Baxışın
Hər gün xatirənə layla deyirəm,
Bəlkə də kiridi mələr baxışın.
Yaxşı ki, əlifba bilmir körpələr,
Nələr danışardı, nələr baxışın.
Yuxular yox olub kirpiklərimdə,
Yolunda qurutdum gözümün yaşın.
Həsrətə dözməyib bəbəklərindən,
Deyirəm uçunub gələr baxışın.
Baxışın aşacaq dərdi, sınağı.
Baxışın öpəcək yaşlı yanağı.
Baxışın qucacaq dəli sayağı.
Bilmirəm daha nə dilər baxışın.
12.09.2009
***
Mələkdi düşündüm, dindi, danışdı.
Danışdı, nə dedi sözündən öldüm.
Daha yaxşılara inananmıram.
Bir üzüyolanın üzündən öldüm.
Göz dəydi ruhumun gözəlliyinə.
Soluram. Gəzirəm gözəlliyimi.
Bu dünya salıbdı dəcəlliyinə.
Bir dəcəl solanın üzündən öldüm.
***
Bir şirin söz oldun dodağımda sən,
Sirr dolu dünyamın əziz sakini.
Bağışla sevgimi söyləyəmməsəm.
Yola ver qəlbimi, burax bu kini.
Dərdimi yox elə, məni sən yarat.
Sirli bir nağıl bil, eşqim amanat.
Uçurum sevgimi al, göyə ucalt.
Bir Allah biləcək içimdəkini.
07.07.2009
Sənə
Nə qədər çətinmiş sevgi qazancı,
Həsrəti könlümə yatır sayıram.
Həmişə ağlayan uşaq görəndə.
Sənin gözlərini xatırlayıram.
Sənsiz buz tutunca səninlə yanım.
Neylədin qanına qaynadı qanım.
Belə şirin düşmə, qadanı alım.
Səni anan kimi yazıqlayıram.
Batıbdı hər səsi xatirələrin.
Lal olub tikəsi xatirələrin.
Dərdini çəkəsi xatirələrin.
Dərdindən ölürəm, azarlayıram.
Yoxdur bərəkəti bir belə payın,
Tikilir içimdə kədər sarayım.
İtirib sərhəddin qış ilə yayın.
Bahar ağlayıram, yaz ağlayıram.
Mən sənsiz dünyanın xoşbəxti ollam.
Səni anan kimi yazıqlayıram.
Mən neyləyim?..
Cüt göz azlıq edir ağlamağıma,
Açım ürəyimi sənə danışım.
Həsrətinlə baş eləmir gözlərim
Belə getsə cücərəcək balışım.
Sevgi həsrəti
Sevgi həsrətiylə dolub, boşalan.
Buludam, görmürsən məni yaxında.
Amandı yuxuma heç kim girməsin.
Görəllər görürəm səni yuxumda.
Sevgiyə verdiyim sualım da sən,
Həsrətdən aldığım cavabım da sən.
Bir zaman yuxuna qəfil, lap qəfil,
Mələk qılığında gələcəyəm mən.
Mən yuxu çiçəyin, xəyal gülünəm.
Düşünə bilmirəm solacağımı.
Dilində ilişib qalan söz kimi.
Görən xatirində qalacağammı?
Sənə yük olaram, qurğuşun yükü.
Nə qədər vaxtın var, sap əllərimdən.
Bir gün bu dünyadan əlim üzülsə.
Bir yaxın dost kimi öp əllərimdən
18.10.2009
Yuxuma girirsən....
Yuxuma girirsən, evim yıxılır.
Hər səhər yerimdə donub qalıram.
Sənin ətəyindi öpüb, durduğum.
Hamı elə bilir namaz qılıram.
Yuxuma girirsən, evim yıxılır.
Cüt göz azlıq edir ağlamağıma.
Bu qədər ağlatdın, bir dəfə güldür.
Dözmürəm evimin yıxılmağıma.
Hafiz Hacxalıla cavab
Son nəfəs deyil ki, çəkdin, qurtardı.
Demə bu həsrəti nə var çəkməyə.
Sən dərddə üzməyə alışmamısan,
Gəl mənim gözümdə avar çəkməyə.
H.Hacxalıl
...
Ömrümün dadını, duzunu verdim.
Həsrətlə arama divar çəkincə.
Gedib məhəbbətə yol qazıyaram,
Sənin gözlərində avar çəkincə
...
Yorumunuz
Şərhlərə görə (10 göndərilib)
-
Yerləşdirilib Farasat, 12 Noyabr, 2010 02:19:31Afət xanım salam! Sənin şerlərində bir çox şairlərin bacarmadığı fəlsəfi fikirlər və romantik hisslər üstünlük təşkil edir. Bax elə buna görə də oxumaq çox maraqlıdır. Sənə uğurlar arzulayıram! Beləcə davam elə!!! Çox hormetle Fərasət!
-
Yerləşdirilib Elməddin, 15 Fevral, 2010 14:20:24Gözəl! Çox gözəl! Bu gün-həm dünənin güzgüsüdü, həm də gələcəyin! İndidən gələcəyiniz bəllidi! Uğurlar sizə!
-
Yerləşdirilib Namiq Haciheyderli, 13 Dekabr, 2009 03:01:34salam Afet xanim! ishiqli sherlerinize gore tebrik edirem, ugurlar dileyirem. Ayrica sherlerime yazdiginiz sherhe gore teshekkur edirem. haciheyderli@box.az
-
Yerləşdirilib ......, 04 Noyabr, 2009 07:42:12Salam. Sənə uğurlar arzulayıram. Supersən. Özünü öyüb qadınlar Şeır yaza bilmir deyənlər oxuyub ibrət götürsünlər.Qadınlar sevgilərini şeirlə dilə gətirməyə çalışanda möhtəşəm olur. Yeni mövzu istəyirsən? Yaz: (Ruhumu oxşayan o ilıq nəfəs Yalan dənizində batıb, boğulub.)
-
Yerləşdirilib Nizami Heydərov, 27 Oktyabr, 2009 03:42:58Çoxdan dadını yadımdan çıxardığım meşə,dağ bulağını mənə xatırlatdığına,unutduğum həqiqi hissləri mənə yaşatdığına görə sənə təşəkkür edirəm Afət xanım.Davam elə və özünü təsdiq et.







YENİLİKLƏR