Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

QAZAXLARIN İSTİQLAL ARZUSU

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Dr. Yaqub DƏLIÖMƏROĞLU
Avrasya Yazarlar Birliyinin Genəlbaşqanı

Qazax tarixini bilməyənlər bu qardaşlarımızın rus hakimiyyətini qəbul edəndən sonra sadiq təbəə olaraq Çar Rusiyasına və sovetlərə vətəndaşlıq etdiklərini zənn edə bilərlər. Halbuki əslində həqiqət heç də belə deyil və Türkistanı anlamaq üçün ümumi durumu bilmək çox vacibdir.
Qazax türklərinin istiqlal hərəkatı Ebulhayır Xanın Rusiyanın himayəsini qəbul etməsindən (1731) sonra başlayır və davam edir. Qazaxlar rus imperializminə ilk etirazlarını məşhur Puqaçov üsyanına köməklik edərək göstərdilər. Gənclər rus qalalarına basqınlar təşkil etdi. Tatar, çuvaş, başqırd və kalmıkların da qatıldığı bu üsyana qazaxlar 1773-cü ildə dəstək verdilər. Rusların Xəzər ətrafındakı qazax torpaqlarını xüsusi mülkiyyət adı altında xalqın əlindən almağa başlamaları və qalalar inşa etmələri üsyanın güclənməsini təmin edirdi. Dosqali və Şergazi Sultanların liderliyi altında hərəkat 1775-ci ilə qədər davam etdi. Təəssüf ki, bu hərəkat nəticəsiz qaldı və tarixə qazaxların ilk istiqlal mübarizəsi olaraq yazıldı.
Puqaçov üsyanının yatızdırılmasından on il ötəndən sonra savaşlarda böyük xidmət göstərmiş və xalq içində geniş şöhrət qazanmış Sırım Datoğlunun liderliyi ilə istiqlal hərəkatı başladı. 1785-ci ildə başlayan bu hərəkat qısa müddət ərzində 6000 əsgərə sahib oldu. Bir il ərzində o, Rusiyaya bağlı olan Nurqali Xanın nüfuzunu yetərincə zəiflətdi. İstiqlal mücahidləri gah rus qalalarına basqınlar edir, gah da ruslarla işbirliyi edən bəyləri öldürürdülər.
Çar Yekaterina 1790-cı ildə fərman verib Nurqali xanın əvəzinə Erali Sultanı xan təyin etdi. 4 il xanlıq edən Erali da Datoğlu hərəkatının qarşısını ala bilmədi və 1794-cü ildə öldü. Onun yerinə ruslar Esim adlı bir şəxsi taxta çıxartdılar. Esim var gücüylə Datoğlunun üzərinə hücuma keçdi, lakin nəticə əldə edə bilmədi. 1796-cı ildə bütün Qazaxıstanı bürüyən qıtlığı xalq “xanın uğursuzluğuna yozdu” və malikanəsinə hücum edib onu öldürdülər.
Sırım Datoğlu hərəkatının on ikinci ilində ruslar hərbi güclə üsyanı yatıra bilməyəcəklərini anlayıb hiyləyə əl atdılar. Qazax adətincə xan boy bəylərinin qurultayında seçilirdi. Bu qurultaya qazaxlar, “xan seçmə qurultayı” deyərdilər. Rusiya satın aldığı boy bəylərinin üstünlük təşkil etdiyi bir xan qurultayı çağırdı. Qurultaya Sırım Datoğlu da dəvət edildi. Adətə uyğun olaraq bu qurultayda iştirak edən Datoğlunu mübarizəni dayandırmağa inandırdılar. Beləliklə, 12 il sonra 1797-ci ilin avqustunda bu istiqlal hərəkatı də dayandırılmış oldu. Qurultaydan 5 il sonra 1802-ci ildə Xivədən dönərkən vəfat edən Datoğlunun qəbri, xalq tərəfindən ziyarətgaha çevrildi. İnsanlar xalqın övliya dərəcəsinə yüksəltdiyi bu istiqlal qəhrəmanının qəbrinin şəfa verdiyinə inanırdılar.
