Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

MUĞAN ƏDƏBİ MÜHİTİ

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image
Namiq HACIHEYDƏRLİ

(I yazı)

Muğan Azərbaycanın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biridir. Hələ bizim eramızdan əvvəl 293-cü ildə Sasani hökümdarı Narsenin tərtib etdirdiyi kitabədə Muğan hökümdarı Forsamanın adı çəkilmişdir. Eyni zamanda Muğan ərazisində aparılmış arxeloji qazıntılar və burada Əlikömək təpəsi, Sulutəpə, Üçtəpə, Qurudərə və digər yerlərdən Eneolit və Tunc dövrünə aid tapıntılar deyiləni sübut edir. 1862-ci ildə elmi ekspedisiya ilə Muğan düzünə gələn A. Berje 1863-cü ildə Tiflisdə yazırdı: “ Təsəvvür etmək mümkündür ki, Muğanda həyat əvvəllər necə də qaynar imiş, burda əkinlər, kəndlər və hətta şəhərlər hansı səviyyədə olmuşdur”.
Tarixçi alim Abdulla Fazili “Atropatena e.ə. IV əsr b.eranın VII əsri” adlı əsərində Muğanın antik dövrdə Atropatena və Alban dövlətinin mühüm tərkib hissəsi olduğunu yazır. Eyni fikri akademik Ziya Bünyadov “Azərbaycan VII – IX əsrlərdə“ adlı monoqrafiyasında təstiq edir. 642-ci ildə ərəblər tərəfindən işğal olunan Muğanda ərəb tarixçisi ibn Xordadbehin yazdığına görə IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Muğan şahlığı yaranır. Bir müddət sonra müxtəlif tayfa birləşmələrinin və monqolların əlinə keçən Muğan bölgəsi XV əsrin əvvəllərindən XVIII əsrin ortalarınadək Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində olmuşdur. Muğan toponiminə gəlincə isə məqsədimiz bu haqda danışmaq olmadığından qısaca olaraq tədqiqatçı-alim Qara Məşədiyevin “Zaqafqaziyanın Azərbaycan toponimləri” adlı əsərində yazdığı “Muğan sözü qədim “mük” tayfasının adından götürülmüşdür” fikiri ilə razı-laşırıq. Görkəmli tarixçi Abdulla Fazili 1973-cü ildə “Muğan toponimi haqqında” adlı məqaləsində yazırdı: ”Azərbaycanın tərkib hissələrindən biri olan Muğan ta qədimdən aşağıdakı yerlərlə həmsərhəd olmuşdur: Şimaldan Şirvan, Cənubdan Ərəş mahalı, Şərqdən Talış dağları və Xəzər dənizi, Qərbdən isə Dərzərt çayı və Qarabağ mahalı” Orta əsrlərə qədər burada Xəzər dənizi yaxınlığında Muğan adlı şəhərin olması isə orta əsr ərəb səyyahları və tarixçiləri, eyni zamanda bəzi Azərbaycan alimləri tərəfindən təsdiqlənir.
Tarixçi–alim Habil Məmmədov “Muğanın maddi mədəniyyəti” adlı monaqrafiyasında yazır: “Azərbaycanın sosial -iqtisadi həyatında mühüm yer tutan Muğan bölgəsi həm də özünün zəngin etnoqrafik dəyərləri, o cümlədən maddi–mədəniyyət nümunələri ilə diqqəti cəlb edir. Azərbaycan xalqının ümumi mədəni inkişafı kontekstində Muğan əhalisinin maddi–mədəniyyəti özünəməx-sus məhəlli xüsusiyyətləri ilə seçilir. Burada tarixən sosial–iqtisadi, maddi – texniki, təbii–coğrafi amillərin təsiri altında ümumazərbaycan mədəniyyətinin məhəlli xüsusiyyətləri ilə seçilən lokal bir variantı təşəkkül tapmışdı”.
Azərbaycanın tarixində mühüm yer tutan Muğan bölgəsinin onun spesifik mədəniyyət elementlərinin, etnoqrafiyasının və ədəbi mühitinin bu günə qədər lazım olan səviyyədə, müntəzəm,sistemli və ardıcıl öyrənilməməsi təəssüf doğurur. Məqsədimiz Muğanın tarixi, etnoqrafiyası, maddi –mədəniyyəti, arxeloji qazıntıları barədə danışmaq olmadığından əsas məqsədə-Muğan ədəbi mühiti haqqında söhbətə keçməyi məqsədəuyğun hesab edirəm.
 Əlbəttə, bir məruzə və ya çıxış çərçivəsində Muğan ədəbi mühitini tam incəliklərinə qədər əhatə etmək mümkün olmadığından bu bölgədə yaranan ədəbiyyatın yığcam, ümumi mənzərəsini verməyə çalışacağıq.
Təkcə Azərbaycanda deyil, bir çox mənbələrin təsdiq etdiyi kimi, Şərqin qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Muğanda sözsüz ki, yüz illər bundan əvvəl ədəbi nümunələr yaranmışdır. Dünya və ümumazər-baycan ədəbiyyatında olduğu kimi, Muğanda da ilkin ədəbi nümunələr şifahi şəkildə yaranmışdır. Ancaq, çox təəssüflər olsun ki, Muğan folklorunun öyrənilmə səviyyəsi çox acınacaqlı bir vəziyyətdədir. Azərbaycanda bəlkə də yeganə bölgədir ki, Muğan ədəbi mühiti, xüsusən Muğan folkloru ayrıca, sistemli tədqiqata cəlb edilməmişdir. Muğanda yaranan ağız ədəbiyyatı vaxtında yazıya alınmadığından saysız–hesabsız şifahi xalq ədəbiyyatı nümumələri tarixin qaranlıq məqamlarında görünməz olmuşdur. Bütün ədəbiyyatımızda olduğu kimi, bu bölgədə yaranan şifahi ədəbi nümunələr insanların hiss-həyəcanını,duyğularını, həyata baxışlarını,dini-fəlsəfi görüşlərini əks etdirmişdir. Maraqlıdır ki, bu bölgədə yaranan bayatılarda “eləmi”, “əziziyəm”, “mən aşıq” kimi ənənəvi formalardan çox istifadə edilməmişdir. 1997-ci ildən üzü bəri Muğan bölgəsindən topladığımız bayatı nümunələri bu və bu kimi bəzi xüsusiyyətləri ilə ümumazərbaycan ədəbiyyatında yaranan bayatılardan seçilir:

