Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

“Azərbaycan yazıçısının iki əsas problemi var...”

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image



...“Kitab”ını açırsan, bircə şeir tapmırsan, tək bircə... Üstəlik də yazı-pozusunu artıq neçə dilə tərcümə etdirib...
 

Müsahibimiz  yazıçı-dramaturq Aygün Həsənoğludur

  -Aygün xanım, bu günlərdə İstanbula səfərdən qayıtmısınız. Səfərinizin məqsədi, qatıldığınız tədbirin digər iştirakçıları barədə məlumatınız maraqlı oıardı. 
 - Avqust ayının 25-dən 29-dək Uyğur Penklubunun təşkilatçılığı, Dünya Penklubunun maliyyəsi və rəhbərliyi ilə İstanbulda “Yazıçılara azadlıq” mövzusunda konfrans keçirildi. Mən də bu tədbirə dəvət olunmuşdum. Tədbirdə Beynəlxalq Penklubun Norveçli rəhbəri Eugene Schoulgin, onun  Böyük Britaniyalı yardımçısı Frenk Geary, ABŞ, Çin, Finlandiya, İsveç, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan, Türkiyə, Özbəkistan, Yaponiya, Yeni Zelandiya və Uyğurustanın Penklub rəhbərləri, o cümlədən Avstraliya, Belçika, Fransa, Kanada, Rusiya və digər ölkələrdəki ən fəal klubların rəhbərləri iştirak edirdilər.  Konfransı açan Beynəlxalq Penkulubun Norveçli rəhbəri Eugene Schoulgin və Beynəlxalq Penklubun Proqram direktoru Frenk Geary konfransın məqsədini və Penkulbların qarşısında duran vəzifələr, həyata keçirilən layihələr barədə bilgi verdilər.
- Ən çox kimlərin çıxışı yadda qalan oldu?
- Ən təsirli çıxışlardan biri Çin Penklubunun rəhbərinin çıxışı idi. Çinli şair çıxışında Uyğurustanda yaranmış vəziyyətdən mütəssir olduğunu və bir Çinli yazarı kimi bu qanlı hadisələrdən üzüldüyünü bildirdi: “Mən Çin yazıçısıyam və ölkəmi sevirəm. Lakin bu gün Çində baş verənlər, mövcud rejim tərəfindən həyata keçirilən səhv siyasətin və demokratiyanın tapdanmasının nəticəsidir. Mən ölkəmin etdiklərindən təəssüflənirəm və utanıram”. Köhnə sovet respublikaları nümayəndələrinin çıxışları bir-birinə çox yaxın problemləri əks etdirirdi. Bu problemlərin mərkəzində yazıçıların maddi problemləri, kitabların çap olunmasındakı çətinliklər, istedadlı yazıçıların bu səbəbdən kölgədə qalması və öz qiymətini ala biməməsi dayanırdı.
Konfransın ilk günündə mənə də söz verildi. Kürsüyə çıxarkən doğma dilimizdə danışmağa başladım. Tədbirin aparıcları rusca danışmağımı xahiş etsələr də, türkcə danışmaq istədiyimi bildirib türk millətlərinin əksəriyyət təşkil etməsini və tədbirin Türkiyədə keçirilməsini xatırladaraq burada türk dilində də çevirmənin olmasını xahiş etdim. Bu hərəkətim konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Konfransın birinci hissəsi başa çatan kimi DPK-nın Britaniyalı sədr müavini mənə yaxınlaşdı və aramızda xeyli söhbət oldu. Onu da qeyd edim ki, həmişə iştirak etdiyim istənilən tədbirin sponsoru ilə maraqlanıram, çünki onda tədbirin mahiyyəti aydın olur. Bu konfransın Avropa Birliyi tərəfindən maliyyələşdirildiyini və dəstəkləndiyini öyrəndiyimdən artıq həm psixoloji, həm də siyasi cəhətdən özümü hazırladım. Belə tədbirlərdə ağzından çıxan hər bir sözə diqqət etməlisən, əks halda istənilən söz sənin, vətəndaşı olduğun ölkənin siyasətinə qarşı çevrilə bilər.
