dr. Almaz ÜLVİ
Azərbaycan torpağının işıqlı oğlu Maqsud Şeyxzadə Özbəkistan ədəbiyyatının, elminin məşhur filosof şairi, dramaturqu, ustad tərcüməçisi, böyük alimi, görkəmli pedaqoqu, dilçisi, tənqidçisi, folklorşünası və ədəbiyyatşünasıdır. Özbək xalqı, özbək torpağı onu öz balasıtək bağrına basmış, şöhrətləndirmişdir. Maqsud Şeyxzadə elə bir həyat - elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş-iki qandaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur.
Maqsud Şeyxzadə soy kökü ilə Qazaxın Salahlı kəndindəndir - Səməd Vurğun yurdundan. Özü isə Ağdaş rayonunda doğulmuşdur.Vaxtilə atası Məsim Şeyxzadə Tbilisidə tibb məktəbini bitirib Ağdaş rayonunda işləməyi qərarlaşdırır. Anası Fatma xanım da qadın gimnaziyasında təhsil almış ziyalı idi. Bu rayonda təzə yurd salan gənc ailədə beş uşaq doğulub boya-başa çatır.
1908-ci il noyabrın 7 - də doğulan Maqsud ailənin ilk övladı olur. O, ilk təhsilini Ağdaşda - məşhur ziyalı Muxtar Əfəndinin açdığı "Rüşdiyyə" məktəbində alır. Sonra isə Bakı seminariyasını bitirir (1920-25). O seminariyanı ki, orada Abdulla Şaiq, Hüseyn Cavid, Cabbar Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, xalq müəllimi Cəmo bəy Cəbrayılbəyli kimi tanınmış ziyalılar dərs deyirdilər. Maqsud Şeyxzadə də məhz həmin müəllimlərdən dərs almışdır. Seminariyanı bitirdikdən sonra isə o, iki il Dağıstanda (1925-27) müəllimlik etmiş və 1928-ci ildə - gəncliyinin coşub - çağlayan, milli hisslərinin cilovlanmadığı vədəsində imperiya ideoloqlarının əmri ilə üç illiyə Qafqazdan sürgün olunmuşdur. O, bu məcburiyyətlə əlaqədar olaraq yaşamaq üçün Özbəkistanı - Daşkənd şəhərini seçmiş və bütün ömrünü ora bağlamışdır. Onun yaradıcı fəaliyyətinə nəzər saldıqda, görürsən ki, Vətən sıxıntısı gənc Maqsudun qəlbində sirli bir guşəyə çəkilmiş və yazıb-yaratmaq eşqi ilə yeni həyata başlamışdır. Tanınmış nəvaişünas alim, Daşkənd Dövlət Universitetinin professoru Suyimə Qəniyeva qeyd edir ki, Maqsud Şeyxzadə özbək ədəbiyyatı tarixini, özbək ədəbiyyatını öyrənmək üçün Nəvaidən başlamışdır. Burada maraqlı nüas odur ki, o, Nəvai poeziya inciləri içərisindən Vətən məhəbbətli, Vətən dərdli şeirləri seçib tərcümə etmişdir. Bu tarix 1928-ci ilə Özbəkistana gəldiyi ilə təsadüf edir. XX əsrdə - özbək ədəbiyyatşünaslığında Nəvai haqqında ilk sanballı tədqiqat məqaləsi də məhz Maqsud Şeyxzadəyə məxsusdur.
Tədqiqatlardan məlumdur ki, o, hələ orta məktəb illərindən qəlbən ədəbiyyata - poeziyaya bağlı olmuşdur. Ara-sıra yazdığı şeirlərini məktəb tədbirlərində oxuyardı. İlk mətbu şeiri 13 yaşında "Kommunist" qəzetində çap olunur. Beləcə, şeirə bağlanan gəncin bəxti həm də onda gətirir ki, Bakı seminariyasında böyük şəxsiyyətlərin - görkəmli ziyalıların məktəbindən keçir. Yaşdaşları - Mehdi Hüseynlə, Sabit Rəhmanla, Mikayıl Müşfiqlə, Məhəmmədhüseyn Təhmasib- lə, Səid Rüstəmovla... eyni vaxtda təhsil alması, şübhəsiz, onun gələcək həyatında silinməz, möhkəm cığırlar açır. İlk dövr poetik yaradıcılığının - azərbaycanca olan əsərlərinin mühüm bir qismini o, "Şeyxzadə dəftəri"ndə toplamışdır.
