ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİ
YENİDƏN DGTYB-nin TƏQDİMATINDA
Türkiyədə bu antolojinin II cildi işıq üzü görü
Zamanın amansız dönəmində, iqtisadi münasibətlərin dünyanı, sözün əsl mənasında, caynağında inlətdiyi bir məqamda müqəddəs sözün, poeziyanın keşiyini çəkənlərin heç də hələ sınmadığını görəndə sevinirsən. Nə yaxşı ki, dünya belələrindən xali deyil, - deyə düşünürsən. Türkiyənin «Bengü» Yayın Evində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) fədakarlığı sayəsində «Çağdaş Azerbaycan şiiri» antolojisinin II cildi işıq üzü görməsi mənə, bir oxucu olaraq, bu hissləri bir daha yaşatdı (yeri gəlmişkən qeyd edim ki, antolojinin I cildi bir il öncə məhz DGTYB-nin xətti ilə elə həmin nəşriyyatda işıq üzü görmüşdü).
Fəal ictimai xadim, gözəl şairimiz Əkbər Qoşalının başqanı olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin bu olduqca gərəkli işi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən «Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği» layihəsi çərçivəsində gerçəkləşdirilib. Bu yerdə heç şübhəsiz dövlətimizə, Dövlət Dəstəyi Şurasının yaradılması barədə sərəncam vermiş cənab Prezidentimizə öz yazar, vətəndaş sayğımızı ifadə edir, Ədəbiyyata, Mədəniyyətə verilən dəstəyin ən qalıcı və davamlı təsirə malik bir hadisə olduğunu düşündüyümüzü ifadə etmək istəyirəm.
Bir məqamı da vurğulamaq istəyirəm. - Şair qardaşımız Əkbər Qoşalı vətənpərvər bir qələm adamı olaraq bu işləri illər öncə başlayıb. Zaman-zaman çağdaş yazarlarımızın əsərlərinin qardaş türk ölkələrində, eləcə də Türk Dünyası yazarlarının əsərlərinin respublika- mızda yayımını təşkil edib. Vaxt varıydı çoxları türk mədəniyyətinin, bu mədəniyyəti yara- danların bir araya gəlməsinə şübhəylə yanaşırdılar. Ancaq zaman göstərdi, bir işin altına çiynini, ...ürəyini verəndə nəticəsi olur. Biz Əkbər Qoşalı kimi oğulların timsalında bunu gördük. O, «Türkün səsi» adlı topluda türk yazarlarının səsini dünyaya yaymaqla əxlaqlı bir ziyalı örnəyi göstərdi.
***
«Çağdaş Azerbaycan Şiiri»ndə çağdaş Azərbaycan poeziyasının müxtəlif estetik baxışa malik qırx üç istedadlı yazarının şeirləri oxuculara təqdim olunur. Antolojini araya-ərsəyə gətirənlər oxucular arasında zövqlərin (parametrlərin) müxtəlif olmasının fərqindədirlər. Elbariz Məmmədli, Elçin İskəndərzadə, Elçin Mirzəbəyli, Namiq Hacıheydərli, Səhər, Rəsmiyyə Sabir, İbrahim İlyaslı, İlqar İlkin, Füzuli Sabiroğlu, Rasim Qaraca, Ayişə, Məlahət Yusifqızı, Həyat Şəmi, Əlirza Həsrət, Saqif Qaratorpaq, Namiq Dəlidağlı, Sərvər Məsum və digərlərinin sadəcə imzasını xatırlatmaq yetər ki, bu rəngarəngliyi hiss edəsən. BİR MİLLƏT İKİ DÖVLƏTin ədəbiyyat adamları üçün haqqında danışdığımız antolojinin kifayət qədər maraqlı ədəbi informasiya qaynağı olacağına inamlıyam.
“Tanıtım” yazılarında nə deyilsə də, ümumi xarakter daşıyır. - «Çağdaş Azerbaycan şiiri»ndən örnəklər gətirməklə fikrimizi daha yaxşı tamamlamış olarıq. Hələ ömrünün çiçək yaşında, “20 Yanvar” hadisələrində şəhid olan Ülvi Bünyadzadənin şeirləri ilə açılır antoloji (örnəklər Türkiyə türkcəsində verilir):
Kar yağıyor
ağır-ağır
Karib yüreklere
inen dert gibi.
Burda təqdim olunan şeirlərin böyük bir qismi, adı çəkiləndə gözlərə heyrət, könüllərə qürur gətirən Türk Dünyasının varlığına şair münasibətidir. Keçmiş sovetlər dönəmində bu duyğuları qələmə alanlar onu oxucu kütləsinə çatdıra bilmirdilər. Rejimin senzurası buna yol verməsə də, bu əsərlər yazılırdı. Nə yaxşı, o vaxtkı qadağalar qələm adamlarının düşüncə tərzini dəyişdirə bilmədi. Zaman-xaman ürəklərdə pərvəriş tapan duyğuları birdəfəlik silib-atmaq mümkün deyildi. İbrahim İlyaslının «Türküstan» şeiri bu baxımdan çox səciyyəvidir:
Bizi attan indirdiler,
Yine at belindeyiz.
Yine ocak başında,
Yine «od» dilindeyiz.
Və yaxud Elbariz Məmmədlinin bir vətəndaş olaraq yaşantıları təqdim olunan şeirlərində oxucunun düşüncələrinə tamlıq gəlir. Onun düşüncəsinə və poetik qənaətinə görə zamanın gərdişi mübarizələrin fonunda formalaşır:
O yurtta, o başta ölüb kalaydın,
Sığınıb bir taşta ölüb kalaydın.
