Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

AZƏR QİSMƏT (MƏMMƏDLİ). İki hekayə

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 

 

 ŞOPENİN MELODİYASI
 (hekayə)

 Həmin gün əlverişsiz gün idi. Həftənin birinci günü olduğundan mağazaların bəziləri işləmirdi.
 O, İçərişəhərdəki musiqi valları mağazasına yollandı. İnanmırdı ki, Şopenin simfoniyaları yazılmış vallarını tapa bilə.
 İçəridəki sarışın qız ağ rəngli fincanda qəhvə içirdi. Ətrindən bildi ki, türk qəhvəsidir. Ətirdən nəyisə bilmək ona aşbazlar məktəbindən qalmışdı.
 Qız onu görüb ayağa qalxdı, şəkərdən fincana əlavə edib başını yuxarı qaldırıraq uzun illərin tanışları kimi gülə-gülə:
-Hə, sizsiniz? Bağışlayın, neçə gündür gəlirsiz, mən də elə hey «yoxdur» deyirəm. Şopenin valı yoxdur. Bəlkə Bethoveni alasınız?
-Bethoven varımdır.
-Vallah, tanışlara da demişəm. Hələ ki, tapa bilməyiblər. Bir baxın yaxşı rep, pop, rok vallarımız var. Lennonun yeni lentlərini tapıblar. Andrey dünən Riqadan gətirib. İstəyirsiz Pavorottini verim, ya da Tomazo Albinonini?
-Sağ olun, lazım deyil.
Uzaqlaşmaq istəyəndə sarışın qız səsləndi:
-Həmişə soruşmaq istəyirəm, bağışlayın, amma niyə məhz klassika?
-Ona görə ki…
Heç nə deyə bilmədi. Deyə bilmədi ki, «klassika məni durulaşdırır».
Ordan çıxdı. Yağış yağdığından paltosunun düymələrini bağlayıb, ayaqlarının üşüməməsi üçün onları yerə döyməyə başladı. Anasının «soyuq bədənə ayaqdan keçir» sözlərini yadına salıb metronun «Bakı soveti» stansiyasına tələsdi. O qədər tələsdi ki, sürüşdü və yıxıldı. Birtəhər ayağa qalxıb üstündəki lırda və palçığı təmizləmək üçün metronun qarşısındakı bulağa yaxınlaşdı. Paltosunu təmizləyib tez-tələsik metroya girdi. İçəridə sıxlıq olduğundan birtəhər küncdə yer tapdı. Kimsə arxadan onu dümsüklədi:
-Neçəsiz?
Onun cavabını gözləməyib yenidən davam etdi:
-Görürsüz də, yaman sıxlıqdır. Gərək ki, adınız Anar oldu?
-Düz tapmısız. Əlinizdəki gül-çiçək deyəsən nəyləsə əlaqədardır?
-Day neyləyək. Bu gün 40-cı qışımdır.
-Təbrik edirəm.
-Minnətdaram. Axşam bizə gələrsiz. Aşağıdakı qonşu da videosunu götürüb gələcək.
-Görək də.
-«Görək də» yox, axşam mütləq gəlməlisiz. Maaşımı bir həftə əvvəldən aldım ki, necə də olsa 40 il yaşamışıq, bizdən də bir şey çıxsın.
Qatar «Nizami» stansiyasında dayananda qonşusu vidalaşıb getdi. O isə «İnşaatçılar» stansiyasından çıxıb yenidən insan axınına qarışdı.
 Bayaq yağan yağışı sulu qar əvəz etmişdi. Fevralın son günləri olduğundan şaxta qılınc kimi kəsirdi. «Yaxşı ki, paltomu geyinmişəm» - deyə fikirləşdi, amma Şotlandiya şərfi yadından çıxıb evdə qalmışdı.
Yaşadığı binaya çatıb pilləkənlərlə yuxarı qalxmağa başladı. İkinci mərtəbədəki qonşu hansısa filmə baxırdı. Bir az dinləyib Amerika filmi «Tənha canavar» olduğunu bildi. Çak Norris pis aktyor deyil, amma ən yaxışısı elə Robert de Nirodur, yox, elə ən yaxşısı bizim Səməndərdir. Haradansa oxumuşdu ki, tamaşaçı sevdiyi aktyora aşağıdan yuxarı baxır və istəyir onun kimi danışıb hərəkət etsin. O isə daha çox Robert de Nironu təqlid edirdi.
