Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

TARSUS: TƏR DANIŞ, TƏR SUS

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Əkbər QOŞALI

(Səfər təəssüratı)

 Bu günlərdə qardaş Türkiyənin Mersin vilayətinə bağlı Tarsus bölgəsində VII Uluslararası Qaracaoğlan Şəlalə Şeir Axşamları keçirildi. Böyük başarı ilə təşkil olunmuş və uğurla başa çatan «Şeir Axşamları»nda respublikamızdan «Vektor» Uluslararası Bilim Mərkəzinin başqanı prof.dr. Elçin İsgəndərzadə, bu sətirlərin müəllifi və AzTV-nin «Turan» verilişinin yaradıcı heyəti dəvətli idi. Həmçinin Güney Azərbaycandan İsmayıl Ülkər və Aşıq Qurban, eləcə də Əskişəhərdə yaşayan həmyerlimiz, filoloq-alim Tamilla Abbasxanlı da Tarsusa dəvətlilər arasında yer alırdılar.
Tarsus dedik, Tarsusa dəvətlilər dedik… Bu bir yarpaq bayatı da o torpaqda gəldi:
Əzizinəm Tarsus a
Yolum düşdü Tarsusa
Gərək burda şairlər
Tər danışa, tər susa…
Tarsusun keçmişi nə az, nə çox - düz on min il öncəsinə dayanır. Tarsus tarixən dinlərin, mədəniyyətlərin kəsişmə nöqtəsi olub (bəlkə «buluşma nöqtəsi» desək daha doğru olar).
Tarsusda bir çox qutsal abidələr mövcuddur. Daniyal Peyğəmbər, Həzrəti Şit, Loğman Həkim, Harun Rəşidin qardaşı Məmun Tarsusda torpağa tapşırılmış tarixi şəxsiyyətlərdəndir. Hər birinin qəbri günümüzə qədər qorunmuşdur və yenə də bir ziyarət ünvanıdır.
Tarsusda 1934-cü ildə Gözlüqala köyündə aparılan qazıntılar burada ilk yerləşimin Neolit dövrünə aid olduğunu və orta tunc dövrünə qədər aralıqsız davam etdiyini üzə çıxarıb.
Tarsus daha öncələr Toros adıyla tanınmış, sonralar indiki şəklini almış və günümüzə bu isimlə gəlmişdir. Tarsusun Assuriya hökümdarı Sardanapal tərəfindən qurulduğuna dair fikirlər mövcuddur. Yunanlar bu əraziyə VII-VIII yüzilliklərdə gəlmişdir. Assuriya hökmranlığından sonra Makedoniyalı İskəndərin əlinə keçən Tarsus, bütövlükdə Kilikiya ilə birlikdə Selokinderin payına düşüb. M.ö. 246-cı ildə Misir hakimiyyətinə keçsə də bir qədər sonra geri qaytarılmış Tarsus, m.ö. 66-cı ildə Kilikiya Romanın bir vilayəti olunca, onun mərkəz şəhəri statusunu qazanmışdır.
Tarsusa tarixi önəm qazandıran, adı şəhərin adı ilə eyni olan çay Roma dövründə şəhərin içindən - öz əsl yatağından keçirdi. Kleopatra və Romalı komandan Markus Antoniusun Tarsusa məhz həmin bu çay yolu ilə gəldiyi deyilməkdədir.
«Öz əsl yatağı» sözünü təsadüfən işlətmədim. Həzrəti Daniyal Peyğəmbərin qəbrinin təhlükəsizliyi baxımından Tarsus çayının yatağı dəyişdirilmişdir. Yəni, bu yerlərə İslam dinigörüşü hakim kəsildikdən sonra bir tərəfdən yəhudi fanatiklərinin onu oğurlaması ehtimalı (Hz. Daniyalın yəhudi əsilli olduğu deyilir) nəzərə alınaraq, digər tərəfdən hansısa cahilin urvatsız bir hərəkət edə biləcəyindən ehtiyatlanaraq, bölgənin o dövrki yönəticiləri çayın yatağını dəyişdirtmiş - hər tərəfdən mükəmməl şəkildə möhkəmləndirilmiş qəbrin üstündən saldırmışlar. Sonralar müsəlman türklər qəbrin üstündə came ucaltmış və onu bu minvalla günümüzə qədər qorumuşlar. (Camenin girişində belə bir yazılı löhvə vurulub: «İştə bu peyğəmbər sahibi-cəlal, ismi pak-alidir DANİYAL!»)
