dr. Almaz ÜLVİ
Ötən əsrin 40-50-ci illərində Səməd Vurğunun poeziya şöhrətinin sorağı dünyanın əksər ölkələrinə yayılmışdı. Ədəbiyyata gəldiyi ilk vaxtlardan, daha çox isə 30-cu illərin yarısından bu gün də dillər əzbəri olan əsərlər yazsa da, 1937- ci ilin qara-qorxularıdan nə şöhrətin şirinliyini, nə də şairə olan xalq məhəbbətini sevinclə könülə doldurmaq, dilə gətirmək mümkün deyildi. Çox güman ki, o xoflu zamanlarda bu duyğuları -- nəşəli anları yaşamaq adamın yadına da düşmürdü. Sonra müharibənin odu-alovu hər kəsin arzularını, istəyini, sevən qəlbini qarsaladı. Amma bir həqiqəti də deyək ki, 37-nin xofu, dəhşəti müharibədən də ağır, işgəncəli idi. Bu illərdə ən gözəl əsəri, şeiri – sənəti, sənətkarlığı tərif etməyə qorxurdular. Birdən nə isə, hansısa ifadədə sətiraltı məna "tapılardı". Onunla da hər şey bitmiş olardı. Amma müharibə illərində yaxşı, gözəl əsər tərifləndi, şairə də, oxuyana da, eşidənə də ruh gətirdi, ağrılardan yorulan ruhu bir hovur dincəltdi.
Eyni ağrıları Səməd Vurğun da yaşayıb. 37-nin hər qara gecəsinin işıqlı sabahla açılmasına sevinib, sonra yenə qorxulu gecələr gəlirdi. Nəhayət, "bu div heybətli" illər başa çatdı və sən demə, artıq Səməd Vurğun poeziyasının səsi-sədası düzü-dünyanı başına alıbmış. Hamı Səməd Vurğun kimi yazmağa can atırdı. Gənclər bu təsiri öz yaradıcılıqlarında daha tez hiss etdilər. Hətta o dövrün 50-60-cı illərin mötəbər ziyalıları, ədəbiyyatşünasları, tənqidçiləri az qala "üsyan etdilər" ki, hamı Səməd Vurğun olmayacaq ki?! Klassiklərdən bəhrələnmək, öyrənmək lazımdır. Səməd Vurğundan o yana -- ötən illərə, əsrlərə, bəşər ünvanlı sənətkarlara nəzər yetirmək, onların məktəblərindən faydalanmaq lazımdır. Belə tərzdə yazılmış ədəbi-tənqidi məqalələr hələ şairin sağlığındakən yazılır, dərc olunurdu. Səməd Vurğun isə öz şair dünyasında idi. Azərbaycan ədəbi mühitində bu təsir az qala kütləviləşmişdi. Eyni vəziyyəti özbək poeziyası ilə yaxından tanış olarkən orada da gördüm. Sanki özbək şairləri də Səməd Vurğun kimi yazmaq - yaratmaq bəhsində imişlər. Təkcə özbəklər yox, bütün Orta Asiya türkləri və s. Ruh eyni, qan eyni, Allah bir, qəhrəmanlıq, şücaət, cəsarət eyni -- bunlar təbii hisslərdən doğan milli-ruhu yaxınlıq, yaşantılar idi. Həm də təkcə Orta Asiyanı yox, keçmiş SSRİ-nin bütün respublikaları, Avropa--Asiya ölkələri Səməd istedadına, vurğunluğuna, şeiriyyətinə heyran qalmışdılar. Hamı onun kimi təbiətə, şeirə vurğun olmaq istəyirdi. Hamı "Azərbaycan" kimi yazmaq istəyirdi və hamı, az qala bütün dünya "Azərbaycan"ı öz dilinə uyğunlaşdırdı. Bu haqda professor Vaqif Arzumanlının tədqiqatlarında, xüsusən «Əbədiyyata qovuşan sənət» (Səməd Vurğun və SSRİ xalqları ədəbiyyatı) kitabında ğeniş ədəbi faktlar tədqiq olunmuşdur... (1). Özbəkistanda «Azərbaycan» şeirinin ayrı – ayrı müəlliflər tərəfindən beş məşhur uyğunlaşdırması vardır: Maqsud Şeyxzadə, Turab Tula, İlyas Müslim, Məmərəsul Babayev və Abdulla Arif. Görkəmli özbək şairi Qafur Qulam yazırdı: "Səməd başdan-başa istedad idi. O, yalnız şeir üçün doğulmuşdur».(2) Vurğuna yüzlərlə, minlərlə şeirlər, poemalar həsr olunurdu.
