Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

ÜÇ TƏNQİDÇİ, ÜÇ NAKAM TALE

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Təranə RƏHİMLİ,
filologiya elmləri namizədi

Həqiqət nəhri şübhə
arxlarından axıb keçir.
R.Taqor

Üç istedadlı tənqidçi, üç nakam tale… Onları həyatda eyni amal, məslək, elm, sənət yolu birləşdirirdi. Taleləri də bir-birinin oxşarı, bəlkə də eyni idi. Üçü də erkən yaşlarından dünyanı tənqidi dərki ilə yaşıdlarından fərqlənmiş, müəyyən vaxtdan sonra bu tənqidi idrak daha da konkretləşərək ədəbiyyat məsələlərinin izahına yönəlmişdi. Üçü də Azərbaycan ədəbi tənqid tarixinin son dərəcə mürəkkəb, ziddiyyətlərlə dolu bir dönəminin – XX əsrin 20-30-cu illərinin ədəbiyyatşünas-tənqidçi nəslini təmsil edirdilər. Hər üçünün istedadının böyüklüyü, qələminin qüdrəti, sözünün kəsəri, dərin elmi təfəkkürü bədxah ürəklərdə qısqanclıq hissi doğurmuş, həmin xəbis qəlb sahibləri əllərinə fürsət düşən kimi onları ideoloji ittihamlarla suçlamağa, mənən və cismən məhv etməyə çalışmışdılar.
Adları milli tənqid tariximizə görümlü hərflərlə yazılan bu üç görkəmli tənqidçi Əli Nazim, Mustafa Quliyev və Hənəfi Zeynallı idi. 30-cu illərin repressiya burulğanına düşən üç faciəli tale və dövrün amansız qanunları, sərt qadağalarının diqtəsi ilə uzun müddət yaradıcılıq irsi, şəxsiyyəti yasaq elan edilmiş üç böyük tənqidçi…
Dünyaya fitri istedadı ilə birgə gəlmiş, erkən yaşlarından şeir, hekayə, məqalə yazan, yüksək təhsil görmüş, xalqın maariflənməsi işində, ədəbiyyatın, elmin inkişafında mühüm xidmətləri olmuş bu şəxsiyyətləri 30-cu illər repressiyasının qurbanına çevirən hansı ideoloji səhvləri olmuşdu? Qeyri-ixtiyari olaraq bu sualın cavabını onların fəaliyyət yolunda, elmi-nəzəri irsində axtarmaq lazım gəlir.
Onlar elmi-tənqidi obyektivliyin öz yerini vulqar sosiologizmə güzəştə getdiyi, subyektiv amillərin bədii qiymətləndirmə meyarına çevrildiyi mürəkkəb bir zamanda yaşayıb-yaratmışdılar. Bütün yaradıcılıqları ziddiyyətli ictimai münasibətlər, qızğın mübahisələr, ədəbi çəkişmələr dövrünə təsadüf edən həmin tənqidçilərin elmi-nəzəri təfəkkürü, tənqidi mülahizə və qənaətləri də başdan-başa ziddiyyətlərlə dolu idi. Dövrün siyasi ab-havasının təlqin etdiyi, diktatura rejiminin yaratdığı bu ziddiyyətlərdən kənarda qalmaq isə ən azı zamanın özündən kənarda qalmaq kimi imkansızdı. Buna görə də 20-30-cu illər tənqidinin bütün nümayəndələrinin yaradıcılığına həmin mürəkkəb dövrün kontekstində yanaşmaq, onların fikir və mülahizələrini o zamankı ziddiyyətlərin fonunda araşdırmaq və obyektiv dəyərləndirmək lazımdır.
Cəmiyyətin ədəbiyyata, ədəbi prosesə müdaxiləsinin günbəgün artdığı həmin dövrdə ədəbi tənqidin də qarşısında duran problemlər artır və getdikcə mürəkkəbləşirdi. Yeni cəmiyyətin bərqərar olmasında ədəbiyyatın rolunun artması tənqiddən bədii sənətin bütün sahələrinə çevik müdaxilə, xüsusilə fəal mövqe tələb edirdi. Yeni ideya-siyasi istiqamətli, «marksist tənqid» istilahı altında fəaliyyət göstərən tənqid məhz həmin tələbin icrasına yönəldilmişdi. Mübariz tənqidin ön sıralarında gedən görkəmli tənqidçilər Əli Nazim, Mustafa Quliyev, Hənəfi Zeynallı bütün yaradıcılıq istedadlarını və tənqidçilik fəaliyyətlərini yeni tənqidin vəzifələrinin uğurla yerinə yetirilməsi işinə həsr etmişdilər. Qeyd etmək lazımdır ki, dövrün tənqidinin digər istedadlı nümayəndələri – Əmin Abid, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərli, Əvəz Sadıq, Mikayıl Rəfili, Mehdi Hüseyn, Məmməd Arif və b. da təbii olaraq yeni ideya-siyasi istiqamətli tənqidin elmi prinsipləri mövqeyindən çıxış edirdilər.
20-30-cu illər mətbuatının – «Maarif və mədəniyyət», «İnqilab və mədəniyyət», «Tuti», «Ədəbiyyat qəzeti», «Maarif işçisi» və s. qəzet və jurnalların saralmış səhifələrini vərəqlədikdə Ə.Nazimin, M.Quliyevin və H.Zeynallının tez-tez rast gəlinən imzaları onların necə məhsuldar ədəbiyyatşünas-tənqidçi olduqlarını bir daha təsdiq edir. İstər ədəbi-tənqidi məqalələrində, istərsə də publisist yazılarında bu müəlliflərin dövrün hakim ideologiyasına sadiq qaldıqlarını, «inqilabi yenilik» mövqeyindən çıxış etdiklərini aydın şəkildə müşahidə etmək olur.
Yeni dövr ədəbiyyatının qəhrəmanını, onun yenilik axtarışlarını, ideallarını, mənəvi mövqeyini qızğınlıqla müdafiə etmək, ədəbiyyat məsələlərini, eləcə də müasir həyat gerçəkliklərini yeni cəmiyyətin tələbləri səviyyəsində qiymətləndirmək, ədəbiyyatın həyat və cəmiyyətlə qarşılıqlı, fasiləsiz dialektik əlaqədə inkişafı barədə materialist müddəanı sürəkli təbliğ etmək – butun bu yaradıcılıq məziyyətləri onların elmi-tənqidi mülahizə və qənaətlərini bir nöqtədə birləşdirirdi.
Onların tənqidi görüşlərinin bir sıra məhdudluqları, mübahisəli görünən cəhətləri də məhz bədii sənətə həmin tələblərlə yanaşmaqdan irəli gəlirdi. Bu baxımdan Ə.Nazim, M.Quliyev və H.Zeynallının müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Mikayıl Müşfiq və b. yaradıcılıqlarına tənqidçi münasibəti xüsusi maraq doğurur. Məlumdur ki, həmin ədəbi şəxsiyyətlər içərisində dövrün tənqidinin ən kəskin, amansız hücumlarına məruz qalan H.Cavid olmuşdur. Dövrün bir çox tənqidçiləri kimi Ə.Nazim də bu böyük şair-dramaturq haqqında son dərəcə ziddiyyətli mövqedən çıxış edirdi. Tənqidçi 1932-ci ildə dərc etdirdiyi məqalələrindən birində H.Cavidi «qəti burjua şairi, dağılmaqda olan dekadent burjua türk ədəbiyyatı nümayəndəsi», «mistika əlamətləri daşıyan» sənətkar hesab etdiyini vurğulayır, dörd il sonra isə Sovet Yazıçıları İttifaqının III Plenumundakı məruzəsində (1936) Cavidlə fəxarət duyduğunu, dramatik əsərlər yaradan H.Cavidin böyük Azərbaycan şairi olduğunu söyləyir, «İblis»i səhnəmizin şah əsəri, «Azər»i novator əsər kimi qiymətləndirirdi.
H.Cavid sənətinə böyük ehtiramla yanaşan, onun hər bir yaradıcılıq uğuruna münasibət bildirən, sənətkar mövqeyini müdafiə edən M.Quliyev şair-dramaturq haqqında yazırdı: «Hüseyn Cavid olduqca böyük bir sənətkardır, söz ustasıdır. «İblis» müəllifi şeirin musiqisi və gözəlliyi etibarı ilə Puşkinin şeirlərini xatırladır. İblisin monoloqları öz şiddətli həyəcan qüvvəsilə hər bir oxucunu özünə bağlayır.» M.Quliyevin bu fikirləri 30-cu illər tənqidində əks-səda doğurmuş, Ə.Nazim də 1932-ci ildə Cavid haqqında bu yüksək qənaəti qəbul etmədiyini nəzərə çatdırmışdı. Onu da qeyd etmək lazımdır ki, M.Quliyevin də H.Cavid sənəti ilə bağlı tənqidi axtarışlarının dövrün ideoloji təsirindən doğan ifrat cəhətləri, yanlışlıqları olmamış deyildi. Tənqidçi: «Cavid müasir həyatın böyük məsələləri, möhtəşəm vəzifələri ilə yaşamalıdır» tələbi ilə çıxış etdikdə marksist-leninçi ideologiyanı ədəbiyyatda təbliğ etmək vəzifəsini nəzərdə tutur, Cavidi öz müqəddəs sənət amalından, məsləkindən dönüb sosializmə rəğbət bəsləməyə, yeni «bütlərə» etiqada səsləyirdi.
H.Zeynallı H.Cavid sənətinin sabahkı yüksəlişinə işarə edərək yazırdı: «Cavid bir «Sevda» yazar, bir «Uçurum» açar, bir «Afət» doğurar, «İblis» rəqs etdirər, «Peyğəmbər» yaratmağa qeyrət edər. Bəlkə də şimdi bir Çingiz, yarın bir İsgəndər, ertəsi gün də bir Lenin diriltməyə can atacaqdır. Bu gün Cavid bu yolu tutub getmədədəir.» Bu sətirlər Cavid üçün ən böhranlı dövrdə, 1926-cı ildə yazılmış, onun sənətinin qüdrətinə rəğbəti, tənqidçi inamını ifadə edirdi. Lakin H.Zeynallının da Cavidlə bağlı görüşləri mürəkkəb, ziddiyyətli olmuşdur. Tənqidçi Cavidin incə duyumlu, zərif təbiətli, yüksək ideallı romantik qəhrəmanlarını düzgün qiymətləndirməkdə çətinlik çəkirdi. O, bu tipli qəhrəmanların yerində sosialist ideologiyanın tələblərinə cavab verən real qəhrəman görmək istəyirdi. Bu cəhətdən də Şeyda və Maralı zəif qəhrəmanlar hesab edir, onları fərd kimi dəyərləndirirdi. Eyni münasibəti onun «Peyğəmbər» və «Şeyx Sənan» pyesləri haqqında tənqidi məqalələrində də müşahidə etmək olur. «Peyğəmbər» pyesini «İblis»dən «qat-qat» zəif hesab edən H.Zeynallı Cavidin əsəri yazarkən «qafasını zorladığı»nı, «ilham ilə iş yapmadığı»nı bunun başlıca səbəbi kimi göstərirdi. Tənqidçi: «Sənətdə təfəkkürat ilə bərabər hissiyyat dəxi həmahəng olmalıdır. Yoxsa başı-dimağı zorlamaq ilə iş yaramaz.» – deyə Cavid kimi qüdrətli sənətkara hissiyyatla, ilhamla yazmağı tövsiyyə etməkdə böyük yanlışlığa yol verirdi.
