Səhra çiçəyi
Qapa üzlü, qara nəfəsli külək gəlmişdi Kərkükə, qumla birgə dərdləri də çırpırdı adamların üz-gözünə. Balaca İbrahim həyətlərində boynubükük qalmış tək çiçəyi küləkdən qorumaq üçün ətrafına sipər çəkməyə çalışırdı. Baba nəvəsinin bu cidd-cəhdini seyr edir, hərdən gülümsəyir, hərdən də qaşlarını ça¬taraq xəyala dalırdı. Bir uşağın tənha çiçəyi qorumaq eşqinə heyran qalırdı baba və bu heyranlıqda gələcəyə ümid doğuran hisslər də qarışırdı.
Kərkükün ən ağır günlərində belə, bu çiçək yaşamışdı. 13 yaşlı İbrahim yaşatmışdı onu. Küləklər qalxanda çiçəyi taxta yeşik altında gizlədərdi. Amerikalı əsgərlər gələndə isə üstünə kətil qoyar, kətilin üstünə də balaca odealı salardı. Amma bir gün amerikalılardan biri bu odealın altında bomba olduğundan şübhələnərək İbrahimə kətili qaldırmağı əmr et¬di. İbrahim amerikalının nə demək istədiyini onun işarəsindən anladı, odealı götürəndə amerikalının necə diksindiyini görüb gülməyini birtəhər saxladı. Babası başa salmışdı ki, amerikalı əsgərlərin yanında gülmək, ya hər hansı hərəkət etmək olmaz, öldürərlər. İbrahim amerikalıların niyə belə qəddar olduqlarını başa düşmürdü. Amerikanlar tez-tez həyətlərə girir, kimisə sürüyüb aparırdılar. Hara aparırdılar, bilinmirdi. Kərküklü uşaqlar çoxdandı küçədə oynamırdılar. Küçəyə çıxmaq təhlükəli idi, hər an ölümlə qarşılaşa bi¬lərdilər. İbrahim ölümün də nə olduğunu dərk etmirdi. Bütün uşaqlar kimi, ölüm ona adi bir yuxu kimi gəlirdi. Lakin ölümün apardığı adamlar bir daha geri dönmürdülər. Küçənin ortasındaca adamların gülələndiyini, onların yaralarından axan qanı görmək dəhşətli idi. Ölə¬nin ar¬vadının, uşaqlarının fəryadlarını eşitmək daha əzablı idi. Ancaq son vaxtlar belə fəryadlar da az eşidilirdi. Çünki səsini çıxaranı da eyni tale gözləyirdi. Hamı fəryadını da, harayını da içərisində gizlətməyə məcbur olurdu.
Kərkük belə səsi boğula-boğula çırpınır, bu tənha çiçək kimi yaşamağa can atırdı. Ancaq bu çiçəyin İbra¬him kimi havadarı vardı, Kərkükün isə havadarı yoxdu. Hərdən Türkiyənin səsi eşidilir, lakin o səs də atəş səsləri altında itib-batırdı. Dünyanın ən zəngin neft ya¬taq¬larından olan Kərkükün indi bağrından qan axırdı. Kərkük qan içindəydi. Hər gün günahsız insanların qanı tökülürdü, bu tökülən qanlara hesab soran da yoxdu. Bu başıbəlalı məmləkət yaşamaq uğrunda səssiz-səmirsiz mübarizə aparırdı. Kərkük yaşamaq istəyirdi.
İbrahim üçün bütün məmləkət bu çiçəkdən ibarət idi. Hər dəfə partlayışlar qopanda balaca vücudu ilə onu gizlətməyə, qorumağa çalışırdı. Hətta ona bir mahnı da qoşmuşdu. Lakin ucadan oxuya bilmirdi. Bu yerlərdə insanların rahat yaşamı ilə bərabər, səslərini də al¬mış¬dılar. İbrahim də mahnısını pıçıltı ilə oxuyurdu.
Sən mənimsən, səhra çiçəyi,
Ürəyim, ruhum, diləyimsən,
Sən mənim varım-dövlətimsən,
Sevincimsən, Səhra çiçəyi.
Qoymaram ruzgar çalsın səni
Qoymaram yadlar vursun səni
Qoymaram kimsə alsın səni
Sən mənimsən, səhra çiçəyi!
Şeirin qafiyələrini müəllimi düzəltmişdi. İbrahim şeirin necə yazıldığını bilmirdi. Yazmağı da təzə-təzə öyrənirdi. Kərkükdə anadilli məktəb, ya dərnək yox idi. Yalnız evlərin zir¬zə¬mi¬lərdə son dərəcə gizli türk dili dərnəyi vardı. Orada ana dilində latın əlifbası ilə yazmaq, oxumaq öyrənir, türk dünyasının ədəbiyyatı, tarixi haqqında məlumat alırdılar. İbrahim o dərnəkdə eşitmişdi ki, dünyada onun danışdığı dildə danışan çoxlu xalqlar var, onların hamısının başı bəlalıdır. Azərbaycanda Qarabağ dərdi, güney Azərbaycan dərdi, Türkiyədə PKK dərdi, Ahiskalıların vətənsizlik dərdi, Çində uyğurların azadlıq dərdi... İbrahim bunları öyrəndikcə böyüyürdü. Böyüdükcə də öz çiçəyini çox sevirdi, çünki bu çiçək də böyüyür, onun üçün məmləkətin timsalına çevrilirdi. İbrahim çiçəyi haqqında xəyallar qururdu, anasına deyirdi:
-Ana, qoy bu çiçək böyüsün, yanında başqa çiçəklər də çıxacaq. Baxçamız tamam çiçəklik olacaq. Sonra bütün məhəlləmizdə çiçəklər əkəcəyəm, sonra da bütün Kərkükü çiçəklərə bürüyəcəyəm!
Anası da, atası da, babası da (Nənəsi yox idi, qı¬zı¬nın evinə gedərkən küçədə bir amerikalının gülləsinə tuş olmuş, bir daha evlərinə dön¬məmişdi) uşağın bu həyəcanlarına təbəssümlə cavab verirdilər. Amma bu təbəssümlər də ani olur, üzlərində nigarançılıq görü¬nürdü. İbrahim də sevinirdi ki, evdə hamı onun çiçəyini sevir, onun çiçəyi üçün narahat olur. İbrahim bilmirdi ki, bu nigarançılıq çiçək üçün deyil, onun öz həyatı üçündür. Çünki bu dəfə Kərkükə gələn qara ruzgar özü ilə çox bəlalar gətirir, Kərkükü sonu bitməyən bir savaşın qanlı ocağına çevirirdi.
İbrahim çiçəyinin başına fırlanarkən babasının hazırlaşdığını görüb evə qaçaraq arxalığını götürdü, babasının arxasınca qaçdı. Gizli türk dili dərnəyinə ikisi bir¬lik¬də gedir, birlikdə yazıb-oxumağı öyrənirdilər. Kərküklərin öz ana dillərində yazmaq və oxumaq hüquqları yoxdu. Gizli ana dili dərnəyinə getmək təhlükəli idi, hər an qanlı hadisələr ola bilərdi. Ancaq ana dili sevgisi o qədər böyük idi ki, ölümü də gözlərinə alıb gedirdilər. yasaq olunan daha əziz olur insana.
Müəllim böyük bir xəritə də gətirmişdi. Əvvəlcə xəritədə türk cümhuriyyətlərini və türk xalqlarının yaşadıqları əraziləri göstərdi. Dünyada 250 milyondan artıq türkün yaşadığını öyrənincə hər şeyi unudan dərnək üzvlərindən sevinc və heyrət dolu bir nida qopdu. O gün dərnəkdən çıxanda hamının üzündə bir sevinc. Bir ümid işartısı vardı. Gələcəyə inanmaq lazım idi, çünki dünyada 250 milyonluq türk milləti vardı, onları tək buraxmayacaqdılar. İbrahim də ilk dəfə çiçəyini də unutmuşdu, böyük türklük haqqında düşünürdü, özü boyda türk uşaqları barədə düşünürdü. Qapıdan çıxan¬da onu da düşündü ki, o uşaqların hərəsi bir çiçək əksə, dünya çiçəklərə bürünərdi...
Vəhşi bir bağırtı uşağın çiçəkli xəyallarını pərən-pərən saldı, ümidləri darmadağın oldu. Qarşılarında silahlı amerikalı əsgərlər dayanmışdı. Nə baş verdiyini anlayana qədər hamısını qoltuqlayıb sürüyərək maşınlara mindilər. Babası İbrahimi qucaqlayıb özünə elə sıxmışdı ki, onları ayıra bilmədilər, eləcə bir-birinə sarılmış halda buz kimi soyuq və qaranlıq kameraya atdılar. Yalnız ha¬va qaralandan sonra içəri girən zabit adlarını soruşub qeyd etdi, yaşlarını soruşdu. Baba yaşlarını söyləyəndən sonra niyə tutulduqlarını, nəyə görə indiyədək günahsız yerə burada saxlandıqlarını soruşdu. Zabit kinayə ilə gülümsündü:
-Günahsız?... Bəz orada nə edirdiniz? Bilmirsiniz ki, gizli dərnəklərı qatılmaq yasaqdır?! Türk dili dərnəklərində iştirak edənlər asılacaq!
-Siz nə danışırsınız? Dil öyrənmək nə vaxtdan gü¬nah sayılıb? Bu uşağın nə günahı var?! heç olmasa uşağı buraxın!
-Uşağın gizli dərnəkdə nə işi var?
-Dərnəyə gedən mənəm, onu xalasıgildən evlərinə aparmalıydım. Ona görə mənimləydi... O nə qanır dərnək nədir, 13 yaşı var!
-Bir dəfə elə dərnəyə gedəni bir daha saxlamaq olmaz! Hamınız asılacaqsınız!
-13 yaşlı uşağı asmaq olmaz axı...
-Deyirsən 13 yaşı var?-Zabit İbrahimi başdan-ayağa süzdü, onun çınəsindən yapışdı. İbrahim başını dala çəkdi, zabitin əli havada qaldı. İbrahim şax baxırdı. Zabit geri çəkildi, əlindəki qeyd dəftərində nəyisə qaraladı: “İndi oldu 23!” deyərək ədalı bir hərəkətlə kameradan çıxdı. Baba donub qalmışdı. Səddamın dövründə də belə olmuşdu, 13 yaşlı bir oğlan uşağına 27 yaşda olduğunu qeyd edərək asmışdılar... Hər zaman belə idi, Kərkük üçün hər zaman ölüm hökmü yazılırdı.
İbrahim irəli atılıb babasını qucaqladı:
-Baba! Bizi asmazlar ki, baba?!
-Yox, oğlum, asmazlar.
Yerə, buz kimi döşəməyə çökdülər. Babanın ürəyi od tutub yanırdı, ona görə döşəmənin soyuğunu hiss et¬mir¬di. Uşaq da soyuğu hiss etmirdi, çünki ürəyində ümid¬¬¬lər qaynayırdı.
-Baba, doğrudurmu ki, biz türklər 250 milyonuq?
-Doğrudur, evladım.
- Orada Qarabağ, Güney, didərgin Ahiskalı, burada Kərkük... Bəs o 250 milyon haradadır, baba?! Niyə gə¬mirlər? Niyə gəlib bizi qurtarmırlar?!
Qapı şiddətlə itələnib açıldı. İçəri girən iri dabanlı çəkmələr, qara forma geyinmiş əsgərlər onları sürüyüb çölə çıxardılar, həbsxananın həyətində hasara alınmış ba¬laca yerə saldılar. Bura dörd tərəfdən hasara alınmış, döşəməsi qumlu olan yerdi. Beton hasarlar, ayaq altın¬dakı qum da qana bulaşmışdı.
İbrahim həyəcanla bağırdı: “Niyə gəlmirlər, baba”?
