Namiq HACIHEYDƏRLİ
Muğanda yazılı ədəbiyyatın tarixi ən azı XVII əsrdən hesblanmalıdır. XVIII əsrdə yaşamış məşhur şair Nişat Şirvaninin Şamaxıdan yazıb- yaratmaq üçün daha əlverişli şərait olan Salyana köçüb gəlməsi burada hələ XVIII əsrdə qaynar ədəbi mühit olduğundan, XIX əsrdə Hacıqabulda Mirzə Baxış Nadim kimi sənətkarın yazıb-yaratması Muğanda ədəbi ənənələrin dərin köklərə malik olmasından xəbər verir. Təkcə Muğan bölgəsi üçün deyil, yaradıcılığı bütöv Azərbaycan ədəbiyyatı üçün mühüm əhəmiyyət kəsb edən Mirzə Baxış Nadim 1785-ci ildə Hacıqabulun Navahı kəndində anadan olmuşdur. Adı XIX əsr Azərbaycan ədəbiyyatının böyük sənətkarları-Qasım bəy Zakir, Baba bəy Şakir, Fazil xan Şeyda ilə yanaşı çəkilən M. B. Nadim 95 illik ömründə daim haqqın və xalqın mövqeyindən çıxış etmiş, min cür əzab-əziyyətlərə sinə gərmiş, məhsuldar fəaliyyət göstərmişdir. İlk təhsilini atası Molla Əsədulladan alan Nadim Şamaxıya gedib mədrəsə təhsili almış, ərəb-fars dillərini mükəmməl öyrənmiş, atasının istəyi ilə bir müddət ruhanilik etmiş, ancaq sonralar həyatını əkinçiliyə bağlamışdır. Mirzə Baxış Nadim XIX əsrin ilk illərində Salyana köçür və təxminən 25 il burada yaşayır. Bundan sonra yenidən Navahıya qayıdaraq kənd mirzəsi işləmişdir. Yaradıcılığında və fəaliyyətində daim xalqın mənafeyini müdafiə edən, zəhmətkeş camaatın zəhməti hesabına varlanan mülkədarları kəskin tənqidə məruz qoyan Mirzə Baxış Nadim hakim dairələri özündən narazı salmışdı. Odur ki, şair kənd mirzəliyindən kənarlaşdırılır. İşsiz qalan şair bir müddət Pirsaat çayında mirab vəzifəsində çalışır. Lakin burada da incidildiyinə, əmək haqqı verilmədiyinə görə işdən uzaqlaşır. Sonralar Mirzə Baxış Nadim Navahı kəndində məktəb açır və ömrünün sonuna qədər kənd uşaqlarına dərs deyir. 1880-ci ildə vəfat edən Nadim Navahı kəndində dəfn edilir. Ömrü çətinliklər, məşəqqətlər içərisində keçən Mirzə Baxış Nadim şerlərinin birində “Gecə-gündüz qan-yaş töküb ağlaram”- deyir.XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Nadim dövrünün böyük satirik şairlərindən biridir:Mahmud, əya, rəncbər ağa mərdi-yeganə,
Nahaq yerə rəncidə olub gəlmə fəqanə.
Xaliq sizi rəncbər yaradıbdır bəyə, xanə,
Hərçənd gərəkdir qoşalar at bu kotanə.
At olmasa, heç incimə, insan da qoşarlar.
XIX əsr hakim dairələrinin əkinçiyə və kəndliyə münasibətini bundan daha tutarlı və satirik dillə qələmə almaq mümkünsüzdür.
XIX əsrdə Mirzə Baxış Nadim kimi qüdrətli sənətkarın yaşadığı Hacıqabulda ədəbi ənənələr XX əsrin ortalarından başlayaraq daha geniş vüsət alır. Səməd Vurğun, Süleyman Rüstəm, Əhməd Cəmil, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Hüseyn Arif və bu kimi böyük sənətkarları 50-ci illərdən başlayaraq Hacıqabula-oxucularla görüşə gətirən də məhz burada ədəbiyyata və ədəbi mühitə olan maraq və istək olub. Yaşlı nəsil hələ də 1955-ci ildə Səməd Vurğunun Hacıqabul oxucuları ilə görüşə gəldiyi günü unutmayıblar. Bu böyük sənətkarların Hacıqabula gəlişi bu bölgədə yaşayan Xeybər İgidəliyev, Hüseyn İsayev,Vahid xan Bağıyev, Cavanşir Bağırov, Sabir Almazov, Zivər Ağayeva, Miryusif Mirnəsiroğlu kimi onlarla gənc istedadın inkişafına təkan verdi. Hacıqabulda yazıb-yaradan qələm adamları arasında Sabir Almazovun yaradıcılığı çağdaşlarının yaradıcılığından fərqlənir. Onun şerləri forma gözəl- liyinə, orjinal məzmununa, dilinin axıcılığına görə ədəbiyyatımızın ümumi malına çevrilmişdir. Əsl şair həyatı yaşayan Sabir Almazov incə duyğularına, həssas təbiətinə görə fərqləndi. Onun şerlərində yurdun hər qarışını, Vətənin kiçik bir quşunun taleyini öz yaşamı qədər düşünən şair ürəyi döyünür:
Çöldə ayaqyalın gəzəndə quşlar,
Aman, ayağına daş dəyməyəydi.
Uşaqkən sərçəyə sapand atmışam,
Ürəyim qışqırıb: kaş dəyməyəydi !
O , öz ölümünü öncədən görən əsl şairlərdən idi:
Mən ölsəm, deməyin siz son nəfəsdə,
Daş üstə bir daş da qoymadı, getdi.
Çopur bir daş qoyub məzarım üstə,
Deyin: bu dünyadan doymadı, getdi.
Vətəndən və Vətən nemətlərindən doymayan şair son anına qədər vətən-pərvərlik duyğusu aşıladı. Belə şairlərinsə həyatda ikinci doğuluşu-Vətənə dönüş günü olur. Sabir Almazovun özünün dediyi kimi:
Gəzsəm də dünyanı, çıxsam da sona
Nə Vətən taparam, nə də ki, ana.
Yenə də qayıdıb Azərbaycana,
Daşına baş qoyub ölərəm dedim.
Hacıqabulda yazıb-yaradan qələm əhlindən söhbət gedərkən adı ayrıca qeyd edilməli bir yazar var: Miryusif Mirnəsiroğlu! XX əsrin 50-ci illərində 14-15 yaşında yaradıcılığa başlayan M. Mirnəsiroğlu bu gün təkcə Hacıqabulda deyil, bütün Azərbaycan ədəbi mühitində ən məhsuldar fəaliyyət göstərən yazar-larımızdan biridir. O, həm aktyor, həm jurnalist, həm şair-dramaturq, həm də fəal ictimaiyyətçi kimi diqqəti cəlb edir. Bu günə qədər 30-a yaxın kitabı nəşr olunmuş M. Mirnəsiroğlu xalq şairi Vaqif Səmədoğlunun dediyi kimi: “ O, sakit göründüyü qədər cöşqundur, biganə göründüyü qədər sevdalıdır, məğrur görün- düyü qədər cəsarətlidir, mübarizdir, dönməzdir .“ M. Mirnəsiroğlu bir ömürdə 5-6 ömür yaşayan sənətkarlarımızdandır. O, aktyor kimi“ Vaqif ” dramında Vaqif, “ Solğun çiçəklər “də Bəhram, “ Oktay Eloğlu”da Aqşin, “ Bəxtsiz cavan” da Fərhad rollarının məharətli ifaçısı, Azərbaycanın müxtəlif səhnələrində tamaşaya qoyulmuş “Qatil”, “Qürbət diyarda” , “Diriykən ölmüşlər” , “İsgəndərin buynuzu” ,“Meşədə məhkəmə” ,“Dördüncü təcavüz olmayacaq“ pyeslərinin müəllifi, bəstəkarı Cavanşir Quliyev, Bəhram Nəsirov və Vahid Bünyatov olan bir çox mahnıların yazarı, “Süsən-sünbül”, “Qürbət diyarda” ,“Bir əba qoynunda beş müqəddəsim”, “Ya Məhəmməd” , “Xocalıda görüşərik” , “Sənə güvəndiyim dağlar”, “Pəhpəhnamə”, “Mən Allaha yaxınam” ,“ Könül nəğmələri”, “Hacıqabul- dan çıxan yollar” və digər 30-a qədər kitabın yaradıcısıdır. Məhsuldar qəzəlxan kimi də fəaliyyət göstərən Miryusif qəzəllərini əruz vəznində yazır. Çox aydın , sadə və axıcı bir dillə:
Necə vəsf eyləməyim, dərdbilənimsən, Qarasu,
Sən ləyaqət məkanım, cismi-tənimsən, Qarasu.
Bu adı hansı ulum verdi sənə, qarə dedi,
Qaranı ağ edənim, sən gözəlimsən, Qarasu.
-deyən Miryusif Mirnəsiroğlunun şerlərində, xüsusən qəzəllərində Vətən mövzusu ana xətti təşkil edir:
Min dərdim ola, dərdimə dərman Vətənimdə
Loğman sözü əfsanədi loğman Vətənimdə.
