Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

"Hələ yenə də ad uydururlar- Şərqi Azərbaycan, Qərbi Azərbaycan..."

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 Dünya Gənc Türk Yazarlar Birliyinin Mərkəzi Təftiş Komisiyasının

 və Azərbaycan Yazıçılar Birliyi Muğam Bölməsinin başqanı,

 şair Namiq Hacıheydərlinin

 GÜNAZ.TV Mətbuat Xidmətinə

verdiyi müsahibəni təqdim edirik.

 

 - Namiq bəy, ilk öncə Güney Azərbaycanla bağlı baxışlarınızı bölüşməyinizi istərdim.
 - Arazın o tayı coğrafi anlamda yurdumuzun güneyində olsa da, Güney Azərbaycan hər zaman baxış və düşüncələrimin mərkəzindədir. Bu, bəlkə də mənə irsən keçən Güney Azərbaycan sevgisi və ulu babalarımın bir neçə yüzil öncə Savalan dağının ətəklərindən Azərbaycanın quzeyinə gəlməsi ilə bağlıdır. Uşaq vaxtı nəslimizin yaşlı insanlarının dilindən tez-tez Savalan ünvanlı bayatılar eşidirdim:
Yaylağım Savalandı
Tərlanım ovalandı
Nə dərdim candan gedər
Nə yaram sağalandı.
- - -
Savalanın buzu var
Yanında yarpızı var
Burda bir igid ölmüş
Nə oğlu, nə qızı var...
- Zaman keçdikcə bu bayatılardakı Savalan adının ocaq, yurd həsrətindən qaynaqlandığını başa düşdüm və itib-batmasın deyə yaşlı nəslin dilindən eşitdiklərimi yazıya almağa başladım. Zeynalabdin Marağalını, Xalxalini, Şəhriyarı, Səhəndi, Sönməzi və başqalarını oxudum. Bəxtiyarı, Məmməd Arazı, Xəlil Rza Ulutürkü öyrəndim. Düşüncə, təfəkkür müstəvisində Quzey və Güney anlayışının olmadığını gördüm. İki Azərbaycan olması, Quzey və Güney məfhumu sadəcə bizə təlqin olunub. 60-cı illərdə bahadır şairimiz Ulutürk yazırdı:
Düşmən görmək istəyir
Viran Azərbaycanı.
Hələ ad da uydurub-
Sovet Azərbaycanı,
İran Azərbaycanı.

