Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Bərbərxana Samurayı

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

  Ayxan KİÇİKBƏY

 Səhər  evdən çıxanda bilirdi ki, dərsə gecikib. Tezdən anası onu yuxudan oyatmaq üçün nə qədər çığır-bağır salsa da Rasim yataqdan  ərincəkliklə qalxıb hamama getmiş, əl-üzünü yumuş, çayını içib paltarını və ayaqqabısını  geyindikdən sonra bayıra çıxmışdı. Yaxşı ki, məktəb onların evindən azca aralıydı. Binanın yanındakı təpənin üstü ilə uzanan yarı qırıq pillələri arxada qoysa uzağı on dəqqiqəyə orda olardı.
 O, küçəyə çatanda gördü ki, burda adamlar çoxdu və səs-küy aləmi başına götürüb, maşınlar isə elədən-belə, belədən-elə surətlə şütüyür. Səkidə Rasim kimi, bir neçə dərsə gecikmiş  uşaq  tələsə-tələsə yeriyir, az qala məktəbə sarı qaçırdı. Onlar pilləkənə çatanda surətlərini daha da artırır, hamıdan qabaqda getmək üçün sanki bir-biriləri ilə yarışırdılar.
 Hava tutqunluydu. Buludlar günəşin görünməsinə mane olurdu.Yol boyu uzanan ağaclar tərpənməz, lal durmuşdu.Qovaq ağaclarının yarpaqları ətəyindən adda-budda saralmağa başlamışdı. Ötən yayın bütün tozunu üstünə yığmış küknar ağaclarının yaşılı boza çalırdı. Təpənin üstündəki qonşuların çəpələdiyi bağlardakı əncir ağaclarının meyvələri dəymişdi. Adamın bu əncirlərə baxanda ondan bir iki dənə qoparıb yeməyi gəlirdi.
 Bu bağlardan ən gözəllərindən biri dülgər Həsən kişinin  idi. O, Ermənistan qaçqınıydı. Həsən kişi yaxınlıqdakı dülgər sexində işləyir, bir tikə çörək pulunu çıxarmaq üçün var gücüylə çalışırdı. Çox içki içən idi. Hərgün sərxoş olar, gəlib bağının qarşısında oturub dənizə baxardı.
 Dülgər Həsən kişinin kefli olması daha çox uşaqların işinə yarıyırdı. Rasim həmişə yay aylarında bir neçə uşaq götürər və onun bağına alça oğurluğuna girərdi. Uşaqlar bağda nə qədər səs-küy salsa da Həsən kişi heç eşitməz, öz daxmasından eşiyə çıxmazdı.
 Rasim ətrafa tamaşa edə-edə pillələrin başına çatdı, dayanıb nəfəsini dərdikdən sonra arxaya çönüb adəti üzrə dənizə baxdı. Burdan hündür binalardan aşağıda Bakı buxtası çox yaxşı görünürdü. Rasim yay aylarında burda durub saatlarla Xəzərə baxmağı sevərdi. İndi isə payız başlamış, havalar soyumuş, isti günlər geridə qalmış, ruzigarın üzü bozarmışdı.Bu bozluğa yeganə yaraşıq,gözəllik verənsə yenə də Xəzərdi. 
 Gömgöy dəniz seyrək dumanın içində lal-tərpənməz durmuşdu. Azca külək əsirdi,gəmilər suyun üzündə donub qalmışdı.   Sanki  qarşıdakı rəsm əsəriydi. Dənizin üzərində olan gəmilər,qayıqlar da ona ayrı bir cazibəlik verirdi. Rasim dal-dala yeriyərək gözünü dənizdən çəkmirdi.O dənizin gözəlliyinə qapılaraq  dərsə gecikdiyini unutmuşdu. Ancaq ayağı bəzən yerdəki daşlara ilişir və onun  yadına  dərsə gecikdiyini salırdı. O, kəsə yolla moruq kolların arasından keçir, hərdən də qanqalları vurub qırırdı.
 Uzaqdan görünən məktəbin qapısına çatanda o yerişini yavaşıdıb köksünü ötürdü.Yol arxada qalsa da onu qarşıda başqa çətinlik gözdüyürdü.  Müəllimin onu danlayıb, tənbeh edəcəyini, uşaqların isə öz növbələrində hırıldayıb güləcəklərini xatırlayanda  canı sıxılırdı.
 Qapıçı Yetər xala əlini belinə qoyub Rüstəm Zal kimi pilləkənin başında durub soyuq gözlərini ona zilləmişdi. Rasim onun qıyıq gözlərinə baxanda sanki qarının nə deyəcəyini bilirdi.
 - Ədə, a bala, niyə gec gəlmisən? Belə gec gəlməkdənsə heç gəlməsən yaxşı idi. Evdə oturardın da. Bu nədi? Heç belə iş olar? Dərsin qutarmasına on beş dəqiqə qalmış gəlirsən!  Yeri ay gədə, ikinci saat dərsə girərsən. Davay!-- Rasim qarıya çatmamış o uşağa ağzının odunu tökməyə başladı. Uşaq bu gəlişi gözləmədiyindən bir anlığa karıxdı. Bununla belə boynunu burub zalım qapıçıya  dil tökməyə başladı.
 - Nə olar, e, Yetər xala, icazə ver, gedim da. Onsuz da gecikmişəm. Heç olmasa dərsin axırına çatım. İkinci dərsə girsəm sinif rəhbərimiz məni danlayacaq. Bu dəfəlik qoy gedim da.
 Arvad onu başdan-ayağa süzüb tənəli səslə:
 - Yaxşı rədd ol, get, bir də geciksən səni bu qapıdan direktor gəlmədən keçirtmərəm. Eşitdin ədə? - Yetər xala şəhadət barmağı ilə  Rasimi yanadı və dəmir qapını açdı.
