Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

KEÇMİŞƏ ELEGİYA

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

HAMLET KAZIMOĞLU

 1970-in 21 martında-Yeni Gündə Borçalı mahalının Faxralı kəndində doğuludu,
2001-in dördüncü ayında Ərəseydə ürək çatışmamazlığından
dünyasını dəyişdi.
Tələsirdi - onu Ağ çadırda gözləyirdilər...

 

KEÇMİŞƏ ELEGİYA

Bizim bir oğlumuz oldu,
Yadındamı?
Bizi ağ çadıra apardılar,
Yadındamı ağ çadır?
Uca dağ başında qurulmuşdu
Yaşadıq ağ çadırda
illər uzunu,
Danışdıq, güldük,
Səninlə ömür sürdük.
Sonra yadındamı bir gün öldük?
Yenidən ağ çadırda yaşamaq ümidilə...

...Nəsillər dəyişib,
Biz yenə qayıtmışıq.
Ağ çadır yoxdu,
Qara çadırın adamlarına qarışmışıq...
Əlim qaşımın üstündə
Boylanıram Günəşə sarı,
Görmək istəyirəm
Üstünə gün düşən ağ çadırı.

Sən ağ çadır eşqinə bir oğul doğ...
...Ağ çadır yoxdu,
Sən oğul doğa bilməzsən
Eh! Heç mən də yoxam...


***

Bu payız kim bilir, neçənci payız,
O yerlər hələ də dəyişməyibdi.
Gəlib bizdən sonra bir oğlan, bir qız
O yerdə bizimtək sevışməyibdi.

O yerlər qalıbdı, qalardın sən də,
Saçını söyüdtək üzünə töküb...
Bir sevgi dalınca qaçmazdım mən də
Daha yerişimə ağırlıq çöküb.

Yalnız xatirənlə sənsiz o yeri
Çox gəzə bilməyib çıxıb getmişəm.
Sən mənim könlümdə qalandan bəri
Könlümü özümə məskən etmişəm.

Ömür ötüb gedir tələsik, yeyin…
Asılıb qalırlar illər yaşımdan.
Səninlə nə günlər yaşadım deyim
“Şirin röyalartək getmir başımdan”.

Neçənci olursa olsun bu payız,
O sarı donunu dəyişə bilməz.
Gəlib bizdən sonra bir oğlan, bir qız
O yerdə bizimtək sevışə bilməz.


SİZƏ GƏLMƏK İSTƏYİRƏM

Köhnəlib gedirəm daha,
Təzələnmək istəyirəm.
Geriyə dönüb bu ömrü
Təzə gəlmək istəyirəm.

Subaylığın şah taxtında,
Qızların gözəl vaxtında,
Elə bu boy, bu buxunda
Gözə gəlmək istəyirəm.

Sən idin məni yaradan,
Özünü nə gizlə, nə dan.
Dur qapını aç, Yaradan,
Sizə gəlmək istəyirəm.


MƏN AZADLIĞAM, SƏN BAYRAQ

Gülüm, azadlıqdan məstəm,
Tut əlimdən ötüb gedək.
Uzun donlu bayraqların
Ətəyindən öpüb gedək.

Gözüm qanlı üfüqlərdə
İçimdən sonsuzluq keçir.
Göz yaşı qurtuluş deyil,
İçindən qansızlıq keçir.

Mən azadlığam, sən bayraq
Gülüm, dərdimiz tən qalsın.
Gəl ikimiz qucaqlaşaq,
Vətən elə vətən qalsın.


***

Köç edirdim uzaqlara,
Gecənin bir vaxtı ayıldım səsinə.
Haramilər hücum çəkmişdi
Köç üstünə.
Gedə bilmədim,
Geri döndüm
Vətənin qırağından
Köçümdə öldün sən...
Özümü gözləyə bilmədim
bağışla,
Gözləyə bilmədim səni.
Bir küçənin ortasnıda
Qəfil vurdular məni,
içimdə öldün sən...

***
Hələ cavanam,
Günahlarım cavanlıq günahı.
Sonrakı günahlarıma
dar ağacı düşməyəcək.
İndi yaraşıram, baxın,
Məni dar ağacından asın.

