Şahinə Könül
YOL
Haqqa düz yol hardan olur?
Axtar, gəz, yol hardan olur.
Gündə yüz yol vardan olur,
Bu yoxluqdan var olanlar.
Döyüşdü - öz qəlbi boyda,
Döyüşməyir sel bu boyda.
Genişdi öz qəlbi boyda,
Öz əyninə dar olanlar.
Könül dindi: Könül, dedi,
Bütün yollar könüldədi.
Məcnunla bir könüldədi
Yaradanla yar olanlar.
***
Ürəksizmiş, ay Allah, ürəksizmiş adamlar
Gülü zərifliyindən, saflığından asırlar.
Gözün duruluğunu, alının ağlığını
Dəbdən düşübdür deyə köhnəliyə yazırlar.
Görəsən kim olubdu ilk zalımı dünyanın?
Nə vaxt qəlbiyuxalar yağlı əppəyə döndü?
Harda dəyişibdilər əhvalını dünyanın,
Göz açandan gözümə dünya dilxor göründü.
Dost dedim, ürək açdım, kimə ki, bel bağladım
Ürəyimdən yol açdı gələcək infarktıma.
Allah, bu gün doyunca saflığıma ağladım,
Sonra da imza atdım özüm ölüm aktıma.
Əlvida zalım dostlar, siz ey zalım adamlar,
Ürəyimin cəzası ürəksizlər, əlvida!
Siz ey əyniqalınlar, qəlbiyalın adamlar
Mən gedirəm, sağ olun, yaşayın bu dünyada.
***
Yenə gözlərimdə yetim bir istək,
Yenə də göründü bənövşə dərdim.
Anamın qoynundan çıxandan bəri,
Bənövşə qoxladım, bənövşə dərdim.
Sağım uçurumdu,solum qiyamət,
Ömrümün yolları gör hardan keçir.
Tənhalıq, yetimlik, əzab-əziyyət,
Tərs kimi hamsı bir qatardan keçir.
Yollar ayrıcında tənha bir çinar
Qalıb qasırğanın qurd davasında.
Kimsəsiz taleyim kimdən nə umar?
Hərə öz hayında, öz havasında.
Bəxtimin boz üzü mənə tanışdır,
Yanıb Kürə qaçsa, Kür quruyandı.
Yanılıb bir azca məni danışdır,
Bir də görəcəksən külün də yandı.
Buyuymuş o ömür, o gün deyilən
Mən elə bilirdim başqadır həyat.
Mənəmmiş o ömrü, günü yeyilən,
Mənəmmiş, mənimlə baş qatır həyat.
Günəşi gizlənir, baharı səkir,
Taleyim qar altda bənövşəlikdi.
Görəsən bir kimsə biləcəkmi ki,
Dünyada nə çəkdi, bənövşə çəkdi.
***
Hardadı dünyanın düz adamları,
Düzlərin üstündə göz adamları?
Ocaq adamları, köz adamları
Yamanca seyrəlib, seyrəlib, Allah.
Qırılıb dünyanın yuxu damarı,
Yuxusuz qoymuşuq çox ağşamları.
Qaralıb dünyanın ağ-ağ şamları,
Odalar göynəyib, göynəyib, Allah.
Bu da bir ömürdü yaşıyır Könül,
Birtəhər yükünü daşıyır Könül.
Bir “Cəngi” çaldırın, üşüyür könül
Ürəyim köyrəlib, köyrəlib , Allah.
Yorumunuz
Şərhlərə görə (3 göndərilib)
-
Yerləşdirilib Habil Yaşar, 11 Oktyabr, 2010 14:40:09Qələminiz,İlhaminiz bol olsun inşallah...gözəl şerlərinizlə bizləri meftun edirsiniz Allah sizi qorusun Amin!
-
Yerləşdirilib Elməddin, 04 Noyabr, 2009 10:07:23"...Genişdi öz qəlbi boyda Öz əyninə dar olanlar." Bu misra çox xoşuma gəldi. Adətən, nə ünvanəma tərifi, nə də kiməsə tərif vurmağı xoşlayıram, ancaq bu şeirlərə "pis" demək, ruhdan salmaq istəmək və paxıllıqdan başqa bir şey deyil. Doğrudan da, ürəkdən gələn təifə layiq şeirlərdi. Könül xanım, sizin gələcəyiniz, elə poeziyamızın gələcəyidi! Çalışıb yeni düşüncələrlə getməliyik. Şeirlərimin birində dediyim kimi: Çəkilib gün altda solan şəkilin Təzədən üstündən getməyə nə var?! Mən sizin gələcəyinizin parlaq olmasına inanıram! Uğurlar!
-
Yerləşdirilib Siyab, 03 Oktyabr, 2009 07:20:20Şahinə xanımın şeirlərini oxuyandan sonra gördüm ki,poeziyaya özünütəsdiqə iqtidarı çatan bir gənc gəlir və özü də tələsə-tələsə gəlir, birnəfəsə çox şey demək üçün, duyğularını, duyduqlarını, diləklərini, dilədiklərini var səsiylə hamıya söyləmək üçün gəlir. Gəlir ki, qəlbinin təlatümünü, hisslərini, arzularını, sevgisini insanlarla bölüşsün. Gəlir ki, bu gün Azərbaycan ədəbiyyatına biznes maraqları ilə gələnlər utansınlar, siçilmişlər üçün verilən bu yoldan çəkilib getsinlər. Gəlişiniz mübarək, gəlişiniz uğurlu olsun, Şahinə xanım! Siyab Məmmədli







YENİLİKLƏR