-Yaxşı, problem demişkən, Sizcə Azərbaycan yazıçısının bu gün əsas problemi nədir?
-Sovetlər dönəmində yazıçılarımızın kitablarını dövlət çap edir, onlara ev, maşın verir, xarici ölkələrə ezamiyyətə göndərir, yaradıcılıq evlərində dincəlməsi üçün şərait yaradırdı. Yazıçılar yüksək təqaüdlər alırdılar, millət vəkili seçilirdilər. Bunun əvəzində isə yazıçı dövlətin maraqlarına uyğun yazmalıydı. Yəni söz azadlığı yox idi. İndi bütün keçmiş sovet respublikalarında yazıçıların problemi eynidir. Onlar yeni dövrün nəbzini tuta bilmirlər, kitablarını çap etdirib yaxşı qonorar almırlar. Yaxşı əsərlərin, əsl istedadların dəyərləndirilmə mexanizmi pozulmuşdur. Bundan başqa, insan şüuru bir anda dəyişə bilməz. Bəzi yazıçılarımızın beynindən hələ də köhnə düşüncə tərzi çıxmayıb. Yeni dövrə uyğunlaşmaq üçün vaxt lazımdır. Bütün bunlardan əlavə, Azərbaycan yazıçılarının ən böyük problemi işğal edilmiş torpaqlardır. Ermənistan 14 Azərbaycan rayonunu işğal altında saxlayır ki, onlardan 7-ci Dağlıq Qarabağ ərazisi, digərləri isə onun çevrəsindəki rayonlardır. Bir milyon insanımız qaçqındır. 20 min şəhid vermişik, 5 minə yaxın vətəndaşımız itkin düşüb, 783 insanımız əsir və girov alınmışdır. Müstəqilliyin 20 ilində Azərbaycan çox böyük tarixi proseslər keçmişdir. Üç dəfə hakimiyyət dəyişikliyi olmuşdur. Sosializmdən imtina etmişik və Rusiyadan ayrılmışıq. Eyni zamanda torpaqlarımızın 20 faizi işğal edilib. Ölkəmizdə Ermənistan tərəfindən və erməni terror təşkilatları tərəfindən 300-dən artıq terror həyata keçirilib. 1500-dən artıq insan terrorun qurbanı olmuşdur. Bütün bunlar Azərbaycan yazıçısınını həm yaşamına, həm psixologiyasına, həm də yaradıcılığına böyük təsir göstərmişdir. Biz siyasətçi deyilik, amma terror, işğal, soyqırım, irqi, dini, milli və siyasi münaqişələr dünyasında yaşayırıq. Bunlara biganə qala bilmərik.  Beləliklə, Azərbaycan yazıçısının iki əsas problemi var: birincisi Dağlıq Qarabağ-başqa sözlə, Vətənin ərazi bütövlüyü, ikincisi dünyaya çıxış... Torpaqlarımızın işğal altında olması bizim normal yazıb-yaratmağımıza və düşünməyimizə mane olur. Yazdığımız əsərləri də tərcümə etdirmək bizim üçün çətindir.
 -Necə bilirsiz, Azərbaycan yazıçılarının söz azadlığı problemi varmı?