Bir az ağıram,
Məni kəndir saxlamasa,
Belimdəki qara kəmərimi açın
Məni dar ağacından asın.

Kiməm, nəçiyəm?
Bir çöp yiyəsi deyiləm,
Dar ağacını əyəsi deyiləm.
Maaşımı təzə almış olsam,
Cibimdəki beş-üç manat
pulumu götürün,
Milyonlarınıza qatın,
Məni dar ağacından asın.

O günü, o vaxtı tutun,
Sonra qəlbim kimi susdurub,
Qolumdakı saatı açın,
Məni dar ağacından asın.

Nə baxa bilim,
nə danışıb dillənim.
Küləklər əsib keçsin
Üstümdən.
Zamanın ümidsiz əli kimi
yellənim.
Heç kimi sevməyim,
Sevgim olmasın,
Məni dar ağacından asın.


YAMAN QƏRİBSƏMİŞƏM

Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Buludları yerə töküm
Yağışlar tərsinə yağsın
Ağaclar kökündən bar versin
Dünyanı baş-ayaq eyləyim.

Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir həsrət çəkim
Bir vüsal var ona yetim,
Bir az dəlilik edim
Cavanlıq keçirim
Lap gözümü yumub evlənim.

Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir siqaret yandırım
Fikrim dumanlansın,
Vaxtım keçsin
Bir az külqabıyla əylənim.

Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Şeir yazmaqdan bir şey çıxmadı,
Bu şeiri heç kim oxumadı,
Gedim Allahın yanına
Bir əməlli sənət öyrənim.


ÖMÜR YAZILI BİR KİTAB

Ömür yazılı bir kitab
Üzünü köçürəcəyəm.
Köhnə, çox köhnə bir şərab
Sabahdan çox içəcəyəm.

Gözlərimdə qəm xumarı
Yata bilmədim yuxu da.
Millət coşub yatan dəniz
Bu vətən bir qərib ada.

Yol var məni çəkir yaman
Bir özüm bilmirəm hara.
Sizə qoşula bilmədim
Baş əyirəm bayraqlara.

İndi ki göydə yazılıb
Çox sevirəm qara baxtı.
Ölüm öldürmədi məni
Neçə yol üzümə baxdı.

Sən yazılı bir ömür tap
Gözümdən keçirəcəyəm.
Şərab ver, köhnə bir şərab
Sabahdan çox içəcəyəm.


***
Ölmədim köhnə ildə
Təzə ilə qaldım mən.
Yarı ağladım, yarı
gülə-gülə qaldım mən.

Özümə görk öyrədəm,
Üzümü bərk öyrədəm,
Bəlkə də qiyamətə
Bir qurd ilə qaldım mən.


***
Gecənin içində canım yoldaşsız
Ulduzlar gözümlə savaşa gələr.
Uzanıb yatıbdı küçələr başsız
Batar ayağıma daş döşəmələr.

Hər gecə bir tanrı dəyişər göydə
Məni təzə görər hər gecə tanrı.
Hərdən ürəyimə söz düşər göydən
Mən də olacağam bir gecə tanrı.

Yatdımmı yuxuda boğulacağam
Hər gecə yorulub doluram yaşa.
Nə qəm, sabah yenə doğulacağam
Ömrümü bir günlük vururam başa…

***
Azadlığa bayraq sancın,
Uzaqdan yeri görünsün.
Onu görməyib ölənlər
Xoş gün bilib geri dönsün.

Vətəni sevmək gözəldi,
Bu sevgiylə ölüncəyəm.
Bir ovuc torpaq götürüb
Mən qürbətə gedəcəyəm.

***
…Bəlkə də
başqa cür sevə bilməzdim,
yaxşı ki,
sən elə
qız şəklindəsən.

              Bakı ş.


ÜZÜNDƏ GÖZƏLLİK QAYMAQLAYACAQ

Könlümüzdə dilə gəlməz sevgi var
Susacağıq illər boyu, deyəsən.
Nə vaxtsa dünyada ikimiz qalsaq,
Bir axşam qapımı gəlib döyəsən.

