Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

BIR ŞAMIN KÖLGƏSINDƏ YAXUD «NƏ VAR SÖZDƏN O TƏRƏFDƏ?»

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Şair deyəsən, təkcə adamlardan çıxmırmış. Sən demə şairlərin şerlərində bol-bol işlətdikləri gül, bülbül, şam, pərvanə sözlərinin də şairliyi varmış. Bəlkə bu adam şairlər elə onların yazdıqlarını «köçürürlərmiş?!»
Bəlkə buna görədir ki, şair Saqif Qaratorpaq da özündən xəbərsiz (özündən xəbəri olsaydı şair olmazdı ki) bir şamın kölgəsinə sığınıb o kölkəni evi  bilib, küməsi sanıb. Və o şamın kölgəsində olmasan¬da bir misra da şer  yaza bilmir.
Şairlik ürəyinin dalınca yola çıxmaq kimi bir şeydir. Şair olan Şamın kölgəsindən keçməlidir. O gəzilən ürək ya Şamın kölgəsində, ya aşiqlər-məşuq¬lar pərvanə-şam kimi alışıb yanırlar? Bəlkə buna görədir ki, vəsl gecəsində bütün gur işıqlar gözdən düşür, bircə şam  yandırırlar.
Bir Şam  qalır, bir də Şamın kölgəsi.
Bir Şam qalır, bir də qoşa aşiq-məşuq.
Bir Şam qalır, bir də şair…
Bir Şam yanır, ən müqəddəs bir qəbrin üstdə də!
Bir Şam yanır sevən ürəklərdə.
Şair üçün Şamın kölgəsi yanır. Və şair buna inanıb başlayır şer yazmağa.
Bəli, doğrudan da çoxunun gözündə yanan Şamın özüdür.
Saqifin gözündəsə (şairin gözündəsə!) yanan Şamın kölgəsidir.
Saqif ən yaxşı şerlərini Şamın işığında yox, Şamın kölgəsində yazıb.
Şamın kölgəsini hamı görür. Şamın kölgəsi şairdən başqa kimin yadına gələr ki…
Çoxlarından ötrü ağlayan Şamın özüdür. Saqif¬dən ötrü (şairdən ötrü) Şamın kölgəsidir ağlayan.
Aşağıdakı misraları məhz Şamın işığında yox, Şamın kölgəsində yazmaq olar:
Həyat elə adi, elə adi ki,
Baxdım, gözlərimin yaşı qurudu.

…Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.

…Qulağını bəri tut.
Niyə tutur gülməyin?
Bəlkə hər şeyi deyim,
Bəlkə heç nə deməyim?!
…Payız görən kimi
sevdi bu qızı.
…Bu gülşəni elə gəzib dolandım,
 Bilmədi bənövşə, nərgiz dərdimi.
Şamın kölgəsindəymiş Saqifin əkini də, tikini də ev-eşiyi, günü-güzəranı da. Sevinci də, qəmi də.
Uyuyub, uyub getdim,
Deməyin döyüb getdim.
Başımı qoyub getdim,
Bir Şamın kölgəsində.
Saqif bu dünyaya gələndə Füzulini görə bilməzdi.
Saqif Şamın  kölgəsinə boylandı-Füzulini gördü…
Bəlkə ona görə dilinə, canına, ruhuna Füzuliyanə misralar hopdu:
Yudum hər günahımı
Bəlkə bir günah ilə-deyən şairin o dəqiqə bilinir ki, əlləri kimin ətəyindədi!
Saqif elə bilirdi ki, «Qapının üstədi baxtın açarı» Amma həmin açarı Şamın kölgəsində tapdı.
Adətən adamın gözünə qəbirdə torpaq tökürlər. Saqifsə hələ ölməmişdən ölüm fəlsəfəsini duymuş qələm əhlidir. Odur ki, deyir:
Gözümə torpaq tökün,
Bir Şamın kölgəsində.
(Saqif bir Şamın kölgəsində hər gün ölümlə üz-üzədir. Ulularımızın «Ölməzdən öncə ölmək gərək!» nəsihətini vaxtında öyrənib, bilib).
Adamların bildikləri adi adamlar üçündür.
Şair Adəm üçün şer yazır. Saqif də şer yazmazdı. Şamın kölgəsinin xətrinə şer yazıb!
Şam yanır. Bir onun şöləsi var, bir də kölgəsi.
Şöləsi bu üzüdür Şamın, kölgəsi o üzü…
Biz də dünyanın bu üzündə yaşayırıq. Ancaq dünyanın o üzü daha çox çəkir bizi.
Biz Ayın bu üzünü görürük. Ayın görünməyən tərəfi də var axı.
Sən demə…bizim də Sözün bu üzündən, bu tərfindən xəbərimiz varmış az-çox. Bəs görəsən onda «nə var Sözdən o tərəfdə!»
Şairlər bizi həmişə məhz o tərəfə doğru aparırlar.
Və Söz ona görə də heç vaxt öz möcüzəli xarakterini itirmir!
Sözün bu tərəfində yıxılanda o tərəfi səsləyib əlimizdən tutur, ayağa qaldırır bizi:
Nadanların düşüb bəhsi,
Arif olan götür dərsi.
Aşiq kimsə durub desin,
Nə var Sözdən o tərəfdə?!
Nəsimi deyirdi ki, mən Sözün dadıyam. Bir halda ki, Sözün dadı var, demək onda qaşı da, gözü də yox deyil. Necə ki, Sözün bu tərəfi və… o tərəfi var.
Saqifin bu qədər Şamın kölgəsinə çəkən nədir?
Çox ola bilsin ki, Sözün o tərəfi Şamın kölgəsindən daha yaxşı görünür?!
Sözün o tərəfi bəlkə Sözün o tərəfindən nəsə tapmadığımız üçün bir vasitədir?!
Və mən əminəm ki, Saqif Sözün o tərəfi olduğunu da bilməsəydi bu  tərəfdə şer yazmazdı. Buna görə də əminəm ki, Saqif görməsəydi ki, «keçib gedir gedənlər ürəyinin dalınca» - yenə də şer yazmazdı, şair olmazdı!
Saqif Qaratorpaq da qələmi əlinə Sözün o tərəfi naminə-təzə nəsə demək naminə götürmüşdür.
Hər  edilən təzə kəşf, hər atılan təzə addım və hər yazılan təzə şer (yaxud hər hansı yaxşı elmi-bədii əsər) dünyanı dərk etmək üçün edilən daha bir cəhddir.
«Hərgah dünya mənə dərk edilmiş görünsəydi mən yazmağa başlamazdım!» (A. Kamyu)
Bu şeirlər kitabı da Sözün o tərəfidir.
Bir Şamın kölgəsidir.
Və Saqifin şeirləri bir  daha göstərir ki, nə varsa Sözdən o tərəfdədir, dalınca gedilən ürəyin yanında¬dır.
Sözün o tərəfisə… bir Şamın kölgəsindəymiş.
…Saqif bir Şamın kölgəsindədir.
… Saqif ürəyinin yanındadır.
… Saqif Sözün yanındadır.
…Saqif Sözünün yanındadır.