-Söz azadlığı uğrunda mübarizə Azərbaycan yazıçısı üçün yeni deyil. Azərbaycan yazıçıları tarixin bütün dövrlərində azad söz və azad fikir uğrunda mübarizə aparmış və buna görə də böyük təzyiqlərlə qarşılaşmışlar. Məsələn, XII yüzildə qadın şairimiz  Məhsəti Gəncəvi azad ruhlu rübailərinə görə nadan kütlə tərəfindən daş-qalaq edilirdi. XVI yüzildə Nəsiminin Hələbdə dərisini soydular. XX yüzilin əvvəllərində isə Mirzə Ələkbər Sabirə cahilliyi tənqid edən şeirlərinə görə dükanlarda çörək satmaq istəmirdilər. 1937-1938-ci illərdə isə millətin qaymağını təşkil edən 70 min ziyalımızı, 28 min yazıçı və şairimizi azad fikirlərinə görə güllələdilər. Doxsanıncı illərdə də Xəlil Rza Ulutürk Lefertovo zindanına atıldı. Bu günə gəlincə isə, hazırda Azərbaycan yazıçısı üçün söz azadlığı problemi yoxdur. Yazıçı istədiyi mövzuda, istədiyi kimi yazmaqda sərbəstdir. ...Mən bu gün kitablarımı çap da etdirirəm, istədiyimi yazır; kimsəyə də əl açmır - yazıçı heç kimin qarşısında əyilməməlidir deyə düşünürəm. Yazıçısı azad olmayan millət də azad ola bilməz.
-Aygün xanım, xarici ölkələrin nümayəndələrinin Azərbaycan ədəbiyyatı ilə bağlı bilikləri nə səviy- yədədir?
-Konfransda keçmiş sovet respublikalarından gəlmiş xalq şairləri, öz ölkələrinin tanınmış şəxsiyyətləri vardı. Təəssüf ki, onların Azərbaycan ədəbiyyatı haqqındakı bilgiləri Səməd Vurğunla bitir. Yeni ədəbiyyat haqqında təsəvvürləri belə yoxdur. Özbəkistanlı gənclər internet vasitəsi ilə bir-iki şairi tanıyırlar. Lakin onların tanıdıqları şairlər Azərbaycan ədəbiyyatını təmsil edəcək dərəcədə istedadlı və güclü qələm sahibləri deyillər. Qazaxıstanlı xalq şairi, bizim Yazıçılar Birliyinin sədri ANAR haqqında soruşdu. Türkiyədə isə daha çox Bəxtiyar Vahabzadə tanınır. Bu tədbirdə bir daha anladım ki, son 20 ildə ədəbiyyatımızın təbliğ və tanıdılması sahəsində demək olar, tutarlı bir iş görülməyib. Xaricə göndərilən və tanıtdırılan şəxslər isə elə zəif əsərlərlə təqdim olunublar ki, yadda qalmayıblar. Azərbaycan ədəbiyyatını hətta bizim ziyalılarımızın çoxunun az qala ildə 2-3 dəfə gedib gəldiyi Türkiyədə də tanınmırlar. Məsələn, mən orada Cəfər Cabbarlı yaradıcılığından, Müşfiqdən danışanda Türkiyəli qardaşlarımızın gözlərinin yaşardığını gördüm. “Topal Teymur” əsərindən danışanda heyrətlənirdilər. Məsələ bundadır ki, hər kəs öz kitabını qoltuğuna vurub gedir. Baxırsan, kitab dolablarında eyni adamların kitablarıdır. Amma heç bir təsir oyatmayıb, kitab bağışlanan insanları həyacanlandirmayıb. Məsələn, Türkiyə Mədəniyyət və Turizm Nazirliyində mənə Azərbaycan dramaturgiyası haqqında sual verəndə Axundovdan başlamış ən gənc dramaturqa qədər hər birinin haqqında qısa da olsa bilgi verdim. “Biz burada filankəsin əsərini hazırladıq. Amma çox zəif idi” dedilər. Mən Cabbarlının “Sevil” əsərini Gəncay xanımın teatrına təqdim etdim. Sonradan getməyə imkanım olmadığından bu təliğatı davam etdirə bilmədim.
Bilirsiz, sadəcə iki şey lazımdır: bu milləti sevmək və peşəkarləq! Bəzi adamlarsa yalnız özlərini sevirlər.