Özbək xalq şairi Qafur Qulam "Qardaşım Səməd Vurğuna" şeirini ölməz şairin 50 illiyi münasibətilə yazmışdır. Həmin şeir ilk dəfə şairin yubileyi günlərində səslənmiş və 12 may 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Şeiri ilk dəfə Azərbaycan dilinə şair Zeynal Xəlil uyğunlaşdırmışdır. Sonralar həmin şeir 1958-ci ildə Bakıda nəşr olunmuş "Özbək ədəbiyyatı antologiyası" kitabında (3) da verilmişdir (s.26). 1979-cu ildə Qafur Qulamın "Ömrün baharında" (4) və Xəlil Rza Ulutürkün "Turan çələngi" (5), "Nəğməli Özbəkistan" (6) almanaxlarında həmin şeir Xəlil Rzanın uyğunlaşdırmasında dərc olunmuşdur. Xəlil Rza uyğunlaşdırmasında poetik bədii ifadələr, tərənnüm, estetik duyum oxucuya daha güclü təsir bağışlayır. Qafur Qulam "Səməd Vurğuna" şeirində (5,70-71) Turan dünyasının qüdrətindən, tarixindən, şeiriyyətindən, musiqisindən, sənət və sənətkarlığından heyrətlə söz açılır, Nizami, Məhsəti şeirinin heyranlığından bəhs edilir. Tarixə ünvanladığı poetik duyğulardan sonra "lirik mən" Səməd şeirinin əzəməti, saflığı, duruluğu, gözəlliyi, fəlsəfəsi, üfüqlərə, kəhkəşana yayılan nəğmələrimizin ahəngi qarşısında baş əyir, qürurlanır.
Sən xalqını ucaltdın, xalq da səni -- Səmədi,
Əsl şair, sənəti -- yurdun hünər sənədi.
Yazdığın şeirlərin dağ kimidir siqləti,
Tükənməz sərvəti, soyumaz hərarəti.
Burnumun ucu göynər yada düşəndə dostlar,
Səməd Vurğun adını çəkərəm qürur ilə.
Özbəkistan göyləri mənim qəlbim tək dolar
Azərbaycandan gələn sevinc ilə, nur ilə!
Bu şeir dəfələrlə Azərbaycan mətbuat səhifələrində, almanax və kitablarında dərc olunub. Qafur Qulamın bu iki xalq arasındakı ədəbiyyat dostluğunu tərənnüm edən "Biri-birinə şagird, biri-birinə ustad" (5,70) şeiri dillər əzbəri dastana çevrilmişdir -
Bakının günəşidir sanki otağımdakı,
Yalnız otağımı yox,
Ürəyimi, beynimi işıqlandırdı Bakı.
Mənim könlüm bu nuru daim bəslər, əzizlər,
Eyni ana döşündən süd əmən bu əkizlər -
Biri-birinə şagird, biri-birinə ustad.
Əbədi əlaqələrimizin inkişafında uyğunlaşdırma sənəti ilə yanaşı, ədəbi görüşlərin də keçirilməsi vacib və diqqətəlayiq hadisədir. 1960-cı ildə Özbəkistanda Azərbaycan , Azərbaycanda özbək ədəbiyyatı həftələri keçirilən ərəfədə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseyn demişdir: "Əgər mən desəm ki, müasir əbədiyyatımızın böyük yaradıcıları Cəfər Cabbarlı və Səməd Vurğun Özbəkistanda sevildiyi qədər Aybek, Qafur Qulam da Azərbaycanda sevilir, bu çox təbii və qanuni bir haldır. Bizim hansımıza məlum deyil ki, qılınc və nizələrin vurduğu yaraları həmişə şeir və sənət məlhəmi sağaltmışdır. Kimə məlum deyil ki, canlı sərkərdələrin heç zaman qılıncla fəth edə bilmədikləri ürəkləri Nizami, Nəvai, Puşkin, Vaqif, Firqət və Muqimi şeiri asanlıqla fəth etmişdir". (7)
Özbək ədəbiyyatı haqqında düşünəndə dahi Nəvai gözlərimizin nuruna, könlümüzə dolursa, "Səməd Vurğun və özbək ədəbiyyatı" deyəndə ilk olaraq Qafur Qulamı xatırlamalı oluruq. Bu çox təbii və doğma haldır. Xalq yazıçımız Əzizə Cəfərzadənin bir qeydini, əslində hər kəsin qəlbindən doğan hissi xatırlayaq: Səməd Vurğun necə sənətkardırsa, özbəklər üçün də Qafur Qulam elə bir sənətkar idi. Azərbaycan deyəndə Səməd Vurğun, Özbəkistan deyəndə Qafur Qulam göz qabağında gələrdi. Görkəmli özbək şairi Qafur Qulam Azərbaycan poeziyasının böyük ustası Səməd Vurğunla dost idi. Səməd Vurğun özbək dilində kütləvi tiraclarla nəşr edilmişdir. 1953-cü ildə "Seçilmiş əsərləri", 1968-ci ildə "Komsomol poeması" ayrıca kitab kimi nəşr olunub. 1978-ci ildə Qafur Qulam adına ədəbiyyat və incəsənət nəşriyyatı Səməd Vurğunun «Seçilmiş şeirləri"ni və "Vaqif" dramını özbək dilində bir kitabda çapdan buraxmışdır. Özbək ədəbiyyatşünası, filologiya elmləri doktoru Ədhəm Əkbərov "Qafur Qulam" kitabında (8) yazır ki, Qafur Qulam dəfələrlə Səməd Vurğunun evinin qonağı olmuşdur. Tədqiqatçı monoqrafiyada Qafur Qulamın «Səməd Vurğuna» şeirinin təhlilinə geniş yer ayırıb. Tarix boyu qədim Odlar yurdunun gözəlliyi, füsunkar təbiəti, Azərbaycan xalqının mənəvi ucalığı, qəhrəmanlığı, neçə-neçə şairin könül rübabını dilləndirmiş, yaxın və uzaq ellərdən gələn sənətkarların dodağında nəğməyə dönmüşdür. Böyük rus şairi Nikolay Tixonovun dediyi kimi, «canlı şeir kimi gözəldi Səməd, şeir də Səmədlə gözəlləşirdi…».
Özbək alimi, professor Ləziz Kəyumov qeyd edir ki, «özbək oxucuları böyük Azərbaycan şairi Səməd Vurğunu yaxşı tanıyırlar. Onun əsərlərini özbək dilinə respublikamızın ən yaxşı şairləri Qafur Qulam, Maqsud Şeyxzadə və başqaları uyğunlaşdırmışdır. Gənc nəsil bu nəcib, xeyirxah işi davam etdirir. Səməd Vurğun və Həmid Alimcan müharibədən əvvəl öz respublikalarının yazıçılar ittifaqlarının rəhbərləri olmuşlar. Səməd Vurğun "Vaqif" pyesində, Aybek isə "Nəvai" romanında böyük tarixi şəxsiyyət obrazı nümunəsi yaradıblar. Əgər indi hər iki ədəbiyyatda yaxşı tarixi romanlar çoxdursa, bunlar yaxşı müəllimlərimizin əməllərinin inkişafı nəticəsidir. Səməd Vurğunun ev- muzeyində Qafur Qulamın təsirli avtoqraf yazılmış şeir kitabını gördüm. Əsl poeziya böyük istedad və başqa oxşar cəhətlər onları qoşalaşdırmış və hər birinin öz milli mədəniyyətində yüksək ehtiram kürsüsünə qaldırmışdır. Səməd Vurğun ürək sözlərini --
Bizdə şeir də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır.
- misraları ilə ifadə etmişdir».
Şair Səyyar ürək sözlərini, Səməd Vurğuna məhəbbətini belə yazmışdır: "Azərbaycanla, onun zəngin ədəbiyyatı ilə dostluğum lap çoxdandır. Bu dostluq öz kökləri ilə qədimlərə bağlıdır. Dahi Nizamidən, Füzulidən, Nəsimidən, Vaqifdən başlanan həmin dostluq sənətinə qəlbən vurulduğum Səməd Vurğunun zəngin yaradıcılığında qərar tutub. Doğrudan da poeziyada, sənət aləmində qəlbimə, ruhuma Səməd Vurğun qədər yaxın, doğma ikinci adam yoxdur. O mənim üçün şeir, sənət dünyasının nadir incisi, poeziya kəhkəşanı, parlaq ulduzudur. Səməd Vurğunun adı Mirtemirin adı qədər mənə doğma və əzizdir. Azərbaycan ədəbiyyatı, bu ədəbiyyatın bayraqdarı Səməd Vurğunu mənə sevdirən də ustadım, müəllimim Mirtemir olmuşdur. O, Səməd Vurğunun əsərlərini gözlərimin qabağında dilimizə çevirmişdir. Mirtemir hər misranın, hər bəndin, hər şeirin uyğunlaşdırması üçün saatlarla vaxt sərf edərdi. Özünə haqq qazandırıb belə deyərdi:
- Bu, elə-belə şair deyil, bala, Səməd Vurğundur. Nə olunla, nə də onun şeirləri ilə zarafat etmək olmaz. Oxucularımız onu ana dillərində oxuyanda qoy deməsinlər ki, böyük şairi kiçiltmişəm. Mirtemir Səməd Vurğunu bu cur ülvi bir məhəbbətlə sevir. Onun ölməz sənəti qarşısında səcdə edirdi."
