Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Zəlimxan Yaqubu saz yaşat, Allah!

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image


 

 Elçin Mirzəbəyli

 "Qırx körpü var, qırx keçid var, qırx ada,
 Salam verdim otuza da, qırxa da,
 Bir də gördüm əlli qalıb arxada,
 Baş götürüb əlli beşə gedirəm".

 Bu şeiri Zəlimxan Yaqub 55 yaşına bir neçə ay qalmış yazıb. İndi 60-ı haqlayır. Kitablarını varaqladım, 60 yaşla bağlı şeirə rast gəlmədim. Təəccübləndim...
 ...1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80-ci ildönümünə həsr olunmuş rəsmi dövlət tədbirinin ssenarisi mənə həvalə olunmuşdu. Müzakirələr zamanı ssenaridə Cümhuriyyət dövründə yazılan şeirlərlə yanaşı, çağdaş Azərbaycan ədiblərinin əsərlərindən istifadə etməyi, həmçinin bu mövzuda yeni bir şeir yazmağı da məsləhət gördülər. Üç gündən sonra ssenari ətrafında müzakirələr yenidən davam etdirildi və məndən Cümhuriyyətlə bağlı neçə şeir yazdığımı soruşdular. "Əlbətdə birini", - cavabını verdim. "Zəlimxan Yaqub üç günə beş şeir yazıb", - dedilər...
 O zaman sözün əsil mənasında təəccüblənmişdim, bəlkə də heyrətə gəlmişdim.
Zəlimxan Yaqubun yaradıcılığına daha yaxından bələd olduqdan sonra bu heyrət hissi məni tamamilə tərk elədi.
 İndisə cəmiyyətdə, təbiətdə... baş verən hər hansı bir hadisənin Zəlimxan Yaqub şeiriyyətindən kənarda qaldığını görəndə təəccüblənirəm.
 Zəlimxan Yaqub inanılmaz bir ilham sahibidir. Onun şeirlərini oxuyanda, mirvari kimi sıraya düzülmüş say-seçmə kəlmələrin yallı getdiyi çıxışlarını dinləyəndə sözün qüdrətinə, nəhayətsizliyinə, əlçatmazlığına bir daha əmin olursan.
 Sonuncu dəfə Gənc Tamaşaçılar Teatrında Zəlimxan Yaquba həsr olunmuş sənədli filmi izləyəndə təpədən dırnağa Türk ruhundan, Tanrı sevgisindən yoğrulmuş bu söz adamını özüm üçün yenidən kəşf elədim. Filmin bədii və vizual tərəfləri haqqında bir kəlmə də yazmayacağam...
 Sadəcə, Mehriban Zəkinin ifası, şaman ritmləri və Zəlimxan sözü bu filmdən kənarda, izləyicini tamamilə fərqli bir istiqamətə, Zəlimxan Yaqubun poetik ruhunun yol gəldiyi məkana doğru aparırdı... Mən filmdə bir-birini əvəz edən vizual görüntülərin yox, Zəlimxan Yaqub poeziyasının, türkün qan yaddaşının, Sözün İlahi Qüdrətinin, Səsin Müqəddəs Sehrinin arxasınca getdim:

Yaradanım yaxşı bilir,
Yolum kimlərin yoludu.
Dünənin söhbəti deyil,
Lap qədimlərin yoludu.

Ruhum yollara bələddi,
Yol çaşanlar xəcalətdi,
Nuh, İbrahim, Məhəmməddi,
Yol Adəmlərin yoludu...

...Əslində Zəlimxan Yaqub poeziyasının nütfəsinə doğru aparan yol məhz buradan başlayır - minillərin o tayından, səsin və sözün məcrasından, ilkin başlanğıcından, bakirəliyindən, Tanrı dərgahından...
Zəlimxan Yaqubun şerlərində, misralarında yer alan hər söz, hər kəlmə diridir, canlıdır, hərəkətdədir... Sözlər misra-misra sıralanıb, halaylanıb Türkün qan yaddaşından sıyrılıb gələn, əsrlərin sınağından keçərək cilalanan vahid bir ritmin üzərində dövrə vurur, zikr edirlər:

Şeytan səni çaşdırmasın,
Baş vurma çaş dəryasına.
Min çayın suyu bağlanır
Gözündə yaş dərgahına.

Əldən yapışsın əl, gedək,
Biz hamıdan əvvəl gedək.
Durma ayaqda, gəl gedək
Tanrının baş dərgahına...