Talenin yazısı ilə 20 yaşında Özbəkistana gələn Maqsud Şeyxzadə - yeni mühitdə, yeni məkanda, yeni insanlar arasında yeni həyata başlayır. Bu istedadlı, milli hissləri coşqun, turk qanı qaynar gənc heç bir il ötməmiş, elə - 1928 -ci ildən mətəmadi olaraq özbək dilində yazdığı şeirlə, məqalələrlə mətbuatda göründü. Azərbaycan yurdunun həssas qəlbli oğlu özbək torpağında da istedadlı yaradıcı gənclərlə - Qafur Qulam, Aybek, Abdulla Qədiri, Abdulla Qəhhar kimi şəxslərlə dostluq - yoldaşlıq münasibətləri yaradır. XX əsr özbək ədəbiyyatının klassiklərinə çevriləcək bu sənətkarlarla bir sırada çalışır və bu sırada öz layiqli yerini tutur.
Şeir qəlbinin çağlar bulağı olsa da, o, fəaliyyətində elm sahəsinə daha çox üstünlük verir. Bütün həyatını elmə bağlayan gənc Şeyxzadə burada təhsilini davam etdirərək alimlik dərəcə- sinədək yüksəlmiş, 1938-ci ildən ömrünün axırınacan Nizami adına Daşkənd Pedaqoci İnstitutunda özbək ədəbiyyatı tarixindən dərs demişdir. Dərs dediyi fakültənin dekanı və özbək ədəbiyyatı kafedrasının müdiri vəzifəsində olmuşdur. Nəhayət, Özbəkistan elmi tarixində tanınmış alim və pedaqoq kimi ad çıxarmışdır. Görkəmli özbək ədəbiyyatşünası və ədibi Azad Şərafəddinov müstəqillik illərində qələmə aldığı ədəbi qeydlərini və elmi mülahizələrini - məqalələrini ölümündən bir il əvvəl - 2004-cü ildə nəşr etdirdiyi "İcodni anqlaş baxti" adlı 600 səhifəlik kitabına toplamışdı. Bu məqalələr həcm etibarilə fərqlidir. 1956-cı ildə bəraət alsalar da, 1991-ci il - milli müstəqillik illərinəcən adlarının belə çəkilməsi yasaq olan Əbdülhəmid Çolpana, Əbdürrauf Fitrətə, 20-30-cu illər cədid ədəbiyyatına - hər birinə 90-100 səhifə həsr olunmuşdur. Bu sırada müəllif Maqsud Şeyxzadəyə də xüsusi səhifələr ayırmışdır - kitabda Sovet ideologiyası ilə fikirləri uyğun gəlməyən görkəmli ədiblərin yaradıcı talelərindən yazılır. Yeri gəlmişkən, qeyd edim ki, Çolpan, Fitrət, Abdulla Qədiri 1991-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə Özbəkistanın ən ali mükafatına - Nəvai adına Dövlət mükafatına layiq görülmüşdülər. İslam Kərimovun fərmanı ilə M.Şeyxzadənin yubileyi günlərində "Böyük xidmətlərə görə" ”””””””””””ordeni ilə təltif olunması onun əsərlərinə və şəxsiyyətinə verilən böyük qiymətdir (Amma mənə elə gəlir ki, onun da Çolpanla, Fitrətlə bir sırada təqdimata haqqı çatır). Azad Şərafəddinov bu kitabında Maqsud Şeyxzadəyə həsr etdiyi "Ədəbiyyatımızın fədaisi" (2003) adlı məqaləsini həzin və kövrək notlarla başlayır: «Orta boylu, dolu bədənli, qıvrım saçlı, şairanə görkəmli, özbəkcə danışığına şirin Azərbaycan ləhcəsi qatan bu adamı - Maqsud Şeyxzadəni ilk dəfə auditoriyada - dərs dediyi Nizami adına Özbəkistan Pedaqoci İnstitutunda görmüşdüm. Onun şirin, sadə ifadələrlə dərin elmi əsaslara söykənən mühazirələri artıq çoxdan idi ki, institutun hüdudlarından çıxıb bütün Özbəkistan boyunca yayılmışdı. Hətta tələbələr arasında onun məruzələri əsasında maraqlı rəvayətlər də dolaşırdı. O, ömrünün sonunacan eyni şövqlə, eyni məhəbbətlə söylədiyi mühazirələri ilə institutun da şöhrətini hər yana çatdırmışdı. O, şair və dramaturq, ədəbiyyatşünas və tərcüməçi, tarixçi və mütəfəkkir, natiq və pedaqoq idi. Maqsud Şeyxzadə qeyd etdiyim bütün sənətlərin ustadı, ağası idi - bu sözlər də A.Şərafəddinova aiddir.