Qapısını açdı. Pəncərənin gözlüyünü açıq qoyduğundan içəri soyuq idi. Qar havasından iç dolusu nəfəs alıb darıxmağını unutmaq istədi. Xeyri olmadı. Televizorun düyməsini basdı. Ekranda Xocalı faciəsi zamanı Çingizin lentə aldığı kadrları göstərirdilər. Reportyorun qətlə yetirilən uşağı ağlaya-ağlaya iri planda çəkməsi onu daha da qəmləndirdi. Gözlərindən süzülən yaş damcısı üzüaşağı - paltosunun üstünə damcıladı və yadına düşdü ki, paltosunu hələ çıxarmayıb və yadına düşdü ki, bu gün fevralın 26-dır.
Yadına Lalə düşdü. «Görəsən, indi haradadır?».
O, Lalə ilə 3 il əvvəl tanış olmuşdu. Qızın atası əslən xocalılı idi, çox sonralar köçüb ora getmişdilər. Getdikləri gündən Bakıya cəmi-cümlətanı 3 dəfə gəlsələr də, Lalə hər 3 gəlişin üçündə də onu unutmamış və görüşmüşdülər. Axırıncı görüşlərində ondan təkidlə Bakıya gəlmələrini xahiş etsə də, demişdi ki, «atam köçmək istəmir». Tezliklə evlənmək istəsə də, qız gülə-gülə demişdi ki, «hələ balacayam». «Balacayam» deyəndə ki, daha 19 yaşı vardı.
Yavaş-yavaş yuxu gücünü göstərdi. Mürgülədi. Bir az sonra qapının taqqıltısına gözlərini açdı. Bir az yatdığını düşünsə də saata baxdı ki, saat yarım yatıbmış.
-Qonşu, deyəsən yatmışdın? Saat 7-dir. Əl-üzünü yu, qonaqlar gəlib, keç bizə.
Əl-üzünü yuyub aynanın qarşısındakı «Lomani» odekolonu ilə ətirləndi, qalstukunu düzəldib mənzilindən çıxdı.
Qonşusugildə 7-8 nəfər vardı, əsl kişi məclisi idi. Onu gözləməyib yeməyə girişmişdilər. Birinci onu tost deməyə hazırlaşan qonşusu gördü, başları ilə salamlaşdılar.
-Hörmətli qonaqlar, xoş gəlmisiz. Həyatda od, su, etibar olur. Onlar bərk dost olurlar. Od deyir, harda alov var, deməli mən ordayam. Su deyir harda çay, göl, dəniz, okean var, deməli mən ordayam. Etibar isə deyir ki, əgər siz ikiniz bir-birinizi itirsəz mən orda olmayacağam, əgər tapsaz məni də tapacaqsız. İçirəm etibarlılığın möhkəmliyi sağlığına.
Qədəhlər yavaş-yavaş boşaldı. İçmək istəməsə də darıxmamağı xatirinə qədəhini boşaldıb yeməkdən yemədi. İstədi bir az sərxoş olsun. Hamı ona təəccüblə baxsa da fərqinə varmadı. Məclis qızışdıqca sağlıq-sağlıq dalınca deyilirdi. Aşağıdakı qonşu videosunu götürüb gəlmişdi. Hamı yeyib-içdiyindən heç ora baxan yox idi. Qonşusu isə kinoları başdan-ayağa danışmaq üçün ürəyi gedirdi. Artıq surətlərin zahiri aləmlərindən qurtarıb daxili aləmlərinə keçmişdi. Deyirdi, Hollivuddakı ssenaristlər hər bir surəti aktyorların daxili aləminə uyğun yazırlar, bu recissora da sərf eləyir, daha dağa-daşa dırmanmır.
Onun gözləri dumanlanmışdı. Eyvana çıxdılar. Bayaqdan çıxmağa yer axtaran siqaret dumanı da azadlığa qovuşdu. Haradasa uzaqlardan Bethovenin 7-ci simfoniyası səslənirdi: «Elə bil həyacan təbili çalır», - deyə qonşulardan biri səsləndi. «Doğrudan da gülməli idi. Axı həyacan təbili çalmağın da xeyri yox idi», - deyə fikirləşdi.
Aşağıdakı qonşu onu içəri çağırdı:
-Kinolar xoşuna gəldi?
-Pis deyildi.
-Bir azdan lap əlası olacaq.
-Əlası nədir?, - deyə dumanlı başını azacıq yırğaladı.
-Parnuxa, - qonşusu pıçıldadı.
-Yox, mən getsəm yaxşıdır.
-Səni heç hara buraxan deyiləm.
O, təkid etməyin yersiz olduğunu bilib yenidən eyvana çıxdı. Tüstü dumanı yatmış, Bethovenin həyacan təbili çoxdan çalınıb qurtarmışdı.
