Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

"YANIRSAN, MƏNİ DƏ YANDIRMAQ ÜÇÜN"

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

  

         Bu ilin sentyabrında 40 yaşı tamam olacaq Şəhid Şair Ülvi Bünyadzadəni yaxından tanıyalım  

         dr. Almaz ÜLVİ

         "Bakıda xüsusi hərbi vəziyyət elan edilmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı cinayətkarlıqlar törədilmiş və respublikamızın suveren hüquqlarını qəddarcasına tapdalamış, qanlı müsibətlərdə həlak olanlardan biri də keçmiş SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinin tələbəsi, M.Ə.Rəsulzadə adına BDU-da fəaliyyət mərkəzi seçilən Şimali Azərbaycan Azad Tələblər İttifaqı (ŞAATİ) idarə heyətinin üzvü, vətənpərvər şair ÜLVİ YUSİF OĞLU BÜNYADZADƏ idi.
Naməlum qara qüvvələr tərəfindən Bakıda 18-19 yanvar günlərində törədilən qətllər və qarətlər zamanı - XI "Qızıl" Ordu meydanı tərəfdən güllə açıldığını eşidən Ülvi Bünyadzadə "səsucaldanla" sovet əsgərlərinə tərəf qışqırır."Qırmayın mənim xalqımı. Onlar əliyalındırlar, silahsızdırlar. Burada qadınlar, uşaqlar var. Çəkilin, atmayın tankınızı, topunuzu". Maşın meydana çatmamış, səs gələn tərəfə tuşlanan tankdan atəş açılır. Ülvinin ağzına yaxın, sol çənəsindən güllə keçir, içini doğrayıb tökür və arxa tərəfdən - ürəyindən dəlib çıxır. Bu an yanvarın 20-nə keçən 20-ci dəqiqədə baş verir.  Azadlıq eşqilə şerlər qoşan mübariz şair Ülvi müstəqil Azərbaycan uğrunda şəhid olur. Vətən təəssübü ilə şəhid olan Ülvi Bünyadzadə cəmi 20 illik həyatıyla Azərbaycan tarixində, Azərbaycan mədəniyyətində hansı izləri qoymuşdur? Bu sualın cavabı olaraq onun həyat və yaradıcılıq fəaliyyətini araşdıraq.
Həyatı: Ülvi Bünyadzadə ustad Aşıq Ələsgər yurdunun - qədim Göyçə mahalının Kəsəmən kəndində ziyalı ailəsində 1969-cu ilin 23 sentyabrında dünyaya göz açmışdır. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazmışdır. Ülvinin körpə könlünün ilk poetik pıçıltısı, ilk zümzüməsidir bu misralar. Gördüklərini, yerli-yerindəcə düzüb-qafiyələndirib. Bunlar hələ qafiyənin nə olduğunu bilməyən altı yaşlı Ülvinin ilk şeir tapıntısıdır.
Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilin isə Daşkəsən şəhərində almışdır. (Ülvinin on yaşı olanda valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüşdür). Onda poeziyaya həvəs ötəri olmamışdır. Əksinə, bu qəlbində getdikcə artan tələbata çevrilmişdi. O, 13 yaşında öz yaşıdlarına ithaf etdiyi şeirində yazırdı:
      Döyüşlərdə yoğrulmuşuq,
        Gələcəyə qaranquşuq.