-Gəlirlər, evladım! Ayaq səslərini eşidirsənmi? Bizi qurtarmağa gəlirlər...-Baba ağlayırdı. Avtomatın üzünə dirəndiyini görən İbrahimin sinə¬sin¬dən bir fəryad qopdu: “Mənim çiçəyimi qoru, Kərkük!!!
Atəş açıldı, İbrahim qanına bulaşmış torpağa çırpıldı. Babası da onun yanın yıxıldı. Uşağın beyni hələ də işləyirdi, lap uzaqlardan gələn həzin bir musiqini eşidirdi. O, “Səhra çiçəyi” şərqisi idi... Bu şərqini bütün Kərküyü bürüyən səhra çiçəklərinin ləçəklərindən qopan şərqi idi. Bütün Kərkük İbrahim üçün oxu¬yurdu. Axı İbrahim bu qanlı səhrada Kərkük üçün bir çiçək böyüdürdü...
2002, 22 dekabr, Bakı
Həsrət
Şuşanın başı üzərinə yağan alovlu mərmilərdən hürkərək meşəyə tərəf qaçmışdı. Atəş birdən kəsildi. Şuşa tamam boşalmış, tərk edilmişdi. Həyətlərdə, küçələrdə adam görünmürdü, yiyəsiz qalmış heyvanlar, toyuq-cücələr o tərəf-bu tərəfə qaçır, yemək axtarırdılar. O da atılmışdı. Doğma həyətə girəndə bunu anladı. Həmişə hay-küylü olan evdən səs-səmir gəlmirdi. Açıq qapıdan həyətə girəndə də onu kimsə qarşılamadı, belinə sığal çəkmədi. Saatlarca həyətdə vurnuxdu, o tərəf-bu tərəfə qaçaraq sahibini axtardı, axtardı... tapmadı. Başını əyib evə nigaran-nigaran baxdı, kimsəsiz qaldığını başa düşdü. Qapqara gözlərindən iki damla yaş süzüldü. Ağlına sığışdıra bilmirdi ki, hər gün onu tumarlayan əllər necə yox ola bilər, hər gün kürəyində gəzdirdiyi kəslər onu necə unuda bilər. Amma unudulmuşdu!
Həyətə bir dəstə qara geyimli adamlar doluşdu. Elə hay-küylə doluşdular ki, hürküb geri çəkildi. Bu qara geyimli adamların atəş açaraq adamları öldürdüklərini də görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birlərinə nəsə deyib güldülər. Birisi əlini yəhərinə uzatmaq istəyəndə At diksinərək geri çəkildi, dal ayaqları üstə qalxaraq kişnədi. Deyəsən kişnərtisi qara adamları qəzəbləndirdi. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, ətrafını görmədən çırpınaraq xilas olmaq istəsə də bacarmadı, onu tutdular! Zorla köməkləşib yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma torpağın bir parçasını dırnaqları arasında özü ilə apardı.
O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Saatlarmı keçdi, həftəmi, ya aymı, bilmədi. Amma bu müddət xeyli uzun gəldi, üzücü gəldi ona. Sonra onu haralarasa apardılar, gözləri önündə bir dəstə pula satdılar. Yeni sahibi də hay idi, neçə ildir İsveçrədə yaşasa da Qarabağda türklərin arasında böyüdüyündən atları çox sevirdi. Yaxşı bilirdi ki, əsl Qarabağ atları çox az qalıb, bu bəlkə də ən con atlardan biri idi. Atı oxşayıb əzizlədi, cimdirdi. Qarşısına ot qoydu. Acından az qala dizləri yerə gələcək halda olan At ağzını dərhal ota uzadıb tez də geri çəkdi, ağzına aldığı otu yer tökdü. Erməninin gözləri kəlləsinə çıxdı. Həmişə atlarının içində olmuşdu, amma hələ Atın öyüdüyünü görməmişdi. Tələsik bayıra çıxdı, təzə qopardığı yamyaşıl ot gətirdi, At yenə otu ağzına alıb geri qaytardı. Hay bir neçə yerdən, bir neçə cür ot gətirdi, at heç birini udmadı. Hayı fikir götürdü, At uzun zaman ac qala bilməzdi. Digər tərəfdən də Atı alıb bura gətimək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək yarışda iştirak etsin.
