Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Nə ağlarsan, nə bozlarsan?!.

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

  Faiq HÜSEYNBƏYLİ

  SÖZÜNÜN ALLAHI ŞAİR

  Nə ağlarsan, nə bozlarsan,
  Qübarı çağlayan şair?-
  Sevincini paylaşdırıb,
  Dərdini saxlayan şair.

  Şeytan nədi, mələk nədi?-
  İşin zalım fələklədi.
  Kim səni qəmə köklədi,
  Anası ağlayan şair?

  Dərd üstünə dərd ələdin,
  Yeri-göyü sürmələdin.
  Tanrıdan xoş gün dilədin,
  Dağları dağlayan şair.

  Bu ölkənin ahı sənsən,
  Qulu sənsən, şahı sənsən.
  Sözünün Allahı sənsən,
  Sözə bel bağlayan şair.
                            2007 


  BURA YERİN ALTIDIR

Metronun önündə
yeraltı keçiddə dilənən qarı,
bəlkə də bu keçiddi
ruhunun məzarı!
Ürək dayandıracaq
yayın istisi,
nəfəs donduracaq
qışın buzu
kimsənin görmədiyi
heykələ çevirir səni.
Onsuz da ömrün boyu
doyura bilməmisən
bir çörək puluna möhtac
belindən keçən qarnını.
Yorğun fikirlərin
qırış-qırış səpilib üzünə;
Gözündə qalan arzuların
dumana bürünüb,
ayaqların baxmır sözünə.

Yeraltı keçiddə dilənən qarı,
sərxoşlara, ayıqlara əl açırsan,
yatmışlara, oyaqlara əl açırsan.
Bir çörək puluna
yüz adama dil açırsan…

Arzusu çiçək qarı,
gözəl qarı, göyçək qarı,
açmadı çiçəyin, açmadı…
Ümidləri solmuş qarı,
baxışları küskün,
gözləri dolmuş qarı.
İllərcə yol gəlmiş
yolçu qarı,
Yeraltı keçiddə yorulmuş
dilənçi qarı.
Qoca qarı,
uca qarı.
Ana qarı,
bacı qarı.
Qarı heeeey!..
bura yerin altıdır,
Səni torpaqmı çəkir özünə?
Öz taleyi kimi görünürsən
yerin altından
keçənlərin gözünə.
Günə çıxmırsan, bilirəm,
Gün görmədiyin gündən
pay umursan Allahından.
Əlimdən nə gəlir ki,
Mən də ömründən
keçib gedənin biriyəm,
Dərgahına əl açdığın
Allah keçsin günahından!
                               2007

BABAMIN İTKİN, NƏNƏMİN NİKBİN RUHUNA

Qara xəbərin çatdı,
çatdı ürəyimi qaladı -
qopdu içimdə haray kimi;
Uçdu xəyallar üstümə
sütunu tab gətirməyən saray kimi.
Üşüdüm bu soyuq xəbərdən,
rəngim kağız kimi ağardı.
İçimi titrədən qara xəbəri
eşitmək necə ağırdı!

Dünya dar gəldi mənə,
daraldım son həddə qədər.
İstədim baş götürüb qaçam,
Qaçam bu yer kürəsini
göy ilə sərhəddə qədər.

Xəbərin gəldi,
səndən xəbərsiz
bu xəbərin yaxasına
qara bağladım.
Səni Allaha tapşırıb
Allahın qara gününə ağladım…
Əlli ilin ümidini
ürəyində apardın çıraq tək.
Gözləyirdin ki,
gözünü dikdiyin yollardan
gözünə işıq gələcək.
Arzuları itkin düşənin məzarı
qəfil xəbər üzünə
açıq qalan qapıya bənzəyir.
Həyat-gözümüz çəkən bir yoldur,
Ölüm-ömrün
rəngləri solmuş son bəzəyi…
Üşüyürsənmi yağışda,
Ürəyin sıxılırmı bürküdə?
Başdaşımın qolları olsaydı,
başımı sığallardın
bəlkə də…
                     2006

 

VAHİMƏLİ GECƏNİN ŞEİRİ

Qara donlu qəmli gejə,
dözümlü, səbrli ulduzlar,
fikirli-fikirli baxan şahid AY
və hələ yolunu azmayan buludlar…
Gecədə ölüm qoxusu var:
Qolları yol kəsib «Dayan!» deyə
sükutu pozan ağaclarda
qatil gecənin qorxusu var.

