Bakıda el şairi Həsən Mülkülünün anadan olmasının 105 illiyi qeyd edilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən professor Məhərrəm Qasımlı Həsən Mülkülünün Tovuz rayonunun böyük sənətkarlarından biri olduğunu deyib: “Həsən Mülkülü Azərbaycan türkcəsinin gözəl kəlmələrini ürəyinə, ürəyindən isə şerlərinə köçürüb. Onun şerləri təkcə Tovuzda deyil, Gəncəbasarda, Borçalıda sevilir. Həsən Mülkülü el ağsaqqalı sayılırdı”.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub isə deyib ki, Həsən Mülkülünün yaşadığı dövr Tovuz aşıq sənətinin qızıl dövrü olub: “Belə dövrdə Allah onu Tovuz ellərinə ərməğan göndərdi”. Zəlimxan Yaqub onu da bildirib ki, bu il Azərbaycan aşıq sənəti üçün qızıl dövr hesab olunmalıdır: “Bu il aşıq sənətinin inkişafı üçün daha münbit mühit yaranıb. Məhz bu il aşıq sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olunub”.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Həsən Mülkülünün böyük isteda malik el sənətkarı olduğunu deyib. Q. Paşayeva saza, sözə sahib çıxmağın hər bir vətəndaşın borcu olduğunu bildirib: “Saz bizim kökümüzdür. Saz türk millətinin yaddaşını özü ilə gətirib. Ona görə biz saza borcluyuq”.
Q. Paşayeva deyib ki, bu gün Azərbaycanda aşıq sənətinə böyük diqqət, qayğı var. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə böyük xidmətlər göstərdiyini, məhz onun sayəsində aşıq musiqisinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini bildirib.
(Qaynaq: APA)







YENİLİKLƏR