Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

TURAN YOLUNUN IŞIĞINDA

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Avtandil AĞBABA
filologiya elmləri namizədi

Xalqımız müstəqilliyini qazandıqdan sonra milli soykökə, etnik zəminə, ilkin dövlətçilik gələnəklərinə, adları və ideyaları yasaq olunmuş fikir, düşüncə sahiblərinin yaratdıqları milli-mənəvi dəyərlərə maraq və ehtiram da get-gedə güclənir. Miladdan öncə VII yüzillikdə yaşayan (bütün dünyada heyrətamiz qüdrəti ilə tanınan Turan dövlətinin yaradıcsı) Alp Ər Tonqa bir xəyanət nəticəsində həyatdan köçsə də, onun miras qoyub getdiyi dövlətçilik və türkçülük ənənələri əski yüzilliklərin qaranlıq səhifələrində itib - batmadı. "Türkologiyanın babası" Mahmud Kaşqarlının "Divani lüğət-it türk əsərində ürək titrədən, qan yaddaşımızı oyaq saxlayan ağılarla anıldı. Turan sözü türkün cəsurluq, yenilməzlik simvoluna çevrildi. Qısqanc qadağalara, şovinist siyasətlərə, ögey və soyuq münasibətlərə baxmayaraq XX yüzilin əvvəllərində Əlibəy Hüseynzadənin, Ziya Göyalpın, Əhməd bəy Ağaoğlunun, İsmayıl Qaspiralının, Zəki Vəlidi Toğanın, Yusuf Akçuranın, digər görkəmli şəxsiyyətlərin yaradıcılığında, ən başlıcası isə əməllərində Turançılıq ideyaları "ruh bədənə daxil olan kimi" türk övladının qanına hopmağa, iliyinə işləməyə başladı. Milladdan öncə VII yüzildə Alp Ər Tonqanın qılıncı vətən göylərində parlamışdısa, XX yüzilin sonları, XXI yüzilliyin əvvəllərində türkçülük ideyaları, Turançılıq gələnəkləri də eləcə işıq saçdı, yerin-göyün hikmətinin, ulu Tanrının sonsuz mərhəmətinin Turanda olduğunu türk övladına pıçıldadı.
"Turan Yolu" kitabında (Bakı, 2006) toplanmış şeirlər də məhz bu bakirə və möcüzəli pıçıltıların ifadəsidir. Kitabı nəşrə hazırlayan Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yəzər Sərdar Şirvanın «ön söz»də qeyd etdiyi kimi, "öz milli siması və ruhu ilə digər xalqlardan" seçilən türk dövlətlərinə – Turana həsr olunmuş şeirlər müxtəlif dövrlərdə yaşayıb-yaratmış ədəbi nəsillərin nümayəndələrinə məxsusdur.
Burada XX yüzil Azərbaycan ədəbiyyatının klassikləri – Ə. Hüseynzadə, M.Hadi, A.Şaiq, H.Cavid, C.Cabbarlı, Ə.Cavad, A.Yıldırım və başqaları ilə yanaşı çağdaşlarımız B.Vahabzadə, F.Sadıq, S.Rüstəmxanlı, Z.Yaqub, İ.İlyaslı, D.Osmanlı, Ə.Qoşalı kimi yaşlı, orta və gənc ədəbi nəslin nümayəndələrinin əsərləri də toplanmışdır.
Kitabdakı şeirlərin hamısını eyni bir ideya, eyni ruh birləşdirir: Turançılıq ruhu! Bu ruh ayrı-ayrı şeirlərdə müxtəlif poetik duyum, obrazlı ifadə, bədii təxəyyülün özünəməxsusluğunda özünü göstərir. Toplunun Əli bəy Hüseyzadənin "Turan" şeiri ilə açılması da təsadüfü deyil. Cəmi yeddi misrası bizə gəlib çatan bu şeirdə böyük Turançılıq, türkçülük ideyası təbliğ olunur. Kökü bir olan türk xalqlarının əzəmət və mübarizliyi, Çingizlərin, Teymurların yenilməzliyi qürur hissi ilə ifadə olunur.
