Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

DƏRDDƏN YARANAN ŞEİR

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Əzizxan TANRIVERDİ,
filologiya elmləri doktoru, professor

Təranə Rəhimli oçerk, esse, publisist yazılar, eləcə də «Böyük nəslin layiqli yadigarı» adlı monoqrafiyanın müəllifidir. Ədəbiyyatımıza 90-cı illərdə gələn gənc şairin poetik dünyasının özünəməxsusluğu Hüseyn Arif, Nüsrət Kəsəmənli, Balaş Azəroğlu kimi şairlər tərəfindən yüksək qiymətləndirilib. İnamla qeyd edirik ki, onun bu yaxınlarda çap olunmuş «Dərdin pıçıltısı» (2007) adlı şeirlər kitabı poeziyasevərlərin ruhunu oxşayacaq, tənqidçilərin araşdırma obyektinə çevriləcək və ən əsası isə poeziyamızı zənginləşdirəcəkdir. «Dərdin pıçıltısı» dərddən, qəmdən, kədərdən, həsrətdən yoğrulub. Şair sanki hər bir şeirində, hətta hər bir misrasında dərdi içində yaşatdığını, dərdlə nəfəs aldığını, dərdə büründüyünü ifadə edir. Şairə görə, dərd yoldaş, ölüm isə təsəlli kimi qəbul ediləndə təkliyə, tənhalığa son qoyulur:
Daha tək deyiləm, dərd də yoldaşdı,
Yanında heç kimin olmayan yerdə.
Adama ölüm də təsəlli imiş,
Üz tutası ünvan qalmayan yerdə.

Təranə Rəhimli dərdi qovmur, əksinə, «rəngbərəng dərdlərim özümə qalsın», - deyir. Bu dünyanın nə qədər dərdi varsa, onu yaşamaq, hətta son mənzilə də «kalan dərdlə getmək» arzusu ilə çırpınır. Şairin düşüncəsinə nüfuz edən bu cür pessimist əhvali-ruhiyyə nədən qaynaqlanır? – «Dərdin pıçıltısı»nı təhlil süzgəcindən keçirən Balaş Azəroğlu yazır: «Təranə Rəhimlinin belə şeirlərini oxuyanda hiss edirsən ki, şairin dərdi sevincindən böyükdür. Bu dərdin isə dürlü-dürlü çalarları var: Torpaq dərdi, sevgi dərdi, dəlixana həyətindəki dəli qızın dərdi, hətta dərdin özünün «dərd»i…» Bəli, müəllif haqlıdır. Amma bu dərdlər burulğanında Vətən dərdi bütün dərd və ağrılardan uca tutulur. «Öləndə Vətəndə ölüm», - deyən şairi gördüyü pis günlər yox, Vətən dərdi öldürə bilər:
Fikirlər zəncirdə, talelər küskün,
İçimdə ümidlər əyri göyərdi.
Məni öldürmədi gördüyüm pis gün,
Məni öldürəcək bu Vətən dərdi.

Vətənə müraciətlə yazılmış «Bağışlama, ay Vətən»də Azərbaycanın dərdləri sıralanır. Şair etirazdan, qəzəbdən doğan həyəcanını, xüsusən də düşmənə olan kəskin nifrətini gizlədə bilmir: «Səni parça-parça bölüb itə, qurda atdılar», «Çaldı-çapdı səni gürcü, ərəb, rus dönə-dönə, «Başımıza od ələyən yağılarla barışdıq» kimi misralarda Azərbaycanın müsibətləri olduğu kimi, amma son dərəcə poetik dillə canlandırılır. Həmin misralar semantik tutumuna görə Səməd Vurğunun «Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin» misraları ilə səsləşir. Daha doğrusu, Sovet imperiyası dövründə S.Vurğunun üstüörtülü şəkildə ifadə etdiklərini Təranə Rəhimli bütün çılpaqlığı ilə işıqlandırır:
Tikə-tikə paylaşdılar səni Azərbaycanım,
Paralanmış ürəyinə qurban yaralı canım.
O tayında qoy alışım, bu tayında qoy yanım,
Sən yananda alışmadıq, bağışlama ay Vətən.