Mən ədəbiyyatımızın tanıdılması sahəsində görülməli işləri belə sıralayardım: Xaricə göndərilən və təbiğ edilən əsərlər diqqətlə seçilməlidir. Çünki orada bizdəki qədər dostbazlıq, qohumbazlıq, pul gücünə özünü sırımaq, dıgər qeyri-ədəbi “imkan”lar əsas deyil. Orada yaxşı əsərə qiymət verirlər; ikincisi, Azərbaycanda özünü şair, yazıçı adlandıran minlərlə insan var. Onlardan mindən artığı AYB-nin üzvüdür. AYB-nin obyektiv dəyərləndirmə mexanizmi qurulmalıdır. AYB, Anadolulular demiş, ədəbi prosesi təqib etməlidir; nəhayət üçüncüsü, Azərbaycan tənqidini diriltmək, ona yaşıl işıq yandırmaq lazımdır. Hamı tənqidə qarşı dözümsüzdür. Özünü tənqidçi adlandıranlar isə işindən, vəzifə sahiblərindən, pullulardan asılıdır. Təsəvvür edin, biri tamaşasının hazırlanması üçün 10 min, özü haqqında məqaləyə min, hətta 3 min xərcləyə bilər. Biri vəzifə sahibi haqqında bir məqalə, ya kitab yazıb dövlətin təqaüdünü, mükafatını ala bilər. Yaxud zəif bir əsər yazıb pulla mükafat ala bilər. Buna görə də özünü tənqidçi adlandıranlar qələmlərini vəzifəsi, pulu olmayan qüvvələrin üzərində sınayırlar. Hamı da özünü dahi sayır, amma kimə dahi demək olar, kimə istedadlı demək olar, bunu bilmirlər.  Belə halda ədəbi prosesdən danışmaq olarmı? Ümumiyyətlə, Azərbaycanda bu gün ədəbi mühit varmı!?. - Ayrı ayrı ədəbi qüvvələr var. Cəfakeş yazanlar, yaradanlar və yazmadan-yaratmadan çıxışlar edə-edə reklam olunanlar var.
-Bəlkə ona görə də 5 cildlik Azərbaycan dramaturgiyası antologiyasına adınız daxil edilməyib?
- Mənə dedilər ki, guya məni tapmayıblar. Mənim pyeslərim, çap olunmuş kitablarım ən böyük kitabxanalarda, o cümlədən, Ədəbiyyat İnstitutunun kitabxanasında, ünvan və telefon nömrəm də AYB-nin soraq kitabçasında var. Adı çəkilən antologiyaya bir əsəri səhnələşdrilən müəllifi daxil ediblər, amma 21 pyesi çap olunmuş, bir pyesi mükafat almış, 8 pyesi 4 müxtəlif teatrda tamaşaya qoyulmuş Aygün Həsənoğlunu daxil etməyiblər. Bu, mənim problemim deyil. O antologiyanı hazırlayanların problemidir. Dramaturgiyanı izləmək lazım idi. Ümumiyyətlə, ədəbi janrlar haqqında yazan müəlliflər də eyni cür yanaşırlar. Əllərinə nə keçdi, ondan yazırlar. Əgər söhbət ümumən Azərbaycan ədəbiyyatından gedirsə, nəsri, yaxud başqa bir janrı dərindən təhlil etmək üçün kitabxanalarda işləmək, son 20 ilin mətbuatını izləmək, dramaturgiyadan yazarkən isə, ən azından ölkənin 5-6 böyük teatrı ilə əlaqələr saxlayaraq, orada hansı əsərlərin səhnələndiyini öyrənmək lazımdır. Yoxsa, belə çıxır ki, mənim bu gün pulum, nə bilim, vəzifəm, deputat nişanım varsa, ədəbiyyatın bütün sahələrində birinci ola bilərəm. Belə çıxır ki, kimlər üçünsə əsərin keyfiyyəti şərt deyil... Bilrisinizmi, ölkənin yazıçısı bu günə düşübsə, yaxud kimlərisə yox yerdən yazıçı-dramaturq olduğuna inandırıblarsa bu heç, amma heç yaxşı hal deyil. Ən əvvəl yazıçılarımızın şüuru, yazıçılıq peşəsinə yanaşma fəlsəfəsi dəyişməlidir. Demokratiya və söz azadlığı bizim ədəbi mühitə gəlib çatmayıb.
 -Aydındır, gəl indi də, ənənəvi deyimlə olmasın,- bir qədər də yaradıcılıq planların barədə danışaq...
- Son vaxtlar böyük əsərlər yaza bilmirəm. Çünki buna şəraitim yoxdur. Kağızlarım 3 evə paylanıb. Şəxsi evim olmadığı üçün daim ora-bura kağız daşımalı oluram. Buna görə də yeni əsər yazmaq mənim üçün yeni yük deməkdir. Artıq yaşlanıram. Əvvəlki kimi kağızla dolu çantaları daşıya bilmirəm. Bir pyes yazmaq isə ən azı bir yeşik kağız deməkdir. Onsuz da yazdıqlarımın hələ yarısını üzə çıxara bilməmişəm. Bu günlərdə uşaqlar üçün pyeslərim çapdan çıxacaq. Daha sonra hekayələrimi nəşr etdirəcəyəm. “Davul” və “İtirilmiş fürsət” adlı böyük həcmli pyeslər yazmışam. “İtirilmiş fürsət” Türkiyədə film çəkilməsi üçün istənilib. Türkiyə türkcəsinə uyğunlaşdırılmasına ehtiyac var.
Rejissor Rövşən Almuradlı ilə “Səhv” hekayəsi üzərində işləyəcəyik. Ancaq etiraf edim, indiyədək sırf ədəbiyyat üzərində işləməyə vaxtım olmayıb, eləcə ürəyimi boşaltmışam. Bəlkə də hələ bir on ildən sonra oturub əsl yazıçı kimi işləyəcəyəm. Hələ VAXTım yoxdur...
- Yeri gəlmişkən, ədəbi tərcümə ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- Tərcümə bu gün ədəbiyyatımızın ən böyük dərdidir. Azərbaycanda yaxşı tərcüməçi tapmaq çətindir. İngilis dilinə tərcümədə çoxlu həll olunmamış problemlər var. Məsələn, Azərbaycanlı türk sözünü azəri türkü kimi, Dağlıq Qarabağ sözünü Naqornı Karabağ kimi çevirirlər. Yəni ədəbi tərcümə səviyyəsi  aşağıdır. Qarabağ problemi ilə bağlı iki kitabım tərcümə olunub, dili bilməyə-bilməyə oturub ən azı 10-15 gün hərəsini bir də oxuyub və səhvləri dəqiqləşdirərək düzəltdirmişəm. Ədəbi tərcüməyə gəlincə... Mənim əsərlərim, xüsusilə də hekayələrim söz-söz işlənmiş nümunələrdir. Hər sözün, hər cümlənin fərqli yozumu, sətiraltı mənası var. Doğrusu elə bir tərcüməçi də tapmıram, tərcüməsinə inanım. Tərcümə əsərin 50 faizi deməkdir. Son vaxtlar Azərbaycan dilinə tərcümələri oxuyanda gülməyim tutur. Çox aşağı səviyyədədir, çox. Bilirsinizmi niyə? Çünki tərcüməçinin də ədəbi istedadı olmasa, ən azı əsərin müəllifinin 50 faizi qədər istedadlı olmasa, əsər heç olub gedir. İkinci böyük problem isə tərcümənin həddindən artıq baha başa gəlməsidir. Normal tərcümənin bir səhifəsini 15-20 manata edirlər, bu isə davamlı iş yeri, maaşı olmayan yazar üçün böyük çətinlik yaradır.
Ümumiyyətlə, ədəbiyyatımızın dünya dillərinə, ingilis dilinə tərcüməsinə böyük ehtiyac var. Bizdə böyük ədəbi irs var. Bu irsə sahib çıxmalıyıq. Pis şair, yazıçı olmaqdansa, yaxşı təbliğatçı olmaq vətənə daha çox xeyir verər. Bizdə isə pulu olan əsər yazanlara kömək etməkdənsə, özü “əsər” yazır və ya öz adına bir şeylər yazdırır.
-Sizcə, bütün bu problemlərin ədəbi qurumların fəaliyyəti ilə bağlılığı nə dərəcədədir?
- Ədəbiyyatımızın təbliği ilə davamlı və məsuliyyətlə məşğul olan ədəbi qurum yoxdur. Xarici ölkələrdə Azərbaycan ədəbiyyatı günləri keçirilmir. Keçirilsə də, eyni adamlar gedirlər.
Almas Yıldırım haqqında hələ 1991-ci ildə pyes yazdığım halda mən yada düşməmişdim və Türkiyədə, hətta Bakıda keçirilən tədbirlərə dəvət edilməmişdim. Bu, nə deməkdir, anlamıram: biganəlikmi, görməzdəngəlməkmi, yoxsa, bilgisizlikmi?!. Pyesim da Almaz Yıldırımın Bakıda yaşayan vəzifəli qohumunun xoşuna gəlməyibmiş, çünki orada mən Müşfiqlə Almas Yıldırımın mübahisəsini vermişəm. Axı o adamın dramaturgiya haqqında, yaxud o dövr haqqında hansı bilgisi var ki, o mənim pyesimi dəyərləndirə bilsin? Ən azından dramaturgiyadan başı çıxan birisi pyesi oxumalıydı. ...Ümumiyyətlə, ədəbiyyat təbliği məsələsində ədalət prinsipi qorunmalı, ədəbi dəyər əsas etalon olmalıdır. Zəif əsəri, daha doğrusu, əsər yox, e, cızma-qaranı tərcümə və təbliğ etməkdənsə, etməmək daha xeyirli, daha vətənpərvər işdir. Çünki üzdə tərifləyib, arxada gülürlər. Sözüm ona, yaşı 40-dək olan yazıçılar seçimlərini özləri etsinlər, onlar daha ədalətlidirlər. Çünki hələ kötüyə dönməyiblər. Mənim imkanım olsaydı, hər onillik üçün bir antologiya hazırlayardım və içindən seçmə əsərləri tərcümə etdirərdim. Cənab prezidentin sərəncamı ilə təsdiq olunmuş siyahı üzrə çoxlu kitablar çap edilib. Qeyd edim ki, İstanbulda bunu söyləyəndə hamı təəccübləndi. Amma yaxşı olardı son 20 ildə ədəbiyyata gəlmiş şəxslər də bu siyahılara salınsınlar.
Dünya Gənc Türk Yazarlar Birliyi 10 ildir Bakıda Türk Dünyası gənc yazarlarının “Türkün səsi” adlı toplusunu, ayrıca “Turan yolu”nu, ötən il isə Türkiyədə “Çağdaş Azərbaycan şeiri” antologiyasını hazırlayıb çap etdirib. Ədəbiyyat qarşısında böyük xidmətdir. Bu xidmət qiymətləndirilməlidir və davamı üçün dəstək olmalıdır. Yaxud Elçin İsgəndərzadənin rəhbərlik etdiyi “Vektor” Nəşrlər Evi sanki bir ədəbiyyat təbliği mərkəzidir. Görün son illərdə neçə yazara yaşıl işıq yandırıb. Xeyli tədqiqatçının, o cümlədən mənim də kitabımı öz vəsaiti ilə nəşr edib. Bu, böyük bir ədəbi qurumun görə biləcəyi işlərdir. Ədəbiyyata əsl xidmət budur! Ədəbiyyatımızın belə insanlara ehtiyacı var. Bu gün ədəbiyyatımıza uydurma “dahi”lər yox, xeyirxahlar, hamilər lazımdır! Əsərlərimiz xarici dillərə tərcümə olunsa, onda kimin nəyə qadir olduğunu görərik. Burada dost-tanışı, qohum-qardaşı, yaxud əsl ədəbiyyatın nə olduğunu bilməyənləri aldatmaq asandır. Baxaq görək dünyanı aldada bilərsənmi? Mən şair deyiləm, amma yaxşı şeiri seçə bilirəm. Bir də görürsən, biri yerişi, duruşu ilə özünü, necə deyərlər, şairanə aparmağa çalışır. “Kitab”ını açırsan, bircə şeir tapmırsan e, tək bircə... Üstəlik də yazı-pozusunu artıq neçə dilə tərcümə etdirib...