Hamı otağa qayıtdı. Qonşusu gizlətdiyi kasseti çıxarıb videonun kasset girəcəyinə saldı. Düymələri basıb tez-tez arxaya çevrilirdi:
-Day, bağışlayın də. Ancaq bu da lazımdır. Nə qədər olmasa da kişi xeylağıyıq də…
Məclisə sakitlik çökdü. Kadrlar bir-birini əvəz etdikcə kimisi başını bulayır, kimisi yüngülcə mürgüləyir, cavanlar bir-birilərinə göz vururdular.
Film İtaliya filmi idi. Qonşusu deyirdi ki, bu kassetdən Bakıda iki nəfərdədir. Yaman defisitdir. Stula yayxanan bir az yaşlısı elə hey deyinirdi: «Millətin əxlaqını pozurlar. Azdan-çoxdan abır-həyamız qalmışdı, bu demokratiya başımıza oyun açdı». O biri qonşu onun sözünə qüvvət verərək «əşi, günah elə öz biznesmenlərimizdədir. Camaat gedib pal-paltar, ətir-şirniyyat gətirər, bunlar da parnuxa gətirirlər ki, yaxşı pula versinlər. Belə filmlərə baxa-baxa bəzi əclaflar təmiz qızları yoldan çıxarırlar». Cavanlardan biri əsəbləşdi: «Sizin sözünüzdən belə çıxır ki, belə filmləri qadağan etsinlər, eləmi? Nə qədər qadağan olunsa, onlar da bir o qədər maraq göstərəcəklər. Elə bəzi müsəlman ölkələrini götürək. Orda içkini, belə şeyləri qadağan ediblər. Elə bilirsiz, onların bəziləri Azərbaycana canları yanır deyə burada şirkətlərini açırlar? Xeyr əzizlərim, bizdə belə şeylər bir az azaddır, ona görə gəlirlər. İnsanın istədiyinə «yox» demək olmaz».
O, kinoya hərdənbir baxırdı. İçki tutmuşdu onu. Gözləri yumulurdu. Məclisin yaşlı qonaqları ev yiyəsini təbrik edib sağollaşıb getdilər. Cavanlar bir-iki pozğun qızla zəngləşib sonra mənzili tərk etdilər. Otaqda qonşu, aşağıdakı qonşu və o, qaldı. Film yavaş-yavaş qurtarırdı. Titrlərdə filmdə çəkilənlərin adları yazılırdı. Yuxusunu qaçırmaq üçün başladı adları oxumağa: «İvaqo Drensi. Buna bir quş. Sir-sifətindən nəyə oxşayır. Bunun nəyini çəkiblər filmə? Kaltuna Puççini. Pis deyil. Burnu uzundur, dişləri də at dişinə oxşayır. Puççini…Puççini…Yəqin o skripka çalanın qohumudur. Laura Xavdiyano. Buna da bir quş».
Birdən ona nə isə oldu. Başını tutdu. Gicgahlarını şəhadət barmağı ilə döyəcldəi. Sıçrayıb videoya tərəf  yeridi və «pauza» yazılan düyməni basdı. Ekranda qəşəng bir qızın surəti sanki dondu. Titrdə qızın Adı yazılmışdı: «Yox, yox, bu ola bilməz. Deyəsən içki doğrudan da tutub məni». Kasseti əvvələ verib həmin qızın hərəkətlərinə, gülüşünə diqqətlə baxdı. Yox, qız gülmürdü. Qonşusu söz atdı:
-Qonşu, deyəsən film xoşuna gəlib? İstəyirsən, apar evdə bax, sabah qaytararsan.
Ona qulaq asmağa halı yox idi. Səntirlədi. Qonşular gülüşdü.
-Bu qıza nə yaman belə baxırsan? Az qalır ki, ekrana girəsən. Adı yazılıb? Hə, nə olsun? Görüm nə yazılıb ora?! Bu nə qəşəng qızdır. Heç bayaqdan fikir vermirəm. Saçları hörüklüdür. Lap bizim qızlar kimi hörük bağlayıb. Gözləri də badamıdır. Bu ki lap uşaqdır?! Ay insafsızlar, bunun nəyini kinoya çəkmisiz? Əşi, o «pauza» dan əlini çək görək. İndi videonu xarab eləyəcək, işə düşmədik?! Qonşu, ay qonşu, sabah universitetə gedəcəksən, bəlkə gedib yatasan? Ürəyinə başqa şey gəlməsin ha, qovub-eləmirəm səni. Görürəm bir az yorğunsan, deyirəm bəlkə…
Filmdəki qızın adı belə idi: «Lalə Pinçoletti». Qoca bir kişinin metroda qışqıra-qışqıra dediyi sözlər iynə kimi beynini deşməyə başladı: «Ermənilər Xocalıda əsir aldıqları qızların çoxusunu Fransa və İtaliyanın pornoqrafik kinoşirkətlərinə satıblar. Ermənilər ata-analarımızı qızlarının «yeryığdı»sına çağırdılar. Erməni əsgərlərilə bərabər, erməni ziyalıları belə körpələrimizin dərisini soyub itlərə atdılar. Ermənilər….».