Ədəbiyyatlarımız arasında oxşar cəhətlər çoxdur. Xalqlarımızın mənəvi yaxşılığı son dərəcə qüvvətlidir . Özbək yazıçı və şairləri Azərbaycan ədəbiyyatını yaxından izləyir, ona sonsuz maraq göstərirlər. Məsələn, gözəl istedad sahibi Mirtemirin yaradıcılığını izlədikcə adama elə gəlir ki, Özbəkistanda deyil, Azərbaycanda yaşayıb yaradır. Onun respublikamızda onlarca ədib dostu vardır. Şairin poeziyası ilə tanış olduqdan sonra bir daha inanırsan ki, Mirtemir xalqımızın həyatına çox yaxından bələddir, ədəbiyyatımıza dərin məhəbbət bəsləyir. Xalqlarımızın ədəbi əlaqələrinin möhkəmlənməsində Normurad Nərzullayevin də böyük xidmətləri vardır. O, həm yaxşı şair, səmimi dost, həm də geniş ürək sahibi olan insandır. N.Nərzullayev Özbəkistanda Azərbaycan ədəbiyyatının təbliğində çox xeyirxah fəaliyyət göstərir. Özbək ədiblərindən İbrahim Qafurov, Camal Kamal, Çərkəz Əli, Məmmədəli də bu sahədə təqdirəlayiq və faydalı iş görürlər. Qardaş respublikada ədəbiyyatımızın təbliğində böyük zəhməti olan Şərqiyyə xanım Şıxəliyevanın adını xüsusilə qeyd edə bilərik. O, özbək müəlliflərinin əsərlərinin Azərbaycan dilinə sətri uyğunlaşdırmasında ciddi əmək sərf edir. (9)
Özbək ədəbiyyatının böyük tədqiqatçısı və uyğunlaşdıranı Xəlil Rza Ulutürk "Gündəliy"indən bir yarpaq qoparıb "Turan çələngi"nin 110-cu səhifəsinə yazıb: "Dünəndən bəri Daşkəndin yaxınlığında Dorman qəsəbəsində, yaradıcılıq evindəyəm. Şair qardaşımız Rəzzaq Əbdürrəşid ilə tanış oluram. Bu kişi Səməd Vurğunun "Komsomol" poemasını, "Mən tələsmirəm", "Şair, nə tez qocaldın sən?" şeirlərini, "Əgər səndən dönər isəm, nəsibəm ahu-zar olsun" qəzəlini özbək türkcəsinə uyğunlaşdırmış şairdir". Professor, filologiya elmləri doktoru, məşhur özbək ədəbiyyatşünas alimi Ləziz Kəyumovun sözləridir - 1978-ci il idi. Gənc nəslin nümayəndəsi Rəzzaq Əbdürrəşidovun uyğunlaşdırmasında Səməd Vurğunun yeni bir kitabı özbək dilində çapdan çıxmışdır. Professor Naim Qaibov yazır ki, Rəzzaq Əbdürrəşid Daşkənddə əbədiyyatımızın cəfakeşlərindən biridir. Ötən il 1978-ci ildə özbək oxucuları onun uyğunlaşdırmasında Səməd Vurğunun "Seçilmiş əsərləri"ni böyük maraqla qarşılamışlar. Xəlil Rza "Turan çələngi"ndə Rəzzaq Əbdürrəşidin "Şeirə dönmüş ürək" adlı sənədli radiopyesini (böyük Azərbaycan şairi Səməd Vurğun haqqındadır) --uyğunlaşdıraraq oxuculara çatdırır ( 5,140-158). Bu radiopyesdəki hadisələr Səməd, Mehdi, Nənə, Leyla, qadın, Aşıq Şəmşir və təbib obrazlarının dili ilə söylənir. Əsərdə Səmədin şanlı-şöhrətli, uca göylərə yayılan sorağından danışılır. Xəstəliyi ilə mübarizəsi, qardaşı Mehdixanın onu yoxlamağa gəlməsi, Səmədin onun vasitəsilə kənddən-kəsəkdən, eldən-obadan xəbər tutması, xəyalən gənclik illərinə dönərək sevdalı günlərindən söhbət açması, nənəsi ilə dərdləşməsi, Dədə Şəmşirlə görüşü, saz tutub-söz qoşması radiopyesin sücet xəttini təşkli edir. Bütün bu söhbətlər, görüşlərarası yeri gələn məqamlarda müəllifin həm də Səməd Vurğun şeirlərindən istifadə etməsi əsəri dolğunlaşdırır, poetikləşdirir, dinləyiciyə xoş ovqat bəxş edir. Burada bəzən Molla Pənah Vaqifin, Dədə Şəmşirin, Aşıq Ələsgərin də şeirlərindən istifadə olunmuşdur. Əsərin ümumi məzmunundan aydın olur ki, müəllif -- Rəzzaq Əbdürrəşid Azərbaycan ədəbiyyatını, onun görkəmli nümayəndələrini və onların yaradıcılıqlarını, həyat və fəaliyyətini, el deyimlərini, təbiətini, insanlarının xarakterini gözəl bilir və bütün bunları Səməd şəxsiyyətinə, Səməd şeirinə məhəbbəti ilə cilalayaraq gözəl bir kompozisiya – radiopyes yaratmışdır. Özbək ədəbiyyatı bilicimiz Xəlil Rza isə həmin əsəri böyük şövqlə dilimizə uyğunlaşdıraraq «Turan çələngi»ndə nəşr etdirmişdir.