Ə.Nazim, M.Quliyev və H.Zeynallının Cavidə qarşı sabit olmayan bu münasibəti dövrün ifrat sosiologizminin təsirindən doğan münasibət idi. 20-30-cu illərin ehtiyatkar tənqid ənənələrinin hələ də yaşadığı 60-70-ci illərin tənqidçi nəsli haqqında görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadə yazırdı: «Yeni nəslin fikrən, mənən şikəst «inkişafı» üçün hər cür şərait – məcburi şərait yaranmışdı; itaətkarlıq, fikri köləlik, həqiqəti demək həsrəti, nəhayət bəzən də özün inanmadığın «həqiqətləri» demək məcburiyyəti və Marksın, Leninin, Stalinin sitatları ilə düşünmək isə beyinlərimizi, mühakimələrimizi kütləşdirmiş, yaradıcı təfəkkürü bir növ öldürmüşdü.» Bu sətirləri eynilə 20-30-cu illərin tənqidinə şamil etdikdə həmin dövrün tənqidçilərinin, o cümlədən Ə.Nazim, M.Quliyev və H.Zeynallının romantik sənətkar H.Cavidə obyektiv tənqidi münasibətinin hansı ziddiyyətlər məngənəsində sıxıldığını, nə üçün qatma-qarışıq mülahizələr şəklində meydana çıxdığını təsəvvür etmək çətin deyildir.
20-ci illərin bütün tənqidçiləri kimi Ə.Nazim, M.Quliyev, H.Zeynallı da dövrün mürəkkəb, mübahisəli problemlərindən biri olan klassik irsə fəal münasibət bildirmişlər. «Romantizmin məhz bir romantizm kimi təhlil olunmaq əvəzinə realizmin xüsusiyyətləri baxımından təftiş edildiyi» (Yaşar Qarayev) 20-ci illərdə klassiklərin yaradıcılığı realizm prizmasından tədqiq-təhlil olunur, buna görə də obyektiv elmi qiymətini ala bilmirdi. Bu cəhətdən Ə.Nazim, M.Quliyev və H.Zeynallının klassiklər haqqında məqalələrində də məhdudluq, birtərəfli yanaşma, elmi-nəzəri təhlillərdə ifratçılığa varmaq, vulqar ifadələrlə çıxış etmək kimi ciddi qüsurlar vardı. Həmin vulqar-sosioloji münasibətlə M.Füzuliyə yanaşan, onun sənətində realist meyllər axtaran Ə.Nazim bu cəhəti görmədikdə Füzulinin bütün dühası və ustalığına, əsrinin fikri xüsusiyyətlərini əks etdirməsinə baxmayaraq Şərq klassizminin standartlarından irəli gedə bilməməsi qənaətinə gəlirdi.
Ə.Nazimdən fərqli olaraq M.Quliyev Füzulini dahi şair hesab edir, lakin şairin sənətkar böyüklüyünü təqdir edərkən onun «XVI əsrin ən inqilabçı bir şairi» olduğunu göstərirdi.
Hənəfi Zeynallı klassik üsublu romantik ədəbiyyatı yüksək siniflərin «yüksək üslublu» ədəbiyyatı kimi dəyərləndirir, milli ədəbiyyatımızı Füzulisiz təsəvvür etmirdi . Eyni zamanda şairin sənətində «inqilabi romantika»nın izlərini axtarırdı.
