Qəşəm NƏCƏFZADƏ
“Çağdaş Azerbaycan şiiri-2” (Ankara -2009, “Bengü”Yayım Evi) antologiyası haqqında
Uzun illərdi Əkbər Qoşalını tanıyıram. Həm bir gözəl şair kimi, həm də fəal bir ədəbiyyat adamı kimi. O, təkcə mənim yox, ədəbiyyat camesinin həmişə gündəmində olan bir isimdir. Ondakı ədəbi fikir fəallığı, gənclərimizin əsərlərinin tərcümə edilib yayılmasındakı işgüzarlığı və bu işin çevikliklə həyata keçirilməsi az-az qələm adamlarına nəsib olan qismətdir.
Fikrimi daha da dəqiqləşdirim: Əkbər Qoşalı gördüyü işlərdən əvvəl, ən birincisi gözəl bir qələm adamıdır və özü də mənim qəbul elədiyim, sevdiyim bir yazardır. Bəzən insanın ikinci bir tərəfini qabardıb onun istedadının məğzini danırlar, deyək ki, Əkbərin gördüyü ictimai işlərini qabardıb onun şairliyini danan adamlar az da olsa aramızda var. Və buna çox təssüf edirəm. Belə hallar bəzi ağzıgöyçəklərin işidir. Paşa Qəlbinurun həkimliyini, Elçin İsgəndərzadənin naşirliyini, Əjdər Olun vəzəfəsini və başqalarının ikinci cəhətlərini qabardaraq onun ədəbiyyatdakı əsas missiyasını zəiflətməyə çalışırlar. Şükürlər olsun ki, bu işdə məqsədlərinə nail olmayıblar, olmayacaqlar da.
Əkbər Qoşalının bir əsas xidməti də ondan ibarətdir ki, o Dünya Gənc Türk Yazarlar Brliyinin başqanı kimi çağdaş ədəbi prosesimizdə olduqca dəyərli işlər görür. O bu işini təkcə Azərbaycanda həyata keçirmir. Bütün Türk dövlət və topluluqları arasında bir ədəbi körpü yardaraq Azərbaycan çağdaş şeirinin başqa türk xalqlarının həm dilinə, həm də təfəkkürünə inteqrasiyasını təmin edir.
Şübhəsiz ki, mən bu yazıda Əkbər Qoşalının ədəbi yardıcılığı haqqında söhbət açmıram və ola bilsin, gələcəkdə bu haqda mənim böyük bir yazım olsun.
Bir neçə gündü yazı masamın üstündə maraqlı bir kitab var: Türkiyədə “Bengü” Yayım Evində Türkiyə türkcəsində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının tərtib etdiyi və Rəsmiyyə Sabirin Türkiyə türkcəsinə uyarladığı “Çağdaş Azerbaycan Şiiri-2” antologiyasını dönə-dönə vərəqləyirəm, isimləri diqqətdən keçirirəm. Kitabda 43 yeni nəsil Azərbaycan şairinin şeirləri yer alıb. Qənaətim budur ki, Əkbər Qoşalının tərtib etdiyi bu kitab yeni Azərbaycan şeirinin tam mənzərəsini verə bilir.
Kitab şəhid, nakam, dünyasını vaxtsız dəyişən şairlərimiz Ülvü Bünyatzadə, Nizami Aydın, Faiq və Hamlet Kazımolunun şeirləri ilə açılır. Həyatımız, cəmiyyətimiz üçün doğru, önəmli olan bir fikir özünü bu kitabda göstərir ki, bizim hər şeirimz, hər uğurumuz şəhidlikdən başlayıb. Kitablarımız qoy onların şeirləri ilə başlasın!
Kitabın ən ümdə cəhətlərindən biri də odur ki, Əkbər Qoşalı Azərbaycandakı bütün ədəbi təşkilatları, cərəyanları nəzərə alıb. Burada o təşkilatların bəzilərinin məqsəd və marağı çox olsa da Əkbərin marağı bir olub: Əsl poeziya!
Kitaba daha gənc isimlərin şeirlərinin əlavə edilməsi bizdə türk şeirinin orjinal bir xətlə, şövqlə davam etdiyini göstərən bir fakt kimi önəmlidir. Aytən Təhmasib, Əsəd Nəsirli, Fərid Hüseyn, Habil Yaşar və başqalarının şeirlərinin kitabda yer alması Əkbər Qoşalının həm diqqətinin məhsuludur, həm də ədəbi prosesi, ardıcıl, böyük ürəklə izləməsinin təzahürüdür.
Mənim üçün ən maraqlı cəhətlərdən biri də bu gün Azərbaycanda az çap olunan, mümkünsə belə deyək, gözə girməyən, amma olduqca istedadlı şairlərin – İbrahimxəlilin, İlqar İlkinin, Rafiq Hümmətin, Ayişənin, Səhərin şeirlərinin kitabda geniş türk oxucularına təqdim edilməsidir.
Kitabın özəlliyindən biri də onun tarixi dil faktoruna əməl etməsidir. Yəni şeirlər Türkiyə türkcəsinə bütünlüklə uyğunlanmayıb. Aşağıda Türkiyəli oxucuların başa düşmədiyi (əgər bu, olarsa) sözlərin izahı verilib. Bu çox gözəl! Gələcəkdə Türk xalqlarının ortaq dilinin yaradılması üçün bu çox vacib, önəmli, tarixi bir işdir.
Bu kitabda hər şeirdə döyünən, sevən, sevilən, dünyanı, kainatı anlamağa çalışan ürək gördüm, türk sevgisi gördüm, vətən sevgisi gördüm. Şeirlərin ideyasında iri həriflə yazılan, “dünyanın əşrəfi”olan insanı hiss elədim. Bu insan müharibə nə demək olduğunu bilmir. O azaddