Valid Sənani: “Az qalıblar ki, müğənnilərin intim həyatlarını da göstərsinlər”
Lent.az-ın “Canlı əfsanə” layihəsi üçün növbəti qonaq qismində müəyyənləşdirilən şəxsiyyət bu dəfə idmançı deyildi. Amma onun idmanda idmançıdan da çox xidmətləri olub. Daha çox yaşlı nəslin xatırladığı Valid Sənaninin xatirələrini dinləmək maraqlı olardı.
Bu məqsədlə ona müraciət etdikdə, layihənin adını eşitdikdən sonra “Məgər mən canlı əfsanəyəm?” deyə soruşdu. “Hər halda Siz də öz peşənizin canlı əfsanəsisiniz” cavabını verdikdə, güldü. Söhbətə razılıq verdi. Həmişəki kimi, səsi şux olsa da, sağlıq durumundan şikayətlənirdi. Həm özünün, həm də həyat yoldaşı Ofeliya Sənaninin...
Qonaq otağında iki saatadək davam edən müsahibə boyunca bir neçə dəfə çölə çıxıb, siqaret də çəkdi. Söhbəti isə kifayət qədər maraqlı alındı...
“Heydər Əliyevin ən çox sevdiyi iki aktyordan biri atam idi”
- 1935-ci il mayın 12-də İçərişəhərdə doğulmuşam. Atam Möhsün Sənani məşhur aktyor olub. Yaşar Nurinin onun haqqında bir sözü var: “Möhsün Sənani teatra tamaşaçı gətirən aktyordur. Afişada onun adını görəndə teatrda tamaşaçı əlindən yer olmurdu”. Atamın oynadığı rolları sonradan Yaşar Nuri oynayıb. Möhsün Sənani 20-dən çox filmə çəkilib, 300-dək obraz yaradıb. Bir məsələni də xüsusi qeyd edərdim ki, mərhum Heydər Əliyevin ən çox sevdiyi 2 aktyor vardı: Ələsgər Ələkbərov və Möhsün Sənani. Hətta o, bir neçə dəfə atamın oynadığı tamaşaya gedib. Möhsün Sənanini soruşduqda, deyiblər ki, xəstələnib. Qalxıb direktorun otağından evə zəng vururdu və “Möhsün müəllim, necəsiniz, sizə nə olub?” deyə atamın əhvalını soruşurdu. Heydər Əliyevin, bax, belə bir qayğısı vardı, atam onun çox sevdiyi aktyorlardan idi.
Möhsün Sənani Tiflisdə doğulub. 15 yaşından Gürcüstan paytaxtında Azərbaycan teatr truppasının üzvü olub. Bir sıra yerlərdə, o cümlədən Türkiyənin İstanbul şəhərində qastrol səfərlərində olub. 1919-cu ildə orada olarkən, İstanbul Teatr Cəmiyyəti Qafqazın komik aktyorları - xal artisti, atamla eyni məhəllədə böyüyən Mustafa Mərdanov və Möhsün Cəfərovun – Cəfərov bizim soyadımızdır – şərəfinə benefis verib. O vaxtlar atamın 19, Mərdanovun 21 yaşı olub. 1922-ci ildə Abbas Mirzə Şərifzadənin dəvəti ilə Bakıya gəlib. Ömrünün axırınadək Dövlət Dram Teatrında işləyib.
Anam Nigar xanım isə heç yerdə işləməyib. Onun babası acarlarla qohum olub.
“Ələkbər Məmmədovla birgə futbol oynamışıq”
Qoşa qapı tərəfdən girəndə komendatura ilə üzbəüz məhəllədə qalırdıq. Uşaqlıq illərim Böyük Vətən Müharibəsi dövrünə təsadüf edib. Müharibə başlayanda 6 yaşım vardı. Yadımdadır, qonşunun oğlu qaça-qaça gəldi ki, müharibə başlayıb, radionun səsini artırın. O vaxtlar evlərdə balaca reproduktorlar vardı, boşqaba oxşayırdı. Tez səsini artırdılar. Molotov çıxış edirdi ki, Almaniya qoşunları Sovet İttifaqının ərazisinə hücum edib. O illərimiz çox ağır keçdi. Xüsusən, 1942-ci ilin yayında almanlar az qala Qroznı tərəfdən Dağıstana girirdilər. Həmin vaxt Bakıya 2 kəşfiyyatçı təyyarənin gəlməsi yadımdadır. Həyəcan siqnalı verdilər. Camaat bombadan mühafizə zirzəmilərində gizlənirdi. Deyilənə görə, həmin təyyarələrdən birini vurmuşdular.
Müharibədən sonra da bir neçə il çətinlik oldu. Həm maddi, həm də mənəvi cəhətdən camaat özünə gələ bilmirdi.
Uşaq vaxtlarımızda komendatura qarşısındakı geniş ərazidə futbol oynayardıq. Ora 1946-1948-ci illərdə Ələkbər Məmmədov Bakı “Spartak”ının gənclər komandasındakı yoldaşları ilə birgə gələrdi. Biz 4 balaca uşaq, 3 böyüklə futbol oynardıq. İndi də yeri düşəndə zarafatça Ələkbərə deyirəm ki, sən futbol oynamağı bizim başımızda öyrənmisən. Günümüz belə keçirdi...