Daha orada dayanmayıb qonşunun mənzilindən çıxdı.
Öz evinin qapısını açıb içəri girdi. Kürəyini qapıya söykəyib bir müddət hərəkətsiz dayandı. Sonra stəkana su doldurub pəncərənin qarşısındakı xalça və kaktus güllərini suladı. Mətbəxdə masanın altına qısılan kirpisinə baxıb gülümsədi. Kolbasadan bir dilim qoparıb onun qabağına qoydu: «Acmışdın, hə? Doyunca ye, gərəyin olacaq».
Qonşular videonu söndürüb həyətə endilər.
-Məclis xoşuna gəldi.
-Hə, pis keçmədi.
Bina sanki qara bulud pərdəsinə bürünmüşdü. Əksər pəncərədə işıqlar sönmüşdü. Onun isə içəridə etdiyi hərəkətlər tül pərdə arxasından açıq-aşkar görsənirdi.
-Bilmirsən, nə olmuşdu ona?
-Deyəsən içki tutmuşdu. Mən onun yaşında olanda az qala başımı araq çəlləyinə soxardım.
-Ancaq o qız qəşəng idi.
O, pəncərəni açıb həyətdə siqaret çəkən qonşularını görüb qışqırdı:
-Qonşular…qonşular…O qız bilirsiz kim idiiii? O mənim….mənim….
O, ağlayırdı. Səsi boğuq idi, çox boğuq. Nıçqırıqdan nəfəsi təngiyirdi. Nə isə demək istəyirdi, lakin bacarmırdı.
Qonşulardan biri dedi:
-Mən ölüm, gör bir o neyləyir? Stolun üstünə çıxdı. Yəqin çılçırağı düzəldir. Gecə vaxtı nə olmuşdu, səhər düzəldərdi də….İndi də ip sallayır. İpin ucunu halqa etdi. Halqa niyə etdi?
Qışqırıq eşidildi: «Özünü asmaq istəyir». Hər ikisi pilləkənlərlə yuxarı qaçdılar. Qapı bağlı olduğundan təpiklə vurub sındırmaq istədilər. Qapı sınmadı. Yenidən cəhd etdilər. Sınmadı. Qapıbir qonşusu evə qaçıb balta gətirdi. Cəhd olundu. Qapı sındı, hövlnak içəri girdilər.
…Artıq gec idi. Gördükləri mənzərədən dəhşətə gəldilər. Çılçırağın bəyaz günəşi altında ipdən asılmış, hələ heç bir günah işlətməyən gəncin vücudu sallanırdı. Səslər eşidildi: «Niyə…niyə belə etdi?».
Qonşular başlarını aşağı dikmişdilər. Gecənin səssizliyi içərisində Şopenin prelyudiyasının həzin səsi gəlirdi. Sanki vücuda lay-lay deyirdi.
Bəşəriyyət isə çoxdan yatırdı. Stol üstündəki kiçicik kağız parçasında yalnız bircə cümlə yazılmışdı: «MƏN İNSANLIĞA NİFRƏT EDİRƏM». Vücud saat kəfkiri kimi yellənirdi. Qonşular elə mütəəssir olmuşdular ki…Elə bilirdilər, elə düşünürdülər ki, vücud dilə gələcək və deyəcək: «Mən sizinlə zarafat edirdim». Vücud isə dilə gəlmədi. Şopenin melodiyası sona yaxınlaşırdı. Çöldə isə xırda qar dənəciklərini quşbaşı qar əvəz etmişdi. Vücud isə elə hey yellənməyində idi.

 HAMİLƏ DƏLİ
 (Hekayə)

 O, hamilə idi. Amma kimdən? Bunu özündən başqa heç kim bilməyəcəkdi. Əgər İsa peyğəmbərin anası Məryəm kimi camaatın arasına çıxıb desəydi ki, «uşağı bətnimdə Allah yaradıb», onsuz da heç kim inanmayacaqdı.
O, mətbəxdə oturub albalı şirəsi içir, yenisini almağa xəsislik edirdi. «Yox, pulları qənaətlə işlətmək lazımdır, yoxsa gələcək işlərə pul çatmaz». Şirəni içir və azacıq irəli çıxan qarnını tumarlayır, həyətdə basketbol oynayan uşaqlara nəzər salır, düşünürdü: «O uşaqların biri oğru, biri yalançıdır…Anaları orda-burda özlərini cırırlar ki, oğlumdan ağıllısı yoxdur. O, qıvrımsaçlı oğlan gündə bir qızla gəzir. Bir gün o qızların ahı ailəlikcə tutar hamınızı, nə ürəyimdən tikan çıxar?! Yox, mənim balam», - deyə qarnına baxdı, sən onlara oxşamayacaqsan. Səni əsl adam kimi doğacam».
Qadın bambılı gülüşlə bu dəfə qarnını ikiəlli tumarladı və sonra qəhqəhə çəkdi. Səsə həyətdəki uşaqlar oyunlarını yarımçıq saxlayıb xorla qışqırışdılar:
-Də-li ar-vad, də-li ar-vad…
Uşaqların səsini eşidən qadın yerindən dik atıldı, pəncərəni taybatay itələyib xələtinin düymələrini açdı və az qaldı şişən qarnı qabağa pırtlasın. Yandı-yandı verərək əlini ağzının qırağına tutub qışqırdı:
-Ölün…yerə soxum sizi…görürsüz? Bu gün-sabah çıxacaq, onda it kimi yeri eşəcəksiz…Yanın e…partlayın…
Uşaqların bəziləri pıqqıllaşdı, bəziləri onu fitə basdı, kübar ailədən çıxanlar sadəcə üzlərini kənara çevirib başlarını buladılar.
…Qocalar, ümumiyyətlə qonşular elə bil sözü bir yerə qoymuşdular ki, onu «dəli» çağırsınlar. Az qalırdı bələkdəki körpələr də başlarını qaldırıb desin ki, «sən dəlisən». Qonşu arvadlar bir yerə yığılıb söhbət edir, axırda belə bir qərara gəlirdilər ki, «o həqiqətən dəlidir, qarnındakı da bicdir».
Dəli onlara fikir vermir, uşağının doğulmasını səbirsizliklə gözləyirdi.
…Blokdan bir oğlan və qızın səsi eşidildi.
-Bilirsən, bu evdə kim qalır?
-Kim?
-Dəlinin yekəsi. Gəzəyənin biridir. Bir dəfə mənə dedi «səndən xoşum gəlir…». Qayıdıb dedim ki, «mənim istədiyim var…Ona xəyanət edə bilmərəm». Axı mən səni sevirəm.
Oğlanın məstedici sözləri qızı yaxın gələcəkdə gözlədiyi toyuna ümüdlərini artırdı, sevindi və oğlanı qucaqlayıb öpdü. Qız bilə bilməzdi ki, hər gün yanağında dodağının boyasını qoyduğu həmin bu oğlan dörd ay dəliyə yalvarıb, hətta qarşısında diz çökmüşdü ki, onunla heç olmasa bircə gecə keçirsin. Dəli razı olmayanda oğlan onun saçından tutub elə blokdaca sürümüşdü. Qonşular çıxanda onun saçını əlindən buraxıb öz köynəyinin yaxasını cırıb qışqırmışdı ki, «ay qonşular, birdəfəlik dəlixanaya zəng eləyin gəlib bunu bassınlar da içəri…belə olmaz axı…ay gicbəsər, bəyəm sənin tayınam ki, mənlə olmaq istəyirsən?». Qonşular dəliyə ikiəlli «kül başına» deyib içəri girmişdilər. Dəli mat-məətəl qalmış, nəsə demək əvəzinə udqunmuşdu. Sadəlövh qız bunu heç vaxt bilə bilməzdi.
…O, gecələr uzananda canavar kimi ulayırdı. Bəlkə də qəsdən edirdi ki, onu daha ürəklə dəli çağırsınlar. Fkirləşsinlər ki, belə dəlinin doğduğundan nə olacaq?!
Otaqdan otağa ayaq barmaqlarının ucunda gəzirdi ki, bətndəki körpəsi narahat olmasın. Çarpayısının qıraqlarına və ucuna yaxınlıqdakı rus pravoslav kilsəsindən gətirdiyi işıltılı tabut taxtalarını vurdurmuşdu ki, yatanda o tərəf bu tərəfə çevrilməsin, ancaq arxası üstə yatsın. Düşünürdü ki, uşaq əzilə bilər, həm də Tanrıya arxa çevirmək həm onu, həm də uşağını zəlil edər.
 Eyvanda, elə otaqlarda da pəncərə ağızlarındakı taxta qutucuqlara torpaq töküb ətirşah, Çin qızılgülləri əkmişdi ki, həm o, həm də uşaq bu qoxularla nəfəs alsın.