Tarsus xristanlığın qurucularından sayılan Qızıl Pavelin doğulduğu şəhər kimi də qutsal sayılır. Ünlü coğrafiyaşünas Strabonun m.ö. I yüzildə Tarsusda dilçi alimlərinin, filosof və yazarların yaşadığını yazması da diqqətçəkici faktdır.
Sonuncu qutsal din - İslam meydana gəldikdən bir dönəm sonra bölgənin digər yaşayış məntəqələri kimi Tarsus da hərəkətli bir dövrə qədəm qoyur. 637-ci ildə ərəblər təfrəfində tutulan Tarsus, Anadolular demiş, yenidən yapılandı.
Əməvilər və Abbasilər dönəmində Bizansın əlinə keçən Tarsus Antakya şahzadəliyinə tabe tutuldu.
Nəhayət XIII yüzildən sonra Məmlüklərin və bəzən də Ramazanoğulları və Dülqədəroğulları Bəyliklərinin əlinə keçən Tarsus, 1516-cı ildə - Yavuz Sultan Səlim dönəmində ömürlük Osmanlı torpaqlarına qatıldı. Yəqin ki, Tarsusun əldən-ələ keçməsinə son qoyulması, həmişəlik (qısa müddətli kəsintiləri nəzərə almasaq) bir dövlət tərkibində qalması bölgənin qalxınmasına, barış və dinclik içində yaşamasına zəmin oldu.
1571-ci ildə Osmanlının Kıprıs əyalətinə bağlı sancaq mərkəzi olsa da, bir müddət sonra Adana əyaləti sınırlarına daxil edildi.
XIX yüzilə aid «dəftər»də Tarsusla bağlı belə yazılır (Şəmsətdin Sami): «…Adana vilayətinə bağlı Mersin livasının bir qəzasıdır. Şəhərin 31 camesi, 19 mədrəsəsi, 2 təkkəsi, müxtəlif topluluqlara bağlı 5 kilsəsi, 1 bədəstəni, 10 qonaqevi, 2 hamamı, 24 məktəbi, 7 dəyirmanı, və 6 pambıq fabriki vardır. Tarsus Namrun və Gülək nahiyələriylə 180 köydən meydana gəlir. Bütün əhalisi 41606 nəfərdir…»
Tarsus günü bu gün də öz yeni araşdırmaçılarını, arxeoloqlarını gözləməkdədir. Bu torpaqlar kim bilir daha nə qədər tarixi gizlinlər saxlayır, nə qədər bilgi bəsləyir?!. Böyük Səməd Vurğun demiş, hər saxsı parçası, hər məzar daşı, tarixdən-tarixə bir yadigardır.
Tarsusun daha bir neçə görməli yerinin adını və (elə yalnız adını çəkməklə!) oralarda olmamış oxucularımızda ilgi oyadacağımıza əminəm: Əshabi-Kəhf Mağarası, Donukdaş, Kleopatra Qapısı, Roma Yolu, Antik Yol, Bilali-Habəş, Mencek Baba Türbəsi, Ulu Cami, Nüsrət Mayin (Mina) Gəmisi, Osmanlı Parkı, Başbuğ Alparslan Türkeş Parkı, Berdan Barajı (Dəryaçası), Tarsus Şəlaləsi, Yarenlik (Döstluq) Alanı, Mersin Otel və b. …
***
Anadolular demiş, iştə böylə… Tarsus keçmişi ilə, bugünkü günü, inşallah, qarşıda görəcəyimiz gələcəyi ilə - o gözəl gələcəyin havası ilə bir ruh şəhəridir, bir türk şəhəridir; həm batı, həm də bir doğu hadisəsidir; doğa hadisəsidir! Tarsusa varmaq, Tarsuslu günləri qələmə almaq insanın içini açır. Burda milli, dini mənsubluqla daha ali mənsubluq - İnsanlıq mənsubiyyəti üzvi vəhdətdə təzahür edir, şəkillənir (Bakı, Təbriz kimi, Naxçıvan kimi, Şəki, Gəncə kimi, Borçalı, Dərbənd kimi!); burda şairin səsinin əzəməti ilə pıçıltısı bir-birini tamamlamalıdır; burda aşığın zili zil, bəmi bəm yerində olmalı, xaric vurmamalıdır. Şair deyər:
…Tarsusa
Dəvət aldıq Tarsusa
Allah eləməsin ki,
Saz kiriyə, tar susa…

***
Tarsus Bələdiyyə başqanı, sayın Bürhanəddin Kocamazın sözükeçən tədbirə dəvəti bu sözlərlə süslənmişdi: «Milli kültürümüzün ən önəmli xassələrindən biri olaraq alqıladığımız «Xalqın düşüncələrini xalqın ağzıyla» dizələrinə çevirən və keçmişlə gələcək arasında bir körpü oluşduran Çukurovalı Qaracaoğlanıımızı yaşatmaq adına düzənləməkdə olduğumuz «Uluslararası VII Qaracaoğlan Şəlalə Şeir Axşamları» etginliklərimizdə, sizləri bizlərlə birlikdə olmağa dəvət edir, salam və sayğılarımı sunuram.»