Döyəsən qapımı... açıb görəm ki,
Yüz illər qabaqca gördüyüm sənsən.
Bütün sevdiklərim arada qalsın,
İlk dəfə, son dəfə sevdiyim sənsən.

Ötən illər səni dəyişməyəcək,
Nəyin varsa elə, elə qalacaq.
Uzağı, uzağı, ey gözəl, sənin
Üzündə gözəllik qaymaqlayacaq.

                                    BAKI

***
Gecələr çılpaq olur
qadınların kölgəsi
Soyuq divarlarda
Titrək pəncərə pərdələrində
Çılpaq kölgələr qalır
Səhərə kimi.
Səhər açılınca...
Qadınlar geyinir
Küçələrə çıxmaq üçün...
Gündüzlər hər qadının
çılpaq kölgəsi
gizlənir bədənində
Gecələrə çıxmaq üçün...

Küçələrə qadınlar çıxıb...
Gecələrə qadınlar çıxıb...

***

Hər könülə yatmaq olmur,
Öz könlümüzə yatmışıq.
Dənizlərdə batmaq olmur,
Ancaq Arazda batmışıq.

İkiüzlü dərd toxuduq,
Çox qorxulara qorxuyuq,
Bir kamanın cüt oxuyuq,
Qaşlarımızı çatmışıq.

O taya bu tay da gedər,
Sıralar bir boyda gedər,
Azadlıqdan pay da gedər
Hələ təzəcə dadmışıq.


GETSƏM BU ŞƏHƏRDƏN...
Əkbər Qoşalıya

Qollarım gücümdən ağrıyır mənim,
İçimdə bir həsrət çağlıyır mənim,
Bu şəhər baxtımı bağlıyır mənim
Getsəm bu şəhərdən geri dönmərəm.

Neçə payız gəlir, neçə qış qalır,
Yaşımın üstündə neçə yaş qalır,
Hər gedən qatarda yerim boş qalır
Getsəm bu şəhərdən geri dönmərəm.

O qız yoxa çıxıb görüş yerindən,
Qayıtmaz bircə yol öpüm telindən,
Bir gün tuta bilib mən öz əlimdən,
Getsəm bu şəhərdən geri dönmərəm.

Gözü bağlı oldum, bəzən də açıq,
Kimiyə xoş gəldim, kimiyə acıq,
Arxamca su atan tapılmayacaq,
Getsəm bu şəhərdən geri dönmərəm.


***
Üzünü görmədiyim
Bir şəkli belə qalmayan,
davadan qayıtmayan
Babamı xatırlamaq
istədim...

Özümə baxdım,
Bildim ki, babam necə
getmişdisə,
Bu gün mən də eləcə
Babam yaşında qayıtmışam...

Ölümlü-itimli dünyada
Ölümü yoxdu,
İtimi də olmayıb babamın...


QÜRBƏTLƏRDƏ LƏLƏK SALIR O DURNAM

Köksü qanlı nəğmə deyib çox yanar
Uçmaz bülbül o güllərdən, güllərdən.
Üzə- üzə sığallanar, çalxanar,
Çıxmaz sonam o göllərdən, o göllərdən.

Baxışından oxlar yağıb aramsız,
Heç olmayıb qəlbim bir gün yarasız,
Əzəllərdə çox sevdiyim mələk qız
Dönüb gəlməz o illərdən, illərdən.

İstəmirəm yerdə daşa toxunam,
Ruhum göydə qanad çalır, yorğunam,
Qürbətlərdə lələk salır o durnam.
Köç eləməz o ellərdən, ellərdən.

Yaralarım altda qalıb sarğımın,
Ürək qalıb əllərində ağrımın,
Düz başından saz asılıb bağrımın,
Qəm səslənər o tellərdən, tellərdən.


DÜŞəR

Ömür bir kasıb payıdır,
Adama bir dilim düşər.
Əvvəli nə yaşasaq da,
Axır yenə ölüm düşər.