Datoğlu hərəkatından sonra qazaxlar, bu dəfə də İsatayın liderliyi ilə yeni bir mübarizəyə başladılar. 1835-38-ci illərdə, üç il davam edən hərəkat sürətlə yayıldı. İstiqlal mücahidləri 15 oktyabr 1836-cı ildə Terek şəhərini rusların əlindən alaraq paytaxt elan etdilər. Buradan müqəvva xanın mərkəzinə hərəkət etdilər. Məqsədləri müqəvva xanı taxtından endirib müstəqil bir dövlət qurmaq idi. Xanın paytaxtı Jaskusta dörd kilometr qalmış Xan İsataydan müddət istədi. Qardaş qanı tökülməməsi üçün buna razı olan İsatay rus qüvvələri tərəfindən aldadıldığını əvvəlcədən hiss etməmişdi. Aldadıldığını anlayan İsatay Jamankuma tərəf çəkildi. Burada təkrar güc toplayan İsatay 1838-ci ildə Ağbulaq ətrafında rus əsgərləri ilə qarşılaşdığı döyüşdə şəhid oldu. İsatayın əsgərləri Kenesarı Xanın liderliyi ilə başlayan hərəkata qoşuldular. Kenesarı Xan Orta Cüzün xanı Abılay Xanın nəvəsi idi və 1802-ci ildə dün-yaya göz açmışdı. Kenesarı hələ 35 yaşında ikən Aktav ətrafında rus qoşunlarıyla qarşılaşdığı döyüşdə rus ordusuna qalib gəldi və çoxlu miqdarda silah-sursat ələ keçirdi.
26 aprel 1838-ci ildə Akmola qalasını mühasirəyə alan Kenesarı onu fəth etdi. Daha sonra Akmoladan Torqaya qədər olan bölgəni özünə tabe etdirərək cənuba tərəf yola çıxdı. Ruslarla işbirliyi edən boy bəylərini həbs etdi və cəzalandırdı. Cənubda Buxara Əmirliyi ilə dostcasına münasibətlər yaradan Kenesarı Çinlə də diplomatik münasibətlər qurdu. Kenesarı Xan özünü bütün qazaxların xanı elan etdi. Xalq arasındakı etibarı hər gün bir az da artırdı. Nizamlı ordu və kəşfiyyat təşkilatı da yaratmışdı. O, 1841-45-ci illərdə bütün Qazaxıstanı idarə edirdi. Ruslarla apardığı müharibələrdə yalnız qələbə çalırdı. 1844-cü ildə rusların böyük güclə hücum etdikləri zaman da Kenesarı Xan böyük bir zəfər qazandı. Bu müharibədən sonra xarici nüfuzu da yüksələn Kensarı xana Hivə xanı və Buxara Əmirlərindən də hərbi yardımlar gəlirdi, lakin Hokant xanı ilə problemlər hələ də həll edilməmişdi.
1845-ci il Hokant Xanına qarşı hərəkət edən Kenesarı rusların şimaldan, Baykal gölü səmtindən qəfil hücumuna məruz qaldı. Mühasirədən qırğızların köməyi ilə xilas ola biləcəyini düşünən Kensarı xan qardaş xalqa müraciət etdi. Halbuki ruslar bunu daha əvvəldən təxmin etdiklərindən qırğız bəylərini “Kenesarının özlərini Çinə bağlayacağı” yalanı ilə aldatdılar. Qırğızlardan dəstək almayan Kenesarı ordusu ilə birlikdə rus hücumunun ortasında qaldı. Yüz nəfərlik güclə hücumu yaracağını bilsə də, o, bunu qəbul etməyərək əsgərləri ilə birlikdə şəhid oldu. Kenesarı xandan sonra Qazaxıstan yenidən rusların tabeçiliyinə keçdi. Kenesarı xanın şəhid olmasından 5 il sonra Aral gölü ətrafında yeni bir hərəkat başladı. Eset Batırın liderliyi ilə olan bu hərəkat 1850-53-cü illəri əhatə etdi. Eset Batır xanlıq iddiasında deyildi. O, bölgə qazaxlarını Xivə Xanlığına tabe etdirərək vahid dövlət qurmaq istəyirdi. Sonrakı illərdə Oral və Torqay vilayətlərində 1869-cu ildə başlayan yeni mübarizənin liderliyini, böyük qəhrəman Sırım Datoğlunun nəvəsi Seyil etdi. Hərəkat 1873-cü ildə rus əsgərləri tərəfindən yatızdırıldı.
