Sevgin
Uçan kəpənəkmi, açan çiçəkmi?
Yıxılan xəyalmı, yanan ürəkmi?
Görəsən dərdimi göyərdəcəkmi?
Dönübdü şumlanmış zəmiyə sevgin.
Körpəcə cığırdı, gəlib-gedirdim.
Ağlayıb gedirdim, gülüb gedirdim
Onu işıqgələn bilib gedirdim,
Zülmətə bələndi, bəs niyə sevgin.
İtirdim, bilmədim harada qaldı,
Əli saçımdakı qarada qaldı.
Yetim uşaq kimi arada qaldı.
Axırda bölündü ikiyə sevgin.
Həsrət
Ya quma dönəcək, ya daş olacaq.
Üzüm, bu həsrətin sonuna kimi.
Yola baxış döyən nəqqaş olacaq.
Gözüm, bu həsrətin sonuna kimi.
Nələr öyrətmədi ayrılıq mənə.
Nə xoş üz göstərdi, nə qılıq mənə.
Göndərin, ay dostlar bir qayıq mənə,
Üzüm, bu həsrətin sonuna kimi.
Mən nələr çəkirəm, çəksəm ah bilər.
Min ah çəkdiyimi hər sabah bilər.
Ya qala, qalmaya bir Allah bilər.
İzim, bu həsrətin sonuna kimi
Belə yaşamağa ömür asandı,
Ölümdən o yana yollar uzandı.
Sonra deyərlər ki, bezdi, usandı.
Dözüm, bu həsrətin sonuna kimi.
Ha məndən ötəri uçun, çatmadın.
Bu gedən qatara neyçün çatmadın?
Mənimlə getməyə gücün çatmadı.
Bizim, bu həsrətin sonuna kimi.
Bəlkə gözlərinə döndüm bu gecə
Bir bəhanəm də yox, evə getməyə.
Bilmirəm ürəyim gedə-getməyə.
Məndə üzmü qalıb göyə getməyə.
Bəlkə gözlərinə döndüm bu gecə.
Xərclədiyim ömrün günü cəhənnəm,
Saçımın ağappaq dəni cəhənnəm.
Gözləsə gözündə məni cəhənnəm.
Bəlkə gözlərinə döndüm bu gecə.
Gözünü canımdan uçan quş bilim,
Məni tilsimləyən o imiş bilim,
Əbədi azadlıq, qurtuluş bilib.
Bəlkə gözlərinə döndüm bu gecə.
Lap elə dünyanın sonuna apar.
Qopar bu dünyadan məni sən qopar.
Axı bu dünyada rahat yermi var?
Bəlkə gözlərinə döndüm bu gecə.
Atıb ayrılığın qara daşını,
Nağıla döndərib ömrün qışını.
Elə birdəfəlik alıb başımı.
Bəlkə gözlərinə döndüm bu gecə.
Söylə, səndən başqa kim duyar məni?
İtirən, axtaran kimdi yar məni.
Üzərlik kirpiyin qoruyar məni.
Bəlkə gözlərinə döndüm bu gecə.
Batan ürəyimin avarı odur.
Boğulan səsimin havarı odur.
İtən gənliyimin açarı odur.
Bəlkə gözlərinə döndüm bu gecə,
Bəlkə gözlərində öldüm bu gecə.
02.12.2009
Yol
Yolunu alnımın qırışından sal,
O səni qəlbimə kəsə gətirər.
O, mənə deyərdi....
“Sən uşaq vaxtı altından keçmək istədiyim
göy qurşağına bənzəyirsən.
Nə qədər qaçıramsa çata bilmirəm.
Bir gün ya mən yorulacam, ya da yağış kəsəcək.
Yenə də sənin xoşladığın dəli küləklər əsəcək.”
Son söz və istək
Hər şeyə əlvida,
hamıya hələlik.
Bu da gözlədiyim son nəfəs.
Bu da sonuncu kərə eşitdiyim səs.
Ya Sin!
Ürəyimlə beynim arasında mübarizə,
ürəyimlə beynim arasında yaşamaq, ölmək.
Bir boşluğa yuvarlanmaq.
Dartmaqla ömrü uzatmaz ki, saatın əqrəbləri.
bundan sonra,
kirpiklərim gözlərimi sığallayar ağır-ağır.
İçimdən bir səs gələr yavaş-yavaş.
Ehey, mən ölmək istəmirəm axı......
Ya Sin!
Bircə kərə ciyər dolu nəfəs, bir udumluq soyuq su.
Ölüm ayağında olanların ən böyük və ən sonuncu arzusu.
Bir nöqtə bir cümlənin,
son nəfəs bir ömrün sonu.
Bir ölüm hamı üçün və hamı üçün bir ölüm hər gün doğulur və ölür.
Və hər şeyin sonunda yaşamaq üçün doğulan insan,
ölmək üçün yaşayan insan.
Hər şey çox adi, hər şey çox asan.
Mənim qulağımda Ya Sin,
mənim son nəfəsim sən.