O məktəbə gəldiyi ilk gündən bu arvaddan itdən qorxan kimi  qorxur, həm də ondan zindeyi-zəhləsi gedirdi. Yetər xala ona dəxli oldu-olmadı hər şeyə burnunu soxar, Rasimin və yuxarı sinif uşaqların məktəbdə nə etdiyini direktorun ovcuna qoyardı. Elə buna görə də Rasim onun gözünə az görünməyə çalışar, Yetər xala ilə ünsiyyətdən qaçardı.
İndi də yazıq-yazıq:
 - Hə eşitdim – deyə titrək səslə cavab verdi və qapıçının yanından içəri keçdi.
Onun sinifi birinci mərtəbədə idi.Çox yatağan olduğundan sinif uşaqları ona “ tənbəl ” deyərdilər. Rasim uzun, parketi qopmuş, mismarlarının çoxusu çöldə olan, üzərinə su tökülmüş, solğun, bulanlıq bənizli döşəmənin üstü ilə qaçıb sinifin qapısının yanında dayandı.Nəfəsini dərəndən sonra  qapını astaca tıkkıldadaraq sinifə daxil oldu.  
O, içəri girər-girməz  bütün uşaqlar başını qaldırıb Rasimi aydan gəlmiş yad adam kimi başdan ayağa süzdülər. Arxa partalarda oturmuş zəif oxuyanlar isə özlərini tuta bilməyərək bərkdən hırıldaşdılar. Bu sinifin adəti idi. Hər gec gələn uşağa gülərdilər. Rasim bir uşaqlara, bir də müəllimə baxır, gözlərini qırparaq başını aşağı salırdı. 
 Gözündən kin yağan Gülçöhrə müəllim yazı taxtasının yanında durub acıqlı-acıqlı Rasimə baxırdı. Riyaziyyat dərsi idi. Papuqay Nazim löhvədə müxtəsər vurma düsturuna aid misal həll edirdi.Rasimin içəri girməsi onun da misalı yarımçıq qoymasına səbəb oldu.
 Gülçöhrə müəllim kinayəli tonla:
 - Nə yaxşı Rasim, məktəbin yolunu tapmısan?  Çox əziyyət çəkdin tapana qədər? Bu neçəncidi  dəfədi,bala, dərsə gecikirsən? Utanmırsan ə... Nə isə, axırıncı olsun, vaxt gedir, zəngə az qalıb, mənim dərsimə bir də gecikdin valideynlərin gəlmədən səni dərsə buraxmaram. Bu riyaziyyat dərsidi e... başqa dərslərə oxşamaz. Riyaziyyat dərsinə gecikdin dərsin sonuna qədər nədən  söhbət getdiyini başa düşməzsən.
 Müəllimin bu sözü oğlanların sümüyünə düşdüyündən təzədən gülüşdülər. Qızlar  isə oğlanların şitliyinə dodaq büzərək üzlərini lövhəyə çevirdilər. Ancaq bu yaramazlar qızlara fikir vermədən  qaqqıldaşır və bundan ləzzət alırdılar.Yalnız müəllimin onlara bağırıb hədələyici  nəzərlə baxandan sonra səslərini kəsdilər. 
 Rasim isə başını aşağı salaraq:
 - Bağışlayın müəllim, yatıb qalmışdım. Ona görə də gecikdim. Bir də belə eləmərəm. –deyərək özünə bəraət qazandırmağa çalışdı.
Uşaqlar Rasimin sözünə yenə bərkdən gülmək istəsələr də bəyaqki hadisəni yadlarına salıb sadəcə üzlərini yana çevirdilər.
 Müəllim baxışını ondan çəkdi və üzünü uşaqlara tərəf  tutaraq:
 -Yaxşı, burnunu sallama, keç otur, indi  Nazimdən sonra löhvəyə sən çıxacaqsan.
Gülçöhrə müəllimin səsi nədənsə zəhimli çıxdığından Rasimin ürəyi sıxıldı, həyacanla ətrafına baxıb ayağına sürüyə-sürüyə  axsıyan kimi yeriyərək  Papuqay  Nazimin partasının yanındakı boş stolun üstünü silərək oturdu. Bu dərsi yaxşı başa düşməmişdi. Həm də riyaziyyatdan büdrəyir, bəzi anlayışlarda dolaşıb qalırdı.
Rasim partada oturub qələmini oynadır, hərdən də gözünü yazı taxtasında misal həll edən Papuqay Nazimə zilləyirdi. Ancaq   gözü Papuqay Nazimdə olsa da qulağı zəngdəydi. Yalnız bu səs indi Rasimi Gülçöhrə müəllimin cəngindən xilas edə bilərdi. Zəngsə çalınmaq bilmirdi. Sanki Rasimin zəngi gözlədiyi üçün vaxt gec gedirdi.
Papuqay Nazim  löhvənin qarşısında durub hələ də təbaşirlə rəqəmləri bir-birinin ardınca sıra ilə düzür, misalın axırına çıxmağa çalışırdı. O, təbaşirlə misalı elə solğun yazırdı ki, hətta qabaq partalarda oturan uşaqlar da onun misalını  çətinliklə dəftərlərinə köçürürdülər.
Rasimin Papuqay Nazimlə arası sazdı və həmişə birgə gəzər, bir-biriləriylə zarafatlaşar, bufetdən aldıqlarını qardaş kimi yarı bölərdilər. Hətta bəzən ikisindən birinin dərslə bağlı səhvləri olurdusa bunu heç kimə deməz, sirr kimi saxlayardılar. İndi də Rasimə elə gəlirdi ki, Papuqay Nazim vaxtı qəsdən dostunu dərsə çıxartmasınlar deyə uzadır.
O, arada dönüb arxaya baxır müəllim görməyəndə dişini ağardır, meymunluq edirdi. Papuqay Nazim yerdən atılan atmacalara cavab verir, sonra təkrar misalın arxasını həll etməyə girişirdi. Məqsədinə çatmadıqda isə qəsdən təbaşiri döşəməyə tullayır və yavaş-yavaş kürəyinə ox batmış kimi əyilərək onu yerdən  götürürdü. Müəllim bu vaxta sinif jurnalını gözdən keçirir, yazı taxtasına tərəf baxmırdı. Nazim hərdən bir karıxanda özüylə eyni səviyyədə riyaziyyat bilən Kitab Kamrana sarı döyükür, misalın dəvamını necə yazmaq üçün ondan kömək umurdu.