Radioya gedən yol
1952-ci ildə 7 nömrəli orta məktəbi qurtardım və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil oldum. O vaxtdan məndə mətbuata və idmana xüsusi maraq vardı. Yay aylarında səhər tezdən dururdum. Nizami muzeyi ilə üzbəüz bağda qəzet köşkü vardı. Oradan “Azərbaycan gəncləri”, “Vışka” qəzeti alar, idmana aid xəbərləri oxuyardım. Bir də həmişə radioda xəbərlərə qulaq asardım. Beləliklə, o illərdə məndə bu sahəyə meyl, həvəs yarandı. 10-cu sinifdə oxuyarkən, Bakı məktəblilərinin bədii qiraət müsabiqəsi keçirilirdi. Məktəbdən məni və məndən bir sinif aşağıda oxuyan oğlanı müsabiqədə iştirak üçün məsləhət gördülər. Orada Səməd Vurğunun “Sovet zabiti və alman bənnası” adlı bir şer dedim. Münsiflər heyətinin sədri o dövrün çox görkəmli aktyorlarından biri, xalq artisti Kazım Ziya idi. O, mənim soyadımı soruşdu. Mövsüm Sənaninin oğlu olduğumu biləndə, “Aha! Lap yaxşı” dedi.
Müsabiqə qurtardı. Düzdür, orada bir yer tuta bilmədim. Amma səhnədən çıxanda bir nəfər mənə yaxınlaşdı. Səsi mənimki kimi bir q ədər batıq idi. Radioda işlədiyini bildirdi və ertəsi gün üçün məni radioya dəvət etdi. “Gələrəm” dedim. Radionun harada olduğunu bilirdim. Keçmiş Fioletov, indiki Əlizadə küçəsi, daha dəqiqi köhnə univermağın yaxınlığında Baş Energetika İdarəsi ilə üzbəüzdə yerləşirdi. Bir yaxın tanışımız və bir yaxın qohumumuz həmin idarədə işləyirdi. Hərdənbir onların yanına gedirdim.
Ertəsi gün ora getdim. Az sonra iki qız da gəldi. O vaxtlar pionerlərin həyatından bəhs edən “Gənc leninçi” radio qəzeti vardı. Orada bir neçə ay diktorluq etdik. Sonra 10-cu sinfin imtahanları başladığından, radioya gedə bilmədim.
Geoloqluqdan jurnalistikaya
Universitetin 2-ci kursunda oxuduğum vaxt mən və tələbə yoldaşım radio üçün idman xəbərləri yazmağa başladıq. Beləliklə, mən yavaş-yavaş idman mətbuatına ayaq açdım. Bir ildən sonra diktorluq müsabiqəsi elan etdilər. Mən də getdim və müsabiqədən keçdim. 3-cü kursu qurtarandan sonra işləməyə başladım. 2 il həm işlədim, həm də oxudum. Ali məktəbi başa vurduqdan sonra bütün geoloqları SSRİ-nin müxtəlif respublikalarına paylayırdılar. O zamanlar radio Mədəniyyət Nazirliyinin nəzdində idi. Oradan məktub verdilər ki, məni radioda saxlasınlar. Beləliklə, elə radioda da qalası oldum. Radioda 3 ilədək diktor işlədim. Eyni zamanda, idman və digər sahələrdən xəbərlər yazırdım. 1957-ci ilin mayında Teleradio Verilişləri Komitəsi yarananda mərhum sədrimiz Teymur Əliyev mənə xəbərlər redaksiyasına keçməyi məsləhət gördü. Mən də razılaşdım. Beləliklə, xəbərlər redaksiyasında kiçik redaktor, redaktor, 2 ildən sonra şöbə müdiri, 3-4 ildən sonra baş redaktorun müavini, nəhayət, 1967-ci ildə baş redaktor oldum. Düz 1991-ci ilədək bu vəzifədə qaldım. Sonra məni Jurnalistlər Birliyinə sədr müavini seçdilər və radiodan getdim. Amma indi də Jurnalistlər Birliyində sədr müavini vəzifəsində qalıram.
Oradan da işsizliyə doğru
Burada çalışdığım vaxt maddi vəziyyət çətinləşdi. Pul dəyişdi, banklarda olan pullarımız batdı və s. Vəziyyət çox çətin oldu. Ona görə də “Günay” qəzetində işləməyə getdim. 4 ilədək orada işlədim. Sonra AzTV-nin “Səhər” proqramına redaktor kimi qayıtdım və 3 il işlədim. Daha sonra “Lider” TV-də açılan Dublyaj şöbəsinə, oradan da “Space” teleşirkətinə eyni vəzifəyə getdim. 3 il də orada çalışdıqdan sonra çıxdım. Arada mən bir neçə il Bakı Dövlət Universitetində, ardından Qərb Universitetində saat hesabı ilə dərs dedim. Xəstəliyimlə əlaqədar Qərb Universitetindən imtina etdim. 2001-ci ildən bəri mətbuatda çox tez-tez çıxış edirəm. Telekanallarda müxtəlif verilişlərə dəvət edirlər. Yanğılı yerimiz olan dil problemi, şou-biznes, efir-ekran mədəniyyəti ilə bağlı müxtəlif qəzetlərdə xeyli məqalələrim, müsahibələrim çıxıb. Hazırda işsizəm.