Mən səni çox istəyirəm.
İstəyirəm yanıma ölümdən qabaq sən gələsən.
Sən, sən, yenə sən....
16.10.2009
Təklik
Uzanar gecələr, gecikər səhər.
Yuxu kirpiyimdən asılıb qalar.
Sinəmin altında yetim uşaq tək,
Ürəyim bir küncə qısılıb qalar.
Qız sənin qara saçların,
Dilimdəki duadırmı?
Hər telində bağlı qalan,
Min sehirli sualdırmı?
Səni oxuyam dua kimi
Nə qorxam, nə də çəkinəm
Səsini təmiz su kimi
Hər gün başıma çəkirəm.
Baxışlarım kirpiyində
Tilsim olar, düyün olar.
Günahsızsan gözəl bəndə.
Günah yerin, göyün olar.
15.05.07
***
Gözü yuxulu çiçək.
Kirpiyin ləçək-ləçək.
Ürəyim bir kəpənək.
Göndərimmi, sənə de,
Sevirəm sözünü sən,
De, de, mənə de.
Əsgər qardaşıma
Əsgər qardaş!
Qarabağı siyasətlə sənə verən olmayacaq,
Döyüşməsən düşmənlərin pərən-pərən olmayacaq.
Görüşmələr, danışmalar
Yalan vədlər, yazışmalar,
Qaynamalar, qızışmalar.
Siyasətdi- bütün bünlar.
Birdə gördün bircə anda bitdi bunlar.
Əlindəki silahdadı qurtuluşu bu millətin.
Nə zamandı şoulara, seriala, starlara qarışıbdı
Ağlı, huşu bu millətin.
Təbriz farsa veiləndə,
Dərbənd rusa veriləndə.
Borçalını gürcülərə pay verəndə,
İrəvanı “Hayastana” döndərəndə-
Bax başından uçdu o vaxt dövlət quşu bu millətin.
Siyasətin sonu qandı, özün yaxşı bilirsən.
İngilisin, fransızın, amerkanın tək hədəfi bu vətəndi,
Bax bu candı özün yaxşı bilirsən.
Dilin türkdü, özün türksən.
Bu siyasət meydanında hələ təksən,
Bu xəyanət meydanında hələ təksən.
Sən ucalsan dünya sənə diş qıcayar,
Çökməyinə sevinərlər.
Harda səni sevən dillər, sevən əllər.
Quduz dəymiş bir it kimi öz işindən tutar səni
dayısına güllə atmaz neçə qanı qatışıqlar.
İllərdi ki, bax beləcə qoynumuzda yatışıblar.
Şərəfini ləkələyən əlləri kəs,
Əsgər andı içməyənlər vətən andı içə bilməz.
Geyimini, yeməyini satanlar var.
Sənə güllə atanlar var.
Demək hələ içimizdə Aşotlar var, Vartanlar var.
Bu vətənçün öl demirəm, öldür qardaş!
Düşmənə yox, düşmənlərə öz həddini bildir qardaş!
Hələ varsan, hələ sağsan.
İrəvansan, Borçalısan,
sən Təbrizsən, sən Dərbəndsən, Qarabağsan.
Əsgər qardaş!
Bircə bunu unutma sən,
Vətən elə sən özünsən!
Vətən elə sən özünsən!!!
Saat
Bu saat nə yaman çıqqaçıq salıb,
Əqrəbi fırlanır fırfıra sayaq.
Zaman elə bil ki, yiyəsiz qalıb.
Axır ömrümüzdən şırıldayaraq.
Həmişə belə olur
Mənim günümə bax, cibimdə pul yox,
Ürəyim hər dərdə abunə olur.
Ömrə ağı
Nə vaxtsa partlayar beyinlərimiz,
Xəyal minib gedər sürgün atına.
Görən tab edərmi çiyinlərimiz,
İmtina edəcək bizdən ömür də,
Vermişik bu qədər yükün altına.
02.11.2009
Şeir-tapmaca
Bizi atdan endirdilər.
Dəvələrə mindirdilər.
Dilimizi kəsib sonra,
Sual verib, dindirdilər.
30.12.2009
***
Qız sənin qara saçların,
Dilimdəki duadırmı?
Hər telində bağlı qalan,
Min sehirli sualdırmı?
Səni oxuyam dua kimi
Nə qorxam, nə də çəkinəm
Səsini təmiz su kimi
Hər gün başıma çəkirəm.
Baxışlarım kirpiyində
Tilsim olar, düyün olar.
Günahsızsan gözəl bəndə.
Günah yerin, göyün olar.
15.05.07
Ürək
Bəlkə də peşmansan yarandığına,
Mən dərman tapmıram dərdinə ürək,
Qismətim belədi, ya yerdən çıxar,
Ya göydən başıma dərd enər ürək.
Götür get başını, çəkil küncə sən,
Hələ döyünəcən mən ölüncə sən.