Yerdən göyədək ləli-cəvahidi bu torpaq,
Sərvətləri dərya kimi ümman Vətənimdə.
Vətəninə bütün canı və qanı ilə bağlı olan, hər misrasından Vətən sevgisi boy verib görünən M. Mirnəsiroğlu bunu da “ bəs “ hesab etmir:
Bir ömür vermişəm xalqıma, azdır,
Yüz ömrüm olsaydı, yenə verərdim.
-deyir. Qəlbi sevgilərlə dolu olan bu şair Tanrıya və millətə sevgi sindən güc alır, yaşamaq, yazmaq-yaratmaq istəyir. Yorğunluq hissi ona yaddır:
Nə qədər ki, dağların üzü hələ gülməyib,
Nə qədər ki, bu elin düşmənləri ölməyib,
Bu ağrını-acını daşımaq istəyirəm,
Yaşamaq istəyirəm, yaşamaq istəyirəm.
Bu cür nikbin ruh sahibi olan istedadlı yazarın-M. Mirnəsiroğlunun yeni, daha uğurlu yaradıcılıq nümunələri ortaya qoyacağı şəksizdir.
Muğan ədəbi mühitindən söhbət gedərkən Əli Bayramlı haqqında da bəzi məqamları qeyd etmək gərəkdir. Yaşayış yeri kimi tarixi XVIII əsrə gedib çıxan Əli Bayramlı əvvəllər Şahverdili, sonra çar ordusunun Qafqaza işğalçılıq məqsədi ilə göndərdiyi qoşunların komandanı “Qızıl- ayaq Zubov” un şərəfinə “Zubovka”,1924-cü ildən isə Əli Bayramlı adla- nır. Əli Bayramlı 1938-ci ildə şəhər tipli qəsəbə,1954-cü ildə rayon, 1963-cü il yanvarın 4-də isə şəhər statusu almışdır. Əsasən 50-ci illərdən başlayaraq burda mühüm obyektlərin və sənaye müəssisələri-
nin, o cümlədən mədəniyyət evi, musiqi məktəbi, “Şirvan” kinoteatrı, dəmir-beton zavodu, asvalt zavodu, 5 saylı sənaye kombinatı, cihazlar zavodu, mərkəzi şəhər xəstəxanasının və sair tikintisi həm də Əli Bayramlı ədəbi mühitinin yaranma və canlanması üçün şərait yaratmış oldu. Belə ki, adları qeyd olunan obyekt və müəssələrdə işləmək üçün Azərbaycanın bir çox rayonlarından buraya axın oldu ki, bu gələnlərin arasında da xeyli sayda qələm əhli vardı. Əli Bayramlıda uzun illər yazıb-yaradan, istedadlı qələm sahibləri-Novruz Demanlı, Yaqub Salman , Ağadədə Demanlı, Bəhlul Nəbi, Tofiq Hüseyn, Böyükağa Sadıqzadə və sair bu kimi onlarla qələm əhli Azərbaycanın digər bölgələrində doğulsalar da 50-ci illərdən başlayaraq bütün həyatını Əli Bayramlıya həsr etmişlər.Əli Bayramlıda 1930-61-ci illərdə “Muğan sədası ” ,1961-62-ci illərdə “ Pambıq zərbəçisi” , 1962-65-ci illərdə “Yüksəliş uğrunda” , 1965-ci ildən sonra isə “İşıq” və “Mayak” qəzetləri nəşr olunmuşdur.
Əli Bayramlıda yazıb-yaradan qələm əhli əsasən adları qeyd olunan qəzetlərdə çıxış etmişlər.
Qurub-yaratmaq, insanlara və insanlığa xudmət məqsədi ilə Əli Bayramlıya gələn yazarlar öz yaradıcılıqlarında da qurub-yaratmağı tərənnüm və təbliğ edirlər. Bu mənada Bəhlul Nəbinin “Söyüd” şerinin
ruhu burada yaranan ədəbi nümunələr üçün çox səciyyəvidir:
Bir söyüd ağacı sancdım torpağa,
Günəşdən güc alıb göyərsin deyə.
Baxdım yaşıllaşan zərif yarpağa,
Sevincim, fərəhim ucaldı göyə .
Gəldi qulağıma naşının səsi:
-Söyüdlər barsızdır.
Sən sözə bax bir.
Dedim: söyüd barı, söyüd meyvəsi,
Söyüd yaraşığı, gözəlliyidir.
Yaxud Əli Bayramlıda yaşayan digər şair “Azərbaycan balasıyam” və “Dünya belə dünyadı” kitablarının müəllifi Novruz Demanlı sarı sünbül zəmisindən ilhamlanaraq yazır:
Ey sarı sünbülüm, dənini çox tut,
Nurlu bərəkətlə boya zəmini.
