.jpg)
RƏSMİYYƏ SABİR
Həyatda təsadüfü heç nə olmur. Mən həmişə bu inancla yaşamışam. İnsan həyatında olan bütün olayların onun alın yazısı olduğunu, əvvəlcədən hər şeyin kodlaşdırıldığı qənaətindəyəm. Baş verənlər böyük Allahın iradəsi və istəyi ilə gerçəkləşir. Həyat çox qəribədir, ağı qarası ilə, yaxşısı pisi ilə, gecəsi-gündüzü ilə. Bir sözlə, bütün olanları və olmayanları ilə.
Bu qəribə həyatda gözlədiyimiz və gözləmədiyimiz o qədər hadisələr olur ki… Onların bəziləri bizə sevinc, bəziləri kədər gətirir. Yeni tanışlıqlar, yeni dostlar qazandırır İnsana. Məşhur bir Azərbaycan nəğməsində deyildiyi kimi:
Yadlar gəlib doğmalaşır, yaxın olur,
Ey həyat, sən nə qəribəsən?...
Maraqlıdır… Bəzən xəyal belə etmədiyin şeylər baş verir insan həyatında, və yaxud da əksinə… Yaxın sandıqların göylər qədər uzaq, uzaq sandıqların yaxın olur.
Həyatın mənim üçün yaxınlaşdırdığı, doğmalaşdırdığı insanlardandır Sabit İncə. Bir zamanlar başçılıq etdiyi ANASAM-ın Azərbaycan təmsilçiliyinin yaradılması nədəniylə yaxın dostumuz, qardaşımız Kərküklü şair Şəmsəttin Kuzəçiylə birlikdə gəlmişdi Bakıya. Mən və dostlarım onunla çox tez ünsiyyət yarada bildik. Çünki o, ikinci Vətən hesab etdiyimiz canımız Türkiyədən gəlmişdi. Bir də axı, söz, sənət Adamıdır Sabit İncə. Mənim qənaətimcə, bütün söz adamları qohumdurlar. Şair Sabir Rüstəmxanlının təbirincə desək, mənəviyyat qohumluğu qan qohumluğundan heç də zəif deyil. (Sözün qüdrətini hamı bilir. Elə dünyanın özünün OL sözündən yaranması da bunu bir daha isbatlayır).
Sabit İncənin şeirlərini oxuduqdan sonra bu mənəvi qohumluğa bir daha əmin oldum. Sevgi, dərd, könül yarası kimi elementlər bütün şairlər kimi, ona da doğmadır:
Şu gönlümün yaralari,
Dinmek bilmiyor, bilmiyor.
Şimdi giydim karalari,
Allar gülmüyor, gülmüyor.
Bütün şairlərin əbədi dostu olan dərd onun da könül sirdaşıdır:
Beklerim yolunu varsın gelmesin,
yollar bana ben yollara alıştım.
çektiğim acıyı varsın bilmesin,
hallar bana, ben hallara alıştım.
Lakin şair bu dərddən nəinki gileyli deyil, hətta onu dərmanı hesab edir. Həyatı bu cür əzabla yaşadığın halda ondan zövq almağı bacarmaq –bunu ancaq şairlər bacarar desəm, bəlkə də yanılmaram. Bəzən mənə elə gəlir ki, dərd olmadan şair yaşaya –yarada biilməz. Yox, bu təkcə mənim üçün belə deyil, elə şair qardaşım Sabit İncə də bu fikirdədir:
Aşık ince derdim bana dermandır,
can ezeldir, bu ten canda fermandır.
tek dileğim bir kez olsun sarmandır,
kullar bana, ben kullara alıştım.
Şair hər şeydə nəsə tapmmağı bacara bilir. Kədərdə sevinci, qarada ağı, qaranlıqda işığı… Onun üçün hər şey, ən adi saydığımız nəsnələr belə başqa gözlə görülür, başqa cür canlanır və misra-misra şeirə çevrilir:
Ben de bilmem ne haldeyim nerdeyim,
Gözyaşım akıyor, deli seldeyim.
Nazlı yar yoğise güzel nideyim,
Güzelim aşkınla yanar ağlarım.
Dünyanın əlvan rənglərinin solduğu, səslərin itdiyi məkanda yaşayırlar şairlər. Bu əhatə dairəsi «uzun, incə bir yol»dur. Şair də durmaq bilmədən bu yolda addımlayır:
Gönül ağlayıp coşuyor,
Dinmek bilmiyor, bilmiyor.
İNCE de hakka koşuyor,
Durmak bilmiyor, bilmiyor.
Bu yolun yolçusu olmaq çətindir, ancaq şərəflidir. Bu yolda üstünə dağlar yürüyər, dalğalar gələr:
Üstüme üstüme gelmeyin dalgalar,
Size dayanacak gücüm mü var ki.
Her çilede dağılırım, toplarlar,
Bir de siz üstüme gelmeyin dalgalar.
Lakin İnsan oğlu qorxmaz bunların heç birindən. Çünki bu yol həm də eşq yoludur. O eşq ki, İnsanı sevdiyi üçün hər şeyə hazır edir, hətta ölümə belə…
Canda cananı gördüm de
gerçek aşkı orda buldum.
Canı Canana verdim de
İnce dilli aşık oldum.
Bu yazdıqlarım şair qardaşım Sabit İncənin şeirlərindən aldığım təəssüratdır. Bu yazını uzatmaq da olar. Lakin mən bundan sonra da onun yaradıcılığına müraciət edəcəyəm. Yəni zaman-zaman (yeni kitabları nəşr olunanda, təzə şeirlərini Azərbaycan türkcəsinə uyğunlaşdırırkən və s.) onun şeirləri haqqında ürək sözlərimi qələmə alacağam və bu yazılar istər Azərbaycanda, istərsə də Türkiyədə çap olunacaq. (Azərbaycanda Sabit bəyin şeirlərini ilk dəfə 2001-ci ildə Bakıda yayınlamışdım). Yeni məqalələrin başlanması üçün hələlik bu yazıya burada son verirəm. Bəlkə də bunu bitməyən yazı da adlandırmaq olar…