Bu ruh həssas qəlbli şairin «Vətən dərdi», Yenə dəli könlüm şeir istəyir», «Yadımda belə qalıb» və s. kimi şeirlərində də qabarıq şəkildə görünür. Təbriz həsrəti, Ərdəbil ağrısı, Araz ayrılığı… daha neçə-neçə dərddən qovrulan şairin narahat qəlbi göynəyir, istəyini reallaşdırmaq üçün yollar axtarır:
Yenə dəli könlüm şeir istəyir,
Ərdəbil, Həmədan, Təbriz havalı.
Qəlbi param-parça bu Vətən kimi
Arazdan gileyli, torpaq davalı.

«Vətən sənə neyləmişdi?», «Xarı bülbül», «Müharibə lövhəsi» kimi şeirlərdə erməni işğalı altında inildəyən Qarabağın acı taleyi vərəqlənir. Şair Vətənin dilbər guşəsini yadlara satanları, Xocalını qan dənizinə çevirənləri, xarı bülbülü yesir edənləri, Üzeyir Hacıbəyov kimi dahilərin ruhuna hörmət etməyənləri ittiham edir, dönə-dönə vurğulayır ki, günahkarlar cəzasız qalmayacaq, ən azı tarix qarşısında cavab verməli olacaqlar.
Erməni vəhşiliyi, erməni qəddarlığı «Müharibə lövhəsi»ndə elə ifadə edilib ki, onu həyəcansız oxumaq olmur. Çünki bu şeirin hər misrasında, hətta hər sözündə erməni quldurlarının vəhşiliklə qətlə yetirdiyi azərbaycanlıların iniltisi, ah-naləsi duyulur:
Uşaqları dəmir borulara yığıb
ağzını tıxacladılar,
Qadınları soyundurub
qar üstündə qova-qova
ölüncə qırmancladılar.
Kişilərin diri-diri əzalarını kəsdilər,
Səsi çıxanın dilini
daş üstə qoyub əzdilər.
Qocaların qarnı üstdə
ocaq çatıb
samovar qaynatdılar…

Bu parça «Dədə Qorqud kitabı»ndakı Təpəgöz obrazını yada salır. Konkret desək, həmin parçanın semantik yükü Təpəgözün dilindən verilmiş «Ağ birçəkli qarıcıqları çoq ağlatmışam», «Bığçağı qararmış yigitcikləri çoq yemişəm», «Əlcigəzi qınalı qızcığazları çoq yemişəm» kimi cümlələrin semantikası ilə birbaşa bağlanır. Bu mənada qarşılaşdırmalar diktə edir ki, epos qəhrəmanımız Basat ağlı, qeyrəti və hünəri ilə qalib gəldiyi kimi Azərbaycan türkləri də erməni vəhşiliyinə son qoymalı, Təpəgöz xislətli erməniləri birdəfəlik susdurmalıdır.
Ş.İ.Xətainin «Dəhnamə» poemasının «Bahariyyə» hissəsində təbiətin ecazkar gözəlliyi, baharın gəlişi vəsf edilir. Gülün bitməsi, quşların cəh-cəhi, durnanın qanad çalması, laçının obaya qonması, çayların çağlaması, ağacların yaşıl dona bürünməsi – bir sözlə, təbiətin canlanması, sanki hər şeyin hərəkətdə olması poetik ifadəsini Xətainin təsvir və tərənnümündə tapıb. Təranə Rəhimli isə «Sükut tablosu»nda tam əks mövqedə dayanır. Belə ki, Xətai danışmayanların, dinməz dayananların baharda dilə gəlməsini xüsusi olaraq vurğulayırsa (Cümlə dilə gəldi ləbxamuşan…), Təranə Rəhimli lal lövhələri, əbədiyyət sükutunu işıqlandırır (Həyat lal lövhələriylə əbədiyyət sükutunda, Dünya nə qərib görünür öz şüşə tabutunda…). Şairin yaratdığı sükut tablosunda sanki hər şey dayanıb, varlıqların hərəkət trayektoriyası görünmür. Məsələn, quşlar havada, balıqlar suda asılı vəziyyətdədir, üfüq ölüb, ağaclar quruyub, yamaclar doluxsunub, buludlar yerə doğru sallanıb, günəşin çöhrəsi tutqundur… Bu detalların hər biri şairin poetik dünyasının fərdiliyini şərtləndirən atributlardır.
«Səni gözlərimin yaşı tutacaq», «Bu eşq doğulandan başı ağrıyır», «Hardan biləsən?» kimi şeirlərdə nakam məhəbbət, sevgi dərdi poetik şəkildə ifadə olunur. Məsələn, «Hardan biləsən?»də qadın gözəlliyi, qadın zərifliyi qar altında açan novruzgülünə, meşə bulağına, dağ selinə, müjdə qaranquşuna, eşq bülbülünə bənzədilir. Bu cür gözəllikdən zövq almayan, onu qiymətləndirməyi bacarmayan oğlanlar isə qınaq obyektinə çevrilir:
Gözlərində pərdə, qəlbində duman,
Pisi yaxşı gördün, yaxşını yaman.
Bu yaşda həyatı bilməyən oğlan,
Sən mənim qədrimi hardan biləsən?