Müqumidən, Firqətdən başlamış Hüseyn Cavidə və Səməd Vurğuna qədər Nizamidən, Şekspirdən başlamış Puşkinə və Mayakovskiyə qədər özbək, rus, Azərbaycan və dünya ədədiyyatının müxtəlif nümayəndələri haqqında yazdığı 300-dən artıq elmi məqalə Maqsud Şeyxzadəni qüdrətli alim, incə şeirşünas və ədəbiyyatşünas alim kimi tanıtmışdır. Bu sırada Səməd Vurğunun "Zəncinin arzuları" poemasını da göstərə bilərik. Özbək alimi Möhsün Zakirov deyir: "... M. Şeyxzadənin bədii uyğunlaşdırma sahəsindəki fəaliyyətinin özü ayrıca bir kitabxana təşkil edir ki, bu meydanda da, o, özünəməxsus ədəbi məktəbin yaradıcısıdır."(5, 609). Şöhrətin "Yenə gəldim..." (uyğunlaşdıranı Əhəd Muxtar) şeirində (10,62) gerçək yaşantının poetikt ifadəsi təcəssüm olunub. Gənclik illərinin xoş xatirələri -- bəxtəvər, sevgili günləri, qaragöz Bakı gözəlinə olan eşqi, sədaqəti Bakıya qonaq gələn lirik "mən"in qəlbini təlatümləndirir, coşdurur. Xoş duyğular, arzular xəyalında uzaq illərinə uçur, ömrünün -- həyatının ən şirin anlarına dolur və bütün bunları bir nəğmə ömründə tarixləşdirir, əbədiləşdirir. Onun şeiriyyət dili də yaşantıları qədər adama əziz, doğmadır. Ustad Səməd Vurğunu o illərin boyunda bir daha xatırlayır -
Səməd Vurğun o çağlarda coşub-daşırdı,
Yeni həyat quranlara şeir qoşurdu.
Kürsülərə sığışmırdı coşğun ilhamı,
Öz elinə, öz yurduna vurğun ilhamı.
Gəncliyinin dillər əzbəri şair Səməd Vurğunun olması onun - "lirik mən"in poetik yaradıcılığına təsiri olmaya bilməzdi. Bu təsiri onun bədii ifadəliliyində, mövzu rəngarəngliyində, poetik estetik baxışlarında, təbiətə məhəbbət duyğularında sezməmək mümkün deyil. Şöhrətin "Səməd Vurğunla" (uyğunlaşdıranı Əhəd Muxtar) şeiri "Ulduz" (1972,№1) curnalında dərc olunmuşdur. Şeirdə ustad sənətkara özbək şagirdinin qəlbindən, bağrından qopan ilahi poetik düşüncələr, ülvi məhəbbət əks olunmuşdur.
Özbək şairi Normurad Nərzullayev Azərbaycan mətbuatında -- "Ulduz" curnalında (1978 №1) müsahibə verərkən deyir: "İndi biz böyük hörmət və məhəbbət əlaməti olaraq Həmzə ilə Sabirin, Cəfər Cabbarlı və Səməd Vurğunla Qafur Qulamın, Süleyman Rüstəmlə Aybəyin adını yanaşı çəkirik. Görkəmli alim və sənətkarlarımızdan fəlsəfə elmləri doktoru, Özbəktstan EA akademiki Vahid Zahidov, Özbəkistanın xalq şairi Mirtemir, SSRİ xalq artisti Həlimə Nəsirova və başqalarının şöhrət yolu bilavasitə Bakıdan başlanır. Onların hamısı burada təhsil almış və respubilkamıza qayıtmışlar". Normurad Nərzullayev şair dostu Cabir Novruza həsr etdiyi "Gəzirəm qoynunda" (uyğunlaşdıranı Əhəd Muxtarındır) şeirində (10,74 ) şərq şeiriyyətinin nəfəsi, ahəngi duyulur. Şairin poetik obrazı gözəl Bakı, Azərbaycanın füsunkar təbiəti, tarixi şəxsiyyətləri -- Nəvai, Nəsimi və Səməd Vurğundur.
Şöhrəti əbədi,eşqi əzəli,
Nəfəsi günəşli yazı andırır.
Füzuli babanın odlu qəzəli.
Yenə ürəkləri qanadlandırır.
Nəğmə qoşaraq doğma elinə,
Mehriban qoynunda Vurğun yaşayır.
Sənin çiçəyinə, sənin gülünə
Sənin torpatına vurğun yaşayır.
Feyzi Şahismayıl "Laləzar diyar" (5,160) şeirində Bakıya, Azərbaycana olan məhəbbətini poetikləşdirib. Doğulduğu Özbəkistanın güllü-gülzar məmləkətinə, gözəlliyinə təriflər düzümləyəndə qardaş Azərbaycanı unutmur. Əksinə, "anam Özbəkistan" dediyi vətənin odlar diyarı Azərbaycanın dağlarla boyboya duran ən böyük övladı sanır. Azərbaycan sözü, eşqi nəğməyə, şeirə gəlirsə, Səməd Vurğun adı hökmən orada günəş tək yanar –
Nizami – Nəsimi məhəbbətinin ,
Bir cüt aynasıdır hər iki «Xəmsə».
Qafur – Səməd Vurğun sədaqətinin,
Tərifi sığışmır bəyana, bəhsə.
XX əsrin 40-50-ci illərindən sonra ədəbiyyata gələn hər bir özbək şair və yazıçının qəlbində Səməd Vurğun çırağı yanır, əlindəki qələmi isə qəlbindəki Vurğun nurundan bir köz, bir pay od-ocaq oxucusuna çatdırır. Qəlbdən doğan eşqini günəşə bənzətdikləri Səməd adına ərməğan edirlər. Bu etiraf, bu məhəbbət əslində "ustad" bildikləri XX əsr şeirimizin ən parlaq ulduzu bildiyimiz Səməd Vurğundan sanki "uğurlu yol" , "şanslı yol" diləkləri almalarına işarədir.