Barat VÜSAL


Saqif QARATORPAQ


ŞAMIN KÖLGƏSI

Gizlənmişdim nə vaxtdı
Bir şamın kölgəsində.
Nə vardım, nə də yoxdum
Bir şamın kölgəsində.

Qətlimə fərman hazır,
Deyirlər: yazan yazıb.
Qəbrimi qələm qazıb
Bir şamın kölgəsində.

Məni sözümə bükün!
Üstümə yarpaq tökün!
Gözümə torpaq tökün
Bir şamın kölgəsində.

Uyuyub, uyub getdim,
Deməyin, doyub getdim.
Başımı qoyub getdim
Bir şamın kölgəsində.


BU DÜNYA

Ötən günü yuxu bildik,
Azı qandıq, çoxu bildik.
Bu dünyanı yuxa bildik,–
yeyənmədik.
Fətir-fətir yedi bizi bu dünya.

Bir yiyəsiz  yabı gördük.
Su saxlamaz qabı gördük.
Yağış yağdı-qapı gördük,
Döyənmədik.
Çətir-çətir döydü bizi bu dünya.

Yalanı da gerçək  oldu,
Əlimizə əlcək oldu.
Qara torpaq pencək oldu,–
geyindik…
qəbir-qəbir geydi bizi bu dünya.


YALQUZAQ

Əvvəl  işıq bildim səni uzaqdan,
Nə bilim ov gəzən ac yalquzaqsan.
Mən sənin ovunam, ya da sən mənim,
Taleyin ovuyuq düzünə baxsan.

Biz yola çıxmışıq doğulan gündən,
Hərdən günəş doğub, hərdən çən gəlib.
Bəlkə də yolu düz gəldiyimizdən
Elə bəxtitmiz də belə tən gəlib.

Yox, dönə bilmərik daha bu yoldan,
Arxaya baxıram işıq görünmür.
Bəlkə mənim qanım bircə qaşıqdı,
Baxıram əlinə qaşıq görünmür.

Gözlərin işarıb bütün gecəni,
Gözünün işığı gözünə düşüb.
Kimsə işıq bilib mənim izimi,
Deyəsən kimisə izimə düşüb.


TƏNHALIQ

Mənim gəlişimi gözləmir heç kim,
Vaxtsız qonaq kimi gecə gəlirəm.
Boylanıb arxamca izləmir heç kim,–
Mən necə gedirəm, necə gəlirəm.

Gün batır sakitcə gedib döyürəm
Dərdli ürəklərin qapısını mən.
Gələni qovmazlar, axı,–deyirəm,
Çırpılır üzümə qapılar hərdən.

Sönür pəncərədə, sönür işıqlar,
Vaxt ötür, gecənin yuxusu gəlir
Hardasa, uzaqda yanan işıq var,
Hardansa həsrətin qoxusu gəlir.

Bilirəm, kiminsə gözü yol çəkir,–
Çəpəri, hasarı aşıb gedirəm.
Məni arxasınca bir nisgil çəkir,
Həsrətin izinə düşüb gedirəm.


XƏNCƏR

O ki dar ayaqda qoruyub bizi,
Paxıl ürəklərə tuşlamışıq biz.
Bəlkə də birinci döyüşümüzü
Xəncər davasıyla başlamışıq biz.

Gümüş dəstəyində barmaq izləri,–
Bilirəm, qorxağın əlinə yatmaz.
Görsə ürəksizin əsər dizləri,
Belinə bağlasa, belinə yatmaz.

Doğrusu, bir azca parıltımız var,
Qorxub qınımızdan çıxa bilmirik.
Eh, elə quruca qaraltımız var,
Bərkə düşən kimi gözdən itirik.

Tiyəsiz xəncərlər göz qamaşdırır,
Gizləyə bilmirik «heyrətimizi».
Yaltaqlar yığılıb «muzey» açdırır,
Rəflərə qoyuruq qeyrətimizi.

İtir yavaş-yavaş sözün ovxarı,
Korşala-korşala tiyəsiz qalır.
Üstündən ötdükcə vaxtın axarı,
Gümüş xəncərimiz yiyəsiz qalır.

Deşir ürəyimi bir dərd xəncəri,
Dəvanın-dərmanın əsəri olmur.
Qardaş, korşalanda qeyrət xəncəri;
Gümüş xəncərlərin kəsəri olmur.


ÇIYINLƏR

Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.

Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.

Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.

Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.

Yapışar yollara  ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.

Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.

Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin  bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.

QABAĞIMI KƏSƏN VAR

Daha səni qaçırası deyiləm,
Daha yoxdu yollarının qorxusu.
Anan bilsə çəkməyəcək daha qəm,
Qaçmayacaq innən belə yuxusu.

Yuxularım çin olmadı, neyləyim?!
Nədən oldu?
Ya taledən, ya baxtdan,
Sinəm dolu, üzüm gəlmir söyləyim,
Köks ötürüb boylanıram uzaqdan.

Arzularım, diləklərim, şüşəydi,
Sındı qəfil, qəlpə-qəlpə töküldü.
Səni tale, məni də ki vaxt əydi,
Sınan qəlbi bacarırsan tik indi!

Görən sənmi, görən mənmi günahkar,
Ya ağlımla dil tapmayan ürəyim?!
Göstər mənə günahsız bir Adam var,
Tanrı deyim, ulu deyim, pir deyim.

Daha səni qaçırası deyiləm,
Daha məndən hər gün uman-küsən var.
Daha səni ötürəsi deyiləm,
Bilirsənmi, qabağımı kəsən var.

DÖYÜŞ

Döyüşdü…
Baş düşür yerə:
insan başı, at başı.
Meydanda düşən papaqlar
gəzirlər yiyəsini.
Meydanda düşən papaq kimi
düşüb qaldı yurd yeri,
dönüb də Kim götürər?!

* * *
Sən də, mən də
iki  damla göz yaşıydıq.
Axdıq, axdıq
bir həsrətin yanağıyla,
bir vüsalın daş ovcuna
düşənmədik.
Nə sən mənə,
Nə mən sənə küsənmədik.
Axdıq, axdıq
ömrümüzdən
bulud kimi ötüb keçən
günü, ayı saya-saya,
Sən bir çaya,
mən bir çaya,
bir həsrətin yanağıyla…

GÖRÜNMƏZ

Bu sevdanın payızı
Gətirdimi ayazı?
Gözlərimdə qəm buzu,
Əriməz ki, əriməz.

Bilirdimmi bu istək,
Çən-dumana düşəcək.
Qəm düzündə bəxt köşək,
Yeriməz ki, yeriməz.

O çağıran kim idi?!
İtirdimmi ümidi?
Ürək uşaq kimidi,
Kiriməz ki, kiriməz.

Sevda ulu, eşq əzəl,
Töküldüm xəzəl-xəzəl,
İtirdiyim o gözəl
Görünməz ki, görünməz.

SƏN GEDƏN YOLLARIN

Sən gedən yolların üzü qürbətə,
Bir də bu yerlərə gələcəkmisən?!
Sən gedən yolların  üzü həsrətə,
Geriyə qayıda biləcəkmisən?!

Üz tutub gedirsən bəs birnəfəsə,
Axı, bu getməyin qayıtmağı var.
Hayıf, ayrılığın yolları kəsə,
Hayıf, ayrılığın yolları hamar.

Payızda köç edən durna deyilsən,
Geriyə dönəsən yaz gələn kimi,
Qəm səni tanıyar, qəmə əyilsən,–
Tənha bilən kimi, tək bilən kimi.

Gözlərin yol çəkər, yollar uzanar,–
Baxdıqca ürəyin sıxılacaqdır.
Sən gedən yollara qollar uzanar,
Sən dönən yollara kim çıxacaqdır?

Üz tutub gedirsən, getməyə nə var;
Getmək əzab deyil qayıda bilsən.
Gedirsən, bir ovuc torpaq da apar,
Gözünə tökərsən məhəbbət ölsə.


ASFALTA ÇƏKILƏN ŞƏKIL

O gecə rəssamıydı,
naşı bir rəssam,
fırçası dəmirdən,
Bakının sinəsinə çəkdi şəklimi,
Ən böyük küçəsinə çəkdi şəklimi.
Tək bircə şəklim var,–
nə dostlara yollaya bilirəm,
nə qohumlara;
nə də sevgilimə.
Tək bircə şəklim var,–
Sinəsində gəzdirəcək vətən.
ocaq,1990

AĞI

Nə vaxtdı bir qəmin başdaşıyam mən,
Bir qız  sevdiyitək qucammaz məni.
Bir yetim sevginin göz yaşıyam mən,
O şana kirpiklər tutanmaz məni.
 
Qəlbin heyrətindən bir haray doğar,–
Heyrətim bir kövrək sözü gətirər.
Yenə Günəş çıxar, Yenə Ay doğar,–
Sərsəri küləklər yazı gətirər.

O külək köksümə sığına bilsə,
Ötən buludları saxladı bəlkə.
Buludlar məni də yaxını bilsə,
Sıxıb gözlərini ağladı bəlkə.

Sonra göy üzündə bir göy qurşağı
Görüb də qəfilcə dillənəcəksən.
Sonra da bir ömrün dağdan aşmağı,
Sonra, sonrasını nə biləcəksən?

Hərənin öz dərdi öz içindədir,
Ya mavi təbəssüm, ya gözlərdə yaş.
Dünya öz işində öz, gücündədir,–
Yolçu yolda gərək, gəl gedək qardaş!
19.02.1990

ÖZKEÇMİŞİM

Dinc durmayıb dincliyimə daş atdım,
Mələklərin qanadını qanatdım.
Arzuların yüyənini boşaltdım
Sınıq-salxaq arabanın içində.

Öz ağlımın ucbatından ağrıdım,
Uzandığım budaqları doğradım.
Baxtım döndü, bəy quşunu qarğadım
Tozu qopan xarabanın içində.

Bu dünyada tənha qalan qurdmuşam.
Öz səsimi eşidəndə qorxmuşam.
Yüz keçinin dərisini yırtmışam
Neçə-neçə barabanın içindən.


KOMA

Mənimiydi aylı-aylı gecələr,
Mənimiydi qovaqların  kölgəsi,
İnnən belə xəyalımda gecələr,
Ürək-ürək o çağların kölgəsi.

Aman allah, tale elə bu imiş,
Yaman yağır şübhələrin yağışı.
İndiyədək axıtdığım su imiş,
İnnən belə axacaqmı göz yaşım?!

Nahaq yerə koma yapdım özümə,
Niyə çıxdım nağılların içindən.
Nahaq yerə əmma tapdım özümə,
Di çıx görüm ağılların içindən!

Ocaq çatıb gərək koma qızdıram,
Gözlərimi çıxarsa da  tüstüsü.
Gərək qaçıb sevgiləri azdıram,
Vurammasın məni bir də istisi.

Ha tuturam əllərimi üzümə,
Tanımasın məni bir də o həsrət.
Ha deyirəm oxşamayım özümə,
Tapanmasın məni heç vaxt məhəbbət.


NAR  AĞACI

Qış yatıb yuxuya qaldı gecələr,
Eşqindən  gözləri tutuldu yazın.
Yazıq yayı mürgü başdı gecələr,
Payız görən kimi sevdi bu qızı.

Dişi qana batan canavar kimi
Uzun gecələrin bilir dadını.
Bu gecə bir azca nağıllar kimi,–
Payız soyundurur nar ağacını.

DÜŞÜNCƏLƏR

Göy üzü gözəl.
Göy gözlər.
Görüşlər.
Ölmək istəyirəm.

Gülünc olmaqdan qorxuram.
Girinc  olmaqdan qorxuram.

Kölgələr çox.
Bəlkələr çox.
Ölkələr çox.
Sərgərdan yolçular,
Kimsəsiz komalar,
Komasız kimsələr.

Dərddən, danışdıq.
Həsrətdən, danışdıq.
Olanlar, keçənlər,
Dünyadan köçənlər,
Aclıq.
İçimizi gəmirən tənhalıq
Gedək çay içməyə!

***
Qısqanc qadınlara bənzəyir yaman
Yamanca qısqanır işığa məni.
(Kövrək ümidlərin kölgəsi güman–
Gözündə, könlündə qısqanclıq çəni.)

Qorxur ulduzlara vurulmağımdan,
Qorxur vurularam ay işığına,
İşıqlı üzlərin yaraşığına.
Vurulub işığa dönərəm elə,
Qısqanc kölgələrin gözü yaşarar.
Qəmli gecələrin toranlığından
Çıxıb qarışaram yaz yağışına,
Kiminsə məhrəm baxışlarına.
İtəndə kölgəsi kirpiklərinin,
Heyfsilənməyin!
Başınız sağ olsun qısqanc kölgələr!
Başınız sağ olsun Zatalilər!

***
Başımı götürüb gedirdim elə,
Çoxdan unutmuşdum ayaqlarımı.
Qaldırıb astaca kirpiklərini,
Nə yaxşı qarşıma çıxmısan belə.

Başını götürüb qaçmaq çox asan.
Başımı götürüb həmişə qaçsam
Qurtula billəmmi ayaqlarımdan.

Ayağım altında bir  ovuc torpaq,
Başımın üstündə ala buludlar.
Bir ovuc torpaqnan ev tikə billəm,
Bir ovuc torpaqda qəbrim qazılar.

Bilir niyə yağır bu yağış, bu qar,
Biz niyə yağmışıq Yer Kürəsinə?!
Dünya ayaqyalın yüyürür, Allah,
Haqqın işığına, haqqın səsinə!


***
İçimdən keçdi bu karvan.
İçimdən keçdi ağ dəvələr,
yanında köşəyi.
İçimdən keçdi Qaranər.
İçimdən keçdim,–
İçim səhra,
külək sovurar qumu,
tale deyilən bumu?!

İçimdən keçdi bəyaz gecələr,
İçimdən keçdi ağ kəcavələr.
Göz yaşı, ağı.
Hər şey bitəndən sonra
qalan bir ağrı.
İçim səhra,
külək sovurar qumu,
tale deyilən bumu?!