Bəzən isə sevgiyə dönük çıxanlar elə ifadələrlə məzəmmət edilir ki, istər-istəməz qarğış təəssüratı yaranır. Məsələn, «Nə ah çəkəcəyəm, nə də adını, Səni gözlərimin yaşı tutacaq» misralarındakı qarğış məzmunu asanlıqla anlaşılır (Səni gözlərimin yaşı tutacaq – Səni gözlərimin yaşı tutsun!). Digər tərəfdən, həmin misra semantika baxımından «Dədə Qorqud kitabı» ilə səsləşir. Elə bil ki, Təranə Rəhimli «Kitab»dakı «Gözi yaşı tutdu ola, gözüm, səni?» cümləsinə yeni ruh, yeni nəfəs verərək bədiiliyi qüvvətləndirməyə çalışıb.
«Qaranlığa öpüş göndərən qızım» şeirində qaranlıqla işıq, aydınlıqla zülmət, dərdlə sevinc qarşılaşdırılır. Şair qaranlığa öpüş göndərən mələk qızına şadlıq, sevinc arzulayır, aydınlığa gedən yolun qaranlıqdan başlandığını xüsusi olaraq qabardır:
Gecə qaranlığına öpüş göndərən qızım,
Qaranlıqdan başlanır hər aydınlığın yolu.
Tanıyıb görməyəsən bir özgə qaranlığı,
Sarsa da bu dünyanı qaranlıq zülmət dolu.

«Nə qədər şair var Allah» misrası ilə başlanan şeirdə Təranə Rəhimli «boynunda sözün kəndiri boğulan» şeirləri, söz taxtında yerini bilməyən şairləri qəbul etmir. Belə bir mühit şairə dərd gətirir, ürəyini sıxır:
Qula döndük qul dünyada,
Çıxmağa yox yol dünyadan.
Bu şairdən bol dünyada
Allah, ürəyim sıxılır.