Fikri qəti idi. Bu dünyanın insanına oxşamayan, hazırlıqlı adam doğmaq istəyirdi. Hərdənbir dəftər vərəqlərini masaya düzür, rəngbərəng qələmlərlə gələcək uşağının şəkillərini çəkirdi. Şəklin birində uşaq əcdahaya bənzəyirdi. İstəyirdi lazım olanda hamını udsun. O, çox istəyirdi…İstəyirdi həmişə öyünsün ki, o, bir əcdaha anasıdır. Digər şəkildə uşağı ilana bənzədirdi. Heç kimə etibar etməyib kefi istəyəndə zəhərini işə salsın. Bircə dəftər vərəqinə isə heç vaxt şəkil çəkməzdi. Sonda qərara gəlirdi ki, o, nə əcdaha, nə də ilan anası olmaq istəmir. Ona elə gəlirdi ki, bu ağ vərəq məhz onun balasıdır. Təmiz, ləkəsiz.
Həmişə ləkəli güzgü qarşısına keçib boz rəngli uzun kürkünü geyinər, əvvəlcə bir, sonra digər əlini bintlə sarıyar, üzünü, gözlərinin ətrafını, kiprik və dodağını rəngləməzdi. Qorxurdu ki, gözəl görünər, adamların ona, həm də uşağa gözü dəyər. Əllərini sarıyandan sonra, başını da sarıyardı. Yayın istisində kürk geyinib, payızın küləkli yağışında gün eynəyi taxması onu tanıyanlara daha qəribə görünməzdi. Bədənindən əlavə çöldə qalan yerlərini ona görə sarıyardı ki, adamların ona nəinki əli, hətta nəfəsləri belə dəyməsin: «Uşağım yoluxar, nəfəsi yalanla gedib-gələr…».
…Qapının zəngi çalındı. Dəli bir az əvvəl qarnını sığallya-sığallaya oxuduğu türkəçarə kitabını kənara qoyub «gəlin» qışqırdı. Qonşu ağbirçək arvad idi:
-Bala, bax, bu da mən. Yanımdakı da nəvəmdir,-deyərək əlindəki paslı qayçı və bıçağı şaqqıldadaraq stulda əyləşdi.
Dəli əl-qolunu oynada-oynada:
-Bilmək istəyirəm ki, oğlum olacaq, yoxsa qızım, hə…hə…
Qarı onun «hə, hə» sualından çaşdı, qayçı və bıçağı ayrı-ayrılıqda masaya qoydu:
-Ürəyimə dammışdı ki, buna görə çağırmısan. İndi bu uşağa deyəcəyəm ki, ikisindən birini götürsün. Qayçını götürsə qızın, bıçağı götürsə oğlun olacaq…Özü də düz çıxır. Gedib aparata pul verib uşağı şüalandırınca, hazır durmuşam də burda…
Uşaq barmağı ağzında, burnunun suyu axa-axa irəli yeriyib masaya baxdı. Dəli istəyirdi ki, uşaq bıçağı götürsün. Qarı bura gələnəcən qonşulardan öyrənmişdi ki, dəli oğlan uşağı istəyir. Puldan qabağa düşmək üçün uşağı dönə-dönə öyrətmişdi ki, bıçağı götürsün. Uşaq burnunun suyunu dirsəyinə silə-silə qayçıya baxdı. Qarı gözlərini ağartdı. Bu o demək idi ki, «qayçını götürsən dədəni belinə sarıyacam». Uşaq bıçağı götürdü. Dəli evin ortasında atılıb düşməyə, gülməyə, qışqırmağa, uşağı yuxarıya atıb-tutmağa başladı və bağırdı ki, «oğlum olacaq…oğlum…oğ-lu-u-u-m». Daha sonra sakitləşdi. Çantasından pul çıxarıb qarının ovcuna basdı.
Qarı evi tərk edəndən sonra dəli evdən çıxıb pilləkənlərlə beşinci mərtəbəyə çıxdı, nərdivan qoyub ordan da binanın damına qalxdı. Özü ilə gətirdiyi taxta yeşiyi şiferlərdən birinin üstünə yarıaçılı qoyub onun ucuna nazik talaşa söykədi və talaşaya uzun ip bağladı. Yeşiyin altına yem tökdü ki, sərçələr, göyərçinlər yeşiyin altına girib yemi yeyəndə talaşanın ipini çəksin, quşlar tələyə düşsünlər və axşam onun mətbəxindəki aliminium tavada qızarsınlar. Bir ay idi ki, dəli sərçə əti yeyirdi. Qonşu qarı ona demişdi ki, hamilə arvad sərçə əti yesə uşaq bilikli olar.