Bol olmasan arzularım puç olar,
Biçilməyə səslə “biçən gəmi”ni.
Paytaxtdan uzaqda yaşamasına, gününü ağır zəhmətlə keçirməsinə baxmayaraq Əli bayramlıda yazıb-yaradan insanlar sözə böyük hörmət və məsuliyyətlə yanaşaraq dəyərli ədəbi nümunələr ortaya qoymağa, daha lakonik yazmağa çalışırlar. Taleyini 1962-ci ildən Əli Bayramlıya bağlamış “Çəki daşı” adlı kitabın müəllifi Böyükağa Sadıqzadənin şerləri az sözlə daha dolğun, bitkin mənalar ifadə etməyin uğurlu nümunələridir. Məhəbbət haqqında yazarkən uzun-uzadı fikir söyləmir, Xəzərin timsalında 4 misrada əsl məhəbbətin tərcümeyi-halını
yaradır:
Xəzər sanki ahudur,
Dalğalar onun dili.
Yalayır balasıtək,
Gecə-gündüz sahili.
Əli Bayramlıda yazıb-yaradan qələm əhlindən Ağayar Ozanın publisistik yazıları, tərcümələri və Babulla Səlimovun yaradıcılığı daha çox diqqəti cəlb edir. Orta məktəbdə ingilis dili müəllimi işləyən Ağayar Ozan 70-ci illərin ortalarından başlayaraq “Azərbaycan gəncləri”,“Azərbaycan müəllimi”, “Bakı” , “İşıq”, “Mayak” qəzetlərində, “Gənclik “ jurnalında şer və publisistik yazılarla çıxış etməklə bərabər, bəzi ingilisdilli şairlərdən, o cümlədən Bayrondan, Şellidən, Kiplinqdən diqqəti çəkən tərcümələr etmişdir.Babulla Səlimov isə fəal ictimaiyyətçi olmaqla bərabər, istedadlı yazar, uğurlu şerlər müəllifdir. Babulla Səlimovun:
Heç kəsə heç nəyi görk etməsəm də,
Ərkim çatana da ərk etməsəm də,
İnam dünyasını tərk etməsəm də,
Görk edən inamsız sınadı məni.
Şəhid ola-ola köküm, soyadım,
Durdum qulluğunda uzağın, yadın.
Tutduğum əməldən alışıb-yandım,
Yadlar alovuma qısqandı məni.
-kimi misralar Əli Bayramlıda çağdaş poeziyanın uğurlu nümunə- lərinin yarandığından və yaranacağından və bir də Əli Bayramlı ədəbi mühitinin işıqlı sabahından xəbər verir.
Muğan ədəbi mühiti içərisində Salyanda yaranan ədədi nümunə- lərin xüsusi yeri və çəkisi var. Tarixi mənbələrdə XIV-XV əsrlərdən başlayaraq adı qeyd olunan Salyan XVIII əsrdə artıq Azərbaycanın qaynar ədəbi-mədəni mərkəzlərindən biri idi. XVIII əsrdə Nişat Şirvani,
XIX əsrdə Yaqub Ədib, Qasım Həsənoğlu, Mirzə Aslanoğlu, Məşədi Əmrah və digər böyük söz adamlarının yazıb-yaratdığı Salyanda bu gün də ədəbi ənənələr davam etməkdədir.
XVIII əsrin birinci yarısında Nışat Şirvaninin Şamaxıdan, XIX əsrin ilk illərində Mirzə Baxış Nadimin Navahıdan Salyana köçməsi bir tərəfdən sosial-iqtisadi amillərlə bağlı idisə, digər tərəfdən qələm adamı üçün burada daha əlverişli şəraitin olmasından və ədəbi mühitin buradakı qaynarlığından irəli gəlirdi. XIX əsrdə Azərbaycanın bir çox bölgələrində olduğu kimi, hər hansı bir adla Salyanda ədəbi məclis fəaliyyət göstərməsə də burada tez-tez şer məclislərinin keçirildiyi, digər bölgələrdən şairlərin, xüsusən Seyid Əzim Şirvaninin bir neçə dəfə Salyana gəlməsi, yerli şairlərlə görüş keçirməsi, Kərim bəyin evində qonaq olması məlumdur. XIX əsrdə Salyanda meydana çıxan ədəbi nümunələr əsasən aşıq yaradıcılığı üslubunda qoşma, gəraylı və bayatı janrında yaranırdı. 1817-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş Məşədi Əmrahın yaradıcılığı sərhədsiz düşüncə tərzinə görə müasirlərindən seçilir. Hələ sağlığında ikən Məşədi Əmrahın şerləri dillər əzbəri olmuş , aşıqlar tərəfindən ifa edilmiş, sonralar bu şerlər əsasında “ Əmrah-Sayad “ adlı dastan da meydana gəlmişdir. Məşədi Əmrahın zəngin yaradıcılığı olsa da təəssüflər olsun ki, günümüzə çox cüzi hissəsi gəlib çatmışdır. Onun şerlərinin mayası yurd sevgisi, Vətən məhəbbəti ilə yoğrulub:
Ağlığı var Savalanın qarından,
Xoşum gəlir qeyrətindən, arından.
İstəmişəm bağçasından, barından,
Mən gəzirəm belə gözəl var ola.
Talışla Lənkəran, Salyanla Bakı,
Dəmirqapı Dərbənd, Qudyalnan iki.
Güllü Qafqaz ilə, Gəncəynən Şəki,
Mən gəzirəm belə gözəl var ola.
Ağır Dağıstandır, üstündə bayraq,
Qırx min Tabasaran, qırx min də Qaytaq.
Qırx min qumuq eli, qırx min də Xunzaq,
Mən gəzirəm belə gözəl var ola.
Burada göründüyü kimi, şair istəklisinə olan münasibəti fonunda Vətən-Azərbaycan sevgisini təzahür etdirir.
XIX əsrdə Salyanda yazıb-yaradan şairlər içərisində Mirzə Aslanoğlu da sayılıb seçilən söz adamlarından biri olmuşdur.Xalq yaradıcılığı ruhunda yazan bu sənətkarın da yaradıcılığı itib-batmışdır.
Əldə olan şerlərindən onun istedadlı yazar, Azərbaycanda gedən siyasi-ictimai proseslərdən xəbərdar, fəal vətəndaş olduğu aydınlaşır:
Top-topxana gəlir Gəncə elindən,
Ermənini dara çəkin dilindən.
Namus, qeyrət, dövlət gedib əlindən,
Gör kimə qalıbdı malı Şirvanın?!
-deyən Mirzə Aslanoğlu Şirvanın timsalında bütün Azərbaycanda baş verən hadisələrə, ermənilərin Azərbaycan türklərinin başına gətir diyi faciələrə mövqeyini bildirir.
XIX əsrdə Salyanda yazıb-yaradan el şairləri içərisində Qasım Həsənoğlu xüsusi yer tutur. Qasım Həsənoğlu 1837-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşdur. O, savadsız olmasına və Kərim bəyin evində nökərçilik etməsinə baxmayaraq, fitri istedadı və xüsusi qabiliyyəti ilə çoxlarının, o cümlədən XIX əsr Azərbaycanın böyük şairi Seyid Əzim Şirvaninin diqqətini cəlb etmişdir. Qasım
Həsənoğlunun Seyid Əzim Şirvani ilə olan deyişməsi onun nə qədər böyük istedad sahibi və hazırcavab olmasından xəbər verir. Seyid Əzimun:
Maral otlar, ovçu gözlər iraqdan,
Şam içində şölə çəkər çıraqdan.
Öləndə ehsanım verin araqdan,
Molla, seyid qəbristana gəlməsin.
-bəndinə Qasım Həsənoğlu dərhal:
Sən gəlmisən o Şirvanın elindən,
Özün burda, ilqar verdin dilindən.
Əli Zülfiqarı vursun belindən,
Lənət sənə, o şeytana gəlməsin.
-cavabını verir. Təkcə bu bir bənd şerlə Qasım Həsənoğlunun istedadlı söz sahibi olması haqqında fikir yürütmək olar. Qasım Həsənoğlu ilə Seyid Əzim arasında bu deyişmə uzun çəkir. Ancaq sonda Qasım Həsənoğlu böyük istedadla bərabər yüksək insanlıq nümunəsi göstərir, Seyid Əzimi özünün ustadı adlandırır. Üzünü ona tutaraq deyir:
Sən Seyidsən, şairlərə ustasan,
Pis sözümün qələmlə çək üstə sən.
Seyid gərək şahlıq edə Şirvanda,
Kərim bəylə bu meydana gəlməsin.
Alim gərək məktəb açıb dərs desin,
Toyxanaya bu Salyana gəlməsin.
Seyid Əzim şairlərin sahıdı,
Şahlar gərək qəbristana gəlməsin.
Ona gələn bəla gəlsin bizlərə,
Seyid kimi bir insana gəlməsin.
-şer parçası Salyanda hələ o dövrdə poezyanın, ədəbi mühitin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
XIX əsrdə Salyanda qəzəl janrı da inkişaf edirdi ki, bunun da ən istedadlı nümayəndəsi Yaqub Ədib idi.