Bu şeir Ülvinin poetik yaradıcılığının özül daşıdır. Orta məktəbdə oxuduğu illərdə Ülvi ədəbiyyata və elmi biliklərə son dərəcə böyük maraq göstərmişdir. 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə mətbuatda (rayon qəzeti "Daşkəsən"də) çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmişdir. Sonra o, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. Elmə, sənətə son dərəcə böyük həvəs göstərən Ülvi 1987-ci ildə APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə bağlandığı ilk günlərdə aydın fikirliliyi, həyata nikbin baxışlarıyla dərhal müəllim və tələbələrin dərin rəğbətini qazanmış, qrup nümayəndəsi seçilmişdir. Dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitut qəzetində dərc edilən yazılarını müəllim və tələbələr hörmətlə qarşılayırdılar. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988-ci ilin iyun ayından 1989-cu ilin sentyabr ayına qədər hərbi xidmətdə olmuşdur. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir. Oradan göndərdiyi məktublarında, şeir və qeydlərində vətənə məhəbbətini bildirirdi.
1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olundu və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün Bakıya qayıtdı. Bu vaxt Bakıda mitinqlər keçirdi. Sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak etmiş və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur. 1989-cu il sentyabr ayının 10-da Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmış və onun həyatını həmin "And"dan ayrı təsəvvür etmək olmaz. Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı kommunist biletindən imtina etdiyini bildirmiş, elə oradaca ovcunun içində nümayişkaranə yandırmışdır. O dövr üçün bu çox böyük risq idi. ("Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" demişdi. Yanvarın 19-da gecə Bakıya girən işğalçı, rus ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmişdi. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.
Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında (40-cı qəbr) dəfn olunmuşdur. O, həyatını Azərbaycan xalqının, Azərbaycan torpağının azadlığı uğrunda qurban vermişdir.
YARADICILIĞI: Ülvi Bünyadzadənin ilk yaradıcılıq fəaliyyəti poeziya aləmi ilə bağlı olmuşdur. Uşaq yaşlarından bu sənətə öz duyğusu, hissi, duyumu ilə meyl etmiş və getdikcə həyati müşahidələri, düşüncələri ilə buna daha da bağlanmışdır. Ülvinin bütün şeirləri, yazıları onun xarakteri ilə bir vəhdətdə birləşir, bu, vətənə, torpağa, elə məhəbbət hissiylə əlaqədardır. Ülvi ədəbi fəaliyyəti üzərində ciddi işləmişdir. Həmin illərin bəhrəsi olaraq bu gün əlimizdə onun zəngin, rəngarəng və orijinal ədəbi irsi qalmışdır. Ülvinin əsərlərində ana xətt - vətən müqəddəsliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur. Şair qəlbində baş qaldıran Milli Azadlıq eşqinin müqəddəs yolda çarpışmaqla məşələ dönəcəyinə inanır. Bu, 70 il ərzində gəldiyimiz "hamarlanmış yol" yox, milli mənliyini təsdiqləyən, vətən şərərini ucaldan yol, cığır olmalıdır. "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik" idealı ilə yaşayan şair 15 yaşında ikən Vətənə üz tutub:

Sən mənim yolumda bir məşəl kimi,
Yanırsan, məni də yandırmaq üçün.
Döyünən qəlbimin yatan səsini,
Yuxudan oyatmaq, çaxdırmaq üçün.

- misralarını yazsa da, mübarizə yolunu seçdi. Bu, Ülvinin milli vətəndaşlıq mövqeyini, qətiyyətini sübut edirdi. "Qoşqar" ədəbi birliyinin sədri,  şair Namazalı Paşayev 1987-ci ildə Ülvinin ali məktəbə daxil olması münasibətilə "Daşkəsən" qəzetində dərc etdirdiyi "ÜLVİ" məqaləsində yazmışdır: "Ülvini lap çoxdan tanıyıram. Tez-tez rayon qəzetində məqaləsini oxuduqca hiss edirdik ki, o, istedadlı oğlandır. Yaxşı yadımdadır, "Qoşqar" ədəbi birliyinin növbəti məşğələlərinin birində bir məktəbli oğlan çıxış etdi. Həmin ciddi şeirlərin müəllifi məlum oldu ki, imzasına rast gəldiyimiz Ülvi Bünyadzadədir. Dərnəkdə Ülvi özünün təhlil və mühakimə qabiliyyəti ilə fərqləndi. O vaxtdan onunla dostlaşdıq. Redaksiyaya birgə gedib-gəldik, tapışırıqlar aldıq. Qəzetin növbəti nömrələrinin birində onun yazılarını oxuduqca bilirdim ki, bu gün məktəbli olan Ülvi sabah özünə aydın yol seçməyi bacaracaqdır. O, həmişə arzu edirdi ki, gələcəkdə tərcüməçi olsun. İngilis dilindən tərcümə etdiyi kiçik hekayələr də, yumorlar da həmin arzunun təsirindən idi. Ülvi ingilis dili dərslərindən fərqlənər, əla qiymətlər alardı. Ümumiyyətlə, dil öyrənməyə çox böyük həvəsi vardı".
Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. Və bunların köməkliyi ilə də tariximizə aid xeyli yazılı mənbələrlə tanış olmuşdu. Xüsusi qeydlər, konspektlər dəftəri tutmuşdu. Bu qeydlər bəlkə də gələcəkdə ən sanballı bir tarixi əsərin bünövrəsi idi.
Ülvi müəllimləri, yoldaşları tərəfindən həmişə böyük hörmətlə, məhəbbətlə sevilmişdir. Məktəb illərində hazırlanan bütün tədbirlər Ülvinin təşkilatçılıq və ssenarisi əsasında aparılırdı. O, yoldaşları arasında, özünü bədii yaradıcılıqla ciddi məşğul olan bir şair-yazıçı kimi qabarıq büruzə verməzdi. Hamının könlünü ürəyindən gələn qaynar hərarətli 3-4 misra şeirlə alardı. Sərbəst mühakiməli, yüksək təfəkkürünə görə yoldaşlarından qeyri-adi dərəcədə fərqlənərdi. Bədii sənət haqqında söhbətlərini isə atası yaşda olan kişilərlə, "Qoşqar" ədəbi birliyinə toplanan şair və yaradıcı ziyalılarla edərdi. "Bir tikə məktəb uşağı" olduğu halda, çəkinmədən onlarla ciddi mübahisələr edər, oxuduqları yazılara öz tənqidi münasibətini bildirərdi.
Ülvinin ilk şeiri "Qoşqar"ın təqdimatıyla mətbuatda dərc olunmuşdur. Şeir dodaqdəyməz şəklindədir: lirik, gözəl, bir az kövrək, bir az titrək, bir az həssas və yanıqlı hisslərdən ibarətdir. 