Bir ağır savaşta ölüb kalaydın,
Belə ölməyəydin, zavallı göçmen.
Bu misralarda hər hansı ağrı-acıya boyun əyməklə bunu taleyin qədəri kimi qəbul etmək təbliğ olunmur. Bu həm də dünya tarixinin şərəf səlnaməsini yazmış böyük türkün özünəqayıdışına səslənişdir:
Bir yol başlayaydın - yüzü yurduna,
Varıb getireydin - yazı yurduna.
Gözünün yaşını gözü yurduna,
Kaş ki, silmeyeydin zavallı göçmen.
Elə Dünya Gənc Türk Yazarlar Birliyi kimi, fəaliyyətinin bir istiqaməti də Azərbaycan ədəbiyyatının türk dövlətlərində yayımı olan «Vektor» Elm Mərkəzinin yaradıcısı, zəngin elmi və ictimai fəaliyyəti ilə, az qala, bütün dünyada tanınan şair Elçin İskəndərzadənin də antolojidə təqdim olunması fərqli düşüncələrə yaxşı örnəkdir:
Bu karlı kış gününde,
başıma gelenler
bir beyazlık içinde.
başka birisinin kaderiymiş gibi.
Və belə düşünməkdə də haqlıdır şair. Şair düşüncələri təkcə öz ağrı-acılarının üstündə köklənmir ki.!? Şairliyin bir möhtəşəmliyi də ondadır ki, ətrafında cərəyan edənləri ürəyi və ilhamı ilə özününküləşdirə bilir. Necə ki, İlqar İlkin bunu bacarır:
Şimdi ayakların
gök yüzünde Tanrı yürüşü yürer,
Yavru kurtum, boynuna sarılan
bayrak kollarını ister.
Bir az öncə qeyd etdiyimiz kimi, antolojidə müxtəlif estetik düşüncə daşıyıcılarının şeirləri yer alıb. Azərbaycan poeziyasında özünəməxsus yeri olan Səhərin şeirləri, bu baxımdan diqqəldayiqdir:
Bağışla beni,
Penceremden bakdığım Ay.
İnan ki, ben de
Senin gibi param parça,
Senin kadar yalnızım.
Rəsmiyyə Sabirin misralara yüklənən pıçıltıları zamanın dolanbac yollardan keçən gərdişləri və bu məqamda əsl şairi düşündürənlərin ifadəsidir. Bəzən Tanrının yaratdıqlarını sadəcə müşahidə etməyin özü də ilahi duyğulara çevrilir. Poeziyanın özəlliklərindən biri də məhz budur:
Bizim aramızda bin yıllık yol var,
Özüme yakınsın benden, İlahi!
İçi cah-celallı cahan vermişsin,
Durup bakıyorum genden, İlahi!
Eyni məkanda, eyni zamanda yaşananlar hər qələm əhli tərəfindən müəyyən parametrlərlə ifadə olunur. Nə yaxşı ki, «Çağdaş Azərbaycan şeiri» antolojisində oxucuların mühakiməsinə verilən şeirlərin əksəriyyətində ifadə formaları gözəldir. Dünya Gənc Türk Yazarlar Birliyinin fəallarından olan gənc şair Namiq Hacıheydərlinin maraqlı düşüncələri kimi:
De, kimdi bizi soran,
De, kimdi muhtac bize.
Kimdi salam yollayan,
Fakır bize, ac bize.
Misallar gətirdiyimiz,-mövzuları və ifadə formaları bir-birindən fərqli, bir-birindən gözəl olan bu şeirlərin arasında ümumi bir yaxınlıq da var. O da antolojidə yer alan şairlərin mədəniyyəti tarixi qədər zəngin olan bir məmləkəti təmsil etmələridir.
Sonda istər-istəməz kitabı hazırlayan qələm dostlarımıza - layihənin rəhbəri Əkbər Qoşalıya, redaktorlar İlqar İlkin və İmdad Avşara, şeirləri Türkiyə türkcəsinə uyğunlaşdıran Rəsmiyyə Sabirə, var olun, deyirik. Ona görə var olsunlar ki, var olan SÖZümüzü dünya arenasına çıxaranda ürəklə çalışıblar. «Çağdaş Azerbaycan şiiri» antolojisi, sözün həqiqi anlamında, çağdaş Azərbaycan şerinin qardaş Türkiyədə təbliği istiqamətində daha böyük iş görmüş olacaq. Necə ki, birinci kitab bunu bacarmışdı. Nə mutlu…
Yorumunuz
Şərhlərə görə (4 göndərilib)
-
Yerləşdirilib Azerbay Butovyurd (Guneyli), 08 Yanvar, 2010 07:25:41Chagdash Azerbaycan poeziyasini yaradanlara ve bu poeziyani teqdir edenlere eshq olsun. Bizi de unutmasinlar amma...
-
Yerləşdirilib İmdat Avşar, 25 Dekabr, 2009 00:36:11Müasir Azerbaycan şeri antolojisinin II. cildi de işık üzü gördü. Bilirem ki, genç quşak Azerbaycan şairlerin, ürek sözleri,Türkiye'de öz aksini tapacakdır. Emeği geçen herkese gönül dolusu teşekkürler...
-
Yerləşdirilib habil yaşar, 24 Dekabr, 2009 09:01:19Vasif müəllim sizə uğurlar
-
Yerləşdirilib Namiq Haciheyderli, 24 Dekabr, 2009 08:51:42her kese ugurlar, Vasif qardashimiza ise teshekkurler- diqqetine gore.







YENİLİKLƏR