Belə zəngin ədəbi ənənələrdən qaynaqlanan Salyan ədəbi mühiti XX əstin ortalarından başlayaraq daha ciddi və daha geniş miqyas kəsb etməyə başladı. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk vaxtlarda-1920-30-cu illərdə Salyan ədibi mühitində durğunluq hiss olun- sa da 40-cı illərdə, xüsusən müharibədən sonra yenidən canlanma hiss olunmağa başladı. 1945-ci ildə Salyanda rayon mərkəzi kitabxana sının müdiri Feyzi Məmmədzadənin rəhbərliyi ilə ədəbi məclis yaranır. Sonralar Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Ə. Kürçaylı, X. R. Ulutürk, A. Əlizadə və O. Rza kimi şairlər ilk qələm təcrübələrini məhz bu ədəbi məclisdə oxumuşlar. 40-cı illərdə canlanmağa başlayan Salyan ədəbi mühiti 60-70-ci illərdə daha geniş vüsət alır. Məlum olduğu kimi, 60-70-ci illər Azərbaycan ədəbiyyatında yeni mərhələ idi. Bu dövrdə Azərbaycan ədəbiyyatında nəsrdə M. Hüseyn, M. İbrahimov, İ.Hüseynov, İ. Əfəndiyev, poezyada başda Rəsul Rza olmaqla B. Vahabzadə, N. Xəzri, Qabil, B. Azəroğlu, Ə. Kürçaylı, Ə. Kərim, X. Rza, M. Araz və başqalarının yaradıcılığı bu yeni mərhəlinin xüsusiyyətlərini özündə əks etdirirdi. Təbii ki, ümumazərbaycan ədəbiyyatında gedən yeniləşmə Muğan ədəbi mühitinə də təsir göstərirdi.
1971-ci ildə Salyanda Azərbaycan Yazıçılar İttifaqının səyyar plenumu keçirilir. Salyan ictimaiyyəti əsərlərini sevə-sevə oxuduğu böyük ədəbi simalar ilə-R. Rza, M. İbrahimov, Ə. Vəliyev, S. Rüstəm , N. Xəzri, və digər bir çox ədəbiyyat korifeyləri ilə canlı ünsiyyətdə olur. Bundan cəmi bir ay sonra ədəbi qüvvələri bir araya gətirmək məqsədilə Salyanda “Kürün töhfəsi” ədəbi birliyi yaranır. Birliyə o zaman “Azərbaycan” jurnalında məsul katib işləyən şair-publisist A. Əlizadə fəxri sədr, Soltan Abbas isə sədr seçilir. Bir neçə il sonra Soltan Abbas Neftçalada yaranan “Xəzər nəğmələri” ədəbi birliyinə sədr seçildiyi üçün “Kürün töhfəsi” ədəbi birliyinə bir müddət Balaş Nuri, sonra isə Zabil Pərviz rəhbərlik etmişdir. 2000-ci ilin payızından isə birliyə bu sətirlərin müəllifi başçılıq edir. ”Kürün töhfəsi” ədəbi birliyi qısa müddət ərzində özünü respublikada tanıda bildi. Bir çox böyük ədəbi simaların diqqətini cəlb etdi. Vaxtaşırı birliyin yığıncaqlarında M. Araz, G. Fəzli, İ. Göyçaylı, A. Zenallı, X. Rza, Ə. Kürçaylı və digər yazarlar iştirak etdi. “Kürün töhfəsi” yarandığı 1971-ci ilin fevralından ayda bir dəfə “Qələbə” qəzetinin bütöv bir səhifəsində oxucularla dörüşə gəlirdi. Salyanda yazıb-yaradan qələm adamlarından Cəfər Mehdinin, Balaş Nurinin, Nizami Orucun,Ramiz Duyğunun, Alik Orucovun , Becan Fərzəliyevin, Tofiq Kərimin, Zabil Pərvizin şerləri təkcə rayon qəzetində deyil, respublikanın ədəbi orqanlarında çap olunmağa başladı. Yarandığı gündən istedadları üzə çıxarmaq, ədəbi ictimaiyyətə təqdim etmək və onlara dayaq olmaq missiyasını şərəflə həyata keçirən “Kürün töhfəsi” ədəbi birliyinin üzvlərindən mərhum M. Xəlilbəylinin, N. Göydərənlinin, N. Tutabağlının,H. S. Səlyaninin, M. Kamalın, S Hüseyno- vun, Ə.Məmmədli- nin, A. Bayramoğlunun,S. Rzayevin, R. Hüseynlinin, Ə. Rüstəmin, Durna Asimanın, T. Nəsirlinin, F. Becanoğlunun, V. Elsevərin, H. Nikbinin, Z. Piri-
oğlunun və digər birlik üzvlərinin müxtəlif vaxtlarda kitabları nəşr olunur. 2001-ci ildə 30 illik yubleyini qeyd edən ədəbi birlik 1 il müddətinə 3 almanaxını nəşr etdi.“Kürün töhfəsi” ədəbi birliyi əsası 1971-ci ildə dövrün böyük ədəbi şəxsiyyətləri tərəfindən qoyulan ənənələri bu gün də davam etdirir. Artıq Salyan ədəbi mühitinin qaynarlığı və enerjisi ədəbi birlik çərçivəsinə sığmayaraq burda daha geniş miqyaslı ədəbi qurumun yaradılmasını zəruri edir.