Sizlərsiniz, ey qövmi-macar, bizlərə ixvan,
Əcdadımız müştərəkən mənbeyi Turan.
Bir dindəyiz biz həpimiz haqqa pərəstan
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Bu hiss və düşüncələr M.Hadinin "Türkün nəğməsi", H.Cavidin "Hərb və fəlakət", "Qoca bir türkün vəsiyyəti", A.Şaiqin "Arazdan Turana", A.Yıldırımın "Qara Dastan" və başqa şairlərin şeirlərində poetik obrazlıldıqla lirik "mən"in iç duyğularının səmimiliyində daha da dolğunlaşaraq oxucuda ciddi və düşündürücü emosiyalar doğurur, onu öz keçmişinə bağ¬lanmağa, keşməkəşli tariximizin dərslərindən ibrət ala-ala gələcəyə addımlamağa çağırır. Toplunun bütün səhifələrinə hopan bu çağırış böyük filosof-şairimiz Hüseyn Cavidin "Qoca bir türkün vəsiyyəti" şeirində çağdaş dünyamızın mürəkkəb və qlobal durumunda təzə məzmun, yeni ideya-içərilik (mündəricə) önəmi qazanır:
Əvət, arslan yavrularım! Türk eli bir şandır,
Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.
Əsr iyirminci əsrdir! Vəzifəsi pək ağır. –
Arş irəli!
Qonşular yol aldı, geri qalmayın!
Mütəfəkkir şairin bu monoloq – çağırışı Ə.Cavadın "Azərbacan bayrağına", "Şeirim", "Can Azərbaycan", C.Cabbarlının "Salam", R.Zəkanın "Fatehlər", "Bu məmləkət" və digər sənətkarların şeirlərində başqa bir poetik biçimdə, obrazlı deyim tərzində ifadə olunur. Yüksək vətənpərvərlik, soykökə bağlılıq, ulu əcdadlarımızın igidlik gələnəklərinə ehtiram ifadə edən belə şeirlər bu gün mühüm önəm daşıyır.
Ə.Qoşalının "Altaylardan qopan atlar" şeirində qədim əsrlərin yaddaşından süzülüb gələn ərənlərin nərəsi, atların kişnərtisi duyulur. Bu duyğular şairin poetik təxəyyülündə, sözün bədii-məntiqi çalarlarında dolğun şəkildə ifadə edilir:
Altaylardan qopan atlar,
Avropanı nə vaxt adlar?!
Bu ritorik sualda güclü bir çağırış nidası var və əslində bu çağırış millətçiliyə deyil, milliliyə, vətənpərvərliyə çağırışdır.
Kitabdakı şeirlərin bir qismində bölünə-bölünə kiçilən, kiçilə-kiçilə adları yadlaşan böyük Turanın bədii-toponomik xəritəsi cızılır. Türkün dərdləri, bu dərdlərdən xilas olma yolları bədii sözün işığında, poetik səviyyədə araşdırılır. Paşa Babakərlinin "Sənə Vətən deyirəm" gəraylısında şair zəkasının, obrazlı təfəkkürün, gen yaddaşının diqtə etdiyi dərdlərin ünvanı bir qədər də konkretləşdirilir, poetik etiraza çevrilərək oxuculara təqdim olunur:
El bir köçər, ibrət olar,
Hər köç başa töhmət olar.
Ay, yağıya qismət olan
Köy, sənə Vətən deyirəm.
Son iki misradakı xalq ruhu, canlı danışıq dilindən gələn ifadələr şeirin üsyankar ruhunu, poetik etirazları daha da gücləndirir. "Yağıya qismət olan köyləri azad etməsək düşmən böyük-böyük şəhərlərimizə də göz dikəcək" - fikri şeirin ideya mündəricəsinin bədii təsdiqinə çevrilir.