Bu yerdə etiraf edim, Bürhanəddin Kocamaz kimi dəyərli bələdiyyə başqanı olan Tarsus və Tarsuslular bəxtiyardır. Kocamaz cənabları öz əməlləri ilə artıq yalnız bir qəzaya deyil, bütöv məmləkətə xitab edir; bütün Türk Dünyasına səslənir; İnsanlığı salamlayır! –İnanıram, bu nöqtədə Tarsusu ziyarət etmiş çox insan mənimlə şərik olar. Hər sözündə Sevgi, hər hərəkətində Sayğı duyulan, hər əməli qalıcı olan, hər projesi gələcək nəsillərə ünvanlanan bir insan çalışır bu gün Tarsus və Tarsuslular üçün! Gələcəkdə belə xarizmatik liderdən sonra Tarsus bələdiyyəsinə başçılıq edəcək şəxsin işi bir xeyli çətin olacaq. Çünki cənab Kocamaz artıq bələdiyyə başqanlığının, bələdiyyənin elə bir səviyyəsini müəyyənləşdirib ki, ondan aşağı düşmək seçicinin etimadını itirmək; eyni nöqtədə qalmaq yerində addımlamaq anlamına gələcək; ondan yuxarı qalxmaq isə qayət çətin olacaqdır! Bu arada eyni sözləri, imzası Azərbaycanlı oxuculara tanış olan şair Baki Yıldırımın təşkilatçılığı ilə bir günlük qonağı olduğumuz Ceyhanın bələdiyyə başqanı sayın Hüseyn Sözlü haqqında da demək olar. Ayrıca, Ceyhanda Azərbaycan (və Türk Dünyası) ünvanlı parkların, bulvarların, tədris mərkəzlərinin açılması (və ya qurulmaqda olması) da xüsusi şükranlığa layiqdir! Örnəyi, Heydər Əliyev adına Lisə, Heydər Əliyev Prakı, Bakı kafesi və s. dediklərimizə sübutdur. Ümumiyyətcə, Ceyhanda Azərbaycan sevgisi necə deyərlər ancaq sevgi olmaqda qalmayıb, üstəlik Azərbaycanı öyrənməyə həsr olunub desək, yanlış olmasın gərək. Heç şübhəsiz, şair Baki Yıldırım bəyin evini, iş otağını ziyarətimiz də könül dəftərinin səhifələrinə yazıldı. Doğrudan da, “Danışmağa söz qalıbsa, Şairə və Şeirə şükür!”

***
Tarsus bələdiyyəsi Bakının Xətai bələdiyyəsi ilə, Tatarıstanın Aznakay bələdiyyəsi ilə (həmçinin Almaniyanın Langen bələdiyyəsi ilə) qardaşlaşmış bələdiyyədir. Bu şərəfə qardaş bələdiyyələrin adını daşıyan parklar salınmış, Tarsuslularn istifadəsinə verilmişdir. VII Qaracaoğlan Şeir Axşamlarına Bakıdan getmiş biz iki şairin Xətai sakini olması, (sayın Kocamazın təbirincə desək) dolayısı ilə bizi də Tarsuslularla həmşəri - həmyerli qıldı… Qonaqların Tarsus, Mersin və Adana gəzisini, gəzinin marşurutunu, (hətta yemək yeyiləcək ünvanları və yemək çeşidlərini belə) yaxşı fikirləşmişdilər. - Türkiyənin turizimçiliyin kifayət qədər inkişaf etdiyi bir ölkə olduğu dərhal görünür. ...Və biz turst səfərində olmasaq da deyim, yəqin ki, Türkiyə turizmini fərqli (üstün!) qılan yön türk insanının qonaqpərvərliyi, istiqanlılığı ilə bağlıdır.
