Dünya Gənc Türk Yazarlar Birliyi başqanı Əkbər QOŞALInın GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəni təqdim edirik.
- Əkbər bəy, xoş gördük Sizi! Birliyin son dövr fəaliyyəti haqqında oxucularımıza bilgi vermənizi istərdik.
- Xoş gördük.
Bu il Dünya Gənc Türk Yazarlar Birliyinin dövlət qeydiyyatına alınmağının 10 ili tamam oldu. Biz yubileyimizi təntənəli şəkildə keçirməsək də, bu yubileyə Birliyin üzərinə götürdüyü vəzifələrin ruhuna uyğun olarq bir sıra layihələr, konkret işlərlə gəldik. Bu ilin may-sentyabr ayları ərzində həyata keçirdiyimiz “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği” layihəsini, layihə çərçivəsində Bakıda işıq üzü görən “Çağdaş Azərbaycan Ədəbi Qurumları” tanıtım kitabını, Ankarada çıxardığımız “Çağdaş Azərbaycan Şeiri-2” antolojisini, habelə www.dgtyb.org sitəsinin yenidənqurulmasını vurğulaya bilərəm. Türk Dünyası yeni nəsil ədəbiyyatının tribunasına çevirməyə çalışdığımız sitə indi, deyə bilərəm, yalnız bu dediyim alanı deyil, Türk Dünyası Ədəbiyyatını, ümumən Ədəbiyyatı, Mədəniyyəti, Gənclik (“Gənclər Təşkilatları”) mövzusunu, “üçüncü sektor”u – vətəndaş cəmiyyəti yeniliklərini; Türk Dünyasında baş verən diqqətçəkici olayları işıqlandıran portal nitəliyi daşımaqdadır.
Son dövr çalışmalarımızdan danışarkən Avrasya Yazarlar Birliyi başqanı doktor Yaqub Dəliöməroğlunun “Türkistan. Yesəvinin yurdu Yesiyə dair” kitabını, Özbəkistanın “Şöhrət” medalyalı şairəsi, yeni nəsil özbək şeirinin ünlü ismi Xasiyyət Rüstəmin “Qorxunc” adlı şeirlər kitabını qeyd etməliyəm. Hər iki kitabı dilimizə Rəsmiyyə Sabir uyğunlaşdırıb. Bu kitablardan birincisi Azərbaycan Yazıçılar Birliyi, ikincisi isə “Vektor” Uluslararsı Bilim Mərkəzi ilə birgə həyata keçirdiyimiz işdir.
Qarşıda isə Çuvaçıstanın ünlü şairəsi – yeni nəsil çuvaş şeirinin öndə gələn ismi Raisa Sarbinin şeirlər kitabını Həyat Şəminin çevirməsində Azərbaycanca çap etmək; Azərbaycan yeni nəsil ədəbiyyatının seçmə isimlərinin ərəb dilində antolojisinin nəşrə hazırlanması kimi planlarımız var.
- Bütün bu işlərinizi biz də təqdirlə izləyir, alqışlayırıq. Bəs Türk Dünyasında ortaq ədəbi çalışmalar, bu sahədə əlaqələr sizi qane edirmi?
- Açığını deyim, qane etmir. Qane etmir. Bu üzdən də biz varıq. Ancaq bizdən öncə, elə bizimlə yanaşı görülmüş bir çox işləri, bəzən ayrı-ayrı fərdlərin bir təşkilat qədər işlər gördüyü halların mövcudluğunu görməzdən gəlmirik, təbii... Sadəcə olaraq, görülmüş işlər görülməli işlərlə müqayisədə çox azdır. ...Hə, kimsə qalxıb da, movcud işlər, həmin işlərin görülmədiyi dönəmə baxdıqda irəliyə doğru böyük addımlardır, bu-bu işlər görülüb deyə bilər. Biz isə keçmiş üçün keçmişə baxmağı yox, gələcəyə baxmağı - Sabaha boylanmağı üstün tuturuq. – Baxırsan Türk Dünyasının hələ nə qədər ortaq mədəni çalışmalara ehtiyacı var!.. Bu vəzifələrdən qorxmadan qabağa getməliyik: Ortaqlığımızı itirdiyimiz yerə!.. İşin miqyası bizi yıpratmamalı, tam əksinə daha əzmli qılmalıdır, deyə düşünürəm. Ədəbiyyat, Söz Sənəti, ümumən Mədəniyyət Türk Birliyi ideyasında bəlkə ən öndə gələn varlıqdır, olanaqdır!
- Bu gün Azərbaycanda Türk Dünyası mövzusunda yazan yazarların koordinasiyası və birgə fəaliyyət istiqaməti hiss olunmur. Bunun səbəblərini nə ilə bağlayardınız?
- DGTYB olaraq biz bu işi üstənməyə çalışırıq. Mən durumu Sizin ifadə etmək istədiyiniz dərinlikdə təsəvvür etmirəm. Sizə deyim, hətta bəlkə məsələyə bir başqa açıdan baxmaq da olar: ümumən fərdi çalışmalar da öz-özlüyündə gözəldir, verimlidir... Bəlkə də istiqamətsizlik kimi görsənən hal özü elə vahid istiqamətə ayrı-ayrı ünvanlardan canatmalardır... Əsas odur, bu canatmalar öləziməsin. Əsas odur, Həyacan, Atəş, Eşq ölməsin! Bizim ulusumuzun bir özəlliyi var: bu ulus “bitildiyi sanılan yerdən başlayan”; “hələ biçilməmiş əkilən” ulusdur. Baxarsan, Çanaqqala qan içindədir, onminlər, yüzminlər ya şəhid olub, ya yaralı-yaralı toz-torpaq içində can verir, düşmən artıq zəfər qazandığına inanıb... - Tam o sırada bir Seyid Çavuş çıxacaq tək başına mərmini namluya salacaq, ipi çəkəcək, mərmi də gəlib, bayaqdan tor komandirlərinin nişan ala bilmədi koordinanta - birləşmiş yağı qüvvələrinin yarımdünya zirehli gəmisinin tüstü çıxanına düşəcək!..- Durum dəyişəcək. Türkün Çanaqqalası keçilməz olacaq!
Başa düşürəm, indi bir anlığa, “mən hardan danışıram, Siz hardan danışırsız!?” deyə düşünə bilərsiz, ancaq əmin ola bilərsiz biz elə eyni şeydən danışırıq...
- Etiraz etmirəm, gəlin indi də son illər Güney Azəbaycan ədəbiyyatında cərəyan ədəbi hadisələrdən danışaq. Güneydə yaranan Ədəbiyyatı izləyirsinizmi?
-Güney ədəbiyyatını mümkün olduğu qədər izləməyə çalışıram. Ədəbiyyatımızın bu qolunda da maraqlı hadisələr baş verir. Modern şeir biçiminə maraq, klassik gələnəklərin bugünə, bəlkə bəzən sabaha axtarılması, çağdaşlıq və yenilikçiliyin harmonisini axtarma cəhdlərini qeyd edə bilərik. İsmayıl Ülkərin, Güntay Gəncalpın, Nigar Xiyavinin, Leyla Cavanşirin adlarını fərqləndirə bilərik.
Güneyli yazarlarımızın önəmli bir kəsimi doğma yurd-yuvalarından kənarda, o cümlədən Avropada, Okeanın o tayında yaşayırlar. Təbii, onların yazılarından daha çox həsrət qoxusu gəlir; şeirin içində belə darıxdıqları, Tanrı bağışlasın, “bir qanadı qırılmış”lıq havası özünü göstərir.
Vaxt olur, şair deyir
“...Ən gözəli darıxmaqdı,
Darıxmaq özü bir haqdır,
Nə nahaqdır, nə də haqdır,
Şeir yazırıq hələ də...