 Hələ yenə də ad uydururlar- Şərqi Azərbaycan, Qərbi Azərbaycan... Ancaq düşünürəm ki, bir əsrdə üç dəfə ayağa qalxan, bağımsız dövlət quran Güney Azərbaycanın daha möhtəşəm çarpışması olacaq və insanlarımızın zaman-zaman genetik yaddaşında yaşatdığı bütöv Azərbaycan duyğuları gerçəkləşəcək. Biz millət olaraq heç zaman özgə torpaqlarına göz dikməmişik, dünyanı yönəltdiyimiz zamanlarda belə hər kəsin haqqına, dilinə və dininə sayğı ilə yanaşmışıq. Bu gün də əzəli dəyərlərimizi qorumaqdayıq. Sadəcə biz tarixi ədalətin, özgürlüyün və bütövlüyün bərpası istəyindəyik. Bütün dönəmlərdə bağımsızlığa və bütövlüyə gedən yol ədəbiyyatdan keçmişdir. Gələcəkdə də belə olacaq. Yeni nəsil Azərbaycan ədəbiyyatında milli şüurun əvvəlki dövrlərlə müqayisədə daha diri və qabarıq olması sevindiricidir.
- Bəzən belə bir fikir eşidirik ki, yaşlı nəsil, istedadlı gənc yazarların meydana çıxmasına şərait yaratmır. Doğrudanmı, yaşlı nəsil, gənc yazarların ədəbiyyat aləmində söz deməsinə imkan yaratmırlar?
- Azərbaycan ədəbiyyatında hər zaman yaşlı nəslin gənc nəslə qayğısı gələnəyi olub. Bu gələnəyin tarixi az qala erkən orta yüzilliyə gedib çıxır. Sovet dövründə də bu gələnək olub. Örnəyi, Səməd Vurğunun Əliağa Kürçaylıya, Mir Cəlalın Nəriman Həsənzadəyə, Rəsul Rzanın Fikrət Qocaya, Ramiz Rövşənə və digərlərinə qayğısı və s. Misalların sayını kifayət qədər artırmaq da olar. Ancaq, təəssüf ki, özündən əvvəlki nəslin qayğısı ilə ədəbiyyata gələn, tanınan və ədəbiyyatımızda özünü təsdiq edən yaşlı ədəbi nəslin çoxu praktik olaraq kimsəyə qayğı göstərmədi, əlindən tutmadı. Bu üzdən bəzi istedadlı gənclərimiz ilk addımlarındaca ...ədəbiyyatdan uzaqlaşdılar. Əlbəttə, bunu bütün yaşlı ədəbi nəslə aid etmək olmaz. “Haqq nazilər, üzülməz”- atalar deyimində olduğu kimi bu gələnək də bir haqq işi kimi nazilsə də, hələ üzülməyib. Bir şeyi də deməyi gərəkli sayıram; o zaman gənclərə qayğı göstərən yaşlı ədəbi nəsil bunu təmannasız olaraq, böyük ədəbiyyat adına edirdi. Çağdaş ədəbi prosesin içində olan adam kimi bəzilərinin gənclərə təmannalı olaraq, özünə ətraf toplamaq, “çevrə”, "dəstə" yaratmaq niyyətilə dəstək verdiyini də görməkdəyəm. Ədəbiyyat saflıq və təmannasız xidmət məkanıdır. Burada hər şey saf, təmannasız və duru olmalıdır.
Məsələnin ikinci tərəfi kimi bir şeyi qeyd etməliyəm ki, yaşadığımız dövr ilə sovet dönəmi bir-birindən çox fərqlənir. Yəni, indi ədəbi gəncliyə qayğı əvvəlki qədər zəruri deyil. Nədən ki, senzuranın tarixdə qaldığı çağımızda, kiminsə təqdimatı olmadan çap olunmaq, tanınmaq olar. Kifayət qədər qəzet və jurnal nəşr olunur. Əsas məsələ yazmaq və necə yazmaqdı...
- Son illər, Azərbaycan ədəbiyyatında yaxşı mənada səs-küyə səbəb olan əsərlər yazılırmı?
- Bu sualı son zamanlar tez-tez eşidirik. Buna birmənalı şəkildə “hə” və ya “yox” demək olmaz. Ən azından ona görə ki, ortaya fakt qoyulmalıdır. Bütün yazarlarımızın çap olunan əsərlərinin hamısını izləmək imkanım yoxdur. Ancaq ədəbiyyat adamı olaraq ədəbi prosesdən xəbərdar olmağa, bəzi ədəbi orqanların bütün saylarını izləməyə çalışıram. Deyə bilərəm, zəif ədəbi yazıların - əgər onlara ədəbi yazı demək olarsa- daha çox çap olunmasına baxmayaraq, ədəbiyyatımızı zənginləşdirə biləcək ədəbi örnəklər və kitablar çap olunur. İstedadlı yazarlarımızın timsalında ədəbiyyatımızın hazırda yüksəliş durumunda olduğunu və özünün qaynar dönəmini yaşadığını söyləmək olar. İnşallah, yaxın gələcəkdə ədəbiyyatımızda daha parlaq ədəbi örnəklərin yaranacağı qənaətindəyəm.
- İkinici dünya savaşında Sovetlər Birliyinin rəhbərliyi faşist Almaniyası üzərində qələbə qazanmaq üçün, ədəbiyyat insanlarının potensialından yararlanırdı. Şairlər, söz adamları günlərinin çox hissəsini cəhbə bölgələrində keçirirdilər. İndi necə, ədəbiyyatçıların hərbi hissələrdə görüşləri təşkil olunurmu?
- Ədəbiyyat adamlarından təkcə ikinci dünya savaşında yox, ondan min illər öncə - antik dövr savaşlarında da yararlanmışlar. İstər antik dövr yunan şairlərinin həyatında, istərsə də son yüzilliklər Avropa və Şərq şairlərinin həyatında belə örnəklər mövcuddur. Əsgərləri döyüşə ruhlandırmaq üçün bir çox dövlət başçıları şair sözünün gücündən yararlanmışdır. İndi zaman xeyli dəyişib. Əvvəllər savaşların taleyini əsasən silah və fiziki güc həll edirdisə, çağdaş dönəmdə daha çox siyasət, diplomatiya və ağıl gücü həlledici faktordur. Ancaq bu o demək deyil ki, artıq söz adamlarının döyüş bölgələrinə, hərbi hissələrə getməsinə ehtiyac yoxdur. Bu cür düşünməklə yanlış nəticəyə gəlmək olardı. Əsgər də - istər savaş, istərsə də barış dönəmində olsun – hər kəs kimi düşüncə, duyğu yiyəsidir və vətəndaş olaraq dəyər daşıyıcısıdır. Digər insanların ədəbi görüşlərə, bu yönümlü toplantılara qatılmaq imkanı geniş olduğu halda, yurdumuzun keşiyində olan əsgərlərin bildiyimiz kimi bu imkanı yoxdur. Bu baxımdan söz adamlarının tez-tez hərbi hissələrə getməsi arxa plana keçməməlidir. Özəlliklə, söhbətin Azərbaycandan getməsi bu məsələni bir qədər də güncəlləşdirir. Bir neçə yerə parçalanmış, Göyçə, Dərbənd, Borçalı itkisi, Qarabağ yarası olan millətin şairləri əsgər qarşısına daha tez-tez çıxmalıdır. Bu, pərakəndə və plansız formada yox, təşkilatlanmış və nizamlı şəkildə olmalıdır.İnsan ruhunun Sözə, poeziyaya hər zaman hər yerdə ehtiyacı var.
- Namiq bəy, son sualımız işğal olunmuş Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Bir ədəbiyyat insanı olaraq yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyirsinizmi?
- Ulu Nizami “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”- deyirdi. Öncəki suala cavabımda qismən dedim; indi elm, siyasət, ağıl zamanıdır. Bu problemin həlli dərin ağıldan və müdrik siyasətdən keçir. Bu siyasət bu gün Azərbaycanda var. İnşallah, Qarabağ problemi öz həllini tapacaq. Ancaq problemin yaxın zamanda həll olunacağını güman etmirəm. Görünür, dünyanın həqiqəti etiraf etməsinə hələ zaman lazım olacaq.
- Namiq bəy, sonda Sizə suallarımızı cavablandırdığınıza görə öz təşəkkürümü bildirir, gələcək işlərinizdə uğurlar arzu edirəm.
- Mən də öz növbəmdə sizə diqqətinizə və sayğınıza görə təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram.
 