Öz atı xəstələnmişdi, onsuz da ümidlərini doğrultmurdu. Bilirdi ki Qarabağ atları mülayim və tezöyrəşəndirlər, onlara xidmət edənə sədaqətli olurlar. Ona görə ata cani-dildən xidmət edirdi. Nə qədər başına fırlanırdı, tumarlayırdı, xeyri yox idi, at onun üzünə belə baxmır, heç nəyə ağzını vurmadan hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Axırda məcbur olub mal həkmi gətirdi. Həkim atı diqqətlə müayinə edəndən sonra xeyli fikirləşdi. Sonra atın çənəsindən yapışıb başını qaldırdı, gözlərinə baxdı, sonra Haya tərəf döndü:
-Bu haradan gəlib?
-Qarabağ atıdır.
- Heç bir xəstəliyi yoxdur, amma hərəkətlərində sterss əlaməti var. Yaman fikir eləyir.Tez-tez onu gəzməyə çıxarın, başqa atların yanına aparın.
-Axı heç nə yemir, içmir.
-Yəqin buranın yeməyi, suyu xoşuna gəlmir.
Hay yenə xeyli pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Yoxsa verdiyi pullar havayı gedəcəkdi. Otun iyini alan At dəli kimi kişnədi, əvvəlcə otu yaladı, yaladı, sonra acgözlüklə qarpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstün qoydu, qoxusunu çəkməyə başladı.
Hayın gözləri böyümüşdü, bu qeyri-adi mənzərə qarşısında özünü itirərək donub qalmışdı. Gördüklərinə inana bilmədən mat-mat baxır, heyrətdən qışqırmaq istəyirdi.
Acından arıqlamış at bir neçə günün içində özünə gəldi və atılıb-düşməyə vurnuxmağa başladı. Atın genişlik istədiyini anlayan Hay onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq ona öyrəşmişdi, çünki hay ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa Hay Atın dilini tapmışdı, onunla Azərbaycanca danışırdı.
Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl mənzərələrindən birində dağların ətəyindəki yaşıl düzənlikdə minlərlə insan toplaşmışdı. Televiziya kameraları yaşıl meydana tuşlanaraq yarışın başlanmasını səbirsizliklə gözləyirdi. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. “Qarabağ gözəli” də onların arasında idi, atı isə Armen Papazyan sürəcəkdi. Armen Qarabağ atlarının dəliliyinə bələd olduğundan son dərəcə ehtiyatla davranaraq qabaqcadan belinə minməmişdi. İşarət verilən kimi atın belinə atıldı.
At ildırım kimi irəli atıldı, tezliklə bir neçə atı ötüb keçdi. At quş kimi uçur, Armen sevinir, onu oxşaya-oxşaya tələsdirirdi. Qarabağ gözəli rəqiblərini bir-bir arxada qoya-qoya irəli keçəndə Armen sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində Atın qulağı belində daşıdığı adamın yad dildə sözləri aldı, sürəti yavaşıdı. Armen həyəcanla qışqırır, atı tələsdirirdi, finişə az qalmışdı, bir azdan bütün pullar onun olacaqdı. Lakin sevindiyindən Armen atın sürətinin azaldığını hiss etmirdi, gözü yalnız finişi görürdü. Atın gözləri isə artıq ayaqları altındakı torpağın yadlığını hiss edirdi, özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşıda açılan nəhəng düzəngaha, onun arxasından görünən dağlara sataşdı. Elə bildi qarşısındakı Cıdır düzüdür, bütün qüvvəsi ilə irəli atıldı. Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində “Qələbə!” deyə bağırdı. Bu bağırtı Atı diksindirdi və heç gözlənilmədən qaçdığı yerdə dövrə vurmağa başladı. Armen özünü itirdi. “İrəli, qələbə!” deyə bağırdı, qamçını onun belinə çırpdı. At iki ayaqları üstə şahə qalxaraq dəli bir kişnərti çəkdi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı, qamçını atın böyürlərinə, başına çırtdı, bir an içində heyvanı al qan götürsə də, o yenə ayaqlarını qaldırdı, bir də şahə qalxdı və qəzəblə yerə çırpanda sanki torpağ titrədi. At üçüncü dəfə şahə qalxaraq dəli bir nərə ilə hayı belindən atdı və finiş xəttini təkbaşına keçərək öz cıdırına sarı üz tutdu. Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmirdilər. Qarabağ atının dəliliyi tutmuşdu, baş götürüb onu böyüdən, yetişdirən yurduna doğru qaçırdı. Lakin nə qədər qaçırdısa, doğma torpağın qoxusu dəymrdi burnuna. Bu yerlər nə qədər gözəl olsa də, nə qədər Qarabağ çöllərini xatırlatsa da yad idi, yadların idi. O isə öz yürdunu, öz torpağını axtarırdı, ona görə dəli kimi ürəyi atlana-atlana qaçır, qaçır, qaçırdı... Nəhayət, ürəyi dözmədi, ağzından sanki köpüklənib çıxdı. Atın dizləri büküldü, yerə gəldi. Lakin o, çökmək, yıxılmaq istəmirdi. Bir neçə dəfə qüvvəsini toplayıb qalxdı, hətta iki-üç addım irəli getdi də, amma artıq yaşıllıq qurtarmışdı. Qarşıda gözqamaşdırıcı işıqlara bürünmüş yad bir şəhər görünürdü. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş, artıq bir yükə çevrilmiş vücudunu daşımağa güc çatmadı, torpağa sərildi. Get-gedə altındakı torpağın soyuqluğu vücuduna işləyirdi. Gözləri səmaya baxırdı. Bu səmanın altında, haradasa onun öz torpağı, öz otu, öz suyu, yurdu vardı. Vardı, elə bunu hiss etmək də gözəl idi. Bütün günü onu izləyən helikopterdən enən adamlar yaxınlaşanda at artıq can verirdi, gözlərində isə bütün yer üzünü, o cümlədən onun doğulduğu torpağı da birləşdirən səma əks edirdi.
Hay atın ölümünü seyr edə-edə cib telefonunu çıxardı, oğluna zəng etdi. Oğlu Ermənistan ordusunun tərkibində idi və Qarabağ üçün vuruşurdu. Qarabağ atını da atası üçün o alıb göndərmişdi. Armen oğlunun səsini eşidən kimi dedi:
-Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ heç vaxt bizim olmayacaq. Özgə torpaqdan vətən olmaz.
2004, Bakı
Yorumunuz
Şərhlərə görə (5 göndərilib)
-
Yerləşdirilib Aygwn Həsənoğlu, 09 Aprel, 2010 02:49:23Gözəl sözlər üçün təşəkkür edirəm. Hörmətli Mustafa bəy, sizi hatırlıyorum. 2008de Istanbuldakı Osmanlı arşivinde sizi Orhan beyden ve İbrahim beyden sordum. Benim emali adresime yaza bilirsiniz. Aygün Həsənoğlu Aygun9@box.az Aygün9@box.az
-
Yerləşdirilib Metin Sarpkaya, 03 Fevral, 2010 07:32:59Guzel! Gerçekten güzel! Elinize sağlık!
-
Yerləşdirilib habil yaşar, 22 Dekabr, 2009 13:30:44gözəl əsərdir Uğurlar
-
Yerləşdirilib Mustafa SERİN, 22 Dekabr, 2009 13:03:39Aygün Hanım, Sizinde Erhan Arıklı aracılığıyla Bakü'de tanışmıştık. Nasılsınız, hikayeleriniz çok güzel. Görüşmek dileğiyle.
-
Yerləşdirilib namiq haciheyderli, 22 Dekabr, 2009 09:33:12ugurlar olsun Aygun xanim!







YENİLİKLƏR