Zəngə az qalmış Papuqay Nazim misalı bitirdi. O, təbaşiri pəncərənin soyulmuş, az hissəsi qırılmış taxtasının üstündəki qutunun içinə qoydu, əlini dəsmala silib çantasından gündəliyi çıxardıb müəllimə verdi. Gülçöhrə müəllim gündəliyi götürdü  və Rasimi löhvəyə çağırdı,  ona kitabdan çətin bir misal verdi. Rasim partasının üstündəki riyaziyyat kitabını götürüb misala baxana kimi zəng vuruldu. O, sevincini bildirmədən yerində oturdu, sakit bir tərzdə gülümsündü. Bəzi uşaqlar onun bu sevincinə qısqanaraq üzlərini tuurşutdular. Müəllim zəngin doğruluğunu yoxlamaq üçün uşaqlara  baxdı, evə tapşırıq verdi, çətin misalları başa salmağa  başladı. Uşaqlar bu sıxıcı söhbətin tezliklə bitməsi üçün   hər şeyi başa düşdüklərini bildirirdilər. Nəhayət müəllimin  sözünü qurtarıb uşaqlarla sağollaşdı, sonra   sinifin  qapısını araladı və müəllimələr otağına sarı getdi. Uşaqlar müəllimin arxasınca dəhlizə çıxanda Rasim Gülçöhrə müəllimin arxasınca baxaraq rahatlıqla nəfəsini dərdi. Elə bil üstündən ağır bir daşı götürüb kənara atmışdılar.
Növbəti dərs iki saatlıq əmək təlimi idi. Bu dərsdən sonra böyük tənəffüs başlayacaqdı. Bu dərs uşaqları çox yorduğundan tənəffüs onlar üçün göydən düşmə hədiyyə sayılırdı.
Böyük tənəffüs başlayanda Rasim sinif yoldaşları Papuqay Nazim, Pəltək Üzeyir, Gürzə Musa, Priçoska Taleh, Katex İsmayılla birlikdə sinifdən çıxdı. Uşaqlar uzun dəhlizdə gəzişə-gəzişə bir-biriləriylə zarafatlaşır, böyür başlarından qatılan birinci sinifin cırtdan uşaqlarını tutur, onların qaçmasına mane olurdular.
Oğlanlar dəhlizdə gizlənparç oynamağa başladılar. Xeyli qaçıb yorulandan sonra  sinifin yanında söhbət etməyə başladılar. Onların hərəsi bildikləri lətifələrdən deyir, ucadan qaqqıldaşırdılar.Böyük tənəffüsün qurtarmasına az qalmış Rasim Papuqay Nazimlə birlikdə bufetə yollandı. Onlar bufetə yaxınlaşanda gördülər ki, yuxarı sinif uşaqları həmişə olduğu kimi sinələrini qabardıb özlərindən razı bir şəkildə qapının yanına yığışıb gəlib-keçən qızlara, oğlanlara sataşır, onlara lağ edirlər. Risovkalıq etmək üçün telefonlarını nümayişkaranə bir tərzdə tutur, sanki bunu digər uşaqlara göstərmək istəyirdilər.Onlar cib telefonundan süzülən musiqinin ritminə uyğun  başlarını sağa-sola  tərpədirdilər. Az qala utanmadan hamının içində rəqs edəcəkdilər.Rasim onlardan çəkinir, həm də bu zırrama avaraların yekəxanalığından, şit hərəkətlərindən, axmaqlıqlarından, özlərini böyük kimi aparmaq üçün yalandan siqaret sümürmələrindən, dərslərə girməyib bütün saatı məktəbdə fırlanmalarından, yaşca kiçik uşaqlara sataşmalarından  zəhlsi gedirdi.  İndi də həmin böyüklər Rasimlə, Papuqay Nazimi yanlarına çağırıb, onlara lağ etmək gülmək istəyirdilər. Ancaq ikisi bu axmaqlara baş qoşmadı, onları saymayaraq özlərini eşitməzliyə vuraraq yollarına davam etdilər.
Rasim burdan bir baş Papuqay Nazimlə kitabxanaya yollandı və ordan kitab götürüb sinifə tərəf  gəldi. Növbəti dərsin başlanmasını bildirən zəng qırıq-qırıq çaldı. Bir anda dəhliz boşaldı. Bu dərs ingilis dili olmalı idi. 
Rasim Papuqay Nazimlə sinifin qapısına qədər qaçmaqda yarışdı. İçəridə müəllimi görməyəndə hər ikisi təccüblənsələr də buna sevindilər. Sinif nümayəndəsi Pəltək Üzeyirin müəllimlər otağından gətirdiyi xəbərə görə, ingilis dili müəllimi bu gün məktəbdə olmadığından uşaqlar axırıncı dərsdən evə gedə bilərdilər. Bu sözləri eşidən anda qızlar çox sevindilər və bir himə bəndmiş kimi hırıldaşa-hırıldaşa çantalarını götürüb sinifdən çıxdılar.Ancaq oğlanlar qərara gəldilər ki, məktəbin meydançasında futbol oynasınlar.Onlardan biri qaçaraq evə getdi və bir neçə dəqiqəyə əlində yarı boş, böyrünün dərisi yırtıq top gətirdi. Sinif oğlanları iki komandaya bölündü. Birinci komanda Səy Qasım, Baba Ramin, Tənbəl Rasim, Papuqay Nazim, Katex  İsmayıl, ikinci komanda isə Priçoska Taleh, Kuku Niyaz, Gürzə Musa, Kəndçi Kərimdən ibarət idi.