M. Şeyxzadənin gənclik illərini izlədikcə görünməz bir qaynarlıq duyursan. Bu, əlbəttə, onun içində çağlayan, süzülüb axmağa can atan şeir-poeziya bulağı idi. Amma o, yeni aləmə qatıldığından, bu bulağı - içindəki poetik düşüncələrini istiqamətləndirməyə yollar aramalı olmuşdu. Şübhəsiz, bu məqamda o, özü də qeyd etdiyi kimi, tərcümə yaradıcılığına üstünlük verir. 40 ildən çox yaradıcılıq ömrü yaşayan şairin tərcüməçilik fəaliyyətinə nəzər yetirək: O, dünya klassiklərini özbək dilinə çevirərək tərcüməçi kimi özbək ədəbi tarixində xüsusi yer tutmuşdur. Əgər onun tərcümə əsərlərinin siyahısına nəzər salsaq, bu, onun özbək ədəbi dünyasında ən uca pillədə dayanmasına kifayət edər. Bunlardan başqa, müasir Azərbaycan və xarici ədəbi nümunələr də onun tərcüməsində özbək oxucularına çatdırılmışdır. Bu siyahıya başqa bir nöqtədən nəzər yetirsək görərik ki, M. Şeyxzadə dünya poeziya incilərinə dərindən, xalqların poetik dünyalarına yaxından bələd olmuşdur. Bəli, bunlar onun qəlbindəki şeir bulağının təbii, özünəməxsus çağlamasına güc vermişdir.
Maqsud Şeyxzadə poeziyası ülvi məhəbbət, insani münasibətlər, dostluq telləri, nəsihətamiz duyğular, ali hisslər üstdə yaranmışdır. Bunlar ilıq duyğulartək insan qəlbinə dolur, orada nura dönür.
Günlərin bir günü bulaq başında,
Mən bir gözəl gördüm bahar yaşında.
Qaşları binadan vəsməli bir qız,
Üstündə yarpaq tək əsməli bir qız.
Əyilib səhəngini su doldururdu,
Uzun hörüyünü dəstələyən qız.
"Simlər, qaranquşlar və qızlar”", "Bahar yağışı”", "Bənövşə"”, "İlk sevgi”", ” "Sınaq"”, "Xəta"”, "Atmaca"” - sevgi düyğülü nəğmələrdir.
Tədqiqatçılar bu gerçəkliyi təsdiq edərlər ki, hər hansı yaradıcı şəxs ilk qələm təcrübələrində həmişə folklora söykənir, söz və fikir, məna və məntiq ehtiyatlarını məhz xalq yaradıcılığından qaynaqlandırır. Öz ana dilində də, başqa bir dildə də yazanda bu faktor öz aktuallığında qalır. M. Şeyxzadə yaradıcılıq həyatının yeni vərəqini açanda məhz folklor qaynaqlarına üz tutmuş, özbək folklor mənbələrinə isnad etmiş və buradakı yeni yaradıcılıq uğurlarına folklorla başlamışdır. O, Özbəkistana gəldiyi ilk illərdə daha çox özbək folkloruna dair tədqiqat və məqalələr yazır. «Bir tərəfdən folklorçu alim kimi "Alpamış", "Qərib və Şahsənəm", "Şirin-Şəkər" kimi eposları tədqiq edir, xalq yaradıcılığını yaşadan Fazil Yoldaşoğlu və başqaları haqqında dəyərli elmi məqalələr yazır, digər tərəfdən öz yaradıcılığında folklor qaynaqlarından istifadədən çəkinmir". M. Şeyxzadə yaradıcılığının bütün mərhələlərində bu təsir aydın görünür. "Birlik təranəsi", "Özbək-türkmən bir ananın cüt oğlu", "Ay ilə söhbət", "Yeddilik balladası" və s. şeirlərin söykəndiyi yaşantılarda folklora aid motivləri duymaq çətin deyil. Burada qədim türk mifologiyasında müqəddəs rəqəm kimi tanınan 7 (yeddi) rəqəmindən bədii oynatmalarla yeni poetik obraz yaratması şairin fitri istedadının məhsuludur. Başdan-başa xalq əfsanə və əsatirlərinə söykənən bu şeir hikmətli sözlər, aforizmlər dəryasıdır, desək yanılmarıq. Folklora bağlılıq onun məşhur pyeslərində də aydın görünür. "Daşkəndnamə"sində (lirik poema) xalq deyimləri, xalq şeiri formaları, atalar sözləri, hikmətlər və aforizmlərlə bağlı sətirlərə istənilən qədər rast gələ bilərik. Bəli, Maqsud Şeyxzadə poeziyasının xalq ürəyinə yaxın olması onun folklora bağlılığından irəli gəlir. Daha doğrusu, şeirlərini xalq qəlbindən süzülən incilərdən mayalandırması onun yaradıcılıq uğurlarındandır.
O, sevilən şair olmuşdur. Eyni zamanda lirik qəzəllər də yazırdı, siyasi şeirlər də. Özü də sənətkar ustalığı ilə.
Maqsud Şeyxzadə gənc yaşlarından - 30-cu illərdə artıq tənqidçi, alim, publisist, pedaqoq kimi tanınmışdır. Klassik və müasir özbək ədəbiyyatını, eləcə də Azərbaycan, rus və dünya ədəbiyyatını tədqiq edərək elmi kontekstdə təhlil etmiş, tənqidi və publisist məqalələri ilə fikrini, münasibətini bildirmişdir. Dünya poeziyasının fəlsəfi nöqtələrinə toxunmuş, onları maraqlı və dərin məzmunda şərh etmişdir. M.Şeyxzadənin yaradıcılıq toplusunda bu sıradan 200-dən artıq elmi məqalələri vardır. Dünya klassiklərinin, XX əsr dünyasının məşhur poeziya nümunələrini, gənc qələm sahiblərinin yaradıcılığını əhatə edən bu məqalələr özbək ədəbiyyatşünaslığının inkişafında xüsusi rol oynamışdır.. Bu ardıcıllıq təsdiq edir ki, o, ömrünün hər anını ədəbiyyatla yaşamış, həyatını bağladığı Özbəkistan elm-ədəbiyyat aləmindən bir göz qırpımınca kənarda qalmamışdır.
Onun qələmə aldığı vətən sevgili, vətən məhəbbətli poemaları təkcə məzmunca yox, həm də məna və məntiqcə, ruhu ilə unudulmaz əsərlərdir. M. Şeyxzadənin müharibə dövr əsərlərində - qəhrəmanlıq, psixoloci nikbinlik kimi poetik təsirlər yaradıcılığının əsas qayəsini təşkil etmişdir.
Maqsud Şeyxzadə həbsdən qayıtdıqdan bir il sonra - 1957-ci ildə yazdığı "Daşkəndnamə" poemasıını yazıb nəşr etdirdi. Bu əsərində o, yaşadığı ömrünün poetik cizgilərini təsvir etmişdir. Bütün həyatı boyu vətəninə, xalqına - vicdanı, qəlbi ilə sadiq olmuş, saf olmuşdur. Bəlkə də ona həbs damğası vurduranlara vicdan hesabatı idi. O, Qafqazdan sürgün olunanda da, 25 illik həbs cəzası alanda da günahsız olmuşdur. Ən böyük günahı Vətənə övlad məhəbbəti, türkçülük əqidəsi olmuşdur. Daşkəndlə bağlı 30 illik həyatını, eşqini, həyəcanını, qəlbinin vətən duyğularını misralamışdır. Ondan bir il sonra nəşr etdirdiyi 437 səhifəlik "Çərək əsr divanı" (“25 ilin divanı”") kitabında da lirik yaradıcılıq nümunələri sayrışır. Əsərin azərbaycancaya ilk tərcüməsi xalq şairi Nəriman Həsənzadəyə aiddir. Lakin Maqsud Şeyxzadə ədəbi irsinin tədqiqatçısı, xalq şairi Xəlil Rza bu əsəri öz tərcüməsində yenidən Azərbaycan ədəbi tarixinə daxil etmişdir.
Mayası, ana südü, ilk ibtidai təhsili, beş illik seminariya həyatı, şeir dünyasına ilk addımları Azərbaycanla bağlı olsa da, o, eyni məhəbbətlə özbək həyatına - şeir dünyasına, elminə, tarixinə bağlanmışdır. Bu ilk anda maraqlı görünsə də, təbii bir axarlılıq da görünür. Əslində o, doğulduğu ruh üstdə, ana südüylə kökləndiyi mənəvi aləmi ilə ucalmışdır. Azərbaycan-özbək məfhumları ayrı-ayrı sözlər olsa da, əslində bunların bir xətt, bir ruh, bir kök, eyni maya olması dərk edilir. Bu, mənəvi və təbii duyumlardır, özünün də ayıra bilmədiyin gerçəklikdir. Bu, türk qanı, türk ruhu, türk köküdür.
Maqsud Şeyxzadənin dramaturgiya yaradıcılığından ayrıca olaraq danışmaq istərdim: "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluğbəy" kimi pyesləri ilə ciddi ictimai hadisələrin, dolğun insan xarakterlərinin yüksək poeziyası yaranmışdır. Tədqiqatçıların rəyidir ki, "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluğbəy" mənzum tarixi faciələri ilə özbək dramaturgiyasının mükəmməl əsası qoyulmuşdur. Ümumiyyətlə, Maqsud Şeyxzadənin dramaturgiya yaradıcılığı özbək ədəbiyyatşünaslarının da, Azərbaycan ədəbi-tənqidinin də daim diqqətini cəlb etmiş, bu haqda xeyli məqalələr, elmi rəylər, tədqiqat əsərləri yazılmışdır. Söz yox ki, bu sırada ilk yerdə Xəlil Rza tədqiqi dayanmışdır. Onun bu mövzuya həsr etdiyi "Maqsud Şeyxzadə", "M. Şeyxzadə yaradıcılığının bədii xüsusiyyətləri"” monoqrafiyaları və sair onlarla elmi, publisistik məqalələrini göstərə bilərik.
Özbək tədqiqatçılarının qeydinə görə, "Cəlaləddin Mənquberdi" əsəri partiyanın tapşırığı ilə yazıılmışdır. Onda müəllifin 36 yaşı vardı. Az bir vaxta tamamlanan bu əsərin ilk tamaşası çox yüksək səviyyədə keçmiş, böyük səs-səda doğurmuşdu. Müharibə illərində qəhrəmanlıq motivləri, həm də tarixə əsaslanan hadisələr ədəbiyyatın baş mövzusuna çevrilmişdi. "Cəlaləddin Mənquberdi" də məhz bu nöqteyi-nəzərdən yazıldı və səhnəyə qoyuldu. Lakin Şeyxzadənin hörmətini birə - min artıran bu əsər onun taleyində qara səhifə açdı. O, Stalin reciminin qəzəbinə tuş gəldi. NKVD cəsusları, "yan" familiyalı naqislər, ustad qələm sahibini, elm fədaisini, görkəmli şəxsiyyəti Stalinə belə deyək ki, satmışdılar. Guya ki, dramaturq əsərdəki mənfi epizodik gürcü obrazı ilə Stalinə, onun mənsub olduğu xalqa işarə etmişdir. Elə bu ittihamla suçlanan M.Şeyxzadə 25 il həbs cəzası aldı və uzaq Sibirə - İrkutsk düşərgəsinə göndərildi. Şeyxzadə həbs düşərgəsinə göndərilsə də, artıq çox qısa səhnə həyatı yaşayan "Cəlaləddin Mənquberdi" dillər əzbərinə çevrilmişdi. Sadə, axıcı poetik dillə, başdan-başa qəhrəmanlıq eşqi ilə yazılan bu əsər hər kəsin qəlbində özünə yer etmişdi. Çoxları hətta bu əsəri əzbər bilirdi. Necə ki, bizdə "Vaqif"i bilirdilər. Stalin öldü. Nağıllarda söylədiyi kimi, az sonra bütün zindanların qapısı açıldı, bütünlükdə özü zindan olan Sibir yollarına dikilən gözlər sanki oradan şütüyən qatarlarla qənşər-qənşərə tələsirdilər. Şeyxzadə ikinci Vətən bildiyi Özbəkistana, Daşkəndə - ailəsinə döndü. Allah onu bağışladı, 25 illik həbs cəzasının üçdə bir hissəsini çəkdi, geri döndü və daha 13 il özbək elminə, ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələrini verdi. Ən əvvəl, hələ 1944 - cü ildən üzərində çalışdığı, həbs olunduğuna görə yarımçıq qalan, ikinci tarixi faciəsini "Mirzə Uluğbəy"i tamamladı. Elə bu əsərin əsasında həmin il "Uluğbəyin ulduzları" ssenarisini də hazırladı və film çəkildi.
Professor Naim Kərimovun yazdığına görə, illərlə üzərində çalışdığı "Əbu Reyhan Biruni" əsəri isə izsiz-tozsuz itmişdi. Bu, onun sayca üçüncü pyesi idi. Sibir düşərgəsindən qayıtdıqdan sonra səhhətində daim nasazlıqlar ortaya çıxan Şeyxzadə xəstəxanada yatarkən də bu əsər üzərində işləyir, tamamlamağa çalışırdı. Lakin əcəl macal vermədi. Elə xəstəxanada ürəyi dayanan dramaturqun həmin pyesi də oradaca yoxa çıxmışdı. Bu da talenin növbəti acı bir səhifəsi.
"Cəlaləddin Mənquberdi" beş pərdəli səkkiz şəkilli faciədir. Əsərdəki hadisələr XIII yüzilin birinci yarısında Türküstanda baş verir. Cəlaləddin Mənquberdi tarixi şəxsiyyət olmuşdur. Əslində, bu əsərində müəllif türk qəhrəmanlığını, türkün əyilməz qüdrətini qələmə almışdır. Müharibə illərində qəhrəmanlıq motivli yazıçı çağırışı - Vətənə məhəbbət hisslərini özündə əks etdirən əsərlər vacib idi. Lakin imperiya qurucuları-qoruyucuları əsərdəki türkçülük məfhunun, türk obrazının yüksək sənətkarlıq qələmi ilə təsvirinə dözmədilər. Dramaturqa tutulan iradlar isə bəhanə idi.