Gümənniyaz Cabbarlı "Bakı səfəri" (10,100-101) altısətirlik şeirində uyğunlaşdırma A.Azalpındır) Bakının, Azərbaycanın minbir dilbər güşəsinin şəninə gözəllik tərifi yağdıranda, ustad sənətkarların şöhrətinə heyranlığını bildirəndə, şeirin mərd övladı Səməd Vurğunu" ehtiramla ananda "lirik mən"in qəlbində alovlanan atəşə pərvanə olmaya bilmirsən –
Qafur Qulam ilə qardaş kimiydi,
Bu sənət nəhəngi, o söz mahiri,
Elə ki, dil açıb qonuşardılar,
Sapa düzülərdi söz cavahiri,
Kəlamları müdrik, söhbətləri xoş,
Turan dünyasının iki şairi.
Pulat Fazil "Ürəyimin bir parçası" (10,71) şeirində (uyğunlaşdıranı T. Mütəllibov) doğma Bakıya məhəbbətini, eşqini nəzmə çəkib –
Bu torpağın hər qarışı,
Doğma mənə, əziz mənə!
Şair təbli dəniz mənə
Sinəsini göy dəftərtək,
Varaq – varaq varaqladı.
Əsən külək
Sevgilimin əli kimi,
Saçlarımı daraqladı.
70-ci illərdə BDU-da ali təhsil alan özbəkistanlı gənc Akif Cabbarov öz vətəninə dönəndən sonra Azərbaycanı, Azərbaycan ədəbiyyatını unutmadı. Elmi yaradıcılığına «Azərbaycan -- özbək ədəbi əlaqələri» kontekstində davam etdi. Məqalələrinin birində o, qeyd edir ki, «son vaxtlar, yəni 70-80-ci illərdə özbək ədəbiyyatında "Azərbaycan" mövzusu xüsusi yer tutmuşdur. Bu mənada Cümənniyaz Cabbarovun "Bakı səfərindən düşüncələrim" balladasına və "Bu gün bizdə qonaq var" şeirlərinə nəzər salaq. Balladanı oxuyarkən məlum olur ki, müəllif dəfələrlə Bakıda olmuşdur və bu səbəbdən də oradakı xalqın mədəniyyətinə, xarakterinə yaxşı bələddir. Amma bir nüansa xüsusilə nəzəri cəlb etmək istərdim. Müəllif balladada Azərbaycana təbiətini, əməksevər insanlarını, onun uğurlarını, nailiyyətlərini tərənnüm edərkən oxucuya Səməd Vurğunun "Azərbaycan" şeirinin ahəngini xatırladır. Bax beləcə, Səməd Vurğunun özbək poeziyasına təsiri aydın görünür. Oricinal bədii nümunələrin yaranmasına təsiri istisna deyildir. C.Cabbarovun qeyd etdiyimiz şeiri ilə S.Vurğunun poetik obrazı eyni olsa da, poetik ruh, poetik ifadələrlə onları ayırd etmək çətin deyil. Sadəcə olaraq burada bir şairin digər şairə təsiri görünür. Səməd Vurğun və gənc özbək şairi Abdulla Aripov da eyni mövzunu poetikləşdiriblər. Ədəbiyyatşünasların diqqətini cəlb edən bu cur təsiretmələr gənc nəslin ədəbi münasibətlərə diqqətlə yanaşmasından doğur (11). Həmid Alimcanın "Özbəkistan", Qafur Qulamın "Özbəknamə", Abdulla Aripovun "Özbəkistan", Erkin Vahidovun "Özbəyim" şeirlərini oxuyarkən Səməd Vurğunun "Azərbaycan" şeiri ilk olaraq fikrimizdə sətirlənir, səhifələnir.
Abdulla Aripovun "Azərbaycan" şeiri (5,116) 17 beytdən ibarətdir. Şeirin məzmunu -- Azərbaycan - özbək yurdunu bir babanın övladları kimi təsvir etməsidir. Şeirdəki qəribəlik ondan ibarətdir ki, hər beytin bir sətri Özbəkistana, bir sətri Azərbaycana həsr olunur. Əsər ideya -- məfkurəvi cəhətdən bəşəridir. Qədimlərdən bəri davam edən qardaşlıq, dostluq niyyəti bu iki xalqın əbədi ruh nəğməsidir.
Nizami balından halva bişirdi,
Nəvai türk şeri tutdu cahanı.
Özbək bircə ləhzə əldən verdimi,
Füzuli əlindən çıxan divanı?
Daşkəndim Vurğuna can qurban eylər,
Bakı əsirgərmi Qafurdan canı?
