Abbas HACIYEV,filologiya elmləri doktoru, professor
Bizim günlərin qaynar ədəbi mühitində fərdi bədii üslubu ilə seçilən, tələbkar oxucular arasında belə adı hörmət və qayğı ilə çəkilən Təranə Rəhimlini (Hacılı – A.H.) yaxşı tanıyıram. Bu bacarıqlı alim-şairə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində dərs demişəm, onun akademik Kamal Talıbzadənin yaradıcılığı haqqında orijinal elmi axtarışlar və ümumiləşdirmələr üzərindən keçən tədqiqatına – namizədlik dissertasiyasına elmi rəhbər olmuşam, istiqamət vermişəm.
Təranə Rəhimli özü öz qələminə qısqanc yanaşmış, ilk şeirlərini (Dünya hələ sənə bələd deyiləm», «Bu yağış yağışa bənzəmir daha», «Ötən günlərim», «Sənsiz») bir qədər gec, pedaqoji universitetin 1 kursunda təhsil aldığı 1990-cı ilin dekabrında «Gənc müəllim» qəzetində Akif Səmədin təqdimatıyla çap etdirmişdi. O zaman çox oxunan bu qəzetdə poeziya məsələləri ilə dünyasını tez dəyişən gözəl şairimiz, istedadlı bir ədəbi şəxsiyyət – Akif Səməd məşğul olurdu. Dərin məzmunlu, lirik, hissi-emosional şeirlər yazan, müxtəlif yönlü qəzet və jurnallarda əsərləri dərc edilən Akif Səmədi çoxminli bir kollektiv – pedaqoji universitet duyurdu, onun yaradıcılığını sevir və qiymətləndirirdi. Çünki Akif Səməd xalq, el-oba adamı, geniş dunyagörüşlü, yüksək bədii zövqlü ziyalı idi, yalnız xəlqi, yeni istiqamətli lirik şeirlər yazırdı, istedadlı gənclərə xüsusi qayğı göstərirdi. Həssas duyumlu, zərif və incə təbiətli Təranə Rəhimli də hünərli bir sənətkarın – Akif Səmədin «tapıntısı» idi.
Akif Səməd bədii söz ustası idi. Sözü sözdən, misranı misradan, şeiri şeirdən fərqləndirə, ideya-estetik yöndən qiymətləndirə bilirdi. O, Təranə Rəhimlinin uğurdan-uğura gedən şair taleyini görürdü və «Gənc müəllim» qəzetində, «Mərhəmət» jurnalında onun əsərlərindən aldığı real təəssüratlarını belə ifadə edirdi: «Poeziya işıqdır məncə – o işıqdan gördüm Təranənin şeirlərində. Poeziya etirafdır məncə – səmimi, kövrək bir ürəyin etirafını gördüm Təranənin şeirlərində. Poeziya insana, torpağa, yarpağa, daşa sevgidir məncə – o sevgidən gördüm Təranənin şeirlərində.
…İşığı, sevgisi, etirafıyla uzaqlardan gələn, uzaqlara gedən təranələrdir – Təranənin şeirləri.»
Tapıntıydı, doğrudan da, tapıntı, Təranə Rəhimlinin şeirləri. Onu söz sənətinə amal, inam və etiqad gətirmişdi. O, həyatı, yaşayışı, məişəti özünəməxsusluğu ilə görür, daxili-mənəvi aləmində fərəhin və kədərin, səadətin və qəmin, ümidin və ümidsizliyin səsini – pıçıltısını eşidir, onun mahiyyətində dərin sosial poetik məna-məzmun tapır. Şair gerçəkliyin böyük, qollu-budaqlı əhvalatlarından yazmır. Çünki o, adi bir faktı, xırda bir detalı, ya mənzərəni ümummaraq səviyyəsindən böyüdür, ümumiləşdirir, davamlı təsir oyadır:
Yerini tapmışam gəlib deyəm ki,
Bir də görüşünə gəlməyəcəyəm.
Ruhum bədənimdə qərib kimidi,
Daha bu bədəni geyməyəcəyəm.
Adımı qəlbindən silib gedirəm,
Şəklimi gözündə saxlasan bəsdi.
Sənin həsrətinlə tökdüyüm yaşın
Bircə damlasını ağlasan bəsdi.
Bu parça «Ruhum bədənimdə qərib kimidi» şeirindən götürülmüşdür. Şeir kiçik həcmlidir, cəmi on iki misradır. Ancaq ölçüyə çətin gələn böyük fikir, məna-məzmun yüklüdür. Şair burada hər sözü, hər bəndi, hər qafiyəni həssaslıqla yaşamış, diqqəti şeirin bədiiliyinə, yığcımlığına və lakonikliyinə vermiş, elə bil təbii yaşantılarının bir mənzərəsini yaratmaq, onu düşüncələrdə yaşatmaq istəmişdir. Ona görə ki, Təranə Rəhimlinin poetik «mən»i çevikdir, fəaldır, təşəbbüskardır, fasiləsiz hərəkətdədir, bu günün və gələcəyin zəngin mənəviyyatlı şair-vətəndaşıdır. O, şəxsi həyatını, şəxsi taleyini vətəninin inkişaf taleyinə qatır, xalqla nəfəs alır, xalqla bərabər ucalır.