-Demək istəyirsiniz, çox zaman zəif yazanlar və onların əsərləri təbliğ olunur?
- Yazıçı əsər yazmalıdır, onun reklamı, təbliği və anladılması ilə qurumlar məşğul olmalıdır. Bu gün bizdə tənqidçilər yoxdur, təhlilçilər var. “Filan cümləni belə yazıb”, yaxud, “filan-filan hekayələri, şeirləri yazıb” kimi ifadələrin tənqidə dəxli yoxdur. Bunlar ən yaxşı halda bir qəzet məqaləsidir. Tənqidçi ədəbi prosesi izləməli, dəyərləndirməli, onun yollarını, istiqamətini və üsullarını müəyyən- ləşdirməlidir. Gənc “tənqidçi”lər mövqe qazanmaqdan ötrü yaşlıları tərifləyirlər. Yaşlılar da gənclər haqqında yazmağı özlərinə sığışdırmrlar. Beləcə, ortayaşlı və gənc nəsil əsl ədəbi dəyərləndirmədən kənarda qalır. Eyni adamlar haqqında eyni sözləri nə qədər oxumaq olar? Təəssüf edirəm, gənclərin də arasında belə reklama uyanlar var... Bütün günü televiziyada gözəl cümlələrlə əyalət insanlarının gözünü pərdələyən çıxışlardansa, oturub yaxşı əsər yazmaq lazımdır. Fikir verin, televiziyalarda çıxış edənlər eyni adamlardır. Bunlara qulaq asan hər kəs düşünür ki, şeir budursa, mən niyə yazmayım? Mən də belə yaza bilirəm”. Ümumiyyətlə, ədəbi mühit özü belələrini susdurmalıdır. Bizdə isə ədəbi mühiti öldürüblər. Bu halda hər bir yazıçının öz içərisində dəyər etalonu olmalıdır. Mənim belə bir dəyər mexanizmim var, mən öz dəyərlərimə sadiqəm.
 

Söhbətləşdi: Rəsmiyyə SABİR



Yorumunuz comment Şərhlərə görə (4 göndərilib)

  • Yerləşdirilib hayat, 29 Sentybar, 2009 01:53:43
    Aygun xanim, soylediyiniz hegigetlere merhaba! coxundan fergli sabit egideli ve merd insansiniz.
  • Yerləşdirilib Teymur, 22 Sentybar, 2009 13:10:13
    Aygün xanım, sizin yaradıcılığınıza ve şəsiyyətinizə heyranam. Hə yaxşı ki varsınız. Bu millet sizin kimi insanlarla yaşayacaq
  • Yerləşdirilib habil yasar, 21 Sentybar, 2009 13:45:19
    yasasin Azerbaycan edebiyyati ve onu yasadan bu cur senetkarlar
  • Yerləşdirilib Namiq Haciheyderli, 18 Sentybar, 2009 11:56:24
    oz deyerlerine sadiq Aygun Hesenoglunu alqishlayir, edebiyyatimizin cefakeshlerinden olan Resmiyye xanimi salamlayir ve VAR OLun-deyirem!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az