XX əsrin 80-ci illərindən başlayaraq 20-30-cu illər tənqidinə həsr olunmuş tədqiqatlarda dövrün ədəbiyyatşünas və tənqidçilərinin görüşlərindəki bu ziddiyyətlər kəskin etiraz, qızğın mübahisələrlə qarşılanmışdır. Lakin həmin ziddiyyətlər haqqında konkret hökm verməzdən əvvəl nəzərə almaq lazımdır ki, dövrün məfkurəvi siması həmin tənqidçilərə hərhansı ədəbi hadisəyə, sənətkar şəxsiyyətinə, bədii əsərə müəyyən tarixi-ictimai şəraitin yetirməsi, məhsulu kimi yanaşmağa və obyektiv qiymətləndirməyə imkan verməmişdir. Bunun nəticəsi idi ki, ədəbi tənqiddə yanlış təfərrüatlar, əsassız mülahizələr baş alıb gedirdi. M.Quliyevin nəzərində C.Cabbarlı «sovet cəmiyyətinə müsbət münasibət bəslədiyi» üçün böyük sənətkar hesab olunur, Ə.Nazim C.Məmmədquluzadə yaradıcılığının «sosialist mahiyyəti»nə, rus klassiklərinin təsirilə formalaşdığına görə həqiqi sənət səviyyəsinə yüksəldiyini göstərir, H.Zeynallı S.Ə.Şirvani sənətinin əhəmiyyətini şairin «xalqı qəzet oxumağa, siyasətdən və dünya iqtisadiyyatından, sənayedən xəbərdar olmağa çağırması»nda görür, romantik şair A.Səhhətin şeirlərini «əski üslub və dildə yazılma bir şey» adlandırırdı. Sənət əsərinə bu aspektdən yanaşmanın başlıca səbəbini H.Zeynallı ilə bağlı tədqiqatında ədəbiyyatşünas Nərgiz Qurbanova haqlı olaraq belə izah edirdi: «Tənqidçiyə mübarizə adamı, «lazımi məqamda fikri ilə hərəkətini uzlaşdıra bilən», fəaliyyət qəhrəmanı lazım idi. Bunu təkcə onun estetik zövqü (hakim ideologiyanın təsirilə formalaşan estetik zövqü! – T.R.) yox, həm də coşğun inqilabi zəmanə tələb edirdi.»
Bütün yazılmışlarda «inqilabi zəmin rolu», «inqilabi vüsət», «inqilabın təsirilə yeniləşmə» izlərini axtarmağın nəticəsi idi ki, H.Zeynallı M.P.Vaqifi «saray aristokratiyası şairi», Q.Zakiri «mühafizəkar mülkədar şairi» hesab edir, S.Ə.Şirvaninin Natəvana nəzirə yazmasını zəiflik əlaməti, qadın şairin «dil və üslubundakı qüdrətə qarşı əyilmək məcburiyyəti» kimi mənalandırırdı. Ümumiyyətlə, dövrün tənqidi bədii fikir tariximizin ən görkəmli nümayəndələrinin yaradıcılığına şübhə ilə yanaşır, M.F.Axundovu «ticarət burjuaziyası yazıçısı», N.Vəzirovu, Ə.Haqverdiyevi «kiçik ticarət burjuaziyası və mülkədar yazıçısı», S.Ə.Şirvanini «xırda burjua liberal şairi», M.Hadi, A.Səhhət və H.Cavidi «böyük burjua sinfinin» sənətkarları kimi gözdən salmağa, ədəbi irslərini inkara gətirib çıxarırdı. Bu nihilist münasibətlərə, göründüyü kimi, Ə.Nazim, M.Quliyev və H.Zeynallının məqalələrində də sıx-sıx rast gəlinirdi.
Elmi-nəzəri mülahizə və qənaətlərdən bəlli olduğu kimi, mövcud ideologiyaya sədaqət, onu bütün yaradıcılıqları boyu təbliğ etmək, sosialist gerçəkliyini tərənnüm etməyən əsərlərə qarşı kəskin mövqe bu tənqidçilərin fəaliyyət yolunun əsas məramına çevrilmişdi. Lakin buna baxmayaraq dövrün bir çox qabaqcıl ziyalıları kimi onlar da 37-ci il repressiyasından yayına bilmədilər. Onlar daxilən inandıqları, ömür boyu sədaqətlə xidmət etdikləri cəmiyyətdən xəyanət gördülər. Bütün əsərlərində inqilabı tərənnüm mövqeyindən çıxış edən Ə.Nazim, M.Quliyev və H.Zeynallı «əksinqilabi iş aparmaqda», «antisovet məqalə» dərc etdirməkdə suçlanıb, «əksinqilabçı», «millətçi», «pantürkist» kimi ittiham olundular.