Göz oxşayan bir pöhrənin doğranması, kölgəsini itirməsi təbiətə, gözəlliyə biganə qalan kiməsə adidən-adi görünə bilər. Lakin bir budağın sındırılması, vaxtından əvvəl bir çiçəyin yarpaqlarının solması varlığı kövrək və zərif hisslərdən yoğrulan Təranə Rəhimlinin lirik «mən»ini sarsıdır, onu köks ötürməyə vadar edir.
«Gedək sənə vətən olum» şeiri də vətənpərvər mahiyyətli, tamam orijinal məzmunludur, səmimi, hərarətli və təsirli poetik düşüncələrdən ibarətdir. Elə bil bu şeir ancan əzbər öyrənmək, əzbər söyləmək üçün yazılmışdır:
Daha heç nə umma məndən,
Nəyim qalıb ki, tən bölüm.
Bu Vətən sənə yanmadı,
Gedək sənə Vətən olum.
Gedək bağlayım gözünü,
O həsrətə sarı baxma.
Gedək, qürbətin içindən
Yol tapıb o yana çıxma.
Özümə gün ağlamadım,
Barı sənə gərək olum.
İçində yer saxla mənə,
Öləndə Vətəndə ölüm.
Təranə Rəhimli cavandır, amma istedadlıdır, ideya-estetik zövqlüdür, güclü duyum və dərklidir. Onun «səni gözlərimin yaşı tutacaq», «Bu eşq doğulandan başı ağrıyır», «Bu eşqin əcəli çatıb deyəsən», «Dalğalar qabarıb çökür bu gecə», «Sənsiz», «Bir sevgi öldü», «Özümdə darıxıram», «Göylər məni yaman çəkir», «Məni məndən alan sevgi», «Ümid həsrəti», «Dünya yalandan doğulub» və digər şeirlərində faktlar və tipik əhvalatlar sərrast, günün tələbləri səviyyəsində seçilir, onlara lirik səciyyə verilir. Bu lirik səciyyədə «reallığın bir parçası» görünür, duyan, düşünən, inam, ümid və arzularla yaşayan insan haqqında aydın təsəvvür oyanır.
Nəfis və orijinal tərtibatlı şeirlər kitabını Təranə Rəhimli «Dərdin pıçıltısı» adlandırmışdır. Ad kitabın məzmununu, bədii mündəricəsini tamamlayır. Çünki bu ad adi ad deyildir. Zaman, insan, milli sərhəd bütövlüyü və onun qorunmasının müqəddəsliyi, sosial-iqtisadi-psixoloji mühit və insan, cari həyat və müasir gün-güzəran haqqında kövrək ironik hisslər qarışıq dərin bədii-fəlsəfi düşüncələrdir: məişət pıçıltısı qayğılarının bitib-tükənməməsinin həyatı bədii ifadəsidir; məhəbbətin şirinlik və acılığının poetikləşdirilməsidir. Ümumiyyətlə, Təranə Rəhimlinin şeirlər toplusu (Təranə Rəhimli, «Dərdin pıçıltısı», Bakı, 2007) oxucuları düşündürür, zənginləşdirir, onları öz dərd-sərlərini dərkə yönəldir:
Bəxtim yıxıldı daş üstə,
İllər töküldü yaş üstə.
Çıxıb gedirəm ahəstə,
Yerimi heç kəsə demə.
Suçumu yuyub gedirəm,
Ömürdən doyub gedirəm,
Hamını qoyub gedirəm,
Yerimi heç kəsə demə.
Təranə Rəhimli pıçıltılara – dövrün dərd-bəlalarına, onların çoxçalarlı təzahürlərinə anlamlı və həlim bədii üsullarla yanaşır. Adi əxlaq-mənəviyyəat, etik-psixoloji normalara cavab verə bilməyən – hərəkət, münasibət, əməl, vərdiş, meyl və baxışlara dözə bilmir. Çünki yüksək bədii səviyyəli nümunələrdə – «Gözlərin elə bil özgəsinindi», «Səni gözlərimin yaşı tutacaq», «Bu eşqin əcəli çatıb deyəsən», «Bir sevgi öldü», «İtirəcəyəm səni bir gün», «Tənha adam», «Ayrılıq», «Ürəyim» «Şeir dar ağacı olsaydı», «Özümə oxşayan qəbir gəzirəm», «Ötən günlərim», «Dərdi çoxdu dərdimin», «Bəxtim Tanrı yazandı», «Müharibə lövhəsi», «Günlər ötür ömürdən» və başqa şeirlər oxucularda acı kədər, etiraz və heyrət hissi doğurur. Pıçıltıların, Balaş Azəroğlu demişkən, dürlü-dürlü çalarları – torpaq dərdi, təmiz sevgi dərdi, insanların tənhalaşması dərdi, əxlaqi-mənəvi dəyərlərin adiləşməsi dərdi... şairi üzür, «dərdlərinin külünü gözlərinə üfürür», «ürəyini-məhəbbətini yaralayır, «arzu və diləyini daşa vurur», «bacardığı kimi sevməyə qoymur.»
