Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

İmdat AVŞARdan bir öykü

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 AĞ BULUD

 Günortaya yaxındı. Dümağ bir səs  ilıq bir yeltək əsər, bir rəhmət buludu kimi keçərdi məhəllədən. Uşaqları  arxasınca aparan bu səs küçələrdi əks-səda verərdi:
    
 -Özü gedir! Özü gedir!

 Uşaqlar bu səsə bağlıymış kimi  uzun bir qaçışa hazırlanardı. Bir yaylaq mehi yalayardı üzlərini. O bəyaz  səs həmişə eyni yoldan keçərdi. Onun keçəcəyi yolun iki tərəfində hər kəs öz işindən ayrılar, bütün oyunlar  “yağış”dan sonraya  təxirə  salınardı. Bir ağ yağış başlardı, saatları sovurma şəkərə çevirən,Günəşin şəkər  bürcünə girdiyi, şipşirin müjdəli ağappaq bir yağış.  Ağ buludun gəldiyini bir-birlərinə müjdələyən uşaqların şən səsləri yüksələrdi tozlu yollarda. 

 -Hacı Baba gəlir! Hacı Baba gəlir!

Hər həftə dolu kimi yağıb keçərdi Hacı Baba. İri, ağ qanadlı bir quş kimi uçaraq gələrdi. Uşaqlar ona doğru qaçardı. Hacı Baba məhəlləyə girincə velosipedinin sükanını buraxar, iki əlini yana açardı. Küləyin dalğalandırdığı ağ önlüyünün ətəkləri dalğalanar, ağ bir göyərçin kimi qanadlanardı. Hacı Baba və uşaqlar bir-birlərinə yaxınlaşdıqca səslər də qarışardı. Üzündən əskik olmayan o təbəssümlə uşaqlara şəkər yağdırar, qışqıra-qışqıra yoluna davam edərdi.  

-Özü gedir! Özü gedir!

Uşaqlar özü gedən o ağ və bərəkətli səsin arxasına düşdüyü zaman, məhəllədə bir qəhqəhə tufanı və  səs- küylü bir qaçış başlardı. Uşaqlar dillərində şən bir təkərləməylə bir çay olub axardılar velosipedin arxasından. Hacı Baba özü də şən bir təkərləməydi onların dilində. Qaçarkən elə hey bir ağızdan qışqırardılar.
 
-Hacı Baba bəri bax! Qulağına dəri tax! Hacı Baba bəri bax! Qulağına dəri tax!

Bütün varını şəkərə çevirib  uşaqlara paylayan, ağlara bürünmüş bir könüllü dəli idi Hacı Baba. Bir yaylaqdan enib keçdiyi tarlalara bərəkət bağışlayan ağ köpüklü bir çay idi. Pambıq kimi idi saqqalları. Başındakı şapka, ayaqlarındakı ayaqqabılar, paltarının üstündən geydiyi uzun önlüyü, velosipedi, velosipedinin sükanına bağladığı lentlər, ön təkərin iki yanındakı rüzgargülləri, uşaqlara yağdırdığı  şəkərlər, söylədiyi ilahilər… hamısı ağ idi, ağappaq.

Uşaqların üfüqündə dümağ bir bulud idi o. Keçdiyi küçələrə şəkər olub yağar,onun yağdırdığı şəkərlərə yetişmək üçün dəlicəsinə qaçardı uşaqlar. Hacı Baba hər dəfə əlini cibinə  salanda, təkərləmə söyləyən uşaqların səsi kəsilərdi bir an. Yağışı gözləyərdilər. Hacı Baba şəkərləri havaya doğru atanda qışqırıqlar yenidən yüksələrdi. Uşaqlar məscid həyətində yem görmüş göyərçinlər kimi şəkərlərin düşdüyü yerə yığışardılar.
 
Yemləri yığan göyərçinlər, "Hacı Baba bəri bax! Qulağına dəri tax!"- deyə qışqıraraq yenidən velosipedin arxasına düşərdilər.  Uşaqların bu qışqırıqlarını eşitmirmiş kimi arxasına  heç baxmazdı "özü gedən." Hər gün başqa bir məhəlləyə yağan o bərəkətli, ağ bulud, hər gəlişində arxasına şəkərlər və xoşbəxt uşaqlar səpələyərdi… Uşaqlar yorulanda onun da səsi uzaqlaşar, qollarını bir quşun qanadları kimi çırparaq uçar, süzər və  xəyal kimi gözdən itərdi Hacı Baba.