 Səyyaddan sayalanan,
 Ahlı-nalalı ceyran.
 Gəldi səyyada sarı,
 Qaldı yaralı ceyran.

Onda musiqi duyumu güclü idi. Və təsadüfi deyil, bir çox milli musiqi alətlərimizdə gözəl ifaları ilə məktəbdə keçirilən ayrı-ayrı yığıncaqlarda, görüşlərdə müəllim və şagird kollektivinin dərin rəğbətini qazanmışdı. O, qarmon, tar, saz, piano, kamança  və s. musiqi alətlərində çalmağı bacarırdı. Ülvinin musiqi istedadına heyranlığını Naxçıvan Televiziya və Radio Şirkətinin sədri, şair Elman Həbib bir məqaləsində belə bildirir: "Ülvi. Onunla qardaşımgildə tanış olmuşduq. Qardaşımla Ülvinin əmisi Hüseyn həkim qonşu idi. Ad günündə, xudmani məclisimizdə hərə öz sözünü deyirdi... kimsə dedi, Ülvi pianoda bir xalq mahnısı çalsın. O, utancaq-utancaq qalxıb piano arxasına keçdi. Ülvi həmin andan yaddaşımda yaşamağa başladı. 18 yaşı vardı. Qonur gözləri, çatılmamış, qartal qanadları kimi gərilmiş qara qaşları ağbəniz çöhrəsinə bir qədər kölgə salanda qəribə ciddi görkəm alardı. Məclis boyu ağzını açıb bir kəlmə kəsməyən bu gəncin sinəsi altında necə sirli xəzinə varmış, Allah! Bizim aşıq musiqisi, el havacatları pianoda necə səslənərmiş, İlahi! Bayaqdan dillənməyib susub duran bu Ülvi balanın ürəyi nə imiş, Tanrı!?. Barmaqları nə oyun eləyirdi, "Göycə gülü”ndən başladı, "Divani"dən adladı, "İrəvan çuxuru"nda ayaq saxladı. "Sarı te"lləri bir-bir saydı, "Ayaq sarıtel", "Orta Sarıtel", "Baş Sarıtel", "Yanıq Kərəmi", "Köhnə Naxçıvan"... Aşıq havaları pianoda dəyişdikcə ovqatımız da dəyişdi. O vaxt dəfələrlə kövrəldim. Çalırdı, yorulmaq bilmirdi, qəlbinin həyəcanı tükənmirdi. Ülvi yadımda beləcə qalıb. 18 yaşında, bığ yeri yenicə tərləyən bir cavan, yeniyetmə kimi, bir də xalqımızın dərdini müdrikcəsinə ürəyinin dilində danışan istedad sahibi kimi. O vaxt məclisdə heç birimiz bilmirdik ki, Ülvi həm də şairdir".
Millətimizin müstəqil Azərbaycan dövləti yaratmaq mübarizəsi yolunda Ülvi bütün fikrini bir səmtə yönəltdi: fəal, sıravi cəbhədaş oldu. Bütün ali məktəb tələbələri arasında böyük nüfuz qazandı. 1989-cu il idi, əsgəri xidmətdən yenicə qayıtmışdı.
Gənclər arasında azadlıq və milli müstəqillik uğrunda təbliğat aparan Ülvi bir qrup fəal, qeyrətli, Vətən sevgili tələbələrlə BDU-da tanış oldu. Az sonra həmin qrup (müxtəlif ali məktəb tələbələrini təmsil edən) BDU-da ŞAATİ-nin təsis konfransını keçirdilər. İttifaqın Proqramı və Nizamnaməsini Ülvi bir gecəni yatmayıb səhərəcən işlədi, sabah tezdən isə səliqəylə üzünü çıxarıb konfransa apardı. Bu iş əsliidə onun üçün yeni deyildi. Hələ əsgəri xidmətdə olarkən qulluq etdiyi raket hissələrinin birində yaratdığı "Xətai" təşkilatının Proqram və Nizamnaməsini də təkbaşına hazırlamışdı və həmin sənədlər müzakirə zamanı təşkilatın üzvləri tərəfindən bəyənilmişdi.