Gənc şair Abdulla Aripov yazır ki, Bakı mənim üçün ana beşiyim olan Daşkəndim kimi doğmadır. Çünki özbək ədəbiyyatı kimi, Azərbaycan ədəbiyyatı da məni öz istedad çeşməsindən süzülüb gələn şeirlərlə qidalandırmışdır. Bizim ədəbiyyatlarımızı qardaş adlandırırlar. Doğrudan da, onlar nəhəng bir ağacın budaqlarıdır. Bir kök üzərində boy atmış Azərbaycan və özbək klassik ədəbiyyatı həmişə eyni problemlərin, eyni idealların tərənnümçüsü olmuşdur. Özbəkistanda şeiri sevən hər bir şəxs üçün şair Səməd Vurğunun adı unudulmazdır, müqəddəsdir. Bu ad özbək oxucusu üçün Qafur Qulam qədər əzizdir, əzəmətlidir. Mən gözəl Azərbaycan şeirinin pərəstişkarlarından biriyəm.
Turab Tölənin "Dilimdəsən hər bir zaman" şeirində (uyğunlaşdıranı S.Sərxanlı) bu hissi, bu təsiri, bu yaşantını duymamaq çətindir (10,68). Ən əvvəl o, Azərbaycana həsr etdiyi bu şeirinə ölməz Səməd Vurğunun –
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən…
- misralarını epiqraf seçmişdir.
Çox dolandım bu dünyanı,
Ellər gördüm ulduz sanı.
Yeri, göyü, asimanı
Çulğalayan nursan, inan –
Azərbaycan, Azərbaycan.
Üzümüzə qapın açıq,
Nəğmələrin saçaq – saçaq.
Sənə vurğun olan nə çox…
Mən də vurğun, mən də aşiq.
Dilimdəsən hər bir zaman –
Azərbaycan, Azərbaycan.
10 bəndlik (hər bənddə altı misra) bu şeirində "lirik mən" gəzdiyi ulduz sanı ölkələr içində Azərbaycan qədər misilsiz gözəl görmədiyini nəzmə çəkib. "Durna gözlü bulaqlardan", dərələrdən, qayalardan, hər açılan laləsindən, ay baxışlı, od naxışlı, nur yağışlı, məhəbbətli gözəllərindən, cənnətmisal əfsanəyə bənzər təbiətindən, bol nemətlərindən,mavi Xəzərindən,Xəzərindən göylərə ucalan buruqlarından, barlı-bəhərli bağlarından, nəğməli-sözlü sənətkarlarından saf incilər misralayıb.
Ay baxışlı qızlar gördüm,
Od baxışlı gözlər gördüm.
Nur yağışlı üzlər gördüm,
Hər nə gördüm gözəl gördüm:
Məhəbbətlə güldü cahan –
Azərbaycan, Azərbaycan.
Səməd Vurğunun ağır xəstə yatdığı aylar idi. Dünyanın, o cümlədən Özbəkistanın bütün yazıçı və şairləri böyük sənətkardan hal-əhval tutur, qəlbdən ona cansağlığı diləyirdilər. 1956-cı ilin ilk aprel günləri idi. Sanki dünya ədəbiyyatının görkəmli nümayəndələri Bakıya axışmışdı. Azərbaycanda Səməd bayramı -- Vurğun şairin 50 illiyi qeyd olunurdu. Səməd Vurğun özü bu tədbirə qatıla bilmədi. Gələn qonaqlara qardaşı Mehdixan Vəkilov şairin təşəkkür məktubunu oxudu. Razılığını, sevgisini, məhəbbətini bildirirdi.
Könüldən-könülə yollar görünür
- deyə hər kəsi bağrına basardı. O günlərdə Özbəkistandan Qafur Qulam, Aybek, Zülfiyyə xanım Bakıya gəlmişdilər. Hamı Səməd Vurğuna həsr etdiyi şeirlərini oxuyur, mətbuatda dərc etdirirdi. Sonra -- bir aydan az ötmüşdü ki, Səməd Vurğun dünyasını dəyişdi. Yenidən Bakı qonaq dənizinə döndü. Bu dəfə hamı kədərli, dərdli idi. Qafur Qulam, Zülfiyyə, Aybek .... . Qafur Qulam "Molodyoc Azerbaydcana" qəzeti 11 may 1956-cı il sayında bu kədər münasibətilə "O, bizə yaxındır" adlı məqalə dərc etdirmişdir.
Aradan 20 ilə yaxın vaxt ötdü. Bakıda Səməd Vurğunun ev-muzeyi açıldı. Həmin günlər -- 1975-ci ilin oktyabrı idi. Azərbaycanda sovet ədəbiyyatı günləri keçirilirdi. Ölkə bayram libasını geymişdi. Özbəkistandan da böyük bir qrup qonaq gəlmişdi. Həmin ərəfədə - Azərbaycanda sovet ədəbiyyatı günləri keçirilən günün səhəri Səməd Vurğunun ev-muzeyinin açılış mərasimi təşkil olunmuşdu. Bayram iştirakçıları bütünlüklə bu təntənəli tədbirin iştirakçı nümayəndələrinə çevrildilər. Həmin günün səhəri özbək xalq şairi Zülfiyyənin unudulmaz hadisənin təsiri ilə yazdığı yeni şeiri hər kəsi kövrəltmişdi. –
Bu gün bütün ölkə
Vurğunun qonağıdır.
O hamıya lazımdır!
