Şəhərin 60 illiyi ilə əlaqədar verilən mükafatlar təqdim edilib
Bu gün Səməd Vuğun adına Mərkəzi kitabxanada Sumqayıt şəhərinin yaradılmasının 60 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanları və pul mükafatları ilə təltif edilmiş şəhərin mədəniyyət işçilərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək, son illər şəhərdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında danışıb. V.Əliyev qeyd edib ki, 2003-cü ilə qədər mədəniyyət sahəsində yaranan problemlər artıq öz müsbət həllini tapıb. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni-kütləvi tədbirlərin keçirilməsi, eyni zamanda mədəniyyət müəssisələrində aparılan əsaslı təmir işləri buna əyani misaldır. Daha sonra V.Əliyev mədəniyyət işçilərinə mükafatları təqdim edərək onlara uğurlar arzulayıb. Mükafata layiq görülən, Ə.Kərim adına “Poeziya” klubunun müdiri, şair İbrahim İlyaslı çıxış edərək göstərilən diqqət və qayğıya görə oz minnətdarlığını bildirib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin ötən həftə keçirilən səyyar kollegiya iclasının sonunda Sumqayıtın 60 illiyi ilə əlaqədar şəhərin mədəniyyət işçilərinin 19 nəfəri Mədəniyyət və Turizm Nazirliyinin pul mükafatı və fəxri fərmanları, 15 nəfəri isə fəxri fərmanları ilə təltif edilib.
(Qaynaq: LENT.AZ)