Bax, həsrət qalmısan bir sevincə sən,
Mənim də dilimdə dərd dinər ürək.
Əli boynumdadı dərdin, qəmin ki.....
Batmaz bu dəryada sənin gəmin ki....
Həminki Hafizəm, elə həminki.
Mənim tək olurlar dərdlilər ürək.
***
Üzümdə gözəllik yox,
Mələklər tutub sallana.
Dünyanın ən gözəl qadını.
Üzümə baxıb allana.
İçimi tanıyan olmadı,
Məni üzümdən gördülər.
Güləndə gülüşümdən,
Sonra sözümdən gördülər.
İçimdə suala döndüm,
Gəzəndə nida göründüm,
Doğmam, yaxınım görmədi.
Uzaqdan yada göründüm.
İlan gözlü qıza dönüb.
Qıvrıldı ömür içimdə.
Ay Allah, bu sevda məni,
Öldürüb, ölmür içimdə.
Heç məni qoydularmı ki,
Od olmağa, su olmağa.
Gözümün yaşı çatmadı.
Ürəyimi sulamağa.
Adına bağışla məni,
Allah, sənə and verirəm.
Verdiyin əmanət ömrü,
Özünə əmanət verirəm.
04.07.2006
Payız
Üzümdə, gözümdə saralır payız.
Yarpaq gözlərimin rəngi sapsarı.
Gözümdən könlümə dolanır payız.
Sanki perik düşüb durna qatarı.
Qorxur ayaq altda xəzəl olmağa,
Düşmür budağında bir sarı yarpaq.
Yavaşca başını əyir torpağa,
Gəlin paltarını soyunan budaq.
Günəş şüasının ömrü bir içim.
Sərçələr havada dənləyir onu.
O, ala sağsağan bir qıza elçim.
Onun da əynində saralıb donu.
Yer qızıl, göy qızıl, hər tərəf qızıl.
Deyən zərgərlərin xəbəri yoxdur.
Payız qızılını hamıya qıyır,
Onun hasarı yox, çəpəri yoxdur.
Yarpaq yarası tək qanayar yeri.
Neçə payız yatır sevən ürəkdə.
Payız özü yazır ən “qızıl” şeiri.
Özünə oxşayan, lap özü rəngdə.
Tənha ağac
Tənha bir ağac var yol kənarında.
Üzündə, gözündə bıçaq izləri.
Qanına bulanmış yarpaqlarında,
Donub deyəcəyi ürək sözləri.
Yaralı gözünü zilləyib göyə,
Kəsilmiş qoluna baxıb ağlayır.
İçində nə çəkir görsünlər deyə,
Az qala kökündən çıxıb ağlayır.
Burnunun ucunda açardı çiçək.
Onda canı sulu, ruhu diriydi.
Kiçik bir budağı sığınacaq tək.
Kiminsə xəlvəti görüş yeriydi.
Nə vaxtsa əyninə geyinib qara,
Ölən yarpaqlara yas saxlayacaq.
Kim bilir bəlkə də gələn bahara.
Köhnə yaraları qaysaqlayacaq.
Gəl, ay tənha ağac, dayanma naçar.
Bir gün göyərəcək içində ağrı.
Nə gözəl deyibdir kötük babalar:
“Kiminin əvvəli, kiminin axrı”...
Yorumunuz
Şərhlərə görə (12 göndərilib)
-
Yerləşdirilib Elməddin, 08 Yanvar, 2010 11:16:29Salam. Doğrudan da, şeirlər çox gözəl idi! Gələcəyiniz çox parlaqdır! Özünüzü bədnəzərdən qoruyun! Ədəbiyyatımızın sizin kimi istedadlılara ehtiyacı var... Uğurlar sizə! (Sizlə əlaqəmin olmağını istəyərdim. Əgər mümkünsə, mənim e-mail adresimə məktub göndərərsiniz: Poeziya-87@mail.ru Əvvəlcədən təşəkkürlər!)
-
Yerləşdirilib Azerbay Butovyurd (Guneyli), 08 Yanvar, 2010 07:12:28,,bir gun goyerecek ichinde agri,, tutarli deyimdir. davamini oxumaq isterdim.
-
Yerləşdirilib Sevinc, 08 Yanvar, 2010 03:19:07Sherlerinizi oxudum cox beyendim. Size UGURLAR!!!!
-
Yerləşdirilib sen, 07 Yanvar, 2010 09:25:55Yolunu alnımın qırışından sal, O səni qəlbimə kəsə gətirər.- Alnının qırışı yolum olarsa, Qorxuram qəlbinə çata bilməyim.
-
Yerləşdirilib Aytən, 07 Yanvar, 2010 01:28:08Şeirlərinizi bəyəndim.Ən çox da bu misraları. İlangözlü qıza dönüb, Qıvrıldı ömür içimdə. və bir də: Gözümün yaşı çatmadı, Ürəyimi sulamağa. Bir oxucu kimi sizi çox sevdim.Uğurlar!!!







YENİLİKLƏR