Yaylığı ağ saxlaram.
Yuyaram, ağ saxlaram.
Gəlib burdan keçəndə,
Səni qonaq saxlaram.

Bağça getdi, bar getdi,
Heyva getdi, nar getdi.
Etibarsız dünyadan,
Etibarlı yar getdi.

Eyni zamanda, burada yaranan bayatı nümunələrinin coğrafiyası çox genişdir. Muğanlı üçün Muğan, Qarabağlı, Şirvanlı, Urmiyalı, Naxçıvanlı Azərbaycanın eyni dərəcədə əziz olan parçasıdır. Bunu yaşlı nəsildən yazıya aldığımız bayatı nümunələri təsdiq edir:

Savalanın buzu var,
Yanında yarpızı var.
Burda bir igid ölmüş,
Ya oğlu, ya qızı var.

Mən aşıq Qarabağı,
Gəncəni, Qarabağı.
İtirdik igidləri,
Qoynunda qara bağı.

Yaylağım Savalandı,
Tərlanım ovalandı.
Nə dərdim candan gedər,
Nə yaram sağalandı.

XIX əsrin ikinci yarısında Neftçalada anadan olmuş el şairəsi Ağcaqız anaların-qadınların həyatını bayatılarda daha dəqiq ifadə etmişdir. Ağcaqız da bayatılarını qeyri-ənənəvi formada “eləmi”, “mən aşıq”, “əziziyəm” kimi başlanğıc formalardan istifadə etmədən deyərmiş:

Ağcaqız yaya döndüm,
Qış getdi, yaya döndüm.
Ürəkdə var həsrətim,
Əyildim yaya döndüm.

Ağcaqız mələr qoyun,
Yatağa gələr qoyun.
Canım bir dərdə düşüb,
Adımı “mələr” qoyun.