Dünyanı özünə çəkmə,
Qapısı bağlıdır keçmə,
İstəmə heç kimdən heç nə
Sözün düşər, dilin düşər.

İllər beləcə qalırsa,
Göy üzündən Ay alınsa...
Hardasa bir toy çalınsa,
Həsrət bizə gəlin düşər.
MEYLİM GETDİM UZAQLARA

Uzaqlar qaldı yadımda,
Yaxınlar qaldı yanımda,
Qəmli- kədərli anımda
Meylim getdi uzaqlara.

Yad oldular yada qaldım,
Təkləndim, tək ada qaldım,
Məcnunam, səhrəda qaldım,
Leylim getdi uzaqlara.

O bir quş kimi köçəri,
Qəlbimdə boş qaldı yeri,
Çağırdım, dönmədi geri.
Neynim, getdi uzaqlara.

TƏCNİS

Gözəlliyin ilan dilli donunda
Sən ki mənim ürəyimi əritdin.
Üz tutacaq qibləm, yönüm qalmadı
İndən belə yandır iman, ərit din.

Məndən ötrü gəlin də sən, a qız da
İkimizik gəzən dildə, ağızda.
İçdən qopan ahı tutmaz ağız da
Onu qaynar dodağında ərit, din.

Üzün açıb demə bahar- yazıq ki...
Qaralarla baxtım yazıq-yazıq ki,
Kazımoğlu, təkcə sənə yazıq ki,
Ər tapıldın, itəndə də ər itdin.

***
Sıxıram, sıxıram mən,
Öz sinəmi sıxıram.
Sıxdıqca ürəyimin
Axırına çıxıram.

Günah oldu özümdə,
Asılıbdı gözümdən.
Peşman olub indi mən
Tək oturub baxıram.

Bağışlanmaz heç zaman.
Günahım oldu yaman
Kədərim dondu, aman,
Mən əriyib axıram.

***
N. üçün

Orda mənim qəbrim... bunu bir haqq san,
Hamı gəlib-gedir, sən isə yoxsan,
Gəlib mən ölmüşə bir sən də baxsan,
Gözümü yummuşam, gəl, asanca tap.

Ömürdü, odunda çox üşümüsən,
Gündü, göy əskili günə düşmüsən,
Ev - eşiyə necə isinişmisən?
Tökülsün göz yaşın, gözlərini qırp.

Sağ olsam, neynirəm sənə söz deyim,
Bəlkə heç olmazdın belə gərəyim,
Daha torpaq olub mənim kürəyim
Barmaqların uzun... kürəyimi çırp.


İÇİMDƏN TALANMIŞAM

Bu gecə qərib, qəmgin
Zülmətə boylanmışam.
Ruhum da bir didərgin
Tək-tənha dayanmışam.

Həsrətlər məni sıxır,
Ürək yenə darıxır,
Üstümə ulduz axır,
Göylərə boylanmışam.

Yenə bu gecə vaxtı,
Duyğular seltək axdı,
Xəzinəyəm, nə vaxtı
İçimdən talanmışam.


QU SİRRİ

Gözəl olur həyat sirli olanda
Torpaq sirri, atəş sirri, su sirri.
Bir də bizim aramızda bir sirr var,
Mən açmaram, sən açmazsan o sirri....

Gəlir açıq qapılardan dərd - sərim,
Gedim bağlı qapıları kəsdirim,
Mən içimdə ağır- ağır gəzdirim,
Sən də hərdən göz yaşınla yu sirri...

Özün get ki, sirrin ilə mənim ol,
Diləgəlməz imanım ol, dinim ol,
Ayrılıqda oxunacaq bircə yol,
Elə bizim sirrimizdi qu sirri...


SAHİLƏ ÇIX, SU PƏRİSİ

Daha səbrim də daralıb,
Yarpaq ümidim saralıb,
Kimin üzü gözəl qalıb,
Dilimdə onun adı var.

Keçən ömür haya gəlməz,
Yaşım günə, aya gəlməz.
Bax, içimdə saya gəlməz
Sevgimin neçə qatı var.

