XATİRƏ (SADIQOVA)
zəncirotu çiçəkləri
Fərqinə belə varmadan
günlərin başlamağının
yoxluğun
yoxsulluğun
yaşayırdın ömrünü.
Hər dəqiqə aldadırdı səni
evlərin,
adamların,
yolların görüntüsü.
Sonra da qaçıb səssiz bir məkana
açaraq gözlərini göylərə
unudurdun özünü də
Onda yaşın on altıydı,
onda zəncirotu çiçəkləriylə bəzəyirdin saçlarını
Onda həyatı sevirdin...
gediş bileti
Alnında dağınıq saçların
qolunda qara çanta
əlində gediş bileti
və itirilən bir çox şeylər
səni apardı bu şəhərdən
bu şəhəri məndən
anladım, vağzallar
görüş yox, ayrılıq yeridir
düşüncələri sərxoş olmayan adamlar üçün
əsl ağlamaq yeridir
qadınlar üçün
silib göz yaşlarımı
geri qayıtdım
hamı qayıdırdı
hərəmiz öz içimizdə
yeni şəhərlər tikməyi düşünürdük
üşüyürdük...
torpağin əlləri böyükdür
Doğulanda həyat
yaşayanda silah
öləndə bayraq oldun
Torpağın əlləri nə böyükmüş
gizlətdi səni də
mən ağlamağı öyrəndim
sən yaşamamağı
bir də
unutmağı öyrəndik hər ikimiz
torpağın yaddaşı zəif olur
İndi uzaqdasan yaşamdan
çiçəklərlə doğmalaşmısan
üzünü çevirmisən məndən, zamandan
sığınmısan torpağa
“torpağın qucağı istidir, daha isti...”