Təşkilatın yaradıcısı və rəhbəri olan Ülvi qulluq etdiyi hərbi hissədə xeyli tərəfdar toplamış və məqsədlərini onlara açıqlamışdır. Üzvlərin məqsəd və vəzifələri Azərbaycanda gedən hadisələri İttifaq fonunda dərindən və hərtərəfli təhlil edərək həmin hərbi hissənin və digər hərbi hissələrin əsgərləri arasında kütləvi təbliğat apararaq bütün respublikalara vətənimiz barədə, onun öz suveren hüquqları uğrunda mübarizəsi haqqında, torpağımıza uzanan qara əllərin təhrikçiləri barədə həqiqətləri anlamaq, xalqımızın dostcanlı, qonaqpərvər və sülhsevər bir xalq olduğunu anlatmaq, Azərbaycanın tarixi barədə müəyyən təsəvvür yaratmaqdan ibarətdir. Bu haqda Ülvi məktublarının birində yazır: "Daha bir hadisə barədə. Burada xidmət edən azərbaycanlılar (mənim təşəbbüsümlə) "Xətai" adlanan bir dərnək təşkil ediblər. 20 nəfər üzvü var, namizədlər yenə az deyil. Məqsədimiz Azərbaycanda baş verən hadisələri, ümumiyyətlə, onun dərdlərini, çatışmazlıqlarını müzakirə etmək, qərar çıxarmaq, şuramızın adından müəyyən ölçülər götürməkdir... Özümüzün Proqram və Nizamnaməmiz var. Hamımız təntənəli surətdə and içmişik. Görək bu böyük işimizin axırı nə olacaq. Məni şuramızın sədri seçiblər".
Bunlar Ülvinin uzaq Sibir torpağından Vətənimiz sarıdan keçirdiyi nigarançılıqlarının əks-sədasıdır, vətəndaş qayğısıdır. Respublikada baş verən bütün hadisələrə öz münasibətini məktubları vasitəsilə hökmən bildirərdi. Hər xırda şey haqqında olan narahatçılıqlarını öyrənməyə çalışırdı. Başqa respublikalarda gedən ictimai-siyasi prosesləri izləyir, müqayisə edir, bir vətən fədaisitək soyuq Sibir torpağında çırpınırdı. Vətən ağrılarını daim içində, könlündə gəzdirən Ülvi başqa bir məktubunda qayğılı-qayğılı yazdı: "Xeyli vaxtdır ki, məktub almadığıma məyus olmuşam. Mən burada, Pribaltikada yaranan milli cəbhənin, Belorusiyada yaranan Xalq Cəbhəsinin, Beynəlmiləl Cəbhənin (bundan bəlkə də xəbərin yoxdur), Ermənistan Tələbələr İttifaqının proqramları ilə yaxından tanış olmuşam. Təsəvvür elə ki, Estoniya iyunun 1-dən təsərrüfat hesabına keçir. Bu, artıq respublikanın öz siyasi suverenliyini qazanmağına inamını artırır. Onu nəzərə alaq ki, bu iqtisadi müstəqilliyin ardınca siyasi müstəqillik gəlir. Çox təəssüf edirəm ki, bu cür cəbhə-ittifaqlar, müstəqil tələbə qrupları və s. hələ də bizdə yoxdur. Bu günkü tələblərimiz dünənkilərdən çox da irəli gedə bilməyib. Doğrudur, Topxana uğrunda 20 günlük mitinq özü böyük hadisədir. Ancaq mitinqlər daha çox hisslərlə, emosiyalarla oynayır, qazanılan isə çox az şey olur. Məsələn, qonşu respublikada Tələbə İttifaqı (SAS) mübarizə forması kimi mitinqlərdən imtina edir, dil, mədəniyyət, iqtisadiyyat müstəqilliyi uğrunda mətuat mübarizəsi edir, qeyd edirlər ki, SSRİ-nin bütün paytaxt şəhərlərində (o cümlədən, Moskvada) nümayəndəlikləri (mənim sözümlə konsulluğu) olmalıdır. Bu açıq-aşkar SSRİ-dən ayrılmağı bir tələb kimi qarşıya qoymur, ancaq məntiq aydındır. Mübarizə forması isə mitinqlər yox, mətbuatda ideoloci təbliğatdır. SAS-ın öz qəzeti var. Erm. KGİ MK buna yardım göstərir. Bu tələblər qarşıya elə şəkildə qoyulub ki, etiraz eləməyə heç bir əsas qalmır.
Müharibədən sonrakı illəri, xüsusən 70-80-ci illəri "durğunluq" dövrü adlandırdı¬lar. Ancaq əslində bu dövr "Milli oyanış - özünü dərketmə" illəri idi. Milli ideologiyada baş verən bu inqilabi inkişaf ilk dəfə ədəbiyyatda - "altmışıncılar" deyilən nəslin fəaliyyətində də təzahür etdi. Nəsrdə də, poeziyada da "kökə qayıdış" hiss olunmağa başlayırdı. Bu vəziyyət təkcə Azərbaycanda deyil, SSRİ-də yaşayan bütün qeyri-rus millətlərin yaşadığı torpaqlarda yetişmişdi. Ümumittifaq