***
VII Qaracaoğlan Şəlalə Şeir Axşamlarına daha kimlər gəlmişdi? – Çukurova yörəsindən şairlər: Lütfiyə Darendelioğlu, Faik Uğuz, Fahri İşık, İbrahim Özcanlı, Osman Arslan, Doğan Akpınar, Adnan Özcandan, xalq ozanları: Abdullah Gizlicə, Aşıq Peymani, Aşıq Karamehmet, Aşıq Eyyubi, Aşıq Vuslati, Mizarlı Mehmet Yılmaz; Türkiyənin digər bölgələrindən gələn şairlər: Ahmet Özdəmir, Feyyaz Sağlam, Bestami Yazqan, Faika Sarp, Mehmet Nuri Barmaqsız, Saadetdin Kaplan, Mahmut İslamoğlu, aşıqlar: Şərəf Taşlıova, Fuat Çərkəzoğlu, Hüseyn Sümmanoğlu, Temel Turabi, Mustafa Bilir, Melek Temel, Mehmet Köse, Muhsin Özel; Türkmənistandan Aşıq Aşırgəldi Berdiyev, yenə Türkmənistandan şairə Oğulcənnət Besimova, Özbəkistandan şair Tora Mirza; Kərkükdən Adnan Sarıkahya, Bayır-Bucaq türklərindən (Suriya) Mohsen Bal; Batı Trakyadan (Yunanıstan) Mustafa Çolak; Köstəncədən (Rumıniya) Gültən Abdullah, Almaniyadan Ayhan Can.
«Şeir Axşamlar»ının birinci günü Çukurova yörəsindən olan şair və ozanların çıxışları dinlənildi. Bu günün özəlliyi onda idi ki, bir çox hallarda xeyirxahlığının, ürəyigenişliyinin, üfüqügenişliyinin əvəzində namərdlik görən türk yenə də (bugünkü şərin – PKK-çıların xain saldırısına uğramış) qəhrəman övladlarını itirmişdi. İndi gəl, sən bu xəbərin ardından şölən keçir görüm, necə keçirirsən?!. Bu yerdə yadıma Sovet dövrü, Qarabağlı əmək qəhrəmanı Xuraman Abbasovanın ailəsində baş verdiyi söylənən, az qala əfsanələşmiş bir hadisə barədə eşitdiklərim düşür. Deyir, Xuraman xanımın qız övladının toy günü oğlu avtomobil qəzasına düşərək həlak olur. Toy başlayarkən bu müdhiş xəbəri eşidən zabitəli qadın hər ananın edə bilməyəcəyi bir qərar qəbul edir: toyu təxirə salmır - hadisəni çatdıran şəxsə bildirir ki, bu barədə heç kəsə bir kəlmə də demə: bir sən, bir mən biləcəyik bu işi. Beləcə oğlunun meyidini müvafiq bir yerdə saxladan Ana - aslan ürəkli Azərbaycan türk qadını qonaqlarını urvatnan qarşılayıb yola salıb, qızını doğma ocağından hörmət-izzətlə yeni yuvasına - ər evinə uğurladıqdan həmən sonra oğlunun mərasiminə hazırlaşır. ...Bu dəfə yas mərasiminə. Bu dəfə oğlunu əbədi yuvasına - qəbir evinə yola salmaq üçün. Bilmirəm anlada bildimmi?!. Bax, budur türk insanı! …Və Şeir Şöləninin açılış konuşmasını yapan bələdiyyə başqanının dediklərində də, artıq öz-özümdən kökləndiyim havanı duydum. Sayın Koramaz bir türk insanı, bir türk aydını və bir türk ictimai-siyasi xadimi necə danışmalıydısa o cür danışaraq, belə demək mümkünsə «Şeir Axşamı»nın, şair və aşıqların çıxışının gündəliyini, mündəricəsini bəlirlədi. Səhnəyə çıxan şairlər, ozanlar da sağ olsunlar, vətənpərvərlik mövzusu ilə, şeir-sənət meyarlarını, gözləyə bildikləri qədər gözlədilər. O axşam şəhidlərin xatirə gecəsi oldu. O gecə birlik gecəsi oldu. O gecə Haqqa çağırış gecəsi oldu! Ulu Tanrı bütün şəhidlərimizə rəhmət eləsin! Şair deyir:
Fikirlərim bir batmandı axşamlar,
Ürək sızlar: ax, pərvanə, ax şamlar,
Qara günlər ağ ömürdə axşamlar,
Baxarsanki min sualdı bir nöqtə…
***
İkinci gün meydan yurdiçi və yurddışından gələn aşıqlara verildi. Mənə qalsa gecənin yaraşığı bizim Urmiyalı Aşıq Qurban, Türkmənistanlı Aşıq Aşırgəldi və Türkiyədə «aşıqların duayeni» deyilən Aşıq Şərəf Taşlıova idi. Heç şübhəsiz digər sənətçilər də hörmətə layiqdirlər və zatən sıradan birinin Qaracaoğlan Şeir Axşamında nə işi var? Bir daha aşıq aşiqlərə o axşam üçün təşəkkürlər.
***
Üçüncü gün Türkiyənin ayrı-ayrı bölgələrindən gəlmiş şairlər öz könül boxçalarını, şeir süfrələrini açdılar. Gün həmçinin «Qaracaoğlan Türkmən Dəfiləsi»nin nümayişi ilə yadda qaldı. Adından da göründüyü kimi Qaracaoğlan zamanının türkmən gözəllərinin geydiyi milli paltarlar nümayiş olundu. Qaracaoğlan məhz həmin paltarlardan geymiş gözəllərə şeir yaza-yaza diyar-diyar düşməmişdimi?
Türkmən aşığı Aşırgəldi oxuyurdu:
Mənə qara deyən gözəl,
Qaşların qara deyilmi?
Tökülübdü dal gərdəna
Saçların qara deyilmi?
Aşıq Qurban deyirdi:
Alagözlü nazlı dilbər
Vaxtın keçər demədimmi?

…Yaxasız köynəklər bizə
Fələk biçər demədimmi?

…Və əfəndimə söyləyim, Qaracaoğlan zamanında, bir boydan olan türklər (xalqlar) bir-birini daha yaxşı anlamırdımı? Dövrün-zamanın gedişi boyunca «fələk bizə yaxasız köynəklər biçdi… İndi yenidən doğuluruq sanki. Borçalı balası, nakam şairimiz Hamlet Kazımoğlu deyirdi:
Qayıdıb biz qız bətninə
Təzə gəlmək istəyirəm…
…Dəfilə demiş, bir cümlə də deyim. Tarsus bələdiyyə başqanı Özbəkistanlı şair Tora Mirzənin bağışladığı özbək milli kişi qiyafətini geyərkən öncəki sənələrdə bağışlanmış milli qiyafətləri xatırladaraq: «Artıq nərdəysə bir dəfiləlik qiyafət hədiyyəmiz bulunur» dedi. …Və mən bu yerdə, bizim də özümüzlə Azərbaycan milli geyimlərini apara bilməmiz, hədiyyə etməmiz üçün modelyerlərimizin, dərzilərimizin bir an öncə hərəkətə keçmələrini təmənna edərdim. Açığı bu onların da işinə yarayır. Gör hər gün nə qədər yerə nümayəndə heyəti gedir. Çox demirəm, hər iki heyətdən biri, ölkəmizi tanıdan digər suvenirlərlə yanaşı milli geyim nümunəsi aparmaq istəməzmi? Məncə bu iş ilk sırada Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, habelə Xarici İşlər Nazirliyinin, (eləcə də uyğun profilli QHT-lərin) marağında olsa daha verimli sonuclar əldə etmək olar.