Oyun başladı, topu Priçoska Taleh Kuku Niyaza ötürdü. Kuku Niyaz topu qüvvətli zərbə ilə qapıya tərəf vurdu, lakin top qapıdan xeyli aralı keçdi. Bunu görən komandanın kapitanı Gürzə Musa onu təpiklə yerə sərdi. Gürzə Musa çox güclü olduğundan Kuku Niyaz sakitcə ayağa qalxdı, üstünü təmizlədi, hirisli-hirisli ona baxdı.
Bu arada meydançaya yuxarı sinif uşaqlarından iki nəfər daxil oldu.Uşaqlar meydançaya girən kimi biri üzünü uşaqlara tutub: “--Ə, it balaları, davayın, ayağvıza banan qoyub sürüşün burdan, biz oynayacağıq”--dedi. Gürzə Musa, Priçoska Taleh onlara nə qədər yalvarsalar da bu iki yekəxana meydançadan çıxmayacaqlarını bildirdilər.Ancaq elə bu vaxt uşaqların öz aralarında “ Qoca şir” dedikləri Davud müəllim meydançaya girdi və yuxarı sinifin uşaqlarını ordan qovdu. Oğlanlar cəncəllik olmasın deyə müəllimdən  hakimlik etməsini xahiş etdilər.”Qoca şir”  buna razı oldu.
Rasimin komandasından Baba Ramin oyunda hesabı açdı.Uşaqlar onun üzərinə atılıb sevinərkən Gürzə Musa qolu saymaq istəmədi. Buna baxmayaraq “Qoca şir” qolu hesaba aldı. Gürzə Musa isə pərt qaldığından uzun bir vaxt müəllimin üzünə baxıb dodaq altı mızıldandı. Bundan sonra dalbadal beş qol gəldi. Qollardan üçünü Papuqay Nazim, Paba Ramin, Səy Qasım, ikisini isə Priçoska Taleh  və Kəndçi Kərim vurdu.
Uşaqlar yorulduqlarına görə oyunu bitirib dincəlməyi qərara aldılar. Uduzan komandanın oyunçuları bir-birilərini buraxdıqları qolara görə günahlandırır, hey mübahisə edirdilər.. Mübahisələr bitdikdən sonra uşaqlar sağollaşıb evə getdilər.
Rasim çox acmışdı. Həm də futbol onu əməlli-başdı yormuşdu. O, evə çatanda taqətdən düşmüş halda qapının qulpuna yapışdı və zəngi çaldı.İçəridən hənir gəlmədiyini hiss edib qapını itələdi və dəhlizə daxil oldu. Həmişə bu vaxtlarda Rasimin anası ya qonşularda qiybət edər, ya da televizorun qarşısında oturub Türkiyə kanallarında nümayiş olunan dizilərə, filmlərə, proqramlara baxardı.
Bacısı Həmidə mətbəxdə, əlində bıçaq  kartof soyurdu. O, Rasimi görcək üz-gözünü  büzüşdürdü və  gözünü qardaşından çəkdi.
Bacısı Rasimdən  bir yaş böyük  idi və həmişə onun üstündə ağalıq eləməyə çalışır, yeri  gəldi-gəlmədi “bunu elə eləmədin, onu elə eləmədin deyə irad tutardı.O saat da öcəşər, saç yolmasına çıxardılar.Dava-şava yatandan sonra Həmidə bir tərəfə çəkilib ağlar, bir gözü də anasına baxardı kı, durub Rasimi cəzalandırsınlar. Səsi kəsiləndən sonra bir tərəfə çəkilib  dərsləriylə məşğul olardı. Həmidə də anası kimi türk dizilərinə baxmağı çox sevərdi. Həmişə bir yerdə oturub dırnaqlarını gəmirdə-gəmirdə gözlərini televizora zilləyərdi. Rasim də onun yanından keçərkən sataşmaq üçün  əlini bacısının başına sürtər, Həmidəni cin atına mindirərdi. Onun bacısı Rasimin  hərəkətlərindən hirslənmiş kimi yalandan vayma-şüvənlik edər, çığıraraq anasını çağırar, o gələnə qədər qəsdən zərbə alıbmış kimi bir yerini tutaraq zarımağa başlayardı. Məleykə xala da çox vaxt buna inanar,qızın fitinə gedib Rasimi var gücüylə əzişdirərdi. O, isə bir küncə qısılıb oturur, gözlərini ovuşduraraq ağlayardı. Məleykə xala otağı tərk etdikdən sonra Həmidə əlini sinəsinə sürtər və Rasimə acıq verərək “ ox...-ox... deyər bərkdən qışqıraraq qələbəsini qeyd edərdi. Rasim isə öz növbəsində Həmidəyə bağırar, onun susmasına görə bacısına tərs-tərs baxardı. Bəzən də Həmidənin yalanı ortaya çıxıb anası tərəfindən cəzalandırıldıqda o saatlarca stolun altında gizlənər, Məleykə xala onun günahından keçməyincə  ordan çıxmaz, sonra bir yerdə maçıyıb qalar, qardaşına pis-pis sözlərlə söyüb ona qarğayardı . Həmidə türk kinolarına  çox baxdığına görə ailədə arada Osmanlı ləhçəsi ilə danışardı. Hətta Rasimlə deyişəndə belə. O, həmçinin Rasimin dərslə və yaxud da ki, başqa bir mövzuda   verdiyi sualları cavablamaz, qardaşını pərt qoyardı. Həmidə bəzi zamanlar Məleykə xalanı yamsılayar, onun dediklərini, tökdüyü qarğışları Rasimə təkrar söyləyər,  anasının ağzına əyərdi. Evdə hansısa bir şey oğranılsa və yaxud itsə, ya da tortlar, bulkular icazəsiz yeyilsə Həmidə onu qardaşından görər, Rasimi anasına şikayət edərdi. Məleykə xala da Rasimi boş yerə danlayar, onun  özünü təmizə çıxarmaq üçün dediklərinə fikir verməz, onu axıra qədər dinləməzdi.