Əslində 37-ci il repressiyası ilə stalinizmin «ali məqsəd»i – xalqın düşünən beyinlərini məhv etməklə milli şüuru korşaltmaq, milli oyanışın qarşısını almaq vəzifəsi yerinə yetirildi. Bu dəhşətli «vəzifə»nin icrası üçün H.Cavid, M.Müşfiq, Ə.Cavad kimi böyük sənətkarlarla yanaşı, ədəbiyyatşünaslıq elmimizin ən dəyərli nümayəndələri Ə.Nazim, Ə.Abid, M.Quliyev, A.Musaxanlı, H.Zeynallı, B.Çobanzadə və b. kimi nəhənglər də meydandan götürüldü. Belə qüdrətli milli şəxsiyyətlərin itkisi ədəbi nəsillər, elmi nəsillər arasındakı varislik əlaqəsinin qırılmasına gətirib çıxartdı. (Bir ildə məhv edilmiş həmin varislik əlaqəsinin acı nəticələrini aradan qaldırmaq üçün neçə-neçə onillikləri qarşılayıb-yola salmaq lazım gəldi.)
Beləcə, Ə.Nazim, M.Quliyev və Hənəfi Zeynallı «sovet düşməni», «dövlət xaini» kimi cəzalandırıldılar. Dövrün siyasi ab-havası o qədər mürəkkəb idi ki, onları sovet ideologiyasına xəyanət suçu ilə mühakimə edəndə H.Zeynallının Leninin altı cildlik «Əsərləri»nin tərcüməçisi olduğunu, marksist-leninçi ideyaların təbliğində ciddi siyasi-ideoloji xidmətlərini, M.Quliyevin dövlət xadimi kimi səmərəli fəaliyyətini, Azərbaycanda sovet hakimiyyətindən sonra ilk maarif komissarı, rayon partiya komitəsi katibi, maarif naziri kimi məsul vəzifələrdə ikən yeni cəmiyyətin təşkilatçılıq və quruculuq işlərində bilavasitə iştirakını, Ə.Nazimin ilk sovet alimlərindən biri kimi Kommunist Akademiyasında gördüyü işləri… xatırlamağı belə lazım bilmədilər. Həqiqi günahlarının nə olduğunu bilmədən həyatla vidalaşan həmin tənqidçilər faciəli ölümlərindən xeyli sonra siyasi bəraət aldıqda belə onların yaradıcılıq taleyində dönüş yaranmadı. 70-ci illərə qədər mətbuat və nəşriyyatların qapısı onların əsərlərinin, tənqidçilik fəaliyyətlərinə həsr edilmiş tədqiqatların üzünə bağlı oldu. Hələ 80-ci illərin ortalarında ədəbiyyatşünas Nizaməddin Şəmsizadənin «Əli Nazim» monoqrafiyasının nəşrinə imkan verilməməsi faktı bu həqiqəti bir daha təsdiqləyir.
Lakin onu da qeyd etmək lazımdır ki, ictimai fikir tariximizin bu görkəmli simalarının yaradıcılıq irsinin sovet ideologiyasının hələ də yaşadığı 70-80-ci illərin monoqrafik tədqiqatlarında, məqalə və oçerklərində işıqlandırılması ideoloji qüsurlardan xali olmadığı üçün qənaətbəxş səviyyədə deyildir. Bu günkü milli müstəqillik dönəmində Ə.Nazim, M.Quliyev və H.Zeynallının fəaliyyətlərini çağdaş elmi təfəkkür işığında araşdırmaq müasir ədəbiyyatşünaslığın həlli vacib problemlərindən biridir. Çünki, 20-30-cu illər bütün mürəkkəbliyi, ziddiyyətləri ilə birlikdə milli ədəbiyyatımızın, professional ədəbi tənqidimizin inkişafında mühüm bir mərhələdir. Bu mərhələnin elmi mənzərəsi isə məhz Ə.Nazim, M.Quliyev, H.Zeynallı kimi böyük tənqidçilərin ədəbiyyatşünaslıq, tənqidçilik fəaliyyəti sayəsində bütöv və dolğun təsir bağışlayır.



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Rubabe Sahib, 27 Oktyabr, 2009 09:51:29
    Terane Rehimli gozel muhazire soyleyen muellime oldugu kimi, elmi arashdirmalarinda da deyerli qelem sahibidir. internet sehifelerinde bu ada daim rast gelmek umidile teshekkurler

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az