***
Ulu xalq ozanı Qaracoğlanın adına duzənlənən «Şeir Axşamları»nın sonuncu günü qonaq şairlər tufan qopardı. Dörd bir tərəfi türk dövlət və topluluqlarının bayraqları ilə, tarixi türk dövlətlərinin bayraqları ilə bəzənmiş «Şəlalə»də, Azərbaycanlı heykəltaraş tərəfindən yaradıldığını eşitdiyimiz heykəl – Qaracaoğlanın bütün heykəllərinin bəlkə də ən gözəli olan heykəl qarşısında Şeirin, Sözün, Səsin, Pıçıltının qüdrəti yaşandı o axşam!.. Bizlərin Qarabağ kədəri və Azərbaycan söz sənətini gərəyincə təmsil etmə məsuliyyətimiz; Batı Trakyalı şairin həsrət dolu yaşantıları, Bayır-Bucaqlı gəncin sevgisi (sevgi dolu şeirini oxumamışdan öncə söylədiyi sözlər hələ də qulağımdadı: «Bayırlılar istiqanlı olur, Bucaqlılar gözəl. Mənim sevdiyim qızda bu gözəlliyin hər ikisi cəm olub»), Türkmənistanlı Oğulcənnətin adı, özü, şeriyyəti, Urmiyalı Ülkərin yanğısı, özbək qardaşımızın İldırım Bəyazidlə Teymura qurduğu «divan», Gültən ablanın daşıdığı Sarı Saltuk baba ruhu, Rumıniya əsintiləri, Almaniyadan gəlmiş Ayhan bəyin bəyxan, xanbəy tövrü və aparıcı Ahmet Coşğunun coşğundan-coşğun, bəmdən-bəm səsi, təqdimatı!.. –Bütün bunlar deməli olduqlarımın neçədə bir hissəsidir bilmirəm. Hamısını demirəmsə bu həm sanki o hissləri sözə çevirməyin, dilə almağın çətinliyindəndir bəlkə, həm də inersik olaraq o hisslərin qorunmasına, o dadın-duzun daha uzunmüddətə damağımda qalmasına səy göstərmək hissindən irəli gəlir elə bil...
***
VII Qaracaoğlan Şəlalə «Şeir Axşamları"a nəyi anladır, nəyi ifadə edir?
- İlk sırada, «Bizdə şeir də var, sənət də vardır, Şeirə-sənətə hörmət də vardır!» (S.Vurğun) həqiqətini!
- Yerli özünü idarəetmə qurumu olan bələdiyyənin xalqa daha yaxın təsisat olduğunu, sosial proqramlarla yanaşı xalqın ruhi ehtiyacının da ifadəçisi olduğunun sübutunu!
- «Qaracaoğlan hamımızındır! …Onun nərəli olduğu önəmli deyil, o, türkün yaşadığı hər bölgənin insanıdır.» (B.Kocamaz) düşüncəsini;
- Qaracaoğlanlığın bir dəyər olduğunu (- Çünki … hər türk tərəfindən mənimsənilmiş və sözləri zehinlərə qazınmışdır (B.Kocamaz));
Qaracaoğlan yetişdirən ulusun əbədiyyən var olacağını!
Siyahını uzatmıram. - Görünən dağa nə bələdçi? Necə deyərlər gedərsiz, görərsiz!
Bu arada, ayrı-ayrı bələdiyyələrin başqanlarının, vali başda olmaqla kaymakam və vilayətin digər səlahiyyətli şəxslərinin, habelə Türkmənistan böyükelçisinin öz xanımı ilə «Şeir Axşamları»na təşrif buyurması oradakı gözəlliklərin, şeir-sənət və türk birliyi adına gələnəklərin - ənənələrin başqa ünvanlara da daşınmasına kömək edəcəyi düşüncəsindəyəm. Könül arzular ki, Tarsusla qardaşlaşmış Xətai bələdiyyəsi və digər bələdiyyələrimiz də bənzəri tədbirlər keçirsinlər, gələnək yaratsınlar. Eləcə də Tarsus bələdiyyəsinin türk böyükləri, ortaq türk dəyərləri adına ucaltdığı abidələri ucaltmaq bizim də haqqımızdır – bizim bələdiyyələrə də yaraşır. Biz də örnək olaq, örnək olası işlərimizi təbliğ edək - düz demirəmmi?
Tarsusa, Tarsuslulara, Küdret Ünal bəyə, Mehmet Ali bəyə, Zübeyir Gürsoya, bütün şeir-sənət dostlarına sevgilərlə…
2008, BAKI



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az