaşması üçün başqa çarə yoxdur. Bu günə qədər beş-altı əsr yaşayan Xoca Əhməd Yesəvi Türbəsinin yerində gələcəkdə böyük bir torpaq yığınını görmək qəribə bir iş olmayacaq.
Türkistana olan xalqın marağına bir başqa nümunəni də Qazax Qəzetinin 1915-ci ilin mart ayında nəşr olunan başqa saylarından görmək olar: Türkistan şəhərini inkişaf etdirmək üçün Peterburqda bir bank hesabı açılır. Qəzet “Ötegenoğlu Sadık və Bayzakoğlu Mevlenkul adına açılan hesaba arzu edən müsəlmanların yardım edə biləcəklərini” yazır. Türkistandan xəbəri qələmə alan Mahmud Mirzənin ifadələrinə görə, “bu yardımlar bir komissiya vasitəsilə Türkistanda məktəb açılması və hazırlanan bir kitabın nəşr olunması üçün istifadə ediləcəkdir. Ayrıca, mətni Türkistanlı Süleyman Mirzə tərəfindən qələmə alınan “Ak Jayna Karar taptı” (Ak Parıltı qərar verdi) isimli tamaşa Türkistanda səhnələşəcəkdir”.
1917-ci il inqilabından sonra paytaxtı Daşkənd olan “Türkistan Cümhuriyyəti” və daha sonrakı illərdə Qazaxıstanın yaranmasıyla Əhməd Yesəvi Türbəsinə böyük maraq göstərilir. Mərhələ-mərhələ Özbəkistanla da türbənin təmiri mövzusunda işbirliyi aparılır. Milli və mənəvi dəyərlərinin ortadan qaldırılıb sovetlərin “homo sovyetikus yaratma” istiqamətindəki məlum mədəniyyət siyasətləri və təzyiqləri altında aparılan bu çalışmalar heç cür təqdir oluna bilməz.







YENİLİKLƏR