Öz oğullarına və dostlarına…
Zülfiyyə xanım bu hadisədən aldığı təəssüratını "Şairin evində" silsilə şeirlərə (10,66) çevirmişdi. "Bir dənə papiros" (çevirəni Məmməd Aslan) şeiri ağır təəssüratdan yaranmışdı. Burada şairin son dəfə çəkdiyi papirosun yarısını görən şairə Zülfiyyə qəlbdən göynədi -
Qəlbində intizar, gözündə maraq,
Onunla öpüşüb ömrün sonunda.
Papirosda olan etibara bax,
Yarımçıq qalıbdı ömrü onun da.
Yarımçıq papiros gör nələr deyir,
Təkcə od sönməyib onun qorunda.
Ey sözün xaqanı, sərrafı şair,
Neçə nəğmə sönüb dodaqlarında?!
Səkkiz bəndlik bu şeiri həyəcansız oxumaq çətindir. Muzeyin rəy kitabında özbək elçiləri xeyli ürək sözləri yazmışdılar. Zülfiyyə belə yazmışdı: "Böyük Səməd Vurğun əsrlər boyu milyonların qəlbində əbədi yaşayacaqdır. Həmçinin onu çox sevən özbək xalqının qəlbində". Səməd Vurğunun ev-muzeyində nümayiş etdirilən milli özbək xalatını Səməd Vurğuna Qafur Qulam bağışlamışdı. Muzeydə özbək yazarlarının avtoqrafı ilə xeyli kitablar da vardır.
Özbək şair - dramaturqu Əshəd Muxtar yazır: "Özbək xalqı arasında Qafur Qulamın "Qardaşım Səməd Vurğuna", "Azərbaycanın zəhmət adamlarına" şeirləri, eləcə də Səməd Vurğundan uyğunlaşdırmaları dildən-dilə gəzir". Bəlkə də yüz minlərlə ayrı-ayrı mətbuat orqanlarında yazılıb ki, Səməd Vurğun və Qafur Qulam uzun illər yaradıcılıq dostluğu çərçivəsində yaşayıblar. O, qeyd edir ki, özbəklər Nizaminin və Füzulinin, Səməd Vurğunu və Rəsul Rzanı haqlı olaraq öz şairləri hesab edirlər. Onların əsərləri respublikamızın geniş oxucu kütləsinə yaxşı məlumdur. Azərbaycanın şair və yazıçılarının əsərləri də respublikmızda böyük tiraclarla nəşr olunur. Gənc, istedadlı şair və yazıçılarımız unudulmaz Səməd Vurğunun öz qəlbinin hərarəti ilə yandırdığı estafet məşəlini şərəflə irəli aparırlar. Bu gəncləri cəsarətlə böyük Vurğunun işinin ardıcılları adlandırmaq olar.
Ümumiyyətlə, "Səməd Vurğun və özbək ədəbiyyatı" mövzusu dərin dəryadır. Bu dəryada minlərlə incilər Səmədin şeiriyyət dənizində bərq vurur. İki xalq - əbədiyyət qardaşı, eyni babanın övladları. Nəvai ədəbi irsi Azərbaycan ədəbiyyatında, ədəbiyyatşünaslığında o qədər doğmalıqla xüsusi yer tutmuşdur ki, dahi mütəfəkkirin 540 illik yubileyinə hazırlıq ərəfəsində ölməz Səməd Vurğun demişdir ki, «mən və mənim yoldaşlarım son illərədək bilmirdik ki, Nəvai özbək şairidir. Hər yerdə onun adı bir Azərbaycan şairi kimi çəkilirdi». (12)
İstifadə olunmuş ədəbiyyat
1. Vaqif Arzumanlı.Əbədiyyata qovuşan sənət - Bakı, Gənclik,1976,112 səh.
2. Q.Qulam. Səməd Vurğun - «Şərq qapısı», 18 noyabr, 1976.
3. Özbək ədəbiyyatı antologiyası – Bakı, Azərnəşr, 1958. 394 səh.
4. Qafur Qulam. "Ömrün baharında" – Bakı, Yazıçı, 1979. 96 səh.
5. Xəlil Rza Ulutürk. "Turan çələngi" – Bakı, Gənclik, 1992. 790 səh.
6. "Nəğməli Özbəkistan" -- Bakı,Yazıçı, 1979.
7. M. Hüseyn. Dostluq əlaqələri. - "Ədəb. və incəsənət", 1964, 24 oktyabr
8. Ədhəm Əkbərov. Qafur Qulam. – Daşkənd, Fan, 1974.
9. Əhəd Muxtar. Əlaqələr möhkəmlənir. – «Bakı», 3 iyun 1980.
10. Sevdim Azərbaycanı (almanax). - Bakı, Yazıçı, 1980. 207 səh.
11. Azərbaycan – özbək ədəbi əlaqələrindən səhifələr. – Bakı, Elm, 1985.
12. S.Vurğun. Seçilmiş əsərləri. V cild - Bakı, 1972
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib Həsən Qazaxlı, 23 Oktyabr, 2010 04:16:21Səməd Vurğun əvəzedilməz bir dahidir