İçimdən keçdi qara bir kölgə,
İçimdən keçdi başıbəlalı bir ölkə,
Zavallı bir məmləkət,
balaca bir kənd,
bəlkə, bəlkə, bəlkə…
içimdən keçdi
Əmir Teymurun boğazlatdırdığı köşək,
külək, külək, külək.
İçim səhra,
Külək sovurar qumu,
Tale deyilən bumu,
Qismət deyilən bumu?!

* * *
Doldurdum başımı qeybətlər ilə,
Boşaltdım içimi söhbətlər ilə.
Küçələr-kimsəsiz, yetim ürəyim,
Ürəyim-kimsəsiz, yetim küçələr.
Bilmirəm hayana gedim gecələr?

Başladı bir qəfil, bir çisək yağış,
Mirvari damcılar süzüldü asta.
Biçarə şamların kirpiklərindən
 Yudu sürməsini ağ fanarların.

Axdı küçələrin yanaqlarına
…Buludlu, yağışlı, yalqız bir gecə
Nəmli, qanı qaçmış dodaqlarıynan
Ağlayır, yıxılıb ayaqlarıma.


SINMIŞ BUDAĞIN AHI

Yolçular yollarında, kimsə səni eşitməz,
Keçib gedir gedənlər ürəyinin dalınca.
Yaraların qaynayıb, qaysaqlayıb bitişməz
Endikcə kövrəkliyə ayrılığın qılıncı.

Düşmə biganələrin, düşmə ayaqlarına!
Dərdini dərdi bilib taleyinə acımaz.
Boylanıb xoşbəxtlərin zəfər bayraqlarına
İçin-için hıçqırıb taleyinə acıma!

Göz yaşınla suvarma nifrətini içində,
Sevgilərin qədəmi qəzəbinə tuş olar.
Əriyib itərmisən şöhrətinin içində,
Tənhalığın yelləri şöhrət külü sovurar.

Hisslərinin gözündə bakirəlik yağışı,
Yağdırma dönüklərin naməhrəm səhrasına!
Çırpılacaq qəbrinə bədxahların alqışı,
Yaxa yırtıb, üz cırıb gələcəklər yasına.

Alındınmı alından, aldandınmı alına?
Nə yarın oldu yollar, nə yollar oldu yarı.
Sinən göz-göz tənədən, küsənərmi halına
Həsrətin pərvanəsi, qəmlərin qəmküsarı?


* * *
Ovcuna bağlanan pul ha deyiləm,
Bu ağa dünyaya qul ha deyiləm.
Xoşbəxtliyə gedən yol ha deyiləm,
Yüyürüb sarılam ayaqlarına.

Gileyim heç umu-küsüdən deyil,
Əllərim tərləyir-istidən deyil.
Məni öpüşlərin isidən deyil,
Baxıb aldanıram dodaqlarına.

Sən ki, bu sevdada naşı deyilsən,
Gülsən, güllərin başı deyilsən.
Hayıf ki, gözümün yaşı deyilsən,
Necə axacaqsan yanaqlarıma?


ETIRAF

Şəhid sevgilərin məzarı üstə
Baxıb qan qoxuyan çiçəklərinə
İnana bilmirəm ölmədiyimə.

Sırtıq küçələrin döngələrində
Çılpaq nəğmələrin yataqlarına,
Boyalı, boyasız dodaqlarına
boylananların
baxıb gözlərinin işartısına,
baxıb üzlərinin qışqırtısına, 
ütülü, qardan ağ köynəklərinə,
inana bilmirəm ölmədiyimə.

Sığınıb yağışda çətirlərinə
Öpüb xanımların əlcəklərindən
Ötürdüm bir axşam evlərinəcən.
baxıb gözlərinin dərinliyinə,
baxıb boynubükük ürəklərinə
inana bimirəm ölmədiyimə.

Papaqlar başları aparıb gedir,
papaqlar başları qoparıb gedir,
düşüb ümidlərin ayaqlarına,
keçib tamahların nizələrinə.
Baxıb bu dünyanın adamlarına,
Baxıb gül libaslı ədalarına,
Bir də qana batmış ətəklərinə,
İnana bilmirəm ölmədiyimə!
İnana bilmirəm ölmədiyimə!


* * *
Bu divarı tutub gedər
Bu kor, qurtaranacan.
Bu divarı tutub getdim
Bu gor qurtaranacan.

Başımın üstündə bir əl,
Arzum qönçə, gülüm xəzəl.
Bu ocağın ahı gözəl
Bu gor qurtaranacan.

Mən gülüncə gül tapılmaz.
Bircə ovuc kül  tapılmaz.
Yolsuzluğa yol tapılmaz
Bu yol qurtaranacan.

DURNA LƏLƏYI

Fələk yandırası bir ah qalmadı,
Günah eləməyə günah qalmadı.
Göz yaşı tökməyə torpaq qalmadı,
Dərdimi yazmağa durna lələyi.

Əhdinə vəfalı bir yar tapılmaz,
Qanımı içməyə əğyar tapılmaz.
Başımı hörməyə divar tapılmaz,
Dərdimi yazmağa durna lələyi.

Hayıf, məni məndən seçdi gözəllər.
Yoxsa mən gecikdim, köçdü gözəllər?
Qanlı köynəyimdən keçdi gözəllər,
Dərdimi yazmağa durna lələyi.

Bu sürtük dövranın astarı çıxıb,
Yetimin əcaib dostları çıxıb.
Qəribə dilənçi postları çıxıb,
Dərdimi yazmağa durna lələyi.

Bu qanlı qovğadan başım açıla!
Əsir ayağımın daşı açıla!
Heyhat! Şair olub makinaçılar!
Dərdimi yazmağa durna lələyi.

Saqif, sağalası min-min yara var,
Yazırsan yaz belə: ağ var, qara var!
Bu qələm hələ çox çirnel aparar,
Dərdimi yazmağa durna lələyi!
Qəbrimi qazmağa durna lələyi!


* * *
İçimdə heç nə yoxdu,
içimdə nəsə də var.
O əllər necə isti,
Bilirəm, nədir qəsdi.

O gözlər necə doğma,
Girəcəklər yuxuma.

O gözlər necə tanış,
Bir bakirə aldanış,
…içimdə heç nə yoxdu,
içimdə nəsə də var.


BULAQDAN QAYIDAN QIZ

Hayıf ki, ürəyim sevgidən doyub,
Hayıf, hamı kimi mən də adamam.
Od alıb, əriyib, külə dönərdim
Əgər ağac olsam, əgər daş  olsam.

Əllərin titrəyir, gözlərin dolub,
Ürəyin xoş sözə, qılığa möhtac.
Daha keçən keçib, olanlar olub,–
Bizim dərdimizə tapılmaz əlac.

Günahkar axtarma bu sevdada sən,
Qarğama taleyə, qarğama baxta.
Sən məni sözsüz də başa düşərsən,–
Qara bağlamışam əlimə çoxdan.

Dincəldin, di yeri, dil açar yollar;
Hər şeyi yoluna qoyacaq zaman.
Əlləri xamırda gözləyir anan,
Mənim də bir azca yazım-pozum var.


