Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

"SONRA DA DEYİRLƏR Kİ…"

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 (Əkbər QOŞALI, “ÖLÜMLƏRİN ÖTƏSİ”, BAKI-“Vektor”-2008)
 

 …Bu şeirlərin ilin-günün hansı vədəsində yazıldığının fərqində deyilik daha. İndiki halda gündəlik yaşantılarımızın, ovqatımızın durumuyla dəm-dəm olduğu səbəbindəndi, bu şeirlər hissimizi, duyğularımızı yerindən oynadıb, oyadıb keçir:

 Mən hələ bir cavan bulud yaşdayam,
 Yağış olmadım ki, yağıb yaşayam.
 Bir göz var - istədim baxıb yaşayam,
 Qoydular üz-üzə baxtınan məni.

 Bütövlükdə Əkbər Qoşalının "Ölümlərin ötəsi" kitabında toplanan şeirlər baxtınan üz-üzə qoyulmuşların alın yazısı kimi oxunur. Bu yazılanların könlüncə oxuna bilməsi əndişəsi, qorxu-hürküsü də elə bu şeirlərin öz qanında, canındadı. Acıları qucub qalan şəxsin "Alnımı oxuyammadım - alnı belə qırışammı?" - sorğusu da, elə bizim hər birimizdən gələn, tanışdan da tanış olan ömür-gün səksəkəsidi.
 O da düzdü ki, "…taleyin dolanbac, məşəqqətli yolları şairlərin əzəli və əbədi alın yazısıdı, Əkbər Qoşalının poeziyasında bu mövzunun çoxsaylı və çoxçeşidli yansımaları tez-tez göz önünə gəlir" (prof.dr. Məhərrəm Qasımlı). Professor kitaba yazdığı ön sözdə vətənlə, əbədi ağrılarla bağlı məqamların, düşüncələrin üstündə daha çox dayanır və bu mövzuların Ə.Qoşalı yaradıcılığının ana xəttini təşkil etməsinin üzərində xüsusi olaraq dayanır: "…Əslində bu narahatçılıq və nigarançılıq Əkbər Qoşalının əlimizdəki kitabının hər səhifəsindən keçir".
 Ön söz müəllifinin müşahidələri qənaətlərimizlə həmahəng olması üzündəndi ki, sözümüzün davamını da elə onun öz yazdıqlarıyla davam etdiririk: "Bilmirəm buna görəydimi, yoxsa özümün əhvalımlamı bağlıydı, hər nəydisə, kitabı oxuyub başa çatanda o mənə ağrıyan, göynəyən bir ürəyi xatırlatdı…"
 "İşim özümlə davadı" tanışlığında bulunan şair "Xoş günümü görmədin - ölləm, görərsən, qardaş" mesajının arxasınca mövlanəçilik çağırışının dost-doğmalığını sərgiləyir:

 Xoş gün özünə qalsın,
 Dar günündə mənə gəl.
 Barı söhbət edərik,
 Gəl, ey, gəl,
 Sən yenə gəl!

 Vücuduyla yox, vicdanıyla oruc tutub, namaz qılanların oruc-namazını "Yükü mübarək dostum" - deyə qutlayanda da, ömrün ucalığına doğru "əyilib yurd yerində bir çiçəyi öpüb get" yolunu göstərəndə də Əkbər Qoşalı səmimidi. Bu səmimiyyət onun ən ağrılı, sərt ironiya ilə izlənən yaşantılarında da öz mərtəbəsindən enmir:

 Bütün yataqxanalarda yaşayanlar
 köçəcək -
 heç olmasa qəbirə.
 …Bütün ölənləri tapşırırlar
 heç olmasa torpağa.

 Bütün torpaqdakılar gedirlər
 heç olmasa cəhənnəmə.
 Bütün cəhənnəmdəkilər…
 az qala
 yenə "heç olmasa" deyəcəkdim…

 Eyni ironik ovqat Əkbərin "Mən türkəm", "Söyləmə" şeirlərinə də hakimdi. Onun şeirlərini minilliklərin o tərəfindən süzülüb gələn bir qos-qocalıq, ahıllıq izləyir. İllah da "qardaş, səndən uzaqlaşmaq istədim - uzaqlar qardaşım olmadı" yazdığı yerdə. İllah da "həmişə belədi - ölməyə vaxt çatmayanda vaxt özü ölümə çatır" müşahidəsi ilə üzbəüz qaldığı yerdə. İllah da "Turan söyləmələri"ndə:

 And içəndə üz tutmuruq bayrağa,
 Üz tutmuruq Göyə, Aya, novrağa,
 Qulaq da yadlaşıb qurdun səsinə,
 Sonra da deyirlər: - Sənin dərdin nə?

 Şair Namiq Hacıheydərlinin son sözü ilə bitən "Ölümlərin ötəsi"nə Kərkükdən Şəmsəddin Kuzəçinin, Türkiyədən Baki Yıldırımın və Sabit İncənin Ə.Qoşalıya həsr etdikləri şeirləri də daxil edilib.

 S.Hüseynoğlu / ”Ədəbiyyat Qəzeti”

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az