 Söhbətləşdi: Elnur Eltürk



Yorumunuz comment Şərhlərə görə (4 göndərilib)

  • Yerləşdirilib Namiq HACIHEYDERLI, 29 Dekabr, 2009 07:37:52
    zaman ayirib musahibeni oxudugunuza gore her birinize teshekkur edirem. Var olun!
  • Yerləşdirilib habil yaşar, 28 Dekabr, 2009 11:18:09
    Namiq müəllim mən inanıram ki vətənimizin üzərindən qara buludlar tezliklə çəkiləcək və yerini aydın səma,gözəl günlər tutacaq İnşallah mən buna 100 faiz əminəm
  • Yerləşdirilib Akəm Xaqan, 28 Dekabr, 2009 02:42:42
    Müsahibəyə və səmımıyyətə görə saq olun. Maraqlı məqamlara toxundunuz. Xalqın yaddaşında süzülə-süzülə gələn bir yaddaş yatır. Düzü yaşlı nəsildən şikayət edənlər ya yarımçıq adamlardı, ya da ədəbiyyatı oz mənafeyinə xidmətə yönəltmək məqsədi güdərlər. Tək-tək yaşlı nəsildə gənclərı gözümçıxdıya salanlar da o tip xarakterlilərin nümayəndələrindəndir ki, özündən öndə gedənlərə qara yaxar... Ədəbiyyat saflıq və təmannasız xidmət məkanıdır. Burada hər şey saf, təmannasız və duru olmalıdır.-fikrinizlə tamamilə raziyam. Və bu təmənnasızlıq o qədər qüdrətli olmalıdır ki, Vətənə, Dövlətə xidmətdə də özünü həqiqi mənada göstərməlidir. Əgər bu gün şairlərimiz, alimlərimiz. ictimai xadfimlərimiz siyasət adamları kimi yaylıq alıb xalqın önündə aglamağı özünə rəva biləcəksə vay halımiza. Bu gün bizim qırılmış qürürümüzü, ruhumuzu oyatmağa, dirçəltməyə həqiqi mənada ehtiyac var. Biz ziyalılar həqiqi mənada təbib rolunu oynuyaraq qafalardakı zərərli, xəstə mikrobları təmizləməliyik. Onun yerini Vətən və yurd sevgisi, insani və bəşəri duyğularla yükləməmək vacibdir. Bu bizim əvəzsiz borcumuz, Tanrı tərəfindən verilmış missiyamızdır.
  • Yerləşdirilib nazilegultac, 26 Dekabr, 2009 01:45:49
    Salam Namiq bəy.Müsahibənizi oxudum. Ürəyi işıqla dolu, sabaha böyük ümidlər bəsləyən bir vətən oğlu kimi sizə uğurlar arzu edirəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az