Fərdi bədii üslubu asan seçilən Təranə Rəhimli şeirlərini sadə və səmimi yazır, poetik istəyini canlı, gerçəkliyin özünə bənzər ifadə edir. Bu istedadlı şairin yaradıcılığını qoşmalar, üçlüklər, epitafiyalar, gəraylı və bayatı yönlü deyimlər, bütövlükdə lirika hərəkətə gətirir. O, ictimai bəlaları, ağrı və acıları, özünü və yalnız şəxsi məişətini yaşayan insanları tez görür və onların əməllərini ümumiləşdirir; insanlarda ali hisslər, daha öncə yetkin vətənpərvər duyğular formalaşdırmaq üçün hər an qan yaddaşını xatırladır:
Yenə dəli könlüm şeir istəyir,
Xətai qılıncın oynadan şeir.
Bu ulu milləti kökə qaytaran,
Bu yatmış qaplanı oyadan şeir.
Yenə dəli könlüm şeir istəyir,
Bakıdan Bağdada salam yetirə.
Yarımçıq kəsilmiş dualar kimi
Qalan şeirləri yazıb bitirə.
Həyat inkişafda, həmişə çoxistiqamətli axardadır. Sənətkar cəmiyyətdə, ədəbi və sosial-iqtisadi mühitdə yaşayır və fəaliyyət göstərir. Keçmişi, tarixi qəhrəmanlıq ənənələrini, bu günü və gələcəyi hərtərəfli öyrənir. Ancaq gördüklərinin, duyduqlarının, hiss etdiklərinin hamısını fərdi bədii yaradıcılığına almır. Seçir, sistemləşdirir, səciyyəvini qeyri-səciyyəvidən ayırır., yalnız hamıda maraq doğuran, hamıya tipik görünən hadisələri və əhvalatları göstərir, qələmə alır.
Lirika oynaqlığı, daxili hissi-emosionallığı, yığcamlığı və təbiiliyi ilə seçilir. Bu ədəbi növün hərhansı janrı, istər bayatı, qoşma, istər qəzəl, tərkibbənd, tərcibənd, istər mürəbbe, müstəzad, istərsə də məsnəvi olsun, əlavə qeyri-səmimi təsvirləri və boyaları yaxınına buraxmır. Çünki bunlar tez nəzərə çarpır. Lirik şeir yazmaq, gerçəkliyi daxili çalarları ilə duymaq və ümumiləşdirmək çətindir, bədii hünərdir, sevginin sevgiyə sevgisidir., özünü hissi-emosional boyalarla Vətənə qatmaq, onun torpağını bir az da hərarətləndirməkdir.
Təbii ədəbi şəxsiyyət – Təranə Rəhimli hisslərlə, varlıqdan alınan, düşüncədə, fikri-mənəvi aləmdə cəmləşən təəssürat və müşahidələrlə zəngindir. Buna görə də əzəli yaradılışları, xalqı və vətəni sevginin rənglər bənzərsizliyini, təbiətin harmonikliyini, insanın insani mahiyyətini bu şair fəlsəfi-psixoloji lirik yönlü şeirlərində daha güclü, daha orijinal ifadə edə bilir. Və onun fəlsəfi-psixoloji mahiyyətli «şeirlərindəki «Cənub» dərdi daha sonra Qarabağ, Xocalı, Şuşa… dərdləri ilə birləşib böyük Vətən Dərdini yaradır:
Fikirlər zəncirdə, talelər küskün,
İçimdə ümidlər əyri göyərdi.
Məni öldürmədi gördüyüm pis gün,
Məni öldürəcək bu Vətən dərdi.
Bu məqamda şairin bütün dərdləri Vətən dərdindən «utanır». O, nisgilini Vətənin əsir gülü, əsir çiçəyi Xarı bülbülllə bölüşür. Həmin misralarda Xarı bülbül Vətənin Şuşa qübarının rəmzi kimi mənalandırılır.» Əgər mütləq idealizmin yaradıcısının – Platonun sənət təlimindən təsirlənməsi və «bəli, əsil şeir İlahi vergisidir, gözlənilmədən gəlir, şairə isə ancaq onu vərəqə köçürmək qalır,» - deməsi nəzərdən qaçırılarsa, Balaş Azəroğlu Təranə Rəhimlinin yaradıcılığını duyur və onu düzgün mövqedən qiymətləndirir.
Müasir ədəbi mühitdə Təranə Rəhimli öz yeri, öz mövqeyi olan istedadlı sənətkardır. Onun mövzular, lirik obrazlar aləmi, tez seçilən, asan tanınan fərdi bədii üslubu vardır. O, bədii əsər yazanda zövqü, istəyi, idraki-tərbiyəvi dəyəri nəzərdə tutur.