Təqdim etdiyimiz misralar funksiya və məzmun baxımından M.Müşfiqin «Şairə ilhamdan maya gərəkdir!» misrası ilə başlanan şeirlə səsləşir. Dəqiq desək, Təranə Rəhimli «Bu şairdən bol dünyada Allah, ürəyim sıxılır» deməklə kifayətlənirsə, M.Müşfiq «…Şairəm söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdir!» deyərək cızmaqaraçıları kəskin tənqid atəşinə tutur.
Cəmi üç bənddən ibarət olan «Bir damla ilişib kirpiklərimə» şeiri, müəllifin özünün də qeyd etdiyi kimi, qazax poeziyasının altıayaq şeir şəklində yazılıb. Maraqlıdır ki, şairin «Adam var ki…» şeiri də forma, daha dəqiq desək, cümlə konstruksiyaları baxımından Aşıq Abbas Tufarqanlının «Bəyənməz» rədifli şeiri ilə eyni xətdə birləşir. Belə ki, hər iki şeirdə cümlələrin əksəriyyəti təyin budaq cümləli tabeli mürəkkəb cümlə konstruksiyasındadır, hətta hər iki şeirdə baş cümlələr «Adam var…» formasındadır. Məsələn, Aşıq Abbas Tufarqanlıda – Adam var, dolanır səhranı, düzü, Adam var, döşürər gülü, nərgizi…; Təranə Rəhimlidə – Adam var torpaq kimidi, Adam var daş kimidi… Bir cəhəti də qeyd edək ki, Təranə Rəhimlinin «Ayrılıq var» şeirindəki cümlələr də təyin budaq cümləli tabeli mürəkkəb cümlə formasındadır. Bu cümlələrin hər biri forma baxımından Aşıq Abbasın «Bəyənməz» şeiri ilə səsləşir: Aşıq Abbas Tufarqanlıda – Adam var ki, heyvan ondan yaxşıdır; Təranə Rəhimlidə – Ayrılıq var ölüm ondan yaxşıdır. Bu da Təranə Rəhimlinin təkcə «Dədə Qorqud kitabı»na yox, bütövlükdə türk ədəbiyyatına dərindən bələdliyini, eyni zamanda həmin mənbələrdən ustalıqla istifadə etdiyini təsdiqləyir.
Təranə Rəhimlinin poeziyası dil və üslub baxımından, demək olar ki, tədqiq olunmayıb. Biz isə bu yazımızda bəzi cəhətləri işıqlandırmağa çalışacağıq.
Bir sıra sözlərin ədəbi tələffüz normalarına uyğunlaşdırılaraq işlədilməsi şairin poetik dilinə ahəngdarlıq gətirib, şeiriyyətini gücləndirib: dərdnən (Dərdnən şəriklidir evim-eşiyim), bizimiydi (Vallah bizimiydi ölüm, gəlmədi), sözüylə («Sevirəm» sözüylə üzümə durma)…
İncə saitlərin assonansı – «birtəhər üzə-üzə, əl-ətəyə ilişən çör-çöpə dözə-dözə» misralarında 21 incə sait işlənib. Digər tərəfdən, həmin parçada təkrar söz formasında olan vahidlər həmqafiyə sözlər kimi görünür (üzə-üzə, dözə-dözə). Deməli, musiqililik, ritm gözəlliyi bir neçə vasitənin hesabına reallaşıb. «Yıxılıb yolda qalmadıq» misrasında isə qalın saitlərin assonansı daxili alliterasiya ilə qovuşuq şəkildədir. Qədim türk şeiri baxımından səciyyəvi olan daxili və xarici alliterasiyalar Təranə Rəhimlinin şeirlərində qabarıq şəkildə müşahidə olunur. Məsələn, daxili alliterasiya – Sirli dolayları dərdli dolaşıb (d-d-d), Mənim gözlərimə göylər güzgüdü (g-g-g); xarici alliterasiya – Bildim harda lazımam. Bir gün dünyadan köçsəm, Bil ki, orda lazımam (b-b-b). Eyni bənddə daxili və xarici alliterasiyanın birlikdə təzahürü də obrazlılığı qüvvətləndirib, şairin poetik dilinə şirinlik gətirib: Duyduqlarım duymadılar, Dərd yedirib doymadılar (d-d-d-d-d-d-d-d-d).
Poetik təcrübəyə söykənən Təranə Rəhimlinin şeirlərində zəngin qafiyələr üstün görünür: daşlanan-yaşlanan-tuşlanan-başlanan; duymadılar-doymadılar-qoymadılar… Müəllifin yaratdığı belə qafiyələrdə assonans və alliterasiyanın sintezinə, həm də onların mətnlə uyğunlaşdırılmasına rast gəlinir ki, bu da şeirin axıcılığını, emosionallığını gücləndirməyə xidmət edir.
«Yenə dəli payız.Sənsizlik qəmi… Yenə fikirlərim yelkənsiz gəmi» misralarında «yenə» sözünün təkrarı anaforadır. Müəllifin şeirlərində poetik mənanı qüvvətləndirən bu tip anaforalarla yanaşı, ədəbiyyatımızda az təsadüf olunan anaforalara da rast gəlinir:
Bilirsən ayağın altdakı yerdi,
Bilmirsən hər qarış neçə məzardı.
Bilirsən axırı ölüm, qəbirdi,
Bilmirsən ömür-gün qəbirdən dardı.