Hələ mənəm gözgörəsi,
Adamların ən dirisi,
Sahilə çıx, su pərisi,
Sularda meyid dadı var.


***
S. üçün

Mənə halallıq ver, sevirəm səni,
Daha bu sevgini götürüb gedim.
Adam sevdiyinə borclu qalırmış,
Bəs bu borcu nəylə bitirib gedim?

Nə bilim... Könlümü şum kimi əkdim,
Gördüm həsrətimin boyu dik çıxdı.
Düşündüm yolunu sənə çatmağın,
Ağlımın içindən dəlilik çıxdı.

Eh! Bəlkə ayrılıq bar gətirəcək…
Səni sevib qaçmaq istəsəm səndən,
Bir nəğmə də bizə oxşayacaqdı-
Sözləri məndəndi, bəstəsi səndən.

***
Sevda yolçusuydum, qarşıma çıxdın,
Görməyə bilməzdim axı mən səni.
Əyilib götürdüm, könlümə qoydum,
Sevməyə başladım axır mən səni.

Sevgin baldı - şirin, zəhərdi – acı,
İndi zəhərim, get, indi balım, get.
Mən qara günlərin əlinə düşdüm,
Səni ağ günlərə yola salım, get.

Eh, günahsız olmaq... - Bu bir şey deyil,
Boynuma bir günah götürə biləm.
Mən səni tapanda itirməmişdim,
Mən səni tapdım ki, itirə biləm.


BIR QADIN GEYINSIN BU YALIN RUHUM

Bu payız sevənlər sevib sevəcək,
Bu payız ellərə bir səs düşəcək.
Qızlar qahad açıb gəlin köçəcək,
Mənə o qadını gətirin ancaq.

Könlümün doğması, yadımı deyim,
Dünyanın ən gözəl qadını deyim,
Ünvanını verim, adını deyim,
Mənə o qadını gətirin ancaq.

Bu cavan ömrümü uzatmaq üçün,
Həsrəti, hicranı azaltmaq üçün,
Hərdən uşaq kimi ovutmaq üçün
Mənə o qadını gətirin ancaq.

Kül olub sönməsin ocağım, qorum,
Daha didilməsin gözümdə nurum.
Bir qadın geyinsin bu yalın ruhum,
Mənə o qadını gətirin ancaq.

***
Naməlum qadınla ilk görüşdən sonrakı görüş

Bağışlayın, xanım,
Bu elə həmin mənəm.
Sizi o parkda görəndən...

Bir axşamüstü oturmuşdunuz tənha
Hər tərəf sakit və kimsəsiz.
Venera kimi gözəl idiniz.
Elə yaş idi ki, yaşınız
Gəncliyin zirvəsinə çatmışdınız.
Payızda titrəyən son yarpaqtək
Üzünüzdə gözəllik titrəyirdi.
Sizin görkəminiz
“Mən tənha qadınam”
“Mən tənha qadınam” - deyirdi.
Mən gənc yaşımda
Bir az dəli-dolu,
Dəli sevgilərdən başım alovlu
Sizə yaxınlaşdım. Bir söz dedim,
“Ərimi gözləyirəm”- dediniz.
Üzr istəyirəm, xanım,
Sizə “əri evdə gözləyərlər”
deməyib getdim.
...Aradan nə qədər vaxt keçib,
Budur yenə qarşılaşmışıq.
Hələ də sən tənha qadınsan,
Sən tənha qadınsan!
...Bağışlayın, xanım,
Bu elə həmin mənəm,
Sizi o parkda görəndən...


***
Yenə də səni düşündüm,
Çoxdankı bir həsrət sıxdı qəlbimi.
Heç vaxt unutmaram, sənə demışdim,
Çəkərəm dərdini axıra kimi.

Sən mənə, mən sənə bağlıydıq elə,
Deyirdik bu düyün bir də açılmaz.
Bilmirdik ayrılıq sondaymış hələ,
Bilmirdik qismətdən, gülüm, qaçılmaz.

Hər gün görüşərdik görüş yerində
Sonra da gəzərdik o sahili biz.
Son kərə görüşdük günün birində
Daha dönməz geri o günlərimiz.