Yazılarından, qoşma və gəraylılarından da göründüyü kimi, çox uzun ömür sürən Ağcaqız əsasən qocalıqdan, zəmanənin və insanların vəfasızlığından, çətin həyat tərzindən şikayət etmişdir. Ancaq eyni zamanda, Muğan bölgəsi üçün xarakterik olan bir xüsusiyyət də Ağcaqızın yaradıcılığında özünə yer tapmışdır. Bu, nikbinlik və sabaha inam duyğusudur. O, “Alaçıq” rədifli qoşmasında alaçıqda yaşamağın çətin olduğundan gileylənsə də qoşmanı tam nikbin duyğularla tamamlayır:

Ağcaqız söz deyər, sözün xasını,
Alaçıq, o günü sən tut yasını.
Bu baharda ellər çaldı sazını,
Axır yeni dövran qurduq, alaçıq.

Muğanın şifahi ədəbiyyatından-folklorundan danışarkən təbii ki, folklorun mühüm qolunu təşkil edən aşıq ədəbiyyatına da qısaca da olsa nəzər yetirmək gərəkdir. Muğan aşıqlarından söhbət gedərkən bir sıra aşıqların, o cümlədən Aşıq Cəlalın, Aşıq Qurbanxanın, Aşıq Bəylərin, Aşıq Pənahın, Aşıq Kamilin, Aşıq Qurbanın, Aşıq Alxanın, Aşıq Əzizin və başqalarının adlarını qeyd etmək olar. Aşıq sənətinin qam-şaman, ozan, yanşaq, vartsaq və sair bu kimi sələflərinin olduğunu nəzərə alsaq, bu sənətin köklərinin nə qədər dərinə getdiyi aydın olar. Folklorşünaslar aşıqları 2 qrupa ayırır: 1.Yaradıcı aşıqlar; 2. Yaşadan aşıqlar. Muğan bölgəsində yaşamış aşıqların əksəriyyəti yaradıcı aşıqlar olmuşdur. Onlar köhnə ənənələri davam və inkişaf etdirməklə bərabər, həm də Azərbaycan aşıq yaradıcılığının zənginləşməsinə öz töhfələrini vermişlər.

 Salyanda Aşıq Pənah, Aşıq Qurbanxan, Aşıq Bəylər, Əli Bayramlıda Aşıq Qurban, Biləsuvarda Aşıq Alxan, Aşıq Əziz məhz belə aşıqlardandır. 1933-cü ildə Biləsuvarda anadan olmuş Aşıq Alxan aşıq yaradıcılığınin bir çox janrlarında yazıb-yaratmışdır. Biləsuvarlı Aşıq Alxanın dərin mənalı ustad-namələri, könül oxşayan gözəlləmələri, ürəyəyatımlı, xoş təsir bağışlayan gəraylıları var. “Azərbaycan aşıqları və el şairləri” toplusunun ikinci çildində Aşıq Alxanın da yaradıcılığından nümunələr verilmişdir. Aşıq Alxanın dili şirinliyi və sadəliyi ilə seçilir:

Çoxdan həstətini çəkirəm ey yar,
Deyirəm gözləri qaram hardadır?
Mən ki, öz loğmanım sanıram səni,
Gəl yoxla, gör mənim yaram hardadır.

Folklorşünas alim Seyfəddin Qəniyev Aşıq Alxan barədə yazır: “Təsvirlərinin bitkinliyi Aşıq Alxanın sözün qədrini bilən, söz sənətindən baş çıxaran bir sənətkar olduğunu göstərir. Məhz buna görə də Aşıq Alxan Muğan aşıqları işərisində tanınmış və məhəlli mühitdəki aşıqlıq sənətinə yön verən sənətkarlardan sayılır”.
Muğanın sayılıb-seçilən aşıqlarından biri də 40 ildən artıq yazıb- yaratmış, Əli Bayramlıda yaşamış Aşıq Qurban Əhmədovdur. İlk dəfə 1954-cü ildə Əli Bayramlıda keçirilən xalq yaradıcılığı festivalında uğur qazanan Aşıq Qurban uğurunu ömrünün sonuna qədər qoruyub saxlaya bilir. Aşıq Qurban 4 dastan bağlamış, öz bəstələdiyi “Sevgilim”, “Şirvani”, “Muğani” və digər mahnılar aşığın öz ifasında 1958-ci ildə lentə yazılmışdır. Aşıq Qurban ənənəvi olaraq, əsasən qoşma və gəraylı janrında yazıb-yaratsa da orjinal deyimi, gözəl səsi və muğam bilicisi olması ilə fərqlənmişdir:

Nə vaxtdır gözlərim qalıbdır yolda,
Həsrətin çəkdiyim yar bizə gəlmir.
Dolanır xəyalda, gəzir xəyalda,
Bilir intizarım var, bizə gəlmir.