Həmidə yenə Rasimi görcək dır-dırına başladı
 - Çocuk bozuntusu, bu vaxtda niyə gəlirsən ə...? Hə... Hm...bildim, futbol oynayırdın yox?...Elə bilirsən mamaya demiyəcəm. ...Üstün-başın nə gündədi, alə salak? Sir- sifətinə bax, mürdeşir surat.
 - Sana ne var ulan, kefimin kahyasısınmı? – Rasim Həmidənin sevdiyi Osmanlı ləhçəsi ilə ona cavab verdi.
 Həmidə:
 -Evet, şapşal, kefinin kahyasıyım, bir diyiceyin varmı?
 Rasim:
 - Şimdi seni köpek gibi döverim ha... Kafamın tasını atdırma.
 Həmidə:
 - Ha hay gülüm, bari ha-ha-ha... Senmi beni döveceksin? – deyərək Rasimi əli ilə kənara itələdi.
 Rasim:
 - İşte bak böyle, döverim – dedi və əlini Həmidənin buruq saçlarına yaxınlaşdırdı.
 Həmidə:
 - Ulan it,bu bana, hem de bana yapılırmı be? Yaktım çıranı, Marmara çırası gibi!
Bundan sonra  Həmidəylə Rasim bir-birinin üstünə atıldılar.Elə bu vaxt qapı açıldı,  Məleykə xala içəri girdi, uşaqları bu vəziyyətdə görüb hirsləndi.  O, tez mətbəxə keçib oxlovu götürdü, dərhal yetimçələrinin üstünə cumdu. Məleykə xala ucadan: “- İt uşağı, it, boyunuzu yerə soxum!--” deyə qışqıraraq oxlovu  havaya qaldırıdı. Rasimlə Həmidə anasının onlara tərəf gəldiyini görcək bağırışa-bağırışa hərəsi bir yana qaçdı. Onlar on-onbeş dəqiqə dəhlizdə qaldıqdan sonra evə qayıtdılar. Bu dəfə oxlov işə düşməsə də anaları onları xeyli danladı. Nəhayət, Məleykə xalanın hirsi soyudu, bir tərəfə qısılıb hər an  döyüləcəklərini zənn edən uşaqlara bir şey etməyəcəyini dedi və onları yeməyə çağırdı.  O,  ortaya yekə bir qabda xörək gətirdi.  Onlar yeməklərini yeyib qurtarandan sonra ağızlarını silib çarpayıya uzandılar.Məleykə xala üzünü  Rasimə tutub:
 -Rasim bir az dincəl gedib saçıvı qırxdırarsan. Axşam qonaqlığa gedəcəyik,  bu nə luvadı?Vallah ... saçın pis gündədi.—dedi.
 Həmidə də bu arada  dilini dinc qoymayıb dodaq altı:  “--İnşallah axşama çıxmazsan”—donquldandı. Ancaq bu sözləri  nə Rasim, nə də Məleykə xala eşitmədi.
Bir azdan Rasim  anasından pulu alıb  bərbərxanaya yollandı.
Bərbərxana Rasimgilin evinin aşağısında idi.Otaq kiçik,  lakin səliqəli idi.  Buranın sahibi Asif kişi idi. O, səhərlər burda  bərbərlik edir, axşamsa polis  paltarını geyinib gecə növbəsinə gedirdi.Belə yumşaq təbiətli adamın polisdə işləməsi adamda təəccüb doğururdu.  Asif kişinin  ilk vaxtlar   müştərisi az olardı. Lakin çox keçmədən buranın ucuz və keyfiyyətli olduğunu görənlər bura axışmağa başladılar.Bir əlinə pul gələndən sonra  Asif kişi içəriyə bir az əl gəzdirdi,   iki-üç kreslo, bir dənə də ekranı qara –ağ göstərən televizor aldı. Bura adətən günortalar basa-bas olardı. Burda müştəri olmayanda gənc oğlanlar bərbərxanaya yığışar, Asif kişi ilə söhbət edər, ona başlarına gələn əhvalatları danışardılar. Asif kişi bəzən uşaqlardan birini mağazaya nəsə almağa göndərər,  qalan xırdanı  götürməzdi. O, həm də dindardı. Kimsə nəsə  yaxşı bir şey danışanda: “ -Allaha min şükür.”- deyər, salavat çəkərdi. O heç vaxt namazını ötürməz, ramazanda orucunu tutardı. Asif kişi uşaqlara dini rəvayətlər danışar, peyğənbərdən bəhs edərdi.Əlləm-qəlləm işlərlə arası yoxdu,uşaqlara  həmişə oxumağı tövsiyyə edər, oxumuş adamın vətəninə və millətinə çox xeyir verdiyini deyərdi.
Rasim bərbərxananın qapısını açanda  gördü ki, Asif kişi içəridə yoxdu, bərbərin kreslosunda onun şagirdi Qalib  oturub.Qalib boşluqdan sağa-sola fırlanır, hərdən də güzgüdə saçını düzəldir, öz-özünə gülümsünürdü. Qalib on altı- on yeddi yaşlarında olsa da məktəbi çoxdan buraxmışdı. Əvvəllər özünün dediyinə görə restoranda, çayxanada işləmişdi.Tay-tuşu onun yanına yığılanda başına   gələn əhvalatları şişirdib danışardı. Qalib bəzən özünü yaşından böyük göstərməyə çalışar,Asif kişini yamsılayar, onun kimi ağır-ağır danışar, nağıl danışardı. Böyük oğlan olduğunu sübut etmək üçün yalandan papiros sümürər və üstündə telefon gəzdirər, adam görəndə o saat kiməsə vızov verərdi. Qalib çox şeşələnər,  yalandan qızların onu sevdiyini,  özünün onlara “hə” cavabını vermədiyini deyərdi. Hərdən isə bəzi böyük oğlanları hədələyib, döydüyünü söyləyər, özünü şpyon kinolarındakı kirəlik qatillərə oxşatmağa çalışardı. Məhlə uşaqları ona çox vaxt “Gopçu” deyər, Qalibə lağ edərdilər. Bütün bunlara baxmayaraq,  o, pis oğlan deyildi.Hərdən Asif kişidən icazə alıb işə gəlməyəndə uşaqlar onun üçün darıxardılar.