Göründüyü kimi, misra əvvəlində işlənən predikatların növbələşərək təsdiqdə və inkarda işlənməsilə anaforalar silsiləsi yaradılıb.
«Məni oxuma» şeirinin birinci bəndində epifora iki misrada müşahidə olunur (Dəymə yuxuma, yuxuma, Azca qoxula, qoxula). İkinci və üçüncü bəndlər də epiforalarla tamamlanır (Mənə toxunma, toxunma, Məni oxuma, oxuma). Ən əsası isə budur ki, müəllifin yaratdığı epiforalar silsiləsində assonans və alliterasiyalar qovuşuq şəkildədir: yuxuma, yuxuma – qoxula, qoxula – toxunma, toxunma – oxuma, oxuma. Digər tərəfdən, həmin vahidlərin hər birində «xu» hissəciyinin təkrarən işlənməsi onları eyni xətdə birləşdirir, daha dəqiq desək, musiqililiyi eyni müstəviyə keçirir. Eyni mətn daxilində anastrofa, antiteza, ellipsis və sinonimliyin birlikdə təzahürü Təranə Rəhimli poeziyasının səciyyəvi cəhətlərindən hesab oluna bilər: «Pisi yaxşı gördün, yaxşını yaman» misrasında pis və yaxşı sözlərinin əks sıra ilə düzümü anastrofa, pis-yaxşı, yaxşı-yaman sözlərinin antonimliyi antiteza, həmin cümlədə gördün predikatının iki dəfə əvəzinə, cəmi bir dəfə işlənməsi ellipsis, yaman və pis sözləri isə sinonimdir. Bu cür poetik çəkiyə malik olan misranın mətndəki digər misraların forma və semantikasına uyğunlaşdırılması ilə bədiilik qüvvətləndirilib.
Araşdırmalar göstərir ki, şairin poeziyasında ayrılıq, həsrət, dərd, kədər, qəm, ölüm, ölmək, zülmət, qaranlıq, qürbət kimi sözlər daha intensivdir.Heç şübhəsiz ki, bu, onun şeirlərinin ana xəttində dayanan dərdlə, dərdin pıçıltısı ilə bağlıdır. Maraqlıdır ki, bu cəhət Təranə Rəhimlinin işlətdiyi frazeoloji vahidlərdə (əlləri qana batmaq, gözdən düşmək…), epitetlərdə (rəngbərəng dərd, şikəst xatirə…), frazeoloji vahid və epitetlərin sintezində (Qanı yerdə qaldı bu yazıq eşqin – qanı yerdə qalmaq, yazıq eşq), eləcə də özünün yaratdığı təşbeh (Ölmüş məhəbbətin başdaşı kimi…) və mübaliğələrdə (Kədərim damladan ümmana dönür…) qabarıq şəkildə görünür.
Təranə Rəhimlinin şeirlərində rast gəlinən arxaizmlər (qarı, ər, yağı, suç…), metaforalar (arzuların qolu, səhərlər saçını darayan meh…), antitezalar (gerçək-yalan, dirilmək-ölmək, işıq-qaranlıq…) və digər üslubi vasitələr də poetikliyi gücləndirməyə xidmət edir.
Gənc şairimiz Təranə Rəhimli! Ümidvarıq ki, «Sükut tablosu»nu «Hərəkət tablosu»na, «Müharibə lövhəsi»ni «Şadlıq lövhəsi»nə çevirərək poeziyamızı bir qədər də zənginləşdirəcəksiniz.



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az