Ofeliya Sənani ilə tanışlıq və evlilik tarixçəsi
Həyat yoldaşım Ofeliya xanımla radioda görüşdük. Mən həmin vaxt Xəbərlər redaksiyasının böyük redaktoru idim. Həmin vaxt o, hələ 10-cu sinfi qurtarmamışdı. 1959-cu ilin martında müsabiqədən keçdi və onu işə götürdülər. Orada da tanış olduq, ora işlədiyimiz vaxt da ailə qurduq. Bu, 1961-ci ilə təsadüf etdi. Hazırda 1 oğlum, 1 qızım var. Qızımın da 2 qızı var. Hər ikisini köçürmüşük. Nəticəmiz də var. Oğlumun 1 oğlu var. O, bir az gec evləndi. Oğlunun adı da Validdir. Balaca Valid Sənani yetişməkdədir. Daha bir maraqlı cəhət ondadır ki, atam məndən 35 yaş böyükdür. Mən oğlumdan 35 yaş böyüyəm. Oğlum da oğlundan 35 yaş böyükdür. Açığı, övladlarımdan razıyam. Qızım Azərbaycan Dövlət İqtisad Universitetində ingilis dili müəlliməsidir. Oğlum isə ali təhsilini Moskvada alıb, sonra Qərb Universitetində menecerlik ixtisası aldı, təqribən 13 ilə yaxındır ki, bp şirkətində çalışır. İngilis dilində səlis bilir, bir neçə dəfə xaricə göndəriblər. Övladlarımın ailələrindən də razıyam. Necə deyərlər, bu cəhətdən Allah bizim bəxtimizi açıb.
Həyat yoldaşım əvvəlcə radioda işləməyə başladı. Sonra isə radioda işləyə-işləyə televiziya verilişləri aparırdı. 1976-cı ildə televiziyaya keçdi. Xəbərlərdən tutmuş bədii verilişlərədək aparırdı. Deyirlər, gəlin ocağa çəkər. Onda da atam kimi, aktyorluq qabiliyyəti vardı. Hətta 2-3 filmə də çəkilib. O vaxtlar Qazaxıstanda və Gürcüstanda yaşayan azərbaycanlı məktəblilər üçün şeir, hekayə və səhnəciklərdən ibarət patefon valları buraxırdılar. Həmin vallara səs yazıları üçün bütün diktorlar arasından yalnız onu seçmişdilər.
Teleradioda keçən ömür
Ailədə biz bir-birimizi çox gözəl başa düşürdük. Bir yerdə işləməyimiz çox yaxşı hal idi. Tez gedib, gec gəlməyimizin səbəbi ikimizə də aydın idi. Uşaqlarımız dayə ilə böyüyüblər. Elə günlər olub ki, səhər uşaqlarımızın yatdığı vaxt işə gedirdik, axşam qayıdanda da görürdük ki, artıq yuxudadırlar. Xəbərlər redaksiyasının baş redaktoru olduğum vaxt səhər 7:00 – 7:30-da işə gedirdim, axşam 8-də evə qayıdanda uşaqlar sevinirdi. Bir də görürdün ki, Ofeliya xanımın verilişini lentə yazması gecə saat 1-2-yə çəkirdi. Axşam saat 11-12-də gedib, otururdum orda, gözləyirdim ki, haçan verilişi lentə yazıb qurtaracaqlar, götürüb gələcəyəm evə. Yəni, bizdə anlaşma təbii idi. Biz müxtəlif işlərdə çalışsaydıq, bəlkə bizdə müəyyən söz-söhbətlər olardı. Amma biz bir yerdə idik, ona görə də əksinə, bir-birimizə kömək edirdik. Amma işdə mübahisələrimiz olurdu. Mən ona “gərək orda sən bu sözü deməyəydin”, o isə mənə “burada bu cümləni yaxşı redaktə etməyiblər, ağır cümlədir, gərək yüngülləşdirək” deyirdi. Doğrudur, tez-tez olmurdu, amma olurdu. Özü də bu mübahisə bizə çox kömək edirdi.
“Kiçik səhvə görə Mərkəzi Komitəyə iki səhifə izahat yazmalı olurdun”
Cəmi 24 yaşımda radioda yüksək vəzifəyə təyin olunsam da, işim çox böyük məsuliyyət tələb edirdi. Kiçik səhvə görə Mərkəzi Komitəyə iki səhifə izahat yazmalı olurdun. Cavan diktorlardan biri o vaxt Paris sözündə vurğunu birinci hecaya etmişdi. Sədr onu 3 ay müddətinə efirdən kənarlaşdırdı. Rəhmətlik Teymur Əliyevin bir şüarı var idi: “Radio ilə televiziyanın səhv danışmağa, yanlış informasiya verməyə ixtiyarı yoxdur”. Bu sözlər daim bizim qulağımızda sırğa idi. Bizim nəsil bu tələblə böyüyüb. Amma indi telekanallara baxanda görürsən ki, ifadələri düzgün tələffüz etmirlər, yad sözlər, uydurma, yapma ifadələr, Azərbaycan dilinin qol-qanadını sındırmaq, yanlış informasiya vermək... Olub ki, telekanallarda səhv xəbər veriblər, özüm zəng edib, diqqətlərinə çatdırmışam. Ona görə də bizim meyarımız tamam başqadır.
“Nazirdən çox qazanırdım”
O vaxtlar dolanacağımız da çox əla idi. Radioda baş redaktor kimi 240 manat maaş, 150 – 160 manat qonorar alırdım. Halbuki nazirlərin maaşı 300 – 350 manat idi. Mən isə ayda 400 manata yaxın qazanırdım. Yəni, nazirdən çox alırdım. Kitab da tərcümə edir, arabir qəzetlərdə də çıxış edirdim. Ofeliya xanım radioda işləyəndə həm televiziyada veriliş aparır, həm də kinostudiyada dublyaj edirdi. Onun dublyaj etdiyi filmlərin sayı 150-yə çatır. O vaxtlar dublyaja yaxşı pul verirdilər. Arada patefon valına səslərini yazdırırdı. Beləliklə, bizim aylıq qazancımız 1000 manata çıxırdı. Bəzən bundan da çox olurdu. Bu pullarla hər bir müsəlman ailəsində olduğu kimi, Ofeliya xanım qızımız üçün 13 – 14 yaşından etibarən cehiz ehtiyatı görürdü. Hər il xaricə gedirdik. Özü də Avropa ölkələrinə. Keçmiş Çexoslovakiya, ADR, Türkiyə, Portuqaliya, ABŞ, Hindistan, İran, Macarıstan, Polşada turist səfərlərində olmuşuq. Şimali Qafqazın kurortlarına gedirdik. O vaxtlar biz qazancımızdan şikayət etmirdik.
“Aldığım pensiyanın məbləği heç Afrika standartına da uyğun deyil”
Artıq xeyli vaxtdır ki, pensiyadayam. Biz Avropa standartlarından çox danışırıq. Avropa standartlarına yaxınlaşmaq yaxşı haldır. Əvvəl-axır bu, olmalıdır. Amma inanmıram ki, Avropanın hansısa ölkəsində 52 illik jurnalist stajı olan adam mənim kimi 115 manat pensiya alsın. 30 manat da əməkdar jurnalist olduğuma görə verirlər. Bu adı mənə 1989-cu ildə veriblər. Mənə elə gəlir ki, aldığım pensiyanın məbləği məbləğ heç Afrika standartına da uyğun deyil. Yoldaşım da artıq 2 ildir pensiyaya çıxıb. O isə 48 il işləyib. 2 il öncə bizim radio-televiziya məkanında stajımızın 100 ili tamam oldu. Çox sağ olsun, “Space” telekanalı, bizə 3 saatlıq veriliş həsr etdi.
“Prezident təqaüdü olmasaydı, vəziyyətimiz çox ağır olardı”
Biz mərhum prezidentimiz Heydər Əliyevə çox minnətdarıq. Onun Ofeliya Sənani və Roza Tağıyevaya çox böyük hörməti vardı. İndi istəməsin, onların xətrini çox istəyirdi. Çünki onlar digər diktorlardan fərqlənirdilər. Ofeliya ilə Roza xanımın adı təqdim olunmadan öz təklifi ilə onlara Prezident təqaüdü verməyə başladılar. Allah rəhmət eləsin! O, bizim vəziyyətimizi bir balaca düzəltdi. Əgər prezident təqaüdü olmasaydı, vəziyyətimiz çox ağır olardı. 5-6 ildir Ofeliya xanım da, mən də xəstəliyə düçar olmuşuq. Məndə sümük ağrıları olur. Yaşlaşdığın vaxt bədənin immuniteti azaldığından, müqavimət göstərə bilmir. Ofeliya xanım isə hələ sovet dövründə 3 dəfə Moskvada yüksək qan təzyiqi ilə Kardiologiya İnstitutunda yatdı, xəstəxanadan ona 2-ci dərəcəli əlil dərəcəsi verildi. Amma biz son 2 ildə işləsəydik, məncə, xəstəliyimiz güclənməzdi. Çünki dinamik işə öyrəşmişik. İşə alışmış adam evdə oturduqda, onu xəstəlik bürüyür.
İlk futbol şərhçiliyi
Azərbaycan televiziyasında ilk futbol şərhçisi mən olmuşam. Bundan bir neçə il sonra futbol şərhlərimlə yanaşı, radioda, televiziyada böyük verilişlərim efirə gedib. Məsələn, BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə ilə birgə məşhur cərrah Topçubaşovun 70 illik yubileyi ilə əlaqədar onun haqqında 40 dəqiqəlik radio-oçerk yazdıq. O vaxtlar Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatına layiq görüldük. Bu səpkidə verilişlərim çox olub. Amma nədənsə, idman şərhçisi kimi yadda qalmışam. Bəlkə də bu, idman azarkeşlərinin sayının daha çox olması ilə əlaqədardır. O dövrün azarkeşlərinə çox minnətdaram ki, məni yaddan çıxarmayıblar. İndi də küçədə görəndə mənə çox böyük hörmətlə yanaşırlar, o illəri yada salırlar.
Televiziyaya idman xəbərləri ilə gəlmişəm. Mən diktor işləyəndə televiziya təzəcə açılmışdı. 1956-cı ildə televiziya açılanda elə diktorlar yox idi ki, kadrarxası mətnləri oxuya bilsinlər. Buna görə də radio diktorlarını dəvət edirdilər. Ayda 2-3 dəfə məni də verilişlərin mətnlərini oxumağa çağırırdılar. Bir dəfə də 1957-ci ilin apreli idi, radioda növbədə olduğum vaxt mənə zəng etdilər ki, televiziyaya gələ bilərsən? Dedim: “Gələrəm”. İşi qurtarıb getdim. Televiziyanın redaktoru rəhmətlik Ənvər Əlibəyli, müavini isə Seyfəddin Dağlı idi. Onlarla görüşdükdən sonra Ənvər müəllim “Futbolu apara bilərsən?” deyə soruşdu. “Vallah bilmirəm. İndiyədək aparmamışam” cavabını verdim. Baxmayaraq ki, o ərəfədə idmandan 2-3 dəqiqəlik reportajlarım olurdu. Ənvər müəllim “Bir futbol reportajı apar görüm” dedi. Mən də çaşıb qaldım ki, futbol oyunu olmaya-olmaya necə reportaj apara bilərəm? Seyfəddin müəllim zarafatda dedi: “Ənvər, mən gedim, bir top tapım, gətirim, otaqda futbol oynayaq. Valid də reportaj aparsın”. Gülüşdülər. Sonra “Burada ol, stadiona gedirik” söylədilər. Getdik Suraxanı rayonundakı stadiona. Gördüm ki, səyyar studiyaları, kameraları qurublar, oyun gedir. “Kompressor” və MOİK arasında oyun idi. Oturtdular məni mikrofon arxasında. Başladım şərh aparmağa. O vaxtlar bizim üçün məktəb Moskva radiosu idi: Vadim Sinyavski, Nikolay Ozerovdan eşidir, öyrənirdik. Sinyavski kimi şərhçi olmayıb, bəlkə bundan sonra da yer üzünə gəlməyəcək. Mən də komandaların heyətləri əlimin altında olmadığından, onları nömrələri ilə deyirəm. Fasilə zamanı mənə bildirdilər ki, reportaj sınaq kimi efirə verilir. Mən də tez hakimlər otağına qaçdım, heyətləri, hakimlərin adlarını, turnir cədvəlini götürdüm və ikinci hissəni babat apardım. Reportajı qurtardıqdan sonra “Pis deyil, yaxşı alındı” deyə məni təbrik etdilər. İlk rəsmi reportajım isə iyunun 9-da “Neftçi”nin xatırlamadığım rəqiblə oyununa təsadüf etdi. Tarixə də belə düşüb. Amma əslində televiziya ilə futbol reportajının özülü məhz apreldə sınaqla qoyulub. Eyni zamanda, digər növlər – voleybol, üzgüçülük, basketbol, güləş, həndbol üzrə canlı yayımla reportajlar şərh etmişəm.
“200 kq-lıq aparatları yuxarı qaldırdıq”
Həmin illərdə stadionda hökumət tribunasının sağ tərəfində bizim üçün bir otaq ayırdılar, qarşısına şüşə çəkdilər, aparat-mikrofonlar quraşdırdılar. Oradan 3-4 oyun apardıq. Bir gün stadiona tez gəlmişdim. Gördüm ki, şüşələri götürüblər, aparatura yerdədir. Texniklərdən soruşdum ki, nə məsələdir? Dedilər ki, sizin üçün hökumət tribunasının sağ tərəfindəki qüllədə yer ayırıblar. Üst-üstə 200 kq-lıq aparatları qan-tər içində 2 nəfərlə yuxarı qaldırdıq. O vaxtlar reportaj aparmaqdan ötrü bizə telefon xətti verirdilər. Bunun üçün də yaxın zonadakı evlərdən hansınınsa telefonunu kəsir, stadiona qoşurdular. Həmin telefon xətti ilə bizim səsimiz radioya, oradan da efirə verilirdi. Yəni, reportaj apardığımız vaxt o zonada kiminsə telefonu işləmirdi.
“Mən orada öz sözümü dedim”
Şərhçiliyim dövründə komanda ilə ezamiyyətlərə gedirdim. Ən çox Tiflisdə olmuşam. İrəvana da gedirdim. Leninqrad, Kiyev, Minsk, Kişinyov şəhərlərindən də reportajlar aparmışam. Moskvadakı Lenin adına stadiondan ilk reportaj da mənə məxsusdur. “Spartak” – “Neftçi” oyununu aparırdım. “Azərbaycan televiziyasının kamera və mikrofonları Moskvadakı Lujnikidə Lenin adına stadionda qurulub” deyə elan etdikdə, buradakı camaat bunu çox böyük hadisə kimi qəbul etmişdilər. Radio ilə reportaj vaxtı meydançada baş verənlərə öz münasibətimizi bildirməyimiz üçün problem yox idi. Bir dəfə “Neftçi”nin Kutaisidə yerli komanda ilə oynadığı matçdan televiziya ilə reportaj verirdik, son 15 dəqiqəsində isə radio da qoşuldu. Matçda yerli komanda oyundankənar vəziyyətdən qol vurdu, amma hakim hesaba aldı. Mən orada öz sözümü dedim. Qolun açıq-aşkar oyundankənar vəziyyətdən vurulduğunu və hakimin yanlış qərar verdiyini bildirdim. Matçdan sonra hakimlər otağında komissarın da iştirakı ilə həmin epizodun videotəkrarına baxdıq, gördük ki, açıq-aşkar oyundankənar vəziyyət var. Yəni reportaj vaxtı senzura söhbəti ola bilməzdi.
“Ararat”la oyun zamanı “Neftçi”nin futbolçuları qarınağrısına tutulub
1958-ci ildə İrəvana redaktor kimi getmişdim. Reportajı isə Sabutay Quliyev aparırdı. Restoranda nahar etdikləri vaxt “Neftçi”nin oyunçularının xörəklərinə nə isə qatıblar. Həmin futbolçulardan biri – Əli Əbilzadə ilə çox yaxınıq, ailəvi dostuq. O, mənə dedi ki, xörəyimizə nə isə qatmışdılar, oyun vaxtı 3-4 nəfəri qarınağrısı tutmuşdu. O vaxtlar yalnız 1 qapıçı və 1 meydan oyunçusu dəyişməyə icazə verirdilər. 1959-cu ildə də İrəvana televiziya reportajı verməyə getmişdim. “Neftçi” 1:0 hesabı ilə qalib gəldi. Oyundan sonra avtobusda oturmuşduq, dedilər ki, pərdələri çəkin. Çəkən kimi avtobusun şüşələrini daşa basdılar. Özü də həmin oyunda Çingiz İsmayılov qapıçı idi. Təqribən son 15-20 dəqiqədə “Ararat” futbolçuları “Neftçi”nin cərimə meydançasından çıxmırdılar. Dalbadal vurduqları zərbələri Çingiz qaytarırdı. Stadion ayağa qalxıb, onu alqışlayırdı. Hamı deyirdi ki, oyunu Çingiz İsmayılov uddu. Hətta mən oradan bir fotoşəkil gətirmişdim. Çingizin əlləri topun üstündə, ayaqları göydə idi. Həmişə erməni komandaları ilə bizim oyunumuz mübahisəli keçib. Bakıda da belə olurdu. Onlar paytaxtımıza gələndə meydançada təhlükəsizliyi çoxlu milis işçisi qoruyurdu. Ara-sıra futbolçular arasında mübahisələr düşürdü, bir-birilərinə əl qaldırırdılar. Amma onları sakitləşdirmək mümkün olurdu. Amma özüm heç vaxt təhlükəsizliklə bağlı problemlə üzləşməmişəm.
Şərhçiliyin sirləri
Ümumiyyətlə, şərhçi obyektiv və bitərəf olmalıdır. Amma hardasa, öz komandasına münasibətini göstərməlidir. Bu, təbiidir. Necə ola bilər ki, Azərbaycanı təmsil edən komanda oynasın, mən tamamilə bitərəf olum? Bir insan, azarkeş kimi də heç cür mümkün deyil. Amma obyektiv, bitərəf şərhçi həmişə tamaşaçının hörmətini qazanır. “Neftçi”nin gözəl kombinasiyası, zərbələri olsun, onları tərifləməmək, əlbəttə, günahdır. Eyni zamanda, rəqibin də oyunundakı yaxşı məqamları da deməlisən. Tamaşaçı görür axı. Deməsən, sənə irad tutacaqlar.
Şərhçi üçün səs tembri vacib şərtdir. İndi mən Rusiya telekanallarında şərhlərə qulaq asıram, çox qəribə səslər gəlir. Bir var lap nazik səs ola, heç bilmirsən ki, qadındır, yoxsa kişi. O vaxtlar bu məqama fikir verirdilər. Səs, diksiya aydın, danışıqda məntiq, şərhçi komandalar, ayrı-ayrı oyunçular haqda məlumatlı olmalıdır. Təmiz Azərbaycan dilində danışmalıdır. Şərhçinin danışıq tempi və tonu oyundan asılıdır. Oyun hansı tonda, tempdə gedirsə, şərh də o cür olmalıdır. Yoxsa, meydançanın mərkəzində “kvadrat” oynayırlar, şərhçi isə özünü öldürür. A balam, nə var orda? Amma “Vəziyyət gərgindir”, “cərimə meydançasına yaxınlaşırlar”, “gözlənilməz ötürmə” deyərkən, səs tonunu qaldırmalı, danışıq sürətini artırmalısan. Bu, təbiidir. Amma komandaların heyətlərini, hakimlərin adlarını ucadan deməyə ehtiyac yoxdur. Bəzi məqamlar olur ki, səs rejissoru stadionun səs fonunu bir az artırır. Bu zaman sən də səs tonunu bir qədər artırmalısan ki, tribunadakı səslər sənin səsini batırmasın. Meydançadan gələn səs normaldırsa, sən də normal tonda danışmalısan. Gərgin vəziyyət olduqda, səsinin tonu da qalxır və oyunda baş verənlərlə şərh bir-birini tamamlayır.
Bu yaxınlarda mənə bir söz dedilər. “Space”də işlədiyim vaxt bir işçimiz atasına “Valid müəllimlə birgə çalışırıq” deyib. Atası da bildirib ki, o vaxtlar belə bir lətifə düzəltmişdilər. Valid Sənaninin şərh etdiyi oyun zamanı məşqçilərdən biri qaça-qaça gəlir ki, bir az tempi azalt, uşaqlar çatdıra bilmir. Bunu mənə dedikdə, belə bir əhvalatı ilk dəfə eşitdiyimi söylədim. Mən oyunun gedişinə uyğun şərh etmişəm. Sonradan bu lətifəni Altay Əliyev üçün qoşdular. Altaya həmişə deyirəm ki, qışqırma da... Niyə qışqırırsan? Əvvəla, kar deyilik. Sonra da bax vəziyyətə. Arada bir az salmışdı aşağı. Bu yaxınlarda apardığı reportajda müşahidə etdim. Ola bilsin, özündən asılı deyil.
“Müasir şərhçilərdən Fikrət Adıgözəlli daha çox xoşuma gəlir”
Bununla belə, hazırda xeyli cavan şərhçi yetişib. İstedadlıdırlar, məlumatlıdırlar. Yalnız bayaq dediyim məsələyə görə iradım var. Bir də ki, hərdən uydurma ifadələr işlədirlər. Özü də biri deyəndə hamısına yayılır. Bir ifadə var: “ötürmə edir”. Axı “ötürmə” də, “edir” də feldir. Belə ifadəni necə səsləndirmək olar? Bu qəbildən bəzi iradlarım var. Təmiz, gözəl, axıcı sözlərlə Azərbaycan dilində danış, hamı sənə təşəkkür etsin.
Şərhçilər arasında öz varisim qismində kimi gördüyümə gəldikdə, Çingiz İsmayılov həmişə özünü mənim tələbəm adlandırır. Çox sağ olsun. Müasir şərhçilər arasında bəlkə aparıcılıq üslubuna, lazım olduqda təmkininə, tonuna görə Fikrət Adıgözəlli mənim daha çox xoşuma gəlir. Düzdür, onda qol vurulduğu vaxt reaksiyada gecikmə var. Bu, nədən irəli gəlir? Şərhçilərimiz oyun ərzində bizə həddən artıq informasiya verirlər. Tamaşaçı bu qədər informasiyanı qəbul edə bilmir. Heç ona lazım da deyil. Komandalar, iştirak etdikləri qrup və ya çempionat haqqında məlumat ver. İstərdim ki, bizim uşaqlar Rusiyanın şərhçilərinə qulaq assınlar. Çox istərdim. Bir bəla da var ki, şərhçilərimizin çoxu rusca yaxşı bilmir. Halbuki rus şərhçiliyi bir məktəbdir. Düzdür, ruslarda da səhvlər var, onlara da çoxlu irad tutmaq olar. Amma reportaj aparma sistemini öyrənmək lazımdır.
Yerli və yersiz zarafatlar
Şərhlər zamanı zarafatların da dərəcəsi var. Məsələn, Sinyavski Rusiyanın MOİK və “Zenit” komandalarının oyununu şərh edirdi. Ordu klubunda Kopeykin familiyalı bir oyunçu vardı. Sinyavski şərh zamanı dedi: “Kopeykin bir, iki, üç, dörd oyunçunu aldadır, qapıçını da keçir və qol vurur. Mən bundan sonra Kopeykini Rublyovin adlandırardım. Özü də məndən inciməz”. Bu, yerində deyilən zarafat idi. 3-4 il öncə bir telekanalda reportaj aparırdılar. Belə bir ifadə işlətdilər: “Top oyunçunun ayaqları arasından keçərək, son maneəyə dəymədən meydançadan çıxır”. Mən bu ifadəyə görə, oxuculardan dönə-dönə üzr istəyirəm, amma məcburam. Şərhçimiz bu sözləri dedikdən sonra gülür və bildirir ki, bunu Maslaçenko deyib. Maslaçenkolar bunu deyə bilərlər. Çünki onlar gün ərzində bir-birilərinin analarını yada salmasalar, rahat olmurlar. Axı sən azərbaycanlısan, müsəlmansan. Bu sözləri dilinə necə gətirə bilərsən? Yaxud “Top yan xəttdən çıxır, hakim bunu bayrağına da almır”. Məşhur italyan hakim Pyerluici Kollinanı, Ronaldonun nişanlısını dolayırlar. Kim sənə bu ixtiyarı verib? Deyir, özü də gülür. Efirdə belə söz demək gülməli yox, ağlamalıdır. Onsuz da bəzi kanallarımız az qalıblar müğənnilərin intim həyatlarını da göstərsinlər. Olmaz. Hər şeyin dərəcəsi, həddi var. Bu, ümumi mədəniyyətdən irəli gəlir. Əvvəlcə özünə hörmət etməlisən. Yoxsa qarşısındakına da hörmət qoya bilməzsən.
1966-cı il dünya çempionatı ərəfəsində SSRİ yığması Latın Amerikasına yoldaşlıq görüşü keçirməyə getmişdi. Çili ilə oynayırdılar. Komandanın komsomol təşkilatı katibi vardı. Bu, 2 nömrəli futbolçu Dubinski idi. Orada onun qıçını sındırdılar. Matçı şərh edən Nikolay Ozerov “Bizim “komsorq”un qıçını sındırdılar” dedi. Onun vecinə deyildi ki, bu, komsomol təşkilatı katibidir. Ozerov üçün hamı futbolçu idi. Kote Maxaradzenin bir kəlamı var idi ki, dillər əzbəridir. Oyun təzə başlayır, topu göyə vururlar, bu da “Nə qədər ki, top havadadır, mən sizi heyətlərlə tanış edim” söyləyirdi. Bu da qəşəng yumordur. Onunla çox gözəl münasibətlərimiz vardı. Həmişə Bakıya gələndə görüşüb-söhbətləşərdik.
“Bizim vaxtımız keçib”
Düz 30 il – 1957-ci ildən 1987-ci ilədək şərhçilik etdim. Sonradan vəzifəm bir qədər artdı, baş redaktorun müavini oldum. Artıq reportaj aparmağa imkan olmurdu. Çingiz İsmayılov gələndən sonra onunla növbələşirdik. Mən radioda olanda, o, televiziyada və ya əksinə reportaj aparırdıq. Beləcə yavaş-yavaş şərhçilikdən uzaqlaşmağa başladım. Baş redaktor olanda şərhçilik üçün heç imkanım olmurdu. Yalnız gedib futbola baxırdım, bəzən heç getmirdim. Ya Çingiz İsmayılov, ya da rəhmətlik Qərib Əhmədli və digərləri reportajlar aparırdı. Getməyə imkan olmayanda, yerli şərhçilərdən biri bizim üçün radio ilə reportaj aparırdı.
Son dövrlər yalnız bir dəfə şərhçilik etmişəm. O da “Space” telekanalında “Qarabağ”ın hansısa komanda ilə oyunu idi. Tural Xudiyevlə birgə aparırdıq. İkimizdə də qulaqcıq vardı, bir-birimizi eşidə bilmirdik. Nəticədə bəzi yerlərdə sözləri təkrar etdik. Xüsusən, sonluqda. Bilirsiniz, bizim vaxtımız keçib. Cavanlar var, Allah canlarını sağ eləsin. Onlara uğurlar arzulayıram. Bir az da yaxşı, mükəmməl aparsınlar. Amma bizi informasiya ilə yükləməsinlər.
Elşən Məmmədov
LENT.AZ
Yorumunuz
Şərhlərə görə (3 göndərilib)
-
Yerləşdirilib goldoni, 15 İyul, 2011 22:54:04The contemporary disease quickly spreads in the Russian capital as well. The owners of elite restaurants have noticed it first.
-
Yerləşdirilib claudedo4, 22 May, 2010 12:52:27Hi everybody http://www.homeinternetjobs.com.au/internet-jobs-from-home.gif my name is chester (sure it is not the similar as my profile I want to throw people today off LOL!) I am from your america I just wanted to say hi and I hope this may be the appropriate spot to post this. this is appropriate yeah?
-
Yerləşdirilib deemieree, 13 May, 2010 21:36:58Hi all! I have my own experimental site (it not work yet), www.dgtyb.org It is possible to order the on mail? and else buy viagra online - eskq - 84946 Merkle, W / Dietz, U / Jaursch-Hancke, C, Aktuelle Urologie, Jun 2004 PURPOSE: Since Sildenafil (Viagra) has become available, there have been reports of death and cardiac risks associated with its use. generic viagra viagra dosage viagra forum viagra pill soft viagra 97666 - xw vvi.ag.ra- use , vvi.ag.ra- wholesale else buy now viagra online - sqly - 14970 and The present patient was excluded from data analysis because of atypical reactions: he experienced a decrease in peripheral vascular resistance upon orthostasis during treatment with sildenafil and tamsulosin.Early in her life she learned that sex is dangerous and yucky.At the end of the day after the kids are tucked in and dinner dishes are washed and put away she has only enough time to catch a few minutes of American Idol before lights out.Erectile dysfunction occurs commonly in untreated and treated hypertensive patients, impairing adherence to treatment and quality of life. viagra order online48039 Regards