Azərbaycan ədəbiyyatının görkəmli ədibi, xalq yazıçısı Mirzə İbrahimov "Sözün hikməti" adlı məqaləsində Şeyxzadənin dramaturci fəaliyyəti haqqında ətraflı söz açmışdır: "Söz ustadının ilk dramında vətənpərvərlik və insaniyyət yüksək bədii ifadəsini tapmışdır”. "Cəlaləddin Mənquberdi" pyesi (1941) məhz bu ruhdan yoğrularaq qələmə alınmışdır.
Maqsud Şeyxzadəni dramaturq kimi təqdim etdiyimiz bu məqamda onun "Mirzə Uluğbəy" faciəsini xüsusilə diqqətə çəkmək istərdim. O, bu əsər üzərində 19 il çalışmışdır (1940-1959). Dünya elminə özbək xalqının bəxş etdiyi Uluğbəy dövrünün məşhur astronomu olmuşdur. O, XV əsrdə dünyanın ən böyük rəsədxanasını yaratmışdır, məşhur fateh, hökmdar Əmir Teymurun nəvəsi olmuşdur. Mirzə Uluğbəy - zəkanın və qəhrəmanlıq eşqinin vəhdətini özündə cəmləşdirən tarixi şəxsiyyət, xalq yaddaşından, xalq qəlbindən çıxmayan nəhəng insan. Belə bir obrazı qələmə gətirmək - onun poeziya dünyasında misralarla heykəlini ucaltmaq üçün sənətkar qüdrəti lazımdır. Əsər faciə canrında işlənmiş və müvəffəqiyyət qazanmışdır. Daha doğrusu, müəllifin sənətkarlıq qüdrəti qələbə qazanmışdır. Əsərin bu canrda işlənməsi qəhrəmanın həyatından irəli gəlmişdir. Faciə tezliklə Özbəkistan Dövlət Dram Teatrında səhnəyə qoyulur və böyük məhəbbətlə qarşılanır.
Professor Pənah Xəliovun şərhinə görə, «qəhrəmanlıq dastanı olan bu xalq dramında -"Mirzə Uluğbəy"də "Vaqif"i xatırladan bir ruh vardır. Müqayisə üçün bir-iki nümunə də kifayətdir: dustaq olmuş Vaqiflə oğlu Əlibəyin Qacarın əlinə keçməsi, Vaqifin Qacarla üz-üzə gəlməsi. Qana susamış fateh, gözəlləmələr yazan humanist bir şair, ağıllı, tədbirli bir vəzir, nəhayət, günahsız övladının ölümünə şahid olan bir ata!"
Teymur Məliklə Çingizxanın monoloqu, Vaqiflə Qacarın monoloqu - eyni səhnəni xatırladır. Maqsud Şeyxzadə yaradıcılığının tədqiqatçısı Xəlil Rza Ulutürk də də eyni qənaətə gələrək qeyd etmişdir ki, "bu iki mənzum pyes arasındakı uyğun, oxşar və səsləşən cəhətlər o qədər çoxdur ki, bunlardan bəzisini xatırlatmaq yerinə düşər! Poetik ruh birliyi; hər iki əsərin şeir ilə və başlıca olaraq heca vəzninin onbirlik bölgüsündə yazılması...", Vaqif bütün Azərbaycan şairlərinin ümumiləşdirilmiş surəti olduğu kimi, Cəlaləddin də özbək qəhrəmanlarının ümumiləşdirilmiş obrazıdır, yaxud Qacar bütün qəsbkarları təmsil etdiyi kimi, Çingizxan da fatehlər nümunəsidir; uydurma obrazların yaxınlığı (Eldar və Elbars, Gülnar və Sultanbəyim)"
Eyni kök olaraq türk folklorundan rişələndiyindən, milli ruhla klassik poeziyaya söykənikli olduğundan əvvəldən də qeyd etdiyimiz kimi, üzü Dədə Qorquddan belə xalq-qəhrəmanlıq dastanlarındakı obraz xarakterləri əbədiyyatlarımızın doğmalığına daha bir faktdır.
Dünya fəlsəfəsini dərinliyi ilə dərk edən, sonsuz kainatın - yerin-göyün əzəmətini duyan Mirzə Uluğbəyi müəllif sanki dahi Nizami qəhrəmanlarının, filosoflarının idrakına bənzədib. Eyni zamanda qəlb dünyasının hakimi - şairlərə, şair sözünə yüksək dəyər verilməsi də elə bu konteksdəndir. Şah öz fikrinə həyan, kömək, güc-qüvvə üçün şair sözünə üz tutur.