Muğan ədəbi mühitinin tərkib hissəsi kimi Neftçala ədəbi mühitinin önəmli yeri var. 1950-60-cı illərdən başlayaraq Neftçalada canlanan və inkişaf etməkdə olan ədəbi mühit 70-ci illərdə burada yaşayan söz adamlarını bir araya gətirmək üçün ədəbi birlik yaratmağı aktuallaşdırdı.
1974-cü ildə Neftçalada “Xəzər nəğmələri” ədəbi birliyi yaranır.Tezliklə ədəbi birlik Neftçalada yaşayan ədəbi qüvvələri öz ətrafında birləşdirə bildi. “Xəzər nəğmələri” ədəbi birliyinə ilk gündən şair Soltan Abbas rəhbərlik edir. Birliyin onlarla üzvü-Zabil Pərviz, Müzəffər Məzahim,Narınc Xatun, Zərxanım Ülvi, Narıngül Sadiq, Tacəddin Musalı, Cəmaləddin Babayev və başqaları təkcə Neftçalada deyil, respublika ədəbi ictimaiyyətinin diqqətini cəlb edən yazılarla vaxtaşırı mətbuatda çıxış etmişlər. Neftçalada yaşayan qələm adamlarından Zabil Pərvizin “Ağ ayı haqqında ballada”, “Bülbüllər oxuyur Kür sahilində”,“Al kasıb”, Müzəffər Məzahimin “Dünya duyğudur”,”Borcunu qaytar”,”Qoru məsləkini” , Arif Xəzərin “Yol”, “Nəyə gərəkdir” şerləri, Camaləddin Babayevin “Bayquş” ,“Qarışıqlıq”, “Zəmanə tulaları” və digər təmsilləri, nasirlərdən Ölməz Məmmədovun “Sonsuz qaçış”, İmamverdi Zeynalovun “Görüş yerində”, Teyyub İmanovun “Kim apardı” hekayələri təkcə Muğan ədəbi mühitinin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının dəyərli yaradıcılıq nümunələridir.
Neftçalada yazıb-yaradan ədəbi qüvvələr arasında məzmunlu, əhə-miyyətli və dəyərli yaradıcılığı ilə seçilən, bütün Azərbaycan ədəbiyyatında boy verib görünən 3 nəfər qələm sahibi daha çox seçilir. Bunlardan biri Soltan Abbas, digəri İbrahim Nurludur.Üçüncüsünün adını isə xüsusi
qeyd etmək gərəkdir: İmamverdi Əbilov! Vaxtilə mərhum yazıçımız Fərman Kərimzadə yazırdı: “Neftçalada mayak çoxdur. Ancaq ən işıqlı,
ən parlaq mayak İmamverdi müəllimdir”. Aşağıdakı cümlənin müəllifi isə böyük şairimiz Məmməd Arazdır: “İmamverdi müəllim xalqımızın işıq oğullarından biri, ədəbiyyatımızın işığını xalqımıza çatdıran alimlə- rimizin ən qeyrətlilərindəndir. 10-a yaxın kitabın, 600-dən artıq məqalənin müəllifi olan böyük ədəbiyyat və əbədiyyət adamı İmamverdi müəllimin zəngin yaradıcılığını və mənalı ömür yolunu bir neçə cümlə ilə ifadə etmək mümkünsüzdür. Ancaq onu deməyi özümə borc bilirəm ki, İmam- verdi müəllim uzun illər Neftçala ədəbi mühitinin qaynaqlığını təkbaşına təmin etmişdir. 50-ci illərdən başlayaraq İmamverdi müəllimin işığına S. Vurğun, R.Rza, M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, S.Rüstəm,Ə. Vəliyev, bəstəkar Q. Qarayev, Əbülhəsən, Ə. Məmmədxanlı,İ.Əfəndiyev, B.Vahab- zadə, M. Cəlal, M. Dilbazi, N. Rəfibəyli, M.Gülgün, M. Araz, İ. Şıxlı,X. Rza, Ə. Kərim, Elçin, Anar, Qabil, B. Nəbiyev, Z. Bünyadov və başqa bu kimi dövrün böyük simalarının Neftçalaya gəlişi Neftçalada ədəbi və elmi mühitin sarsılmaz, möhkəm özüllü bünövrəsini yaradıldı.