Aşıq Qurbanın atası Mirzəbala da Muğan bölgəsinin sayılan aşıqlarından biri olmuşdur.
Muğan aşıq məktəbinin zənginləşməsində Aşıq Bəylərin, Aşıq Qurban-xanın, Aşıq Kamilin və Aşıq Valehin də rolu böyükdür. Orjinal deyim tərzi ilə fərqlənən bu ustad aşıqların hər birinin öz müstəqil yolu və üslubu var. Aşıq Kamil “Mənim” rədifli qoşmasında doğru olaraq yazır:

Sübhçağı üfüqü seyrə dalmışam,
Görmüşəm şəfəqdir hey önüm mənim.
Sənətdə yeni iz, cığır salmışam,
Varımdı öz yolum, öz yönüm mənim.

 Sənətdə öz yolu, cığırı olan Aşıq Kamilin yaradıcılığı vətənpərvərlik,
yurdsevərlik motivləri ilə də fərqlənir. Bu sevgi məhəlli məhdudiyyətdən uzaq, saf, duru və təmənnasız sevgidir. Və bütöv Vətən-Azərbaycan sevgisidir:

Şagirdəm, ustadım Alı, Ələsgər,
Hər qoşmam döyüşdə bir mətin əsgər.
Yurdumdan qürbətə yollansam əgər,
Görərəm yox səsim, yox ünüm mənim.

Mən yurdun oğluyam, bağlıyam elə,
Müqəddəs torpağa, müqəddəs dilə.
Vermişəm eşqimi sazımda telə,
Vətəndir imanım, həm dinim mənim.

-deyən Aşıq Kamilin qoşma və gəraylıları tutarlı bədii sonluğuna görə də seçilir.
Muğan aşıq məktəbindən danışarkən təbii ki, təkcə Muğanda deyil, bütövlükdə Azərbaycan aşıq sənətində xüsusi çəkisi olan, adı Aşıq Alı, Dədə Ələsgər, Kamandar Borçalı, Mikayıl Azaflı və digər böyük ustadlarla yanaşı çəkilən Aşıq Pənahın adı xüsusi qeyd edilməlidir. “Saz və söz”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım”, “Sözlərimi saxla yadda” kitablarının müəlləfi olan Aşıq Pənah Finlandiyada, Bolqarıstanda, Rumınyada, Polşada, Çexiyada, Hindistanda və dünyanın digər ölkələrində Azərbaycanı ləyaqətlə təmsil etmiş, istedadını və məharətini dəfələrlə sübuta yetirmişdir. 52 illik ömür çərçivəsində zəngin ədəbi irs yaratmış, hələ gənc yaşlarından Salyan dövlət dram teatırının səhnəsində Məcnun, Kərəm, Qərib rollarını ifa etmiş, “Kür” aşıqlar ansamblını araya-ərsəyə gətirmiş, ustadnamələri, gəraylıları, qoşmaları ilə oxucu ürəyində özünə yer etmiş, xalq sevgisini qazanmışdır. Ədəbiyyatşünas alim İmamverdi Əbilov onun haqqında yazılarının birində deyir: “Əvvəla təbiət ona fitri səs, ilham və yaddaş bəxş eləmişdi. İkincisi, sənətini təkmilləşdirmək, cilalamaq xatirinə müstəsna səbir, dözüm, yorulmazlıq, sonra fitri sadəliklə bahəm,
ailəyə etibar və bağlılıqla yanaşı qohuma , dosta, tanışa gərəkli olmaq eşqi, daha sonra əsl türk kişisinə məxsüs mərdanəlik, qeyrət, nəhayət xalq qarşısında borc hissini bütün mənəvi borcların fövqündə görə bilmək məsuliyyəti və bir də həyat həvəsi ilə süslənmiş sadəlik, təmizlik kimi nəcib əxlaqi keyfiyyətlər töhfə vermişdi” . Aşıq Pənahın yaradıcılıq dairəsi geniş, mövzuları rəgarəngdir. Onun şerlərində yurdun ayrı-ayrı bölgələri-Quba, Dərbənd, Naxçıvan, Şamaxı, Təbriz eyni duyğu və sevgi ilə tərənnüm olunur. Folklorşünas alim Seyfəddin Qəniyevin dediyi kimi: “Aşıq Pənahın şerlərində Azərbaycanın gözəlliyi sonsuz dərəcə əlvan görünür. Bəlkə də elə bundandır ki, Vətən gözəlliklərini tərənnüm edən şerləri də əlvan, rəngarəng, bir-birini təkrar etməyəndir”.