* * *
Bir ahın içində axıb gedirəm,
Yüyürüb gələn yox qışqırığıma.
Səsimə hay verən bir kimsə yoxdu,–
Bir deyən yoxdu ki, bir insan batır.
Ya mən yuxudayam, ya dünya yatır,–
Bir oyanan yoxdu hıçqırığıma.

Gedənlər üzünü çevirib gedir,
Keçənlər baxırlar-görmürlər məni.
Unudub saatı, unudub günü
Adamlar harasa yüyürüb gedir.

Baxıram, hər tərəf yamyaşıl sudu,
Baxıram, göy üzü elə mavi ki!
Həyat elə adi, elə adi ki,
Baxdım, gözlərimin yaşı qurudu.


* * *
Daha mənə çox görürlər, neylim, dərdi də,
Daha məni qısqanırlar dar ağacına.
Satan satdı, alan aldı, dərən dərdi də,–
Göz yaşımla suvarmışdım yar ağacını.

Nə biləydim kül olacaq, oduna uydum,–
Sevgi adlı bir ocağın közünə neyçün?!
Kimlər üçün bənövşəydi, qoxladı, doydu,
Mən qaşıyıb qan çıxartdım özümə neyçün?!

Hamı kimi daş atmağı bilsəm də çox da,
Hamı kimi baş qatmağa nağılım yoxmuş.
Ya qan tutub, ya qarğaca ağılım yoxmuş,
Öz içimdə basdırardım özümü çoxdan.


* * *
Ürəyim köksümü yarıb çıxacaq,
Ürəyim köksümə qısılıb durur.
Dərdim divar kimi gəlir üstümə,
Dərdim divar kimi yazılıb durur.

Yaman isinişdim, Ayrılıq, sənə!
Şəklin başım üstdən asılıb durur,
Şəklinə güzgü tək baxıram hər gün.


* * *
Hər şey toza dönəcək,
axacaq yollar boyu.
Yandıracaq yay günü
yalın ayaqlarını
yarıçılpaq uşaqların,
Hoppana-hoppana
qaçacaqlar
yolun qırağındakı
tutun kölgəsinə.
Yadlarına su düşəcək,
Xəyallarından dəniz keçəcək,
Dalacaqlar dalğaların,
Qağayıların səsinə.
Gözəldi düşünmək
Sığınıb bir tutun kölgəsinə.
…Hər şey toza dönəcək,
sovuracaq külək.

* * *
Pəncərəyə toz qonub
yağış yuyub aparır.

Pəncərədən baxırsan
uzaqda ulduz axır.

Baxdığın pəncərə var,
Çıxdığın qapı.
Qəfil bir qonaq
Axtarıb səni tapır.

Baxdığın pəncərə dar,
Arxanca çırpılır qapılar.

Baxdığın pəncərə durur,
çıxdığın qapı.
Günahını mələklər
Ölümə büküb aparır.

* * *
Yada düşər, nərgiz dərdim gül açar.
Təzə-tərdi quzqulağı, qulançar.
Yağış yağa, sel dərədə yol aça,
Burula-burula çay axıb gedə.

Güneylərdə gün ötürəm, vaxt yoram;
Çəpər aşıb bağdan alma qoparam.
Gün şaxıya, qaçıb çaya baş vuram,
Qarışıb sulara yay axıb gedə.

Duram buxarının qırağındaca,
Bir şirin nağılın marağındaca…
Bir qərib sevginin sorağındaca,–
Ulduzlar sayrışa, ay axıb gedə.


TƏCNIS

Sən nə desən qulağımda sırğadı,
Sırğa var gül kimi, gül var sırğadı.
Gözəl  boyunbağı, gözəl sırğadı,
Nə gözəl yaraşır gör qızıl gülə!

Haqqa var, qənimi olub an anın,
Ananda məni də bircə an anın.
Qəlbi dağa dönər ana-ananın,
Oğul mərd danışa, qız qızıl gülə.

Saqifin könlünə yar alı dəyib,
Odur, yar gözünə yaralı dəyib.
Bilsən, yarpağına yar əli dəyib,
Qurban eləyərəm can qızılgülə.

TƏCNIS

Qəm yemə, baxt dönüb yüzün bir olsa,
Çəkinmə yağının yüzü bir olsa.
Haqqın dərgahında üzün bir olsa,
Qarşında otuz da, qırx da dayanmaz.

Mat qalıb sıfıra beş də, yeddi də,
Gah beşdə qonaqdı, gah da yeddidə.
Əl nəyə öyrəşsə beşdə, yeddidə,
Kəssən də otuzda, qırxda dayanmaz.

Dönüb doqquz olar üç dayanmasa,
Yükləsən yıxılar üç dayaq masa.
Birində hönkürüb, üçdə yanmasa
Kövrəlib otuzda, qırxda da yanmaz.

Ömrümün karvanı qırxa yan alar,
Qırxa yetişəndə qırx əyan olar.
Od yoxsa içində, qırx əyan ola,
Alışıb otuzda, qırxda da yanmaz.

NƏRGİZ DƏRDIMİ

Könül, hər yetənə yara açmaram,
Yar bağrım başını yara, açmaram.
Dosta qızınmaram, yara açmaram
Bənövşə qüssəmi, nərgiz dərdimi.

Bubud kimi bircə sözdən dolandım,
Dərdi alıb, qəmi satıb dolandım.
Bu gülşəni elə gəzib dolandım
Bilmədi bənövşə, nərgiz dərdimi.

Yaram çox dərinə keçib dedilər,
Dəvadan, dərmandan keçib dedilər.
Yar bu yerdən dünən keçib dedilər,
Bənövşə qoxlayıb, nərgiz dərdimi?


VƏTƏN HASARI

Mən də olasıydım Vətən hasarı,
Neynir oğlu olan Vətən, hasarı?
Baxma köks ötürüb vətənə sarı,
«Vətən-Vətən» demə daha ərk ilə.

Yaman sındı başımızda dəyənək,
Əl çalmaqdan əllərimiz döyənək.
Yaxşı gündə sinəmizə döyənik,
Yaman gündə işimiz yox bərk ilə.

Bəxt gəmisi oturubdu dayaza,
Bir də ağa olarıqmı Qafqaza?!
Boş qafalar öyrənibsə qapaza
Qandırarmı tanrı onu görk ilə?!

Ağlamaqla qara günlər ağ olmaz,
Bərk yıxılan çaşıb bir də yıxılmaz.
Naşı təbib, özün yorma, sağalmaz
Xəstə canı bürüməklə kürk ilə.

Mərd iyidə qovğa imiş yaraşıq,
Yola çıxma qorxun varsa azacıq.
Gir meydana sinə üryan, baş açıq,
Ər kişini tanımazlar börk ilə.


* * *
Nə xoşbəxtəm, bilsən məni,
Aşiqlərin sırasında.
Bu sevgimiz son şölədi
Bəlkə ömrün çırasında.

Xoşa gəlməz necəliyim,
Dərd sinəmdə becələyib.
Barı bir yol gecələyim
Gözlərinin qarasında.