Rasim içəridə Qalibi görcək təəccübləndi, salam-əleykümdən sonra Asif kişinin harda olduğunu soruşdu.
 - Bir iki saata gələcək, poçta gedib – Qalib böyük adam ədası ilə dedi– Xeyirdi, nə olub? 
 - Heç saçımı vurdurmaq istəyirdim – deyərək Rasim çıxmaq istəsə də nəsə fikrini dəyişib geri döndü, -- Qalib, bəlkə sən qırxasan?
 - Problem yoxdu, qaqaş, keç otur, saçın nə təhər olsun? – Qalib ayağa qalxıb fırlanan kreslonu boşaldıb Rasimə baxdı.
 - Əvvəlki kimi – Rasim yerini rahatladı.
 Qalib bir qab götürdü və onun içini su ilə doldurdu. Sonra isə ən iti qayçılardan birini götürüb  işə başladı. O,  Rasimin saçını isladıb Tükləri barmaqlarının arasına alıb uclarını vurmağa başladı. Bir az keçəndən sonra saçqırxanı götürüb  dızıldatmağa başladı. Rasim isə bu vaxtacan axşamki qonaqlığın necə keçəcəyini düşünürdü. O, sabahkı dərslərin çətin olduğunu və dərsdən qonaqlıqda olduğunu bəhanə gətirərək  canını qurtaracağına sevinirdi. Qonaqlığa getdikləri üçün bəlkə fürsət tapıb heç dərsə də getmədi.  Atasının kefli olacağını düşünür və ondan pul qopara biləcəyini fikirləşirdi ki,  qəfil işıqlar söndü. Bəyaqdan arı kimi dızıldayan  saçqırxanın da səsi batdı.  Otaq qaranlığa qərq oldu. İçəriyə  çökən  sükutu Qalib pozdu:
 - Vaxtı idi, işığı keçirməyin... Oğraş balaları...
 Rasimin halı çox pis oldu. Az əvvəl düşündüklərinin baş tutmayacağını anlayıb pərt oldu.. Bununla belə: 
 - Əşi əybi yoxdu,—dedi-- nöş özüvü cırırsan? Olan oldu də. Nəisə mən gedim, bir azdan işıq yananda gələrəm. Oldu qaqa?
 - Sən necə istəyirsən qaqaş! Mən onsuz da burda olacam. Lüboy vaxt gələrsən.             
 Qalib bundan sonra Rasimin yaxasına ilişdirdiyi önlüyü çıxarıb onunla sağollaşdı. Rasim qapını qaranlıqda güclə taparaq bayıra çıxdı.
 Qapı açılan kimi Məleykə xala diqqətlə Rasimə baxdı sonra birdən-birə heyrətindən qışqırdı:
 - Boy, bu nə saçdı ədə?... Kim səni bu günə qoyub, a bala?Bıy, anan ölsün. Görüm səni belə günə qoyanın əllərinə yiyilmə düşsün!-- dedi  və Rasimin dillənib cavab verməsinə aman vermədən qolundan tutdu və onu güzgüyə tərəf sürüdü:
 - Bax gör... Of.... bütün bədbəxtliklər mütləq gəlib elə bizi tapır. 
 Rasim saçını ortaı daz görüncə ürəyi ağrıdı, içində Qalibə söyüş yağdırdı və anasının haqlı olduğuna inandı, lakin yenə də onu bu luvaya salana haqq qazandımaq üçün anasına:
 - Nə olub, mama? Niyə hirslənirsən? Bir azdan gedib dibindən  qırxdıraram. Düzəlsə düzələr, düzəlməsə də keçəl eləyərəm, vsyo! E... işıq keçmişdi də, yoxsa belə olar heç?
 Məleykə xala yenidən alovlandı:
 - Bu saat gedib o Qalibi əzişdirməsəm mənə də Məleykə deməsinlər!
Arvad bunu deyib özünü bayıra atmaq istəyəndə  Rasim Məleykə xalanın necə bir vayma-şüvənlik, həyasızlıq edəcəyini xəyalına gətirib anasının qabağına keçdi.
 - Sən canın, mama, getmə, nə olar, biabırçılıq olmasın...
 - Bura bax ə... sən anana nə demək istəyirsən?
 - Yox, mama, heç nə demirəm.Prosta deyirəm ki, əşi...
 - Yaxşı. İndi ki, belə oldu,  onda sən bu gün qonaqlığa getmə. Onsuz da bir azdan dədən gələcək hazırlaşmalıyam. Həmidənidə özümlə bərabər aparacam ki, dalaşmıyasız. Qorxma yaxşı? Əgər biz gələnə qədər dözə bilməsən qazandan xörəyini tök ye.Şorba bişirmişəm, bax bir qazan, xaladenikdədi. Yuxuya getsən televizoru keçir. Hə... yaxşı yadıma düşdü, əgər saçın düzəlməsə eybi yox, tay neyləyək, keçəl qırxdırarsan. Məktəbə də papaxdan- zaddan taxıb gedərsən.
 Rasim anasıyla razılaşıb çarpayıya uzandı.
Az sonra onun atası Yusif kişi tövşüyə-tövşüyə içəri girdi. O, Məleykə xalaya gecikdiklərini,geyinib tez çıxmaq lazım olduğunu dedi.
Məleykə ilə Həmidə o biri otağa keçib geyinib-keçinməyə başladılar. Bu vaxt ərzində Rasimin atası balkona çıxıb siqarət çəkməyə başladı.
Hamı hazır olandan sonra atası: “--Bəs Rasim getmirmi?”-- soruşdu. Anası isə: “--Onun dərsləri çoxdur, hazırlaşmalıdır”.—dedi.
