Sərvər MƏSUM («Türkün səsi» (8-ci buraxılış. Bilimsəl məqalələr),
Bakı, «Vektor» BE, 2008)
…Bakıda Türk Dövlət başçılarının toplantısı keçirilirdi. Həmin günün axşamı milli düşüncə yiyəsi arkadaşlarımdan biri vəcdə gəlib «içimdən bir yalquzaq keçdi» dedi. Bütün gecəni yata bilmədim. Gecə saat üçdə «Yalquzaq» gəldi:
Gələn türkün səsimi,
Qoy duysun nəfəsimi,
Qaldırsın həvəsimi,
Yenə tarixlər yazaq
Ula, ula, yalquzaq.
…Və Doğrudan Batıya yayılan türklərin səsi Bakıdan yayılacaq, hər kəsi bir olmağa, bütöv olmağa səsləyəcəkdi.
Hələ ötən yüzilin əvvəllərində Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, İsmayıl bəy Qaspiralının, Zəki Vəlidi Toğanın, Ziya Göyalpın, Mustafa Kamal Atatürkün sözü və səsi bütün türksevərlərin ürəklərini fəth etdi, ulu türkün varlığını, keçdiyi şərəfli tarixi yolu, yurdu – ulusu, dünü – sabahın danüzünü bizlərə tanıtdı.
Tibet dağlarının, Doğu Türkistanın Ön və Orta Asiyanın, Qafqazın, Ana- dolunun, Balkanların - bütöv Turanın çayını, gölünü, dənizini, bozqırını, dağlarını sevə-sevə yaşayan türkün səsini duydum həmişə. Xan Metenin, Attillanın, Alp Ər Tonqanın, Çingiz Xanın, Əmir Teymurun, Alp Arslanın və bütün türk alp ərənlərinin səsini hər addımda duydum həmişə. Zamanın bu kəsiyində, sıcaq rüzgarların əsdiyi bir vaxtda ucsuz-bucaqsız Turanın hər bir bölgəsindən ucalan səslərin bir araya toplanması yeni, basılmaz güc deməkdir. Atların kişnərtisi, ərənlərin nərəsi deməkdir. Aydınımızın aydınlığı, üzünurluların işığı, ermişlərin onurudur. O səs türkün səsidir, o səs türkün nərəsidir, həvəsidir, nəfəsidir.
Bu gün türkün səsi həm də qəzet, dərgi, toplu və internetdə birləşir. Bu birlik Türkiyədə, Kərkükdə, Quzey Kıprızda, Azərbaycanda, Borçalıda, Orta və Ön Asiyada, Balkanlarda milli varlığı içində yaşadan yazarların qələmində araya-ərsəyə gələn dəyərlərdədir. Bu birlik dış güclərin daim basqısına uğramış gələnəklərimizi yaşadan türkün böyüklüyündədir.
Zaman-zaman Tanrının istəyi ilə böyük dövlətlər quran, böyük türk sancağını birindən digərinə ötürən türkün səsini, elə Turanın səmasında, günəşin ilğımında görmək indi gənclərin, yeni nəslin diləyidir. Ataların yolunu, izini addım-addım yürüyən gənc türk övladları, yeni nəsil bu yolu onurla, sevə-sevə gedir, gedir və özünə, sözünə, səsinə – bakirəliyə, ilkinliyə qovuşur. Özünü səsləyir, özünə dönür. Bu səs Bakıda özünü, millətini, Vətənini sevənlərin, Dünya Gənc Türk Yazarlar Birliyi çevrəsində birləşən yazarların səsidir, bu səs türkün səsidir. On ildir «Türkün səsi» el-el, oba-oba, ulus-ulus dolaşır, əl-əl gəzir. Bu toplu millətin mənəvi dəyərlərini öz səhifələrinə daşıyır və ovuc-ovuc səpələyir. Ürəklərə səpələnən isə ideyadır. Damla-damla ürəklərə hopur və yeni mənlər, millətsevərlər yetişir.
Bu mənəvi dəyərlərin ucalığında dayanan, Tanrının sevdiyi və ona verilən tarixi missiyanı sevə-sevə çiynində daşıyan Əkbər Qoşalıdır. Təpədən-dırnağa milli ruh yiyəsi olan Əkbər Qoşalı varlığında gəzdirdiyi millət sevgisini, söz-sənət sevgisini hər bir türk övladına ərməğan edən, çox zəhmətlər bahasına arkadaşları ilə (Rəsmiyyə Sabir, Şəmsəddin Kuzəçi, Nurqali Jusufbay) birgə ərsəyə gətirdikləri toplunun, digər bitiklərin naşirliyini yapan, böyük Türan coğrafiyasını oxucuya qarış-qarış dolaşdıran bu gün tüm türkü cümhuriyyətlərdə sevilə-sevilə oxunan gənc yazardır.
Hər səhifəsi böyük türkün sevgisi ilə, ağrıları-acıları ilə vərəqlənən «Türkün səsi» ortaq mədəni dəyərdir deyərdim. Ayrı-ayrı ləhcələrdə danışan türk övladları bu bitik - topluda birləşir, bütövləşir, milliləşir.
Qələminiz qırılmasın!
Düşüncəniz korşalmasın!
Cırağınız şöləli!
Yolunuz uğurlu!
Ömrünüz anlamlı olsun!
Sizə Söz-sənət, milli məfkurə yoluçuluğunda onurlu yolçuluq diləyi ilə…







YENİLİKLƏR