Maqsud Şeyxzadə yaradıcılığını məhəbbətlə tədqiq edən Xəlil Rza yazır ki, "özbək dramaturgiyasına M.Şeyxzadənin gətirdiyi ən böyük keyfiyyət şairanəlikdir! Burada şairanəlik daha çox müəllifin həyata baxışında, varlığın qavrama və əksetdirmə bacarığında, bədii obrazlar düzümündədir. Buna görə də hər iki pyesdə hətta remarka və nəsr ilə yazılmış parçalar da şairanədir".
Özbək ədəbiyyatşünasları Seyfulla Mirzəyev və Səid Şirməhəmmədov M.Şeyxzadənin "Mirzə Uluğbəy" faciəsi üzərində işlərkən dahi Şekspir yaradıcılığından faydalandığını yazmışlar. Əsərdəki bütün obrazların monoloqları, mühakimələri dərin fəlsəfi məna daşıyır. Tarixdə və müasir həyatda nurlu şəxsiyyətlərə pərəstiş edən Şeyxzadə Teymurilər sülaləsindən Şahruhun oğlu Uluğbəyi özbək elmini dünya miqyasına çıxaran bir alim, ədəbiyyat və incəsənət hamisi kimi ümumiləşdirmişdir".
Əsərdəki tarixi hadisələr xarakterlər - obraz xarakterliyinin dili ilə açılır. Uluğbəy hakimiyyəti içindən çökür. Tarix boyu belə olub. Dünya cahangirləri saray içindən çöküb, məhv olub. Müəllifin ən böyük uğuru - tarixi hadisələri qələmə gətirərək möhkəm və müxtəlif xarakterli obrazlar yaradıb. Hətta obrazların dili, xarakteri o qədər güclü işlənib ki, şeiriyyət dili ilə yazılan misralarda qafiyələrin itməsi və ya heç olmaması diqqəti çəkmir, şeiriyyətin ruhuna xələl gəlmir. Şair, alim, tarixçi, şagird obrazları humanist, ağıllı, saf qəlbli, ülvi niyyətli və sadiq insanlardır. Bunlar, əlbəttə, elmə-mərifətə müəllifin yüksək dəyəri, dünyanın, bəşərin, xeyirxahlığın açarıdır. Hikmət dolu Uluğbəy dövrü, Uluğbəy obrazı bəşəri dəyərlidir. Bu əsər həm də böyük Uluğbəy xatirəsinə əbədi, öz ömrü, elmi qədər dəyərli xatirədir.
Maqsud Şeyxzadənin elmi yaradıcılığı, xüsusən, nəvaişünaslıq elminin inkişafındakı böyük xidmətləri haqqında tədqiqatımızın əvvəlki bölmələrində yeri gəldikcə dönə-dönə qeyd etmişdik. Ancaq onun bir ədəbiyyatşünas kimi çoxşaxəli fəaliyyətinin Azərbaycan-özbək ədəbi - elmi əlaqələrinin inkişafına birbaşa əlaqədar bir cəhətin üzərindən sükutla keçmək mümkün deyil. Bu da ondan ibarətdir ki, Maqsud Şeyxzadə öz elmi məqalə və tədqiqatlarında həmişə özbək elmi-ədəbi mühitinə Azərbaycan ədəbiyyatşünaslığının təsirinə ayrıca diqqət yetirmiş, onun uğurlarının Özbəkistanda təbliğinə xüsusilə maraq göstərmişdir. Məsələn, özbək ədəbiyyatşünaslığında, xüsusən Lütfi, Nəvai, Babur, Məşrəb, Agahi kimi cığatay (özbək) klassiklərinin yaradıcılığı ilə bağlı tədqiqatlarda klassik Şərq poetikasına aid istilahların ön plana çəkilməsi, qəzəlin poetik xüsusiyyətlərinin təhlilində orta əsrlər Şərq ədəbiyyatşünaslığına məxsus bədii təsvir vasitələrinə (təşbeh, istiarə, mübaliğə, eyham, təzad və s. ) üstünlük verilməsi özündən sonrakı tədqiqatçılara Maqsud Şeyxzadənin təsiri, Maqsud Şeyxzadənin özünə isə görkəmli Azərbaycan ədəbiyyatşünası və nəzəriyyəçisi, professor Mir Cəlal Paşayevin təsiri kimi diqqəti gəlb edir. Belə ki, Şərqdə qədimdən xüsusi poetika elminin mövcudluğuna və klassik şeiriyyəti bu elmin prinsip və qaydaları ilə tədqiq etməyin vacibliyinə ilk dəfə Mir Cəlal Paşayev özünün məşhur "Füzuli sənətkarlığıı" adlı monoqrafiyasında diqqəti yönəltmiş, Maqsud Şeyxzadə isə Nəvai haqqında məqalələrində, o cümlədən, "Ustadın icadxanasında", "Qəzəl mülkünün sultanı" adlı tədqiqatlarında Mir Cəlal Paşayevdən sitatlar, iqtibaslar gətirərək, bu yeni elmi-nəzəri yanaşma üsulunu özbək ədəbiyyatşünaslarının diqqətinə həvalə etmişdir. Sonralar Özbəkistanda “poetik sənətlərə” maraq birdən-birə güclənib, hətta Azərbaycandan fərqli olaraq, ilk farsdilli orta əsr mənbələri özbəkcəyə tərcümə olunub. Daşkənddə nəşr olunsa da, bu sahədə ciddi uğur qazanan özbək ədəbiyyatşünasları və nəvaişünasları (Ə. Həyitmətov, Ə Qəyyumov, Y. İshaqov, B. Rəhmanov, Ə. Əbdülqafurov, S. Qəniyeva və başqaları) bu və ya digər şəkildə (birbaşa və ya dolayısıyla) Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”ndan bəhrələnmişlər.