siyasi böhranı, inqilab partlayışı gözlənilirdi, bu da indiki Rumıniya hadisələrinə bənzər bir çevriliş ola bilərdi. Lakin bu vaxt Qorbaçov hakimiyyət başına gəldi. O öz "yenidənqurması", "aşkarlığı" ilə bu partlayışın qarşısını müvəqqəti olaraq aldı, bolşevizmə məlakə donu geyindirməyə çalışdı. Lakin bunun üstü tez açıldı və hamı "durğunluq" dövrünün "Qorbaçov bataqlığı" dövrü ilə əvəz olunduğunu dərk elədi. Ümumxalq hərəkatımızın məqsədi bu "bataqlığı" yox eləməkdən, ən son nəticədə Azad, bütöv Azərbaycan Xalq Cümhuriyyəti qurmaqdan ibarət idi».
Həmin zamanın qarışıq, ictimai-siyasi böhranlı günlərində əsgərlikdən qayıdan (1989, sentyabr) Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının yaradılmasında fəal iştirak edirdi. O, AXC-nin institutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayanlardan biri olmuşdur. İnstitutda tələbələrin təhsil şəraitinin yaxşılaşdırılmasında və tədris proqramında xalqımızın mənəviyyatına və psixologiyasına yabançı olan qalıqların, tör-töküntülərin çıxarılması uğrunda fəal mübarizə aparmışdır.
Onun Azadlıq mübarizəsi meydanlarında, yığıncaqlarında dərin məzmunlu, yüksək məntiqli çıxışları həm tələbələri, həm müəllimləri, həm də bütün iştirakçıları heyran edərdi. Yabançı ünsürlərə qarşı barışmaz mövqe tutaraq həmişə, hər yerdə öndə olmağa can atardı. "Ülvi bütün varlığı ilə xalqına, torpağına bağlı idi. Onun sinəsində döyünən vətən idi. Damarlarında çağlayan xalqının qeyrəti, ləyaqəti idi. Ayrı-ayrı musiqi alətlərində çalanda da, yüzlərlə bədii əsərlərini yazanda da, ürəyindən axıb gələrək barmaqlarında köklənən nəğmələrini nota köçürəndə də, günün aktual məsələlərinə toxunanda da xalqının, torpağının köksünə sığınar və bu təmasdan doğan ilhamla çalırdı, yazıb-yaradırdı" (M.Nəbiyev).
 “Əlbəttə, təəssüflənirəm ki, o, hadisələrin Bakıda canlı şahidi olmamışam. Digər tərəfdən isə hadisələr kənardan daha obyektiv şəkildə müşahidə olunur. Bax, elə buna görə də deyirəm ki, çox şeydə başqa millətlərdən geridə qalırıq. Azərbaycanda "Türk gəncləri ittifaqı"nı, "Tələbələr cəmiyyəti"ni, xüsusilə "Cənubi Azərbaycanla birləşmək uğrunda mübarizə cəmiyyəti" və s. yaratmaq vaxtı çatıb. Bu məsələlər ancaq aşağıdan başlamalıdır, yuxarılar isə öz köməyini (mətbuat və s.) onlardan əsirgəməməlidir. İran Sovet İttifaqı ilə əlaqədan imtina edir. Ancaq mənə elə gəlir ki, müstəqil şəkildə yuxarıda adlarını çəkdiyim cəmiyyətlər İranla bir millətin adından çıxış edib Cənubi Azərbaycan barədə bəzi məsələləri həll edə bilər. Nə isə, fikirləşdikcə adam çox dərinliklərə gedib çxır...".
Ülvinin bu məktubunun yazıldığı tarix, məzmunundan göründüyü kimi, ermənilərin Qarabağ torpağını "qamarlamaq" istədikləri dövrün ilk vaxtlarına təsadüf edir. Və təbii ki, Ülvi uzaq Sibir torpağında olsa da Vətənin başına açılan oyunlara biganə qala bilmirdi. Arayırdı-axtarırdı, mübarizədə iştirak etmək üçün yollar seçirdi. Düşmən olan ermənilərin sirlərini, mübarizə formalarının üstün cəhətlərini öyrənirdi. Hələ o vaxtlar Azərbaycanı iki yerə bölən tikanlı məftillərin ağrısı Ülvinin sanki ürəyindən keçirdi. Ülvi - Azadlıq fədaisi olan bir şair yarı bölünmüş Azərbaycanın dərdindən kənarda qala bilərdimi?