Damağımız dada gəlsin,
Könül doysun, göz dincəlsin.
Nazik belin qoy incəlsin
Qollarımın arasında.

Eşit qəmli bayatımı!
Qurban verrəm həyatımı!
Oxuyarsan öz adını
Ürəyimin yarasında.


MƏNƏ

Ucuz alıb, baha satır
Dərdimi özgələr mənə.
Göstərər nə vaxt özümü
Bu qırıq güzgülər mənə?

Atıb getdi dostlar məni,
Yağlı, yavan tostlar məni.
Öz içimdən səslər məni,
Dolanıb söz gələr mənə.

Mən handayam, Kərəm hara?!
Göz  yaşımda axar Sara.
Yox heyrətim Məcnunlara,
Tanışdı sevgilər mənə!

Qohum incik, yar küsülü,
Köks ötürrəm gizli-gizli.
Adamlar yağı kəsilib,
Sirdaşdı kölgələr mənə.

Nə atım var,  nə arabam,
Könül talan, can xaraba.
Geyinmişəm qəmdən əba,
Neyləyər bəlkələr mənə.


* * *
Məni də saldınız öz gününüzə,
Gününüz göyərən göy əski kimi.
Dərdimin əksini çəkdim kağıza
Dəniz əksi kimi, göy əksi kimi.

Məni məndən alıb, mən elədiniz,
Məni özünüzə tən elədiniz.
Gör məni axırda kim elədiniz,
Saldınız adımı dilə-ağıza.

Yazıqlar olası, yazıqlar mənə!
Baxıb güləcəklər yazıqlar mənə.
Görəsən nə yazıb yazıq yar mənə?–
Tapılsa oxuya bilən naməni.

ÇIXARA MƏNI

Haqqın kirkirəsi əlində ikən
Çıx eşqə, hikmətə, çıx ara məni!
Düşəndə yadına bənövşə günlər
Bu qəm bağçasına çıx, ara məni!

Gözəlliyi könül duyar, göz əllər,
Qəlb çatını sözlə çətin gözəllər.
Yoxsa məni bəyənmədi gözəllər,
De yoxsa çıxdılar çıxara məni?!

İstək doğma, ürək yaxın, ara bir,
Hərdən məni yar yanında ara bir.
Gül dodaqdan busə verər arabir,
İnsafmı yadından çıxara məni?


ÜRƏYIMƏ DAMANLAR

Yadındamı o yovşanlı təpələr,
Ötən günlər, o xoş keçən zamanlar.
Hərdən yağış narın-narın səpələr,
Hərdən alar dağ başını dumanlar.

Yaman olur sevda necə, sirr necə?!
İtəsiydim, batasıydım sevincə.
Qatarlanıb xəyalımda bu gecə,
Düşur yada o yaxşılar, yamanlar.

Haqqı anıb , girdim yola quş oldum,
Sevdim, seçdim, xəyallandım, xoş oldum.
Görən nədən öz oxuma tuş oldum,
Gəldi başa ürəyimə damanlar.

Peşimandı kim fələklə sac asıb,
Tüstülənir qəm evimin bacası.
Şirin olur nədən eşqin acısı,
Yaş ötdükcə o ahlar, o amanlar.

Yox etibar nə dövrana, nə vaxta,
Sınar yayım, qalar oxum sadaxda.
Salıb yada Saqifi də Qazaxda
Tapılacaq axtaranlar, ananlar.

* * *
Qonşuyuq…
Aramızda bir arx…
Arxın üstündə balaca bir körpü,-
Yazda sel yuyub aparacaq…
Qəribədir,
Bizi ayırır su,
Qovuşdurur torpaq.
… Bir vaxt
ürəyinin başına qoymuşdun məni,
ğözlərində gülümsəyirdi şəklim.
İndi ürəyimə düşür
Gölgəsi
Gözlərindəki qəmin.
…Gecə sizə gəlirəm
körpüyə kölgəm düşür,
sulara əksim.
Sizə necə gəlim,
Bilməsin heç kim?!

ŞƏKLİNİ

Buymuş dünyanın idimi,
Çətin sevəsən indimi!
Yoxsa alıb sevindinmi
Dünən səbrimin şəklini?!

Sevincimi dərəcəksən,
Günahını hörəcəksən.
Muzeylərdə görəcəksən
Daha abrımın şəklini.

Düşüb eşqin güzarına
Kirpiyimdə köz arınar.
Çəkir qəmin hasarına
Zaman ömrümün şəklini.

Uçuna-uçuna ağlama!
Yolub saçını ağlama!
Baxıb ovcuna ağlama,
Görüb qəbrimin şəklini!

O TƏRƏFDƏ

Kağız bilir, qələm bilir
Nə var bizdən o tərəfdə.
Əsli bilir, Kərəm bilir
Nə var közdən o tərəfdə.

Hər gecəyə bir gündüz var,
Hər kimsəyə bir ulduz var.
Bir adamda neçə üz var,
Nə var üzdən o tərəfdə.

Gül nə çəkir bülbül bilir,
Günəş nədir, sünbül bilir.
Ürək duyur, könül bilir
Nə var gözdən o tərəfdə.

Qəm özünə yurd tapacaq,
Kövrəkləri dərd tapacaq.
İgid gəzib, mərd tapacaq
Nə var izdən o tərəfdə.

Nadanların düşüb bəhsi,
Arif olan götür dərsi.
Aşiq kimsə durub desin
Nə var sözdən o tərəfdə.


GÖSTƏRİR

Dünya əyri güzgüdür,
Yalanı düz göstərir.
Mənəm-mənəm deyənə
Beş arşın bez göstərir.

Sananmışı sanayır,
Sınanmışı sınayır.
Yaxşıları qınayır,
Yamana üz göstərir.

Can qızmaz istisinə,
Kor olduq tüstüsünə.
Nadana mərmər sinə,
Arifə diz göstərir.

Kiminin çiynində yük,
Kiminin gözündə tük.
Kimi özündən böyük,
Kimini az göstərir.

Kimsəyə verməz vədə,
Gözləyirik növbədə…
Bir görünməz lövhədə
Saqifə söz göstərir.


* * *
Çoxdan tanıyırdı bu qəm qapımı,
Mənsiz bircə an da aram tapırmı?!
Bu gödək ömrümüz bir göz qırpımı,
Səni itirməkdən qorxum niyə ki?!

Yarpaq da əsməsin ürəyim təki!
Bilirsən, nə imiş ürəyimdəki…
Gecələr biçarə ürəyim çəkir
Ruhumun əksini nədən göyə ki?!

Bizim olasıdır bu küçə, sonra…
Bizim olasıdır bu gecə,sonra…
Durub sayacağam üçəcən, sonra
O qız pıçıldayıb sonra deyə ki…


KİŞİ SÖZÜ
(Kəndimizdə hər papaq qoyana kişi demirlər)

Burda qiymətdədir, eşitmək olmaz
Hər adın yanında kişi sözünü.
Qılıncın, qələmin yerini bilir,
Deyir zamanında kişi, sözünü!