Hələ də şeir yazırıq,
Bəlkə də yazıb yanırıq,
Yenə də yanıb yazırıq,
Umudumuz var Hələbə...
Hələbə umudumuz var,
Ömür hələ bir udum var,
Həsrət adlı bir dostum var,
Həsrət gətirib Şeirə də...”
Hə, dostum, bu öz yerində-sinəmə gəldi dedim, şeirdən əvvələ qayıdıram, güneyli yazarlarımızın hazırda güneydə yaşamaqda olanlarının yazılarında da həsrət görəcəksən: qoxusu ilə, rəngi ilə, intonasiyası ilə, darıxmağı ilə... Ancaq içəridəki darıxmaqla, bu darıxmağın Şeirə yansıması ilə, dışarıdakı tablonun bir önəmli fərqi var. Bu şeirsəl fərq içəridəkilərin həsrətinin daha çox, dünyaya açılma; dünya ilə birləşmə, tərəqqi etmə; yurdun gələcəyinə, insan haqlarının, azad sözün, azad fikrin oturuşmasına; özgürlük havasının əsməsinə ismarlanmaqla boyut qazanırsa - bədii həllini tapırsa, dışarıdakılarda yurd həsrəti, isti ocaq həsrəti, doğmalardan uzaqda burnunun ucunun göynəməsi, Vətəninin ağ günü üçün çarpışanlarla çiyin-çiyinə ola bilməmənin gətirdiyi hiss-həyəcanla təcəlla tapır...
- Yaxşı, bəs, Sizcə Bütöv Azərbaycan ideologiyasını ədəbiyyatımıza gətirə bilmişikmi?- Ouxucularımız üçün də maraqlı olardı deyə düşünürəm.
- İdeologiya və Ədəbiyyat, İdeologiya və Şeir!.. Burda məsələ bilirsizmi necədir..? - Bütöv Azərbaycan ideologiyasını şeirə gətirməkdən yox, bəlkə bu ideologiyanın ictimai fikrə məhz şeirdən, ədəbiyyatdan gəlməsi barədə danışmaq daha düzgün olardı. Zaman-zaman şair, yazıçı, qələm adamı, hələ-hələ aşıqlarımız, ozanlarımız bütov Azərbaycan ruhunun itməməsi üçün daxili bir inersiya ilə çalışmışlar, yazıb-yaratmışlar, çalmışlar-çağırmışlar, el-el, oba-oba dolaşmışlar.
İdeoloqlarımızın, siyasətçilərimizin çoxu Ədəbiyyatdan gələnlər deyildimi? Bu anlamda Sizin bu narahatçılıq dolu sualınız da olaya başqa açıdan baxış tələb edir, deyə düşünürəm. Bax, Sovet ideologiyası, kommunizm qondarma bir şey idi də, - görün onu təbliğ edən qalaq-qalaq kitablar, əsərlər necə yerlə yeksan oldu.!? Ancaq istiqlalı, ulusal və bəşəri dəyərləri tərənnüm edən, haqqa söykənən Ədəbiyyat bəngü durur. Bütov Azərbaycan ideyası obrazlı desək, bədənin canı, cismin ruhu, cadar dodağın suyu, gülün bülbülü, ananın balanı, yarın yarı axtarması, ona qovuşmağa can atması kimi təbii bir Olaydır. Bu Tanrıya xoş gedən bir işdir: Bütövlük, Həsrətlilərin qovuşması, Haqqın bərpası!.. tanrıya xoş gedən Şairə də xoş gələr, Şairə xoş olan Xalqa da xoş olar.
- Aydındır. Türk Birliyi ideyasının gercəkləşməsində siyasətin, iqtisadiyyatın nə qədər önəmli rol oynadığını bilirik. Bəs, hazırda birliyin möhkəmlənməsində ədəbiyyatın gücündən yararlana bilirikmi?