O taydan Savalan, bu taydan Qoşqar,
Buludlar başından körpü salıbdır.
Bu mənfur dirəklər, acı tikanlar,
Bilmirəm heç kimdən miras qalıbdır.»

Ülvi duyumuna görə tarix o dirəkləri, "acı tikanları" salanların qəbirlərini də mühakimə edəcəkdir. Daşkəsənin kəsilib tökülən meşələrindən də, Əfqanıstanda həlak olan oğullarından da o, eyni ürək yanğısıyla danışır.
Bu mübarizədə gəncləri real, qüvvətli, cəsur və güclü qüvvə təki görürdü, gözünü onların gücünə dikirdi. Hələ "cəbhə", "birliklər" yaranmadığı bir dövrdə də bunlar Ülvinin könlündən keçən planlar idi. "Ancaq bir yerdə birləşib mübarizə aparmaqla qalib gəlmək olar" - deyə məktublarında da, publisistik yazılarında da, şeirlərində də, nəsrində də ancaq bu cür duyğularla yaşayırdı. 1990-cı ilin 10 yanvar tarixində qələmə aldığı bir publisistik məqaləsində yazmışdı: "Azər xalqının milli müstəqilliyi və demokratiya uğrunda apardığı mübarizə bu gün özünün tarixə qanla yazılacaq, əbədi həkk olunacaq günlərini yaşayır. Günü-gündən mövcud hərbi-polis rejiminin iç üzü açılıb tökülür, onun birdəfəlik dağılması üçün zəmin hazırlanır. O da aydın olur ki, azərlərin indi tam çılpaqlığı ilə görünən milli faciəsi on ilin, iyirmi ilin deyil, bir neçə əsrin bəhrəsidir...       

(“Ülviləşən Ülvim” kitabından)

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az