…Dəli qırmızı kərpiclə hörülən bacanın arxasında gizlənərək, havada cikkildəşib acından fırlanan quşlara baxıb «gəlin də…burda sizin üçün dadlı yem qoymuşam…ətiniz elə dadlı olur ki…uşağımı bilikli edəcəksiz».
Quşlar sanki dəlinin qəlbindəki səsi havada tutub yeşiyin ətrafına qondular. Dörd sərçə və iki çöl göyərçini yeşiyin altına girdi. Dəli sevinə-sevinə hırıldadı və ipi çəkdi. Quşlar yeşiyin içində qalıb qanadlanıb uçmaq istədilər. Dəli tullanıb-düşməyə başladı. Əlini yeşiyin altına atıb məhbus quşları tək-tək tutub gətirdiyi qara torbaya atırdı. Çöl göyərçinləri onun əllərini hirslə dimdikləyirdilər ki, qorxsun. Dəlinin isə qorxmaq fikri yox idi. Göyərçinləri torbadan çıxarıb buraxdı. Ona sərçələr lazım idi. İşini qurtarandan sonra balaca deşikdən nərdivanla binanın beşinci mərtəbəsinə endi. Beşinci mərtəbədə qalan rus Pyotr ovçarkasının nazik zəncirindən tutub evinə qalxırdı. İt torbadakı quşların cikkildəməsini eşidib dəliyə hürdü. Pyotr dəliyə baxıb «şizik, nu tı dayoş» dedi və evinə girdi.
Dəli canavar kimi ulaya-ulaya pilləkənlərlə aşağı enib qapısını itələyib evinə girdi. Mətbəxə qaçıb aliminium tavanı yanılı plitənin üstünə qoyub torbadakı quşların başını üzdü və tələsərək sevinə-sevinə tüklərini yolub qızmış tavanın içinə tulladı. Yağ qurtardığından su əlavə etdi. Bir azdan su quş ətlərilə bərabər pıqqapıqla qaynayırdı.
…Dəli çörəyi doğrayıb tavanı əski ilə tutub masaya gətirdi və quşları ala-çiy halda yeməyə başladı. Kitabda oxumuşdu ki, quş ətini gərək çiy halda yeyəsən ki, vitaminləri ölməsin, bədənə xeyri çox olsun.
Quşları yeyəndən sonra oturduğu yerdəcə qarnını sığalladı. «Mən yedim doydum, yəqin sən də içəridə doyarsan. Hə, indi yatmaq lazımdır. Gözlərini yum, sənə lay-lay deyim…yum…yum, ağıllı balam. Yox, hələ yatmaq olmaz. Uşaq içəridə boğular, azından həzm üçün 4 saat keçməlidir…Darıxma, evdə bir az fırlanım, o vaxtacan yediyim qanıma, ordan da sənin qanına keçər», -deyə hamilə qarnını sığallaya-sığallaya evdə var-gəl etdi, divar saatına baxa-baxa düz 4 saat keçdi. Sonra uzandı. Azacıq mürgüləmişdi ki, kiminsə ətəyindən dartdığını hiss etdi, yarıdumanlı baxıb qonşudakı pəltək uşağı gördü:
-Oyan də…Gətildim e…Sən dedin, mən də gətildim…Oyan də…
-Hə, nədi? Nə istəyirsən?
Uşaq əlindəki iki dənə iri heyvanı ona uzadıb dedi:
-Sən dedin, mən də gətildim. Velmildi e…mən də oğullayıb qaçdım.
-Afərin sənə. Oğluma deyəcəm ki, gələcəkdə sənə heç nə etməsin. Amma oğurlamağı pis etmisən, sürüş burdan balaca küçük…
Uşaq ona dikilən baxışdan və qıcanan dişlərdən təlaşa düşüb əkildi.
Dəli heyvaları o tərəf bu tərəfə çevirib iylədi, sonra deyindi: «Yox, bu azdır. İki heyvayla da uşaq gözəlləşdirmək olar?». Sonra dilimləyib hər tikəni 28 dəfə çeynədi ki, mədəsinə ağır düşüb uşağına əziyyət verməsin. Heyva otağa payız ətri gətirmişdi. «Elə yaraşıqlı olacaqsan ki…Dünyanın bütün qızları sənin üstündə bir-birilərinin saçını yolacaqlar».
…Günlər keçir, dəlinin qarnı burnuna çatırdı. Mədəsinin qıcqırmağından bildi ki, deyəsən balasının başına tük gəlir və o, altı aylıqdır. Həyətdəki uşaqlar onun pəncərəsinə daş atır, xorla «də-li ar-vad, də-li ar-vad» deyib qışqırışırdılar. Hər dəfə də dəli eyvana çıxıb çığırırdı.