Tale bizi fəndə, əmələ salıb,
Bir zaman qəribə oyun olubdu.
İndi sıxılırsan tək-tənha qalıb,
Nə bilim, bəlkə də, toyun olubdu.

Nələr göstərəcək bu tale bürcü,
Pastlaşarıq bir gün, bəlkə də heç vaxt.
İstərəm yaşayaq hərəmiz bir cür,
Məndə divanəlik, səndə gözəl baxt.

Sən mənim yenə də yadıma düşdün,
Çoxdankı bir həsrət qəlbimi sıxdı.
Heç vaxt unutmaram səni demışdim,
Çəkəcəm dərdini axıra kimi.

***
Bağlı qapı arxasında
öləcəyəm
bir kimsə olmayacaq
yanımda
nə telefon zənginə
cavab verə biləcəyəm,
nə qapı zənginə…
Ayın axırında
ev sahibəsi
kirayə puluna
gələcək
Onu aldatdığımı
evin içini satdığımı
düşünəcək
söyəcək məni,
lənətləyəcək millətimi
Sındıracaqlar qapını…
Sındırılmış qapıdan
çıxacaq cənazəm…

Sankt-Peterburq, 1999


***
Tərk etdim bu şəhəri,
tərk etdim yenə
yenə üz tutdum çıxış qapısına
yenə ürəyimin döyüntüsü
qarışdı qatar taqqıltısına.

Sankt-Peterburq


Ona nə dedilər?!.

***

Ölümünə inanmaq çox çətindi. Çünki bütün təbiətinlə həyata daha çox bənzəyirdin. Bu qədər zövq aldığın gözəlliklərdən necə ayrıldın? Bəlkə yaşının sonuncu dəliqanlılığını edib ölümündən zövq almaq üçün? Nədənsə, adama elə gəlir ki, məhz belə istəyirdin («Gözümü yumub evlənim» deyirdin, gözünü yumub öldün). İndi yəqin məzarın da doğulduğun və öldüyün, son dəfə sevdiyin o bahar kimi gözəldi.
Daha «qolların gücündən ağrımayacaq», «bu şəhər baxtını bağlaya» bilməyəcək. Bizə isə səndən ötrü darıxmaq və gələcək bütün baharlara ağrımaq qalır.
Səni heç vaxt unutmayacaq dostların adından

SƏHƏR

 

***

Qara geydi ağ çadırın ağısı,
Ağladı ki, yeni oğul doğulsun.
Neyləyim ki, bu çadırlar dağılsın,
Səndən sonra çadırların ağı, yox.

Açılmadı üzümüzə bağlı dan,
Sən gəlmişdin keçmiş adlı nağıldan…
Ürəyini nağıllara bağladan
Tel özüdür etibarsız, bağı yox.

Bircə anlıq çay axmadı, su durdu,
Cadar-cadar ürəyimiz damırdı…
Dərdi-qəmi su yerinə udurdu,
Quruyubdu qəlbimizin yağı yox.

Həyat ŞƏMİ

***

«ƏLVİDA» DEMƏYİ UNUDAN OĞLAN

İlahi səslədi otuzdan biri,
Getdin aramızda qaldı qu sirri,
Tapmadıq dünyada bir görüş yeri,
«Əlvida» deməyi unudan oğlan.

Sənə yurd olmadı bu qoca şəhər,
Yaşaya bilmədin ömrü birtəhər,
Axşam toyumuzdu, qayıt bu səhər,
«Əlvida» deməyi unudan oğlan.

Fələk toy eyləyir, qurulub çadır,
Gedən qəhər içir, gələn qəm dadır,
Həsrət solumdadır, dərd sağımdadır,
«Əlvida» deməyi unudan oğlan.

Köhnə ömrü dəyiş, geyin təzə gəl,
«Elə bu buxunda, boydagözə gəl»,
Yaradan qapını açıb bizə gəl,
«Əlvida» deməyi unudan oğlan.