Daha sonrakı böyük istiqlal hərəkatı isə 1916-cı ildə başladı. Bu hərəkat bütün Orta Asiyaya yayılmışdı. 1916-cı ildə qazaxlar 80 min şəhid verdilər. Ancaq “Qazax qəzeti” ətrafında toplanan ziyalılar, xalqın bu hərəkatını zaman baxımından erkən hesab edirdilər. 1910-cu ildən etibarən “Qazax qəzeti” ətrafında toplanan Mustafa Çokay, Magjaan Cumabay, Ahmet Baytursun, Mir Jakıp Devlet, Alihan Bökeyhan kimi ziyalılar, xalqı istiqlal hərəkatına hazırlamağa çalışırdılar. Rusiyada siyasi nüfuzun zəifləməsi ilə zamanın gəldiyini düşünərək fəaliyyətə başladılar. 1917-ci ildə Orenburq şəhərində çağırdıqları “Qazax qurultayları” nəticəsində “Alaş Partiyası”nı yaratdılar. Partiya qısa müddət sonra Alaş hökumətini formalaşdırdı və əsgər toplamağa başladı. Rusiyadakı qırmızılar və ağlar arasındakı mübarizədən istifadə edərək istiqlala doğru addımlayırdılar. Bir müddət sonra həm qırmızıların, həm də ağların düşməni halına gələn Alaş hərəkatı, bolşeviklərlə yaxınlaşmaq məcburiyyətində qaldı. Sonrakı illərdə bu hərəkatın üzvləri sistemli şəkildə sürgün və edamlarla şəhid edildilər. Bu mövzuya yaxın olan ziyalılar Qazaxıstanın hazırkı müstəqilliyinin fikir təməllərinin o günlərdə atıldığı qənaətindədirlər.
Qazaxların istiqlal tarixinə 1930-31 illərdəki Sozak və Aday hərəkatlarını da əlavə etmək lazımdır. SSRI dönəmində baş verən bu hərəkatda Aday Boyu xan seçilərək müstəqillik elan etmişdi.
Kiçik üsyanlar və Dükci İşan Hərəkatı kimi Türkistanın başqa bölgələrində başlayan üsyanlara verilən dəstəkləri saymasaq, qazaxların istiqlal mübarizələri yeddi böyük hərəkat ətrafında cəmlənir.
İstiqlal hərəkatlarında əldə edilən uğurların qorunmamağının səbəbləri arasında çox geniş əraziyə yayılan qazaxların bir yerə yığılmasındakı çətinlik mühüm yer tutur. Digər yandan, cüz adı verilən xalq qruplarının müxtəlif tarixlərdə müstəqilliklərini itirmələri istiqlal hərəkatlarına kiçik qrupların qatılmasına səbəb olurdu. Hivə Xanlığı və Buxara Əmirliyinin qardaş qazax xalqının istiqlal mübarizəsini dəstəkləmələri ilə yanaşı, Hokant Xanlığına, şimalda ruslara qarşı aparılan mübarizələr, cənubdan zəiflətmələr də hərəkata maneçilik törədirdi.
Qazaxıstanın 1991-ci ildəki müstəqilliyinə qədər 8 dəfə istiqlal hərəkatına qoşulan Qazaxlar, ortalama hər 25 ildə bir tapdandılar. Demək olar ki, rus idarəçiliyinə daxil olduqdan sonra istiqlal hərəkatlarına qatılmamış, bu hərəkatların yandırdığı atəşi ürəyində duymayan qazax nəsli yoxdur. Bunu çox gözəl bilən ruslar, planlı şəkildə qazax əhalisini yox etməyə çalışdılar. XX əsrin əvvəlində Türkistanın sıx xalqı olan qazaxlar öldürülə-öldürülə azaldılar. Bu qırğınlar bəzən savaşlarda silahlarla, bəzən atom sınaqları kimi gizli metodlarla həyata keçirildi. Hazırda qazax əhalisinin qırx faizi radiasiya faizi yüksək olan ekoloji fəlakət zonasında yaşayır.
Bütün bunlara baxmayaraq, qazaxlar yox olmadılar və istiqlal istəklərini də itirmədilər. 1986-cı ilin dekabr ayındakı hərəkatla SSRİ-nin təməllərini yenidən sarsıtdılar. Əsrlərdir arxasınca qaçdıqları müstəqilliklərini nəhayət əldə edən qazaxlar indi onu qorumaq mübarizəsini davam etdirirlər.

(Uyğunlaşdırma: R. Sabir)



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Xəzangül, 10 İyun, 2009 10:45:30
    Türk xalqlarının tarixini bizə ərmağan edən Yaqub bəyə minnətdarlıq və təşəkkürümü bildirirəm.Qazaxların tarixinin örnək bir tarix olduğunu öyrəndiyim üçün ancaq sağ olun deyirəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az