-Darıxmayın, üç aydan sonra çıxacaq, dilinizi boynunuzun ardından çıxaracaq.
Sonra canavar kimi uladı, uşaqlar gülüşdülər.
Dəli «Bax»ın menuetinə qulaq asardı. Ona elə gələrdi ki, belə musiqiləri dinləsə uşaq gələcəkdə ləkəsiz, su kimi saf ömür sürər, haqsızlığı bağışlamaz. «Sən dünyanı təmizləyəcəksən», - deyə qulaqlarını qarnına söykəyərdi. «Yaman az tərpənirsən,  ölüvay olma ha, yoxsa səni udacaqlar. Yox, mənim pələngim, sən çaqqal kimi heyvan leşi yeməyəcəksən».
…Günlər keçir, aylar ötüşürdü. Şərq ölkəsinin Avropa paytaxtından şampan bakallarının cingiltisi, rus, türk, ingilis dilləri eşidilirdi. Tez-tez monqol oxlarına bənzər vıyıltılı küləklər əsirdi. Dünya xəbərsiz idi ki, yeni və ağlasığmaz insan övladının doğulmasına çox qalmayıb. Həyətdəki uşaqlar qənimlərinin dünyaya gəlməsindən qorxaraq daha «də li ar-vad…» deyib qışqırmırdılar. Artıq bəzi uşaqlar ata-analarına yalvarırdılar ki, «köçək burdan». Bəziləri isə özünümüdafiə üçün məhəllədəki ağacların budaqlarından silahlar da düzəltmişdilər.   
…O, həkimlərə etibar etməyib mamaçalığı qonşudakı qarıya tapşırmışdı. Qarı söz vermişdi ki, kəvər toxumunu yandırıb tüstüsünü üfürəcəm sənə, uşağı asan doğacaqsan. Dəli də arxayın olmuşdu.
O, həyatda bircə dəfə səhvə yol vermişdi. Uşağı dünyaya gətirəndən sonra monastır qızlarına oxşayan ilbizlər kimi başını içəri salıb heç kimlə işi olmayacaqdı, ancaq oğlunu qabağa verəcəkdi.  
Bir gün dəlinin qışqırığı qonşuları diksindirdi. Hamı başa düşdü ki, onun vədəsi tamam olur.
…Qarı başılovlu gəlib isti su hazırladı, inildəyən dəlini çarpayıya uzandırıb yerini rahatladı. Dəli inilti içərisində gülürdü:
-Ha..ha..bir azdan çıxacaqsan…Ağlamağını hamı eşidəcək…ha…ha…əsəcəklər.
Dəli inildəyir, gülür, çığırırdı. Kövrək qadınlar ağlayır, soyuqqanlılar pıqqıldaşıb gülüşürdülər. Uşaqlar qadınların arxasından gizlincə baxırdılar ki, onların gününü qara eləyəcək körpə görəsən hansı heyvana oxşayacaq.
…Qarının qolları yanına düşdü. Heç kim uşaq qığıltısı eşitmədi.
-Qarı…ha, ha…nə oldu? Hanı mənim oğlum? Cavab ver, köpək.
-Qızım Allah qoysa, gələn dəfə yaxşı olar. Allahın işidir də…
…Uşaq ölü doğulmuşdu. Dəli uladı, çığırdı və ürəyi getdi. Dünyanın əzab-əziyyətinə dözə biləcək, təmiz, hazırlıqlı insan övladı doğulmadı.
Həyətdən isə uşaqların sevinc qarışıq fit səsləri eşidilirdi.



Yorumunuz comment Şərhlərə görə (3 göndərilib)

  • Yerləşdirilib Saida, 02 Fevral, 2012 05:24:03
    Çox dəyərlidir.həqiqətən həyatda vicdanını itirmiş insan demezdim nakəslər var ki,öz gözündə tiri görmür,günahı başqasına ünvanlayır,her halda onun da ALLAH terefinden cəzası böyükdür.bu hekayən ağlatdı məni.Həm də yaxşı türkəçarə məsləhətləri var.Çox beyendim.UĞURLAR!
  • Yerləşdirilib Ağanisə, 14 Fevral, 2010 08:12:27
    Azərin hekayələrini oxuduqca,yadıma Markesin əsərləri düşür.Bu, bir oxucu olaraq mənim gəldiyim qənaətdir.Azər,təbrik edirəm. ALLAH yolunu açıq etsin!Bu gün Azərbaycan oxucusunun belə əsərlərə çox ehtiyacı var!
  • Yerləşdirilib habil yaşar, 21 Dekabr, 2009 09:46:46
    Gözəldir halal olsun

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az