Muğan ədəbi mühitinin zənginləşməsində Neftçalada yaşayan digər söz adamı-Sotan Abbasın da böyük əməyi vardır. O, 30 ildən artıqdır ki, Neftçalada fəaliyyət göstərən “Xəzər nəğmələri” ədəbi birliyinə rəhbərlik
edir. Ədəbi birlik rəhbəri kimi o, Neftçalada yaşayan istedadları üzə çıxarmaq və bir araya gətirməklə bərabər özü də dəyərli yaradıcılıq nümunələri ilə rayon və respublika mətbuatında çıxış edir, yeri gəldikcə kitablarını nəşr etdirir. Onun indiyə qədər nəşr olunan “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolu”, “Ömrün şəhidlik zirvəsi” kitabları ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanmışdır. 60-cı illərin əvvəllərində qətiyyətlə ədəbi yaradıcılığa qədəm qoyan “Mərdlik, mərdanəlik ulu yolumdur”-deyən Soltan Abbas bu gün də inamla yazıb-yaradan şairlərimizdən biridir.
Neftçalada uğurlu fəaliyyət göstərən, məhsuldar, yaradıcı qələm adamlarından biri də İbrahim Nurludur. İbrahim Nurlunun yaradıcılıq dairəsi geniş, mövzuları rəngarəngdir. O həm nasir, həm şair, həm publisist kimi fəaliyyət göstərməklə yanaşı, həm də rayonun qabaqcıl pedaqoq müəllimlərindən biridir. O, “Qumbara”, “Aprel zarafatı”, “Qəfil zəng”, “Yeni il axşamında”,“Pulsuz toy”,“Duaçıxaran” hekayələri, “Ruh və çağa səsləri” adlı povesti, bir neçə uğurlu şeri, ümumilikdə 20-yə qədər kitabı ilə artıq milli ədəbiyyatımıza öz möhürünü vurmuş söz sahibidir.
Muğan ədəbi mühitinin tərkib hissəsi kimi Biləsuvar ədəbi mühiti də özünəməxsus yer tutur. Biləsuvarda ədəbi mühit şifahi şəkildə XIX əsrdən başlasa da əsasən 60-70-ci illərdən başlayaraq uğurlu yazılı ədəbi nümunələr yaranmağa başladı. XX əsrin ikinci yarısında yazıb- yaratmağa başlayan Firudin Həsənağa, Şamil Hüseyn, Cəfər Şıxcan, Zakir Əlirza, Lətifə Qəmli, Gülnaz Qocayeva, Firudin Bağırov, Muxtar Əhməd, Allahverdi Muğanlı kimi qələm adamlarının yazıb-yaratdığı Biləsuvarda ədəbi mühitin parlaq gələcəyi var. 2000-ci ildə Biləsuvarda “Biləsuvar töhfələri” adlı ədəbi birliyin yaranması məhz buradakı ədəbi
mühitin qaynarlığından doğur. Ədəbi birliyə Biləsuvarda yazıb-yaradan Muxtar Əhməd İsmayıloğlu rəhbərlik edir. Birlik üzvləri arasında xeyli ümüdverici qələm sahibləri vardır. Yaradıcılıqlarını “Azərbaycan”, “Ulduz”,
“Şəfəq” jurnallarında, “Zaman”, “Vaxt”, “525-ci qəzet” və digər mətbuat orqanlarında nəşr etdirən ədəbi birlik üzvləri 2001-ci ildə “Biləsuvar töhfələri” adlı ədəbi toplunun nəşrinə nail olmuşlar. Buradakı bir çox şerlər, xüsusən Muxtar Əhmədin “Məni mənsiz oxusunlar”,“Ehey, dünya,
dinlə məni”, Allahverdi Muğanlının “Yazığım gəlir”, “Vətən oğlu”, Firudin Həsənağanın “Ağlayır”, Xudakərim Xudamoğlunun “Bayatılar”ı Biləsuvar ədəbi mühitinin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Bu kimi ədəbi nümunələr göstərir ki, Biləsuvarda daha uğurlu ədəbi nümunələr
yaranacaq, Biləsuvar yazarları təkcə Muğan ədəbi mühitinin deyil, bü-
tövlükdə ümumazərbaycan ədəbiyyatının ciddi qələm adamlarından olacaqdır.
S O N