                                                                                    Bütövlük

Dünyaya qədim Türk yurdundan - Borçalıdan baxan Zəlimxan Yaqubun şeirlərində parça-parça olmuş Vətənin nəhəng imperiyaların iddialarına əsir düşən bütün bölgələri dərdlərilə, acılarıyla birgə bütövləşirlər:

Dərdlərini zirvələrə tən bilirəm,
Əzabını saçlarıma dən bilirəm,
Borçalıyam, nə çəkirəm mən bilirəm,
Borçalıtək könül bağı talan Kərkük.

yaxud

Şər xeyirə dönüb, xeyir şər olub,
Hanı Oğuz yurdum, Turanım mənim?
Dərbənd məscidində dərbədər olub,
Xaça əsir düşüb Quranım mənim.

Başqa bir nümunə:

Onda hələ Göyçətək
gözüm tökülməmişdi,
Onda hələ Şuşatək
qəddim bükülməmişdi,
Onda Qarabağ kimi
bağrım sökülməmişdi,
Onda hələ yağılar
üstümə gülməmişdi,-
Soyum Qıpçaq soyuydu,
dağım Tanrı dağıydı,
Götürdüyüm o torpaq
Borçalı torpağıydı.

Zəlimxan Yaqub poeziyasının ən önəmli cəhətlərindən biri də onun milli və bəşəri dəyərləri bir araya gətirmək, ilk baxışda tamamilə fərqli və ziddiyyətli görünən anlayışlar arasında ilahi bir harmoniya yaratmaq bacarığıdır. Bu səbəbdən də, Zəlimxanın şeirləri insanın bütün duyğularını yerindən oynadır, əbədi bir harmoniyanın üzərində kökləyir.

                                                                        Tanrı duası

Zəlimxan Yaqub şeirlərinin birində yazır:

Qışda doğulmağım bəs edər mənə,
Məni öldürəndə yaz öldür, Allah!
Bilim hansı gündü gedəcəyim gün,
Ölüm tariximi yaz öldür, Allah!

Qoy yatım, yuxudan qaldırma məni,
Əcəlin cəngindən saldırma məni,
Zarıya-zarıya öldürmə məni,
Öldürə bilirsən, saz öldür, Allah!

Acı gülüşlərin ürəyimdə xal,
Dodağım qıfıllı, baxışlarım lal.
Alırsan canımı birdəfəlik al,
Bu qədər ağrıyla az öldür, Allah!

Şairin 60 illiyinə bir neçə neçə gün qalmış mən də üzümü Tanrı dərgahına tutdum:

Xaini, namərdi, ara vuranı
Bu fani dünyada az yaşat, Allah!
Könül sındıranın, ürək qıranın
Qəbrini gözündə qaz, yaşat, Allah!

Hamərdlər yaşayar yal hesabına,
İrfan sahiblərin al hesabına,
Hər fəsli bir günün sal hesabına,
Payız yaşat, Allah, yaz yaşat, Allah!

Zülmün qənşərində gülən kəslərin,
Haqqın ünvanını bilən kəslərin,
Mayası sevgidən gələn kəslərin
Ömrünü dağlara yaz, yaşat, Allah!

O sözün aşiqi, söz yadigarı,
İrfan ocağından köz yadigarı,
Əlində Tanrının saz yadigarı -
Zəlimxan Yaqubu saz yaşat, Allah!

P.S. Zəlimxan Yaqubun poeziyası haqqında bütün düşüncələri və duyğuları bir yazıya sığışdırmaq mümkünsüzdür. Bu baxımdan, az qala bədahətən, bir-iki saatın içərisində qəlbimdən keçənləri qələmə aldım.
Ustad şairi 60 illik yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram.

(Qaynaq: LENT.AZ)

 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib Namiq Haciheyderli, 11 Yanvar, 2010 01:18:52
    Salam Elchin bey! Boyukluyu gormeyin ozu de boyuklukdur. Boyukluyunuz var olsun. Bir de - Millete sevgisi Millet boydadi, Şərlə mübarize onda qaydadi, Misrası ruh verir, sözü bal dadir, Elçin qardashimı yüz yaşat,Allah!
  • Yerləşdirilib habil yaşar, 08 Yanvar, 2010 08:20:22
    nə qədər ki Zəlimxanlar,Elçinlər var demək ki söz var saz var sənət var mədəniyyət var Yaşasın bu kimi insanlar bu kimi nadir insanlar Amin!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az