- Yenə bayaqkı fikrə qayıtmaq istərdim. Məncə, siyasət birliyi, istisadiyyat birliyi Ədəbiyyatdan, mədəni birlikdən sonra gəlir. Onların önəmini, hələ-hələ dünyanın indiki durumunda heç gözardı etmirəm, təbii. - Bu öz yerində. Qaldı, Ədəbiyyatın, ümumən Mədəniyyətin deyək, gücündən yararlanmağa bu çox gərəklidir. DGTYB olaraq ilk sualınıza cavabda sadaladığım işlərlə, nəşrlərlə biz bu işə qatqıda bulunmaq istəmişik. Umarım, TÜRKSOY da, TürkPA da bu gücün fərqindədir və ümumtürk ideallarının zaman-zaman gerçəkliyə çevrilməsinə yardımçı olacaqlar.
- Əkbər bəy, son vaxtlar Bütöv Azərbaycan və türkçülük ideyalarını təbliğ edən müstəqil gənclər təşkilatları yaranır. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı.
- Əgər, necə deyərlər, yaratmaq xatirinə yaratmasalar alqışlamaq lazımdır. Bizdə bəzən görürsən giley-güzar səslənir: “Əşşi, bu qədər də QHT-mi olar?” Nəzərə almaq lazımdır ki, istər Qafqazda, istərsə də, Doğu Avropada ən az QHT-si olan ölkələrən biri Azərbaycandır. Ona görə yeni ictimai birliklərin yaranmasını alqışlamaq lazımdır. Dediyimiz kimi, yeni birlik yaradanlar da “təsis konfransı” ilə işlərini bitmiş hesab etməməli; hansısa işin qulpundan yapışmaq, əlini daşın altına qoymaq yerinə özləri bir problemə çevrilməməlidirlər.
- Sonda, suallarımızı cavablandırdığınıza görə Sizə öz təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzu edirik.
- Sağ olun, mən də Sizə təşəkkür edir, başarılar diləyirəm.
Söhbətləşdi: Elnur Eltürk
Yorumunuz
Şərhlərə görə (6 göndərilib)
-
Yerləşdirilib Resmiyye Sabir, 12 Dekabr, 2009 08:02:43Qardas, men de gorduyun bu müqeddes islerde sene ugurlar dileyirem. Var olasan! Her zaman boyuk Türk Dunyasi ugrunda mubarize aparanlarin ön sirasinda gorek SENİ.
-
Yerləşdirilib Turan, 12 Dekabr, 2009 07:49:25Əkbər bəy, müsahibənizi diqqətlə oxudum, mən də sizin fikirlərinizə qatılıram, onu da deyim ki, fikirlərinizdə fəlsəfi çalarlar olduqca dərindir, xüsusən bütövlük barədə fikirləriniz təqdirə layiqdir. Yaxşı ki, varsan.
-
Yerləşdirilib Hayat Şəmi, 09 Dekabr, 2009 22:50:34Əkbər Bey, müsahibəniz ürəyimcədir.Şövqünüzə, təpərinizə, ürəyinizə sag ol deyirəm.
-
Yerləşdirilib Fethi Gedikli, 09 Dekabr, 2009 11:14:37Ekber bey, qonuşmanı memnunluql oxudum. Gördüyünüz işlere göre sizi ve yoldaşlarınızı alqışlayıram! Görüşleriniz de doğru seslenir; umudsuz olmamaq gerekir, her kes elinden geleni etmelidir az-çox, kiçik-böyük demeden... Sonra bunlar birike birike çox olar, böyük olar. İnamlı olaraq yolumuza davam etmeliyik!
-
Yerləşdirilib habil yaşar, 08 Dekabr, 2009 10:51:37Biz inanırıq ki Türk dünyası dünyaya əbədi olaraq nur saçacaq İnşallah!Bu gün çox yaxındadır







MÜSAHİBƏLƏR