İndiyə qədər tədqiqatçıların nəzərindən təəssüf ki, kənarda qalan bu və ya buna bənzər faktlar xalqlarımız arasında ədəbi əlaqə və ədəbi təsirin yeni, özünəməxsus bir təzahür formasını üzə çıxarmağa imkan verir. Bu faktlar eyni zamanda Mir Cəlal Paşayevin XX əsr Azərbaycan-özbək ədəbi əlaqələrinin təşəkkülü və inkişafındakı özünəməxsus yerini müəyyənləşdirir. Öz çoxşaxəli yaradıcılığı ilə bu ədəbi-mədəni, tarixi-mənəvi əlaqələrin möhtəşəm körpüsü olan Maqsud Şeyxzadə isə haqlı olaraq türk dünyasının birlik, qardaşlıq və dostluq rəmzlərindən biri kimi qiymətləndirilir.
Əsərlərinin çoxu tanınmış şairlərimizin məhəbbəti ilə doğma Azərbaycan dilinə çevrildi, tədqiqat obyekti oldu. Unudulmaz Xəlil Rzanın odlu qəlblə araşdırdığı "Maqsud Şeyxzadə yaradıcılığı" ədəbiyyatşünaslığımızın dəyərli bir səhifəsidir. O, görkəmli ədibin ədəbi irsinin ən dəyərli nümunələrindən ana dilimizə tərcümə etmişdir. Özbək ədəbiyyatşünasları onu dönə-dönə tədqiq ediblər və edirlər. Özbəkistanın əbədiyyatşünas alimi İbrahim Qafurov qeyd edir ki, «ədəbiyyatı sevdiyim ilk günlərdən başlayaraq mən M.Şeyxzadə yaradıcılığının vurğunu olmuşam. Bu münasibət sonralar alimin "Yoldaş şair" adlı kitabına çevrilmişdi. Sonra isə bu məhəbbət şairin yaradıcılığına həsr edilmiş namizədlik dissertasiyası mövzusunda öz əksini tapmışdır. İ.Qafurov yazır ki, onun haqqında yenə də danışmağa sözüm var, onu kiçik bir kitabda, adi namizədlik dissertasiyasında təhlil etmək, öyrənmək azdır. Çünki, o özbək klassik əbədiyyatının davamlı sütunlarından biridir. ... M.Şeyxzadə təkcə şeir, poema, pyes və məqalələrində deyil, bütün yaradıcılığında iki xalqın adından cəsarətlə danışmışdır. O, özbək klassik əbədiyyatını öyrənmiş, tədqiq etmiş, özbək əbədiyyatı tarixini, ədəbiyyatşünaslıq nəzəriyyəsini təkmilləşdirmiş, onu yeni-yeni elmi axtarışlarla zənginləşdirmişdir. Cığatay klassik ədəbiyyatının banisi Nəvai irsini ilk tədqiq edənlərdən biri M.Şeyxzadə olmuşdur. Nəvaişünaslar M.Şeyxzadəni özlərinə ustad hesab etmişlər. Onun elmi əsərləri dərin təhlili, sanballığı ilə fərqlənir. M.Şeyxzadənin altıcildlik "Seçilmiş əsərləri"nin bir kitabı Nəvaiyə həsr edilmişdir».
Maqsud Şeyxzadə mənəvi dünyasının işıqları zaman keçdikcə cəmi türk dünyası kəhkəşanında dolaşacaqdır. Türk dünyamızın bir bayrağa tapındığı günəcən. Bu isə əbədiyyət deməkdir.







YENİLİKLƏR