Tənha gecə quşları
və onların
gecənin bağrını yaran
kor baxışları
üşüdər yayın istisini.

Buza dönüb əllərim,
rəngim ağappaqdır,
elə bil ki,
üzümə meyid suyu çəkilib.
Küləyin qovduğu yarpaqlar
çiliklənmiş şüşə kimi
küçələrə tökülüb.
Fikrimin pillələrində
donub ayaq izlərim.
Qaranlıq tinlərdən boylanan
ölümün üzünə
bərəlib gözlərim…
Titrəyən nəfəsimdən
bilirəm ki, diriyəm -
vahiməli gecənin
ən qorxunc şeiriyəm!
                        2007


HAÇALAMIŞAM FİKİRLƏRİMİ YOLAYRICLARINA

Hamilədir gecələr
işıqlı sabaha.
Günərimin canı
sulu deyil daha.
Ağrılıdı ümidlərin doğuşu,
arzuların çiçəyi,
çiçək arzular-
payızgülü…
Hər gün neçə küçədən keçir ruhum,
hər gün neçə küçə keçir ruhumdan.
Öləziyir sözlər
gözlərin qarasında…
Vurnuxur ölü kimi biçarə cəsədim
ruhlar arasında.
Donub şüurumda
neçə ömür, neçə nəfəs,
haçalamışam fikirlərimi yolayrıclarına.
Ağlayır hər gecə qulaqlarımda
dünyanın günahlarından uzaq bir körpə səs.
Gündoğana can atır
qanadlı istəklərim.
Tökür gözlərinin qarasını ovcuma
qaragünlü mələyim.
                       2009

BİR QIZ SEVDİM ŞƏHƏRDƏ

Bir qız sevdim şəhərdə,
gözləri dəniz,
saçları şəlalə,
dodaqları billur,
əlləri çiçək…

Bir qız sevdim şəhərdə,
təbəssümü lalə,
göz yaşları piyalə,
üzü ay bənizi.
Sevdim ...adı Aybənizi.

...

        2009

DAĞLAR, EYVAZIN HANI?

Qoru bu şən oğlunu,
Səni sevən oğlunu.
Qoyma Vətən oğlunun
Yollarda çıxsın canı,
Dağlar, Eyvazın hanı?

Qan yerdəmi qalacaq?
Qisası kim alacaq?
Demə, olan olacaq,
Qopur Nuhun tufanı,
Dağlar, Eyvazın hanı?

Dağlar, yiyən hardadır?
Söz qoşub öyən hardadır?
Vətənim deyən hardadır?
Axdı yollara qanı,
Dağlar, Eyvazın hanı?

Qaçqınıq, ya köçkünük,
Bir kimsəsiz köşkünük.
Biz vətənsiz heç kimik,
El tanıdar insanı,
Dağlar, Eyvazın hanı?

Ağ atlı oğlan mənəm,
Şah mənəm, soltan mənəm.
Saz mənəm, dastan mənəm,
Mənəm dağların xanı,
Dağlar, Eyvazı tanı!

 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib Islam, 02 Sentybar, 2009 09:07:24
    Ehsen bele gencliye. Bu shair dogrudan da sozunun Allahidi ki bele muqeddes fikirleri var.
  • Yerləşdirilib Faiq Hüseynbəyli, 11 Avqust, 2009 12:31:16
    İnternet oxucularını bu şeirlərlə tanış etdiyinə görə şəxsən Əkbər Qoşalıya minnətdaram və nə yaxşı ki, ədəbi gəncliyə təmənnasız qayğı göstərən belə ədəbiyyat adamları var.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az