Getdin gözlərində apardın məni,
Dünyanın köksündən qopardın məni,
«Bir ovuc torpağ»ın olub Vətənim,
«Əlvida» deməyi unudan oğlan.

Rəsmiyyə SABİR

 

***

Hamlet Kazımoğlunun xatirəsinə

I

törən keçirdik səni qutladıq səhər açılanda od qırağında
yeddi evə pay çıxıb
müqəddəs ataların günahçıxarmasına bənzəmirdi bu
yadına sal
ağ çadırımızın üstünə qurd kəlləsi sancılmışdı
ala gözlərinlə ətrafı maraqla süzürdün
bədəl elədik
bilgə anaya aparıb gətirdik yeddi il sərasər səni
yadına sal
sənsə indi ayın on üçündən qorxursan
on üçünə rast düşən cümə günləri
qəlbi səlib eşqi ilə çırpınanları dəliyə döndərər
könlün rahat olsun atam

II

qanadımız üstümüzdə
göy üzündən şimşəkləri borc almışıq
çəkik gözlü igidlərin geriyə fatehlər tək dönür
gözün aydın olsun anam
indi ya get suda göstər göstərməlini
ya da qumda çömbəlib yazılar cız
o çıxacaq
yenə də bir cocuq ayaqlarının altından
bir damla şərab
bir ovuc xurma
bir tikə arpa çörəyi
arpa çörəyi atamın gözlərindən yaş gətirər
əlini çənənə qoyma atam
qutlu bəldələrdən quşlar
dimdiyində arpa çörəyi gətirəcək
bizlərə səhər çağı
dan yeri söküləndə

III

firavun süfrələrindən doymaq bilmirik
löyün löyün təamları düzsələr süfrəyə
yeyib dursaq
yenə də gözümüz arxasınca qalacaq süfrədəkilərin
dağ döşündə meşəliklər sənə yardı
məbəddə səhər ibadətinə oyadanda səni
meşələrin kralı
süd qoxulu körpələr xəbərsiz uyuyurdu
şəhərin daşdan binalarında
bir azdan oyanıb aslan krala baxacaqdılar
xəbərləri də olmayacaqdı hər gün
aslanın belində odun daşıyan əmilərin varlığından
süfrəndə nələr vardı aslana ikramlıq
aslan aslandı da
harın adamlar kimi yəqin axşamı
hilton hotelində keçirməmişdi
batırıb şəraba bir tikə arpa çörəyin
qoydun aslanın önünə
vira bismillah aslanım yollar göründü bizə

IV

yuxuna haram qatma məndən yana
qırmızı rəng niyyətinə yatıram bu gecə yuxuya
bərk bərk tutub ipin bir ucundan sənə sarı gəlirəm ana
lüzum yoxdu qorxuya
şərabın tamında gizlənibdi bilmədiklərim
xurma şirinliyidir axirət sevdam
arpa çörəyi duaya möhtac qalıb naxışlı süfrələrdə
bizi gözləyər adına dillər qurban edilən
adamı düşüncələrə qərq edər fərsah fərsah uzaqlardan
eşidilən ləfzi həqq hər addımbaşı
ora ankaradır qocatəpə məscidi
bura bakıdır təzəpirdə nəzir davası gedir
ehsan verilir ilin müəyyən günlərində məscidin içərisində
yenə saqqalım uzanıb
yenə dilimdə qureyş surəsi

V

biz tikəmizi yarı böldük cənnətdə tuğba ağaclarıyla
yola düşdüyümüz qatarların pəncərəsindən
əl elədik bizi yola salmayanlara
arxadan kaşmir paltomuzun balaqlarını islatdı atılmayan bir qab dolusu su
biz günahkardıq
nəfsimiz özümüzdən böyük
söykəndik o ucalığın rəhmətinə
leysanın ətrini çəkdik ciyərimizə
qapımız bağlı qaldı illər boyu
dilimizə gətirdiklərimizin xəbəri çıxdı
gözümüzün qabağına gələnlərin səhər çiyinlərdə tabutu
dərk etdik
ürəkdən keçirib dilə gətirməmək məqamını

Oktay HACIMUSALI



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az