Məleykə xala ona evdən çıxanda: 
 - Bala, bərbərə gedəndə yaxşı geyinərsən, hava soyuqdu. İşti işıqlar yanmasa mən özüm onnan sonra danışaram. Yeməyini yeyib bayıra elə çıxarsan. Evdən çıxanda elə eləməki heç nə yanlı qalmasın. 
Təxminən bir-iki saatdan sonra işıqlar yandı, Rasim qapını bağlayıb aşağı düşdü. O, işığın yandığına, saçının düzəldəcəyini xəyalına gətirib bu sıxıntıdan qurtaracağına görə sevinirdi. Rasim çölə çıxan kimi məhlə uşaqları onu əhatəyə aldı. Uşaqlar qabaqlarındakı adamın saçına baxıb gülüşdülər.
Biri deyirdi:
 - Alə, bu nə saçdı? Ə... Zidənə oxşayırsan.
O birisi:
 - A... stadion boyda niyə boş yer qoydurmusan?
 Digəri:
 -Ə... get qırxdır e... bu nədi, yekə kişisən?! 
 Sonda uşaqların hamısı Rasimi futbola çağırdılar. O, isə saçını kəsdirdikdən sonra meydançaya gələcəyini dedi.
 Uşaqlar Rasimdən xeyli aralanmışdılar ki, birdən yuxarı mərtəbədən onun başına paraşoklu su töküldü. Rasim başına nə gəldiyini tam dərk etməmiş gözünü su tökülən tərəfə yönəltdi. O, dodaq altı su tökənə söyüş söydü. Başı təmiz nəm içində idi. Yanından ötüb keçənlər onun bu halına gülümsünərək tamaşa edirdilər. Rasim onlara fikir vermədən  başını sildi və yoluna davam etdi.Bərbərxanaya yaxınlaşanda oranın işıqlı olduğunu görüb içindən sevindi və qapıya sarı getdi. Ancaq qapının kilidli olması onu çox təəcübləndirdi. Pəncərənin üstündə səliqəsiz xətlə yazılmış kağız yapışdırılmışdı.
“Bərbərin təcili işi olduğundan bir neçə gün olmayacaq”
Bu yazı o qədər pis xətlə yazılmışdı ki, Rasim onu çətinliklə oxuya bildi. Hətta Qaliblə, Asif kişi necə tələsirlərmiş ki, işığı belə söndürməmişdilər, bəlkə də işıq keçli olanda getmişdilər.
 O, pərt oldu, özünü ağlamaqdan güclə saxladı. Belə vəziyyət də sinif yoldaşlarının içinə necə çıxacaq, onların lağlağısına necə tab gətirəcəkdi?Uşlaqlara gülüb əylənmək üçün onsuz da bir bəhanə lazımdı.Rasim bərbərxananın yanındakı skameykada oturdu. Maşınlar qaranlığın içi ilə ora-bura şütüyüyürdü. Yanından keçən kişilər ona baxır tələsə-tələsə binanın girişinə sarı gedirdilər.Rasim təzədən meydançada futbol oynayanlara qoşulmağa ərinirdi. Bir tərəfdən də artıq hər tərəf qaranlığa qərq olurdu.Görəsən televizorda nə verirlər?Ayağa qalxıb evə sarı addımladı.
 Qapını açıb işıqları yandırdı.Sonra kresloya oturdu. Televizorun düyməsinə basdı.İki kişi  bir-birinin sözünü kəsə-kəsə nə isə siyasət haqda söhbət edirdi. O tez kanalı dəyişdi. Nəhayət bir cizgi filim tapıb könülsüz halda gözünü televizorun ekranına dikdi.
Fikirləşirdi ki, anası onun saçının bu vəziyyətdə olmasına baxmayaraq   məktəbə yollayacaq. Anasının xasiyyətini yaxşı bilirdi. Ondan olsa sabah dərsə getməzdi.
 Rasimin anası çox deyingən bir arvad idi. O, evdə kim nə elədi, kim ayağını düz atmadı, hamısını axşam işdən dönən  ərinə deyər, uşaqların əməllərindən  gileylənər, balalarını cəzalandırmadan  ondan əl çəkməzdi.Məktəbə getməmək, dərsi bilməmək kimi şeyləri eşitmək belə istəməz, buna görə uşaqları qorxu içində saxlardı.
 Bunları xəyalında canlandıranda Rasimin gözü yaşla dolurdu.Sabah hamı üstünə düşüb güləcək, onu ələ salacaq... Guya bir gün dərsə getməsə nə olasıdı ki...Dəlləkxana da saat onda açılır.Dərslərsə saat səkkizdə başlayır.Onsuz da hər gün dərsə gecikir.Bunun üstündə sinif rəhbəri hər dəfə üzünü danlayır.O biri tərəfdən də bu şəkildə məktəbə getmək....Anası razı olsa heç olmasa özünü xəstəliyə vurardı.
Az sonra içəri səs-küy doldu.Qonaqlığa gedənlər qayıtmışdı.Rasimi bu vəziyyətdə görən Həmidə bərkdən gülüb onu lağa qoymağa, ona acıq verib sevincindən hop düşüb,hop oynayırdı.Hərdən də bu sözləri təkrar-təkrar mırıldanırdı: “Kel Rasim, Kel Rasim, Allah səni bu günə qoyana yardımcı olsun. Oxxxxxx ... qonaqlığa gedə bilmədin yuuuu. Mənnən uğraşsan sonu belə olar da bəs bilmirdin yess, olley, urra”.Anası isə vəziyyəti öyrənib gülümsündü. Atası isə Rasimə neçə dəfə başını yaxşı dəlləkdə qırxdırmasını tapşırdığını yada saldı,üzünü arvadına tutub onun  xəsisliyi ucunnan   uşağın başına bu işin gəldiyini dedi.Məleykə o saat özünü təmizə çıxarmağa başladı.Sonra atası ilə anası hələ də Rasimə lağ edib gülən Həmidəyə təpinib onu susdurdular.Arxası  Rasimin  yadına gəlmir.Onu elə uzandlığı yerdəcə yuxu apardı.