Kitabda toplanmış şeirlərin bir qismində dərdlərimizin başqa bir üzü – böyük Turanı parçalayan, özümüzü doğrayan qılıncların amansızlığı, bölünən Vətənin gözdən uzaq, ürəyə yaxın şəhərləri görünür. M.Ə.Sabirin "Fəxriyyə", F.Sadığın "Tanrı türkü qorusun", İ.İlyaslının "Qardaşım" və b. şeirlər bu baxımdan səciyyəvidir. "Öz qövmümüzün başına əngəl-kələf olan" milli satqınların əməlləri böyük satirik şairimiz Sabirin "Fəxriyyə" şeirində acı gülüşlə qamçılanır. Bu gülüş göz yaşları, ağır və iztirablı milli dərdlərlə yoğrulmuş bir gülüşdür. Dərd, kədər dolu misralar diqqəti qədim və ülvi tarixə çəkir, şair böyük Turanın bu günkü taleyini ürəyi sızlaya-sızlaya misralara köçürür:
Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anadoluya dolduq.
Ol qədər qırıb bir-birimizdən ki, yorulduq,
Qırıldıqca yorulduq və yorulduqca qırıldıq…
"Bir-birini qıra-qıra yorulan" millətin dərdləri XXI yüzilin əvvəllərində F.Sadığı da sarsıdır, diqqətcil və həssas şair müşahidəsi poetik misralarda təkzibedilməz məntiqə çevrilir: "Türk özünü qorumur, Tanrı türkü qorusun!"
"Tanrı türkü qorusun" şeirindən çıxan bədii-məntiqi nəticə oxucunu heyrətləndirməklə yanaşı, onu düşünməyə vadar edir.
M.Ə.Sabirin "Fəxriyyə"sində acı gülüş və göz yaşlarıının, F.Sadığın ciddi, narahat misralarının arxasında özünü göstərən milli dərdlər İ.İlyaslının "Qardaşım" şeirində ərk qarışıq töhmətə çevrilir. Bu şeirdə kinayə ilə yanaşı qardaş qınağı, mənəvi töhmət və inciklik səmimi olduğu qədər həm də düşündürücüdür:
Salam Əleykim – Mərhəba,
Qəsdimə duran qardaşım!
Türksən, boyuna qurbanam,
Boynumu vuran qardaşım!
Eyni bir mövzuya – Turançılıq və Türkçülük mövzusuna eyni nöqteyi-nəzərdən yanaşan hər üç şairin (M.Ə.Sabir, F.Sadıq, İ.İlyaslı) şeirlərini topludakı digər sənətkarların əsərləri ilə birləşdirən ümumi cəhət bütün şeirlərin Turançılıq ideyasının, vətənpərvərliyin, tarixi-milli duyğuların poetik tərənnümünün ifadəsinə çevrilməsidir.
Əlbəttə, biz "Turan yolu" kitabındakı bütün şeirləri təhlil etmək fikrində deyilik.
Topluda zəif, yerinə düşməyən şeirlər də vardır. …Yaxşı olardı ki, topluya Türk Dünyasının şairlərinin də əsərləri daxil olunaydı. Ancaq bunlar toplunun önəmini qətiyyən azaltmır. Belə kitabların müntəzəm şəkildə çap olunması yalnız ədəbi-bədii önəm daşımır, həm də gəncliyin tərbiyəsində böyük rol oynayır. Hazırda "Turan yolu" kimi kitabların nəşrinə böyük ehtiyac var. Görünür, Sərdar Şirvan bir müəllim kimi bu ehtiyacı duymuş və belə bir lazımlı iş görmüşdür. Gənc nəsil məhz belə kitabları oxuya-oxuya özünü anlayıb dərk edə bilər. Və o, özünü anlayıb, özünü qananda kim olduğunu daha dərindən duyar. Ulu Tanrıya sığınmaqla özünü dərk etmək, silkinib özünə qayıtmaq isə türkün ən böyük xoşbəxtliyidir!



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az