Heç kəsi yox idi onun, təkbaşına yaşayardı. Şəkər yağdırdığı məhəllələrdən köhnə maqnitofon, radio, saat, qaz sobası… nə tapsa satın alar, onları təmir edərək qəsəbə bazarında satardı… Qazandığı bütün pulları şəkərə  verər, uşaqların xoşbəxtliyi üçün xərcləyərdi.

Bəzən velosipedinin arxasında böyük bir limonat küpü ilə gələrdi. Bir limonat seli olub axardı. Məktəblərin qapısında gözləyər, uşaqlara limonat paylayardı. Tənəffüs zəngi çalınanda  uşaqların hücumuna uğrayardı. Əlindəki uzun çömçəsiylə stəkanları doldurub  uşaqlara verərdi. Şagirdlər onun ətrafına yığışar, hərəsi bir tərəfindən çəkər, üst-başını dartışıdırar, qollarından, çiyinlərindən asılardılar.

Təmir etdiyi əşya radiodursa “özü danışır!" , qaz sobası olsa "özü yanır!"- deyə qışqıra-qıçqıra satardı təmir etdiyi mallarını.  Bir kasetə öz səsini yazar, sonra düyməni basıb, oradan uzaqlaşardı. Təmir edilən maqnitofon, həm öz reklamını, həm də digər əşyaların reklamını edərdi. Hacı Baba uzaqlaşanda isə axşamdan öz səsini yazdığı kaset maraqlı alıcılara uzun- uzadı izah edərdi:

 "Mən danışaram. Danışmağı bacarıram. Mahnı da söyləyirəm, ilahi də. Hətta azan belə oxuyuram. Baxın bu qaz sobası  da özü yanır. Bu saat da vaxtı özü söyləyir. Bu radio isə düz beş dil bilir…  İstəyirsiniz sizə bir ilahi söyləyim..."

Və Hacı Babanın ağappaq səsiylə bir ilahi başlardı.

   Mən gedərəm yana- yana
   Eşq boyadı məni qana
   Nə aqiləm, nə divanə
   Gəl gör məni eşq neylədi.

Bəzən gözdən itərdi. "Yenə ucdu bizim dəli" -deyərdilər arxasınca. Həccdən dönənlər and- aman edib Hacı Babanı Kəbədə gördüklərini söyləyərdilər. Dəli idimi? Vəli idimi? Kimsə bilməzdi amma o, "ağlın sirdaşı dəlilikdir,ey canlar"- deyərdi həmişə. Həcc mövsümündə "ucdum getdim, ucdum gəldim. Özüm getdim, özüm gəldim" -deyə keçərdi məhəllədən. Uşaqların üstünə şəkər yerinə xurma yağdırardı.
 
Yanvar ayı idi. Qar  üç gün dayanmadan yağmışdı. Qocalar o günə qədər elə bir qış görmədiklərini söyləyirdi. Külək heç susmur, gecələr boyu yağan qarı sovururdu. Evlərin şimal tərəfləri qar elə örtmüşdü ki, damlar belə  görünməz olmuşdu. Bütün qəsəbə ağ bir örtüyə təslim olmuşdu. Günorta azanından əvvəl bir ölü azanı yüksəldi minarələrdən. Bəyaz bulud ölmüşdü.

...Dümağ gəlirdi məhəlləyə. İri, ağ bir quş kimi uçurdı küçələrdə. Bir şəkər yağışı idi o. Günortaya yaxın ilıq bir küləklə, ağ bir səslə gəlirdi. Dümağ bir gündə, bir fırtınayla getdi və bir daha heç gəlmədi özü gedən. Nə o səs keçdi məhəllədən, nə də şəkər bürcünə girdi mövsümlər…

 O gündən sonra oyunlarını heç təxirə salmadı uşaqlar… 

 (Uyğunlaşdırma: SƏHƏR)

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib hayat, 17 Dekabr, 2009 02:28:14
    oxudum ve cox beyendim Ag Buludu. hem Imdat Avshara, hem de ceviren Seher xanima derin tesekkurler. ruhlandim...

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az