Yazılıb yaddaşa bəhmən kişilər,
Əməli, niyyəti səhman kişilər.
Yatır papaq altda azman kişilər,
Yaşadır canında kişi sözünü.

Su bir də axacaq axdığı yerdən,
Yar bir də baxacaq baxdığı yerdən.
Qalx dağa, dədələr qalxdığı yerdən,
Tapsan öz qanında kişi sözünü!

Saqif, hələ yüzdə birin görünür,
Yetməz hər kimsəyə sirrin, görünür,
Yaşatsan, göz üstə yerin görünür
Adında-sanında kişi sözünü.

ELƏDİM

Bu günü də saldım yola,
Bu günü də dəfn elədim.
Dərdi, qəmi satdım baha,
Bu gün belə kef elədim.

Bu sevda nə imiş belə?!
Bir qırıq ney imiş belə…
Bir içim su imiş belə,
Mən də içib səhv elədim.

Dünya qopur, kardı hamı,
Köhnə tamahkardı hamı.
Gördüm günahkardı hamı,
Mən də məni əfv elədim.

DƏRDİ

Dağa-daşa pıçıldayım
Ürəyimi oyan dərdi.
Yar-yoldaşa pıçıldayım
Qanım içib doyan dərdi.

Bu gün bayram axşamıdı,
Göylər şair ilhamıdı.
Ürəyim bayram şamıdı,
Kimdi daha sayan dərdi.

Toxunmasın şəstinə qoy!
Dur, dayansın qəsdinə qoy!
Öpüb gözün  üstünə qoy
Tanrı sənə qıyan dərdi.

ƏSİR

Bu küləyi öpüb qoxla,
Yaxın, doğma dərddən əsir.
Savalanda qar sovurur,
Səlmasdan, Mərənddən əsir.

Baxma belə xoşdu hələ,
Bir azca sərxoşdu hələ.
Ürəyimdə qışdı hələ,
Kərkükdən, Dərbənddən əsir.

Hər an mənə təzə gəlir,
Üz tutub xoş sözə, gəlir.
Baş çəkib Təbrizə gəlir,
Bir kövrək həsrətdən əsir.

Nə olsun asta oxuyur,
Girib də qəsdə, oxuyur.
Bir azca əsgər nəfəsi,
Bir azca barıt qoxuyur,–
Sınırdan-sərhəddən əsir,
Yaxın, doğma dərddən əsir.


ÇIXIR

Adəm oğlu adam mənəm,
Başım hər bir işdən çıxır.
Dilimdən ən acı sözlər,
Gözlərindən yaş da çıxır.

Gözlədiyim axır olar,
Gördüklərim nağıl olar.
Yaxşı başda ağıl olar,
Hayıf, ağıl başdan çıxır.

Ürəyimi oxla görüm!
Qəm gülünü qoxla görüm!
Ötən anı saxla görüm,
Əldən gedir, huşdan çıxır.

Gördüm, düşdüm işə nədi?!
Qəlb yanında şüşə nədi?
Gözəl, eşqim bənövşədi
Qarı yarıb qışda çıxır.

İlkim torpaq, sonum daşdı,
Qibləm daşdı, yönüm daşdı.
Neyləyim mən başıdaşdı,
Nəyim varsa daşdan çıxır.
 

İNNƏN BELƏ

Mənim nəyimi gördün?
Qırıq neyimi gördün…
Məni, deyimmi gördün?!
Görməzsən innən belə!

Könül quşdu oxuyur,
Qəm ilməsi toxuyur.
Saçın həsrət qoxuyur,
Hörməzsən innən belə.

Göy yamaclar tellənib,
Döşdə nərgiz güllənib.
Göz yaşıma bələnib,
Dərməzsən innən belə.

Gözələ gül verərlər,
Saçın sünbül hörərlər.
Bir yol könül verərlər,
Verməzsən innən belə.

Saqifin saçı dən-dən,
Nə qaldı ötən gündən.
Sevgi təzə, dərd həmən;
Sormazsan innən belə.

* * *
Gerçək olub yalanım,
Başlanıbdı talanım.
Könül, necə dolanım
Mən belə mətah ilə?!

İtirmişəm ahumu,
Kim eşidər  ahımı?!
Yudum hər günahımı
Bəlkə bir günah ilə.

Neynəyirsən necədi?
Həmən  hisli bacadı.
Eşqin  bürcü ucadı,
Yetmək olmaz ah ilə.

* * *
Yenə halım pərişan,
Yenə qəlbim dolu qan.
Gəzirəm sözü tikan
Ürəyi gül adamı.

Bir yer yoxdu qaçmağa,
Qanadım yox uçmağa.
Hərdən könül açmağa
Varmı könül adamı?

Hər sirrin əyan ola,
Canını qıyan ola.
Dərdini duyan da,
Yorarmı yol adamı?
BIR QIZ SORUŞUR SƏNI

Bir otaq küncü olsun,
Bir azca sevinc olsun.
Şəklin baxsın divardan,
Qonşunun kiçik oğlu
Qapımı döysün hərdən,
Söyləsin ki, ay əmi,
Bir qız soruşur səni.


BƏS KIMƏ DEYƏCƏKSƏN

Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir
Sirr var ki, anaya da, bacıya da deyilmir.
Söz var ki, neçə batman bal ilə də yeyilmir,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

Bu möhnət üzər səni, sıxılarsan uzaqda:
Kövrəlib üşüyərsən təklik adlı sazaqda.
Kimsə anlamaz səni, duymaz oğul-uşaq da,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

Mən sevinc topasında qəmi seçə bilirəm,
Dərd arısı verəcək nə vaxt beçə, bilirəm.
Hər səhvinə göz yumub, üstdən keçə bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

İllər köçür durnatək, günlər sözə baxmayır,
Səngidir ocaqları, oda-közə baxmayır.
Dostlar daha yan keçir, qardaş üzə baxmayır,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

Ürək yaman kövrəlir yaş ötəndə bilirəm,
Qarmı gəlir, yağışmı yel əsəndə bilirəm.
Ürəyində nə varsa, deməsən də bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

ÜRƏK

Sinəmdə yellənən bayraq kimidi,
O sirli qırxıncı otaq kimidi.
Nə əksən bitəcək torpaq kimidi,-
Saxlasa göz üstə bu can ürəyi.

Eşqimin dərdinə çarə də odu!
Göz –gözdü həsrətdən, yara da odu!
Dost ilə düşmənlə arada odu,
Ağrıdır hər yaxşı, yaman ürəyi.

Qəmxarı olmayan bir qəm olmasın,
Tanrı buyurubsa qoy kəm olmasın.
Səxavət məhəbbət məlhəm olmasa,
Sağaltmaz yüz dəva-dərman ürəyi.

Arzudu, ümiddi, həm də ahdı o,
Bircə dənəsə də yenə çoxdu o.
Əgər ağrımırsa demək yoxdu o,
Duymasa neyləyir aslan ürəyi?!

O təkcə ət deyil, təkcə qan deyil!
Sevgi tükənməsə dayanan deyil!
Zaman ağlatsa da qocaldan deyil,
Bu məcnun ürəyi, sənan ürəyi.

SON ZƏNG

İnnən sonra başlanır hələ bizim dərsimiz,
Az qalırdı sındıra şüşələri səsimiz.
Lövhəyə dovşan çəkdik, bərk tutanda hirsimiz,
Yadındamı, a məktəb?!

Arı tək vızıldayıb, o quş uçurtduğum gün,
Uşaqları tovlayıb dərsdən qaçırtdığım gün.
Qızların üst-başına o su sıçratdığım gün
Yadındamı, a məktəb?!

Anam güclə durğuzub yerimdən səhər məni,
Qiymətim kəsiləndə boğardı qəhər məni.
Dostlarım ovudardı sonra birtəhər məni,
Yadındamı, a məktəb?!

Əmir müəllim çubuqla hey yandırıb yaxardı,
Pərgarın arasında əlimizi sıxardı.
Ağlağan uşaqların gözündən yaş axardı,
Yadındamı, a məktəb?!

Pəncərəni sındırıb, divarını cızmışam,
Səs salıb müəllimlərin əhvalını pozmuşam.
Bir gözəlin adını partalara yazmışam,
Yadındamı, a məktəb?!

Səndən ötrü burnumun ucu çox göynəyəcək,
Bu əkdiyin fidanlar qalxacaq, böyüyəcək.
Məndən sonra hələ çox məzunların deyəcək,
Yadındamı, a məktəb?!

Ürəyim bərk döyünür, son zəngə bir az qalır,
Köksüm altda alovum, o qoyduğun köz qalır.
Hərədən bir xatirə, bir-iki də söz qalır…
Bu gün səndən ayrılıb gedir balan, a məktəb!
Mən əlvida demirəm, bir də salam, a məktəb!
Yadındamı, a məktəb?!

QALIR

Bəzən söz də bulud kimi,
Havadan asılı qalır.
Ürəyim hürkmüş quş kimi,
Köksümə qısılı qalır.

Gördüm dövranın dəmini,
Həm zilini, həm bəmini.
Əkdiyimiz hər zəminin,
Bizə də xəsili qalır.

Çıxmır yağı nəhrəmizin,
Qaçıb qanı çöhrəmizin.
Sinimizin, döyrəmizin,
Hələ çox qüsulu qalır.

Tükənməz eşqin acısı,
Vaxtdır hər şeyin qayçısı.
Bu dünyanın qəm-bacası,
Həmişə basılı qalır.

GETDİ

Heyrandı hər sözümə,
Göz dikmişdi gözümə.
Dönüb baxdı üzümə,
Sakitcə susub getdi.

Dolmuşdu bulud kimi,
Durmuşdu sükut kimi.
Eşqini umud kimi,
Könlünə qısıb getdi.

O bənd idi bir səsə,
Gözlədi deyim nəsə…
Salıb məni həvəsə,
Sonra da susub getdi.

O gözəldi, mən zalım,
Duydu eşqim azalıb.
Əlim qaldı uzalı,
Hara üz tutub getdi?

* * *
İçimdəki ümidi,
Qoruya bilmədin sən.
Baxtının güzgüsüydü,
Düşüb sındı əlindən.

İndi könlüm baxımsız,
Yiyəsiz ev-eşik tək.
Dönüb yığmaq istəsən,
Əllərini kəsəcək.

ÇƏKƏR

Fələk ömrün naxışını,
Neçə aya, ilə çəkər.
Neçə zili bəm eləyib,
Neçə bəmi zilə çəkər.

Gətirər qəm ayazını,
Dərin eylər dayazını.
Boyaların bəyazını,
Çaşıb nədən telə çəkər.

Nişangahı sinəm olsun,
Dar köynəyi binəm olsun.
Qızıl qanım xına olsun,
Yar bayramda ələ çəkər.


GƏLİRDİ

Dünən çöldən bir gözəl
Lalə dərib gəlirdi.
Qara, qıvrım telinə
Çiçək hörüb gəlirdi.

Köz düşmüşdü yanağa,
Tər qonmuşdu buxağa.
Boylanıb sola-sağa
Qərib-qərib gəlirdi.

O baxışlar, o əllər
Bilsən, deyirdi nələr…
Bəhanəydi lalələr,
Könül verib gəlirdi.


ƏYİLMƏSİN

İyid gərək yar sevməyə
Özü tək gedə, tək gedə.
Koroğlu

İyid odu bağ-bağçası,
Verməsə bar, əyilməsin.
Qarşısını ölüm kəsib,
Görünsə gor, əyilməsin.

İtirməsin bildiyini,
Bir də gülsün güldüyünü.
Qəfil ömrün gədiyini,
Bağlasa qar, əyilməsin.

Eşq yolunda olub Qərib,
Utanmasın dostu görüb.
Qohum-qardaş üz döndərib,
Baxmasa yar, əyilməsin.

Saqif cəfa çəkib güldən,
İnciyib bir incəbeldən.
Qəza vurub bir gün əldən,
Çıxsa da var, əyilməsin.

* * *
Payız minib atına,
Buludların göz yaşı
Narın-narın ələnir.
Sarmaşığın, yarpızın
göy ovcunda göllənir.
Cığırları  ot basıb,
Susubdu torağay da.
Yetim moruq kolları
boynunu  burub durur.
Soyuyub hirsi çoxdan,
Öləziyibdi çay da.
Xırda-xırda balıqlar
Göz yaşı tək dumduru
Sularda qaçışırlar.
Söyüd xəyala dalıb,
fikrə gedib qarağaç.
Qovaq səs salır hərdən,
Palıd qaravul çəkir,
Şırıldayan bulağın
göy gözləri yol çəkir.

QAĞA

Qüssəli günləri başlanır ömrün,
Ağrısı, acısı çoxalır, qağa!
Özün də bilmədən həlimləşirsən,
Ürək də get-gedə yuxalır, qağa!

Bu gödək ömrümüz bir çimir yuxu,
Əzrayıl ayırmaz ac ilə toxu.
Nəfsinə qul olub alçalır çoxu,
Kimsə düzlüyündən yıxılır, qağa!

Milçək də saymayır qocalsa ayı,
Baxımsız baxçanı tez basır çayır.
Namərd at oynadıb meydan sulayır,
Mərd var kasıblıqdan sıxılır, qağa!

İnsan çör-çöp kimi, zamansa sacdı.
Səxavət, yaxşılıq başlara tacdı.
Adam var dünyanı yesə də acdı,
Tox olan binadan tox olur, qağa!

Neçə ki cavansan çağır baxtını,
Havayı  xərcləmə qızıl vaxtını.
Ağlama, çevirsə dövran taxtını,
Var olan bir gün də yox olur, qağa!


GÖRƏN OLMADI

Çəməndən bir çiçək dərdim,
Telinə hörən olmadı.
Bir namə yazmışdım yara,
Aparıb verən olmadı.

Ömür bir dolama yoldu,
Sevinci az, qəmi boldu.
Kol dibində açıb soldu
Bənövşə, dərən olmadı.

İçim qordu, çölüm ayaz,
İsidərmi məni bu yaz?
Özümü ağladım bir az,
Yaxşı ki, görən olmadı.



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az