Ana təbiətin qoynuna çıxıb,
Dağların seyrinə dalmaq istərəm.
Səsimə qüvvəti gur şəlalədən,
Qıy vuran qartaldan almaq istərəm.

Dilinin təmizliyi, sadəliyi və axıcılığı baxımından Aşıq Pənahın şerləri
Dədə Ələsgər, Vaqif, Abbas Tufarqanlı, Səməd Vurğun şeri ilə səsləşir.
Aşıq şerinin müxtəlif forma və janrlarında yazıb-yaradan Aşıq Pənah həm də dərin məzmunlu ustanamələr yazarıdır. Onun ustadnamələrindən
hansısa bir parçanı nümunə gətirmək çətin olduğundan şeri bütöv oxumaq gərəkdir:
Gözü, könlü tox ol, qardaş,
Bada verər tamah səni.
Bu gün keflə yediyin aş,
Xəcil eylər sabah səni.

Yemə, özgə malın yemə,
Ona-buna böhtan demə.
Tez batarsan dərdə-qəmə,
Yaman yıxar günah səni.

Dost, biləsən bunu gərək,
Ömürlükdür halal çörək.
Haram nədir, ondan əl çək,
Yoxsa qınar Pənah səni.

Aşıq Pənahın içimizdəki nankorlara, cəmiyyətin normal inkişafına əngəl törədən ünsürlərə həsr etdiyi şerlər də çox maraqlıdır. Bu baxımdan onun “Boşboğaz”, “Namərd”, “Utanmaz”, “Yaltağın”, “Ərizəbaz”, “Xəsis”, “Paxılın”, “Modabaz” və sair şerləri xüsusilə diqqəti cəlb edəndir. Ancaq aşığın Vətən gözəlliklərini tərənnüm edən şerləri daha qüvvətlidir. Azərbaycanımızın bir çox bölgələrinə həsr olunmuş şerləri, Vətənin qüdrətli oğul və qızlarına ünvanlanmış misraları onun qəlbinin daim Vətən və Vətən övladlarının sevgisi ilə döyündüyünün bədii təzahürləridir.Bu baxımdan onun “Azərbaycanım”, “Ana Kürüm”, “Xəzər”, “Qazax”, “Qobustanım”, “Dərbənd”, “Lerikim”,“Kürsəngidağı”, “Naxçıvanım”, “Füzuli”, “Nəsimi” , “Sabiri”, “Vurğunun” və sair onlarla şeri dediklərimizi təsdiqləyir. Aşıq Pənahın qoşmaları, gəraylıları, dodaqdəyməzləri, təcnisləri, deyişmələri, ümumiyyətlə yaradıcılığı professor Paşa Əfəndiyevin dediyi kimi: “Folklorşünaslığımızın indiki nailiyyətləri baxımından” elmi şəkildə, sistemli və ardıcıl öyrənilməlidir.

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Ağca Süleymanova, 25 Sentybar, 2011 06:08:30
    Salam Namiq müəllim Ulu nənəm Ağcaqıza məqalənizdə yer verdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sevindim. Nənəmin və adını daşıdığım ağbirçək nənəmin adını dəyərli saytınızda oxumaq məni yaxşı mənada həyəcanlandırdı. Əgər nənəmin şerləri ilə maraqlansaz mən Sizə onlardan bir neçəsini təklif edə bilərəm. Yeri gəlmişkən mənim dayım İmanov Teyyub, Ağcaqızın oğul nəvəsi də yazardır onun kitablarında Ağcaqız nənənin yaradıcılığına da geniş yer verilib. Sağolun! Salamat olun!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az