 Səhər günəş üfüqdə göz qamaşdırıcı şüalarını şəhərə salıb öz yerini alanda Rasim də paltarını geyinməkdə idi. O, ilk dəfə olaraq hamıdan tez bayıra çıxmışdı. Cansıxıcı hava vardı. Sanki günəş yerdə dığırlanırdı. Payızın yayı andıran isti günü idi. Ancaq hələ də bir neçə adam istiyə baxmayaraq palto,dibliyonka geyinmişdi. Azacıq xəzri əsirdi.Rasim kepkasından bərk yapışaraq məktəbə sarı irəlilədi.  Məktəbə çatanda sinif uşaqlarının bir yerə yığışdığını görüb onlara tərəf qaçdı. Birinci dərsin başlanmasını bildirən zəhlətökən səsli zəng kəsik-kəsik çaldı.
 İlk dərs tarix fənni idi. Uşaqlar sinifə çoxdan doluşmuşdu. Zaur müəllim stoluda oturub onlara eynəyinin altından baxırdı. O, enli kürəkli, yanaqları pomidor kimi qırmızı, girdə burunlu, əlli-əlli beş yaşlarında qoca bir kişi olsa da hələ saçları ağarmamışdı. Çox kasıb olduğundan Rasimgilə dərs verdiyi müddətdə bir dəfə də olsun eynəyinin orası-burası yapışdırılmış, bəzi yerləri qırıq olsa da onu  dəyişməmişdi. Zarafatçıl adamdı, həm də dərsdə uşaqları öz qoyduğu adla çağırar, onlara incə bir tərzdə sataşardı.
 O, sinifdə gəzişir,bir yandan uşaqların hərəkətlərini diqqətlə izləyirdi. Uşaqlar isə başlarını aşağı salaraq sakitcə oturur,oxuyurmuş kimi kitaba tamaşa edirdilər. Günəşin şüaları sinif otağının pərdələrinə dəyib geri qayıdırdı.Zaur müəllimin kostyumu yamaqlı idi. O, Rasimin partasına yaxınlaşanda uşağın kepkalı olduğunu görüb təəcübləndi: 
  -Qara oğlan, hava soyuxdu? Hə... günəş təpənə vurmasın deyə kepka taxmısan yoxsa? Tay sinifdəyik, yoxsa bura başqa yerdi? Qorxma ə... burda pərdə var, çıxart o papağı. Tez elə... dərsə keçək.              
  - ...
  Uşaqlar gülüşmək istəsələr də müəllimdən çəkindiklərindən tez də özlərini düzəldilər.Rasim yazıq-yazıq sinifə baxdı və kepkasını yavaşca sürüşdürərək çıxartdı. Onun başını görən uşaqlar və müəllim bərkdən gülüşdülər. Zaur müəllim:
 - Ədə Rasim bala niyə saçıvı düzəməlli qırxdırmamısan? Belə lap “samuray” kimi olub. Bəlkə bu yeni stildi hə, uşaqlar, mən bilmirəm, hə...? – dedi
 Rasim başını aşağı saldı və xeyli vaxt uşaqlara, müəllimə baxa bilmədi. O, bir ara “samuray”  sözünün nə olduğunu düşündü,sonra axşam atasından soruşmağa qərar verdi. Bəlkə bu söyüş deməkdi?
 Müəllim cavab gözləyirdi. Rasim dünən başına gələnləri qırıq və rabitəsiz cümlərlə danışdı. Uşaqlar yenidən gülüşdü. Zaur müəllim cidiləşməyi ilə uşaqlar kiridi. Müəllim:
 -Yaxşı, otur. Axşam evə gedəndə saçını qaydaya salarsan. Sabah səni bu vəziyyətdə görməyim. Eşitdin?
 Dərs artıq bitmişdi. Rasim və sinif yoldaşları bayıra çıxdılar. Uşaqların əllərinə yaxşı fürsət düşmüşdü, Rasimin kepkasını çıxardıb bir-birinə atır, onunla məzələnirdilər.Nəhayət uşaqlar bir-biriləri ilə sağollaşıb evə yolandılar.
 Rasim cibindən bulku almaq üçün anasının verdiyi bir manat pulu çıxardıb məktəbin yaxınlığındakı bərbərxanaya sarı getdi. 
 Hava soyumağa doğru gedirdi. Küçədə pişiklər Rasimin yanından ərincəkliklə keçir, sakitcə miyoldayırdılar.Rasimin onlara yazığı gəldi. Bəlkə də acdılar?
 Dayanacaqda on birinci sinifdə oxuyan, həmişə eynəyi gözündə olan Firdovsi ilə rastlaşdı.Çox kəlləli uşaqdı.Tez-tez kitabxanadan kitab alarkən rastlaşdıqlarından Rasim onunla tanış idi.Firdovsi onu görüb gülümsündü:
 -Hara belə?—dedi.
 Rasim yaxın gəlib:
 -Firdovsi,-dedi,—samuray nədi?
 -Yapon kinoları görməyibsən?Belə saçları ortadan daz qırxılmış,uzun qılıncı olan  döyüşçülərdi.Nədi , dərsiniz samuraylardandı?
 -Yox, Papuqay Nazimlə mərc gəlmişəm. Demək düz bilirəmmişəm. Papuqay uduzdu –Rasim yalan satdı.
 Elə bu vaxt Firdovsinin gözlədiyi avtobus gəldi. O:
 --Əgər çox maraqlanırsansa sənə samuraylar haqqında kitab verə bilərəm. Qardaşımda da bu barədə yaxşı disklər var.
 Heç vidalaşmağa belə macal olmadı. Avtobusun qapısı bağlanan kimi tərpəndi.
 Rasim geniş bir səkiyə çıxaraq bərbərxananın şüşə qapısının yanında durdu. Artıq bir günnük samuraylığa son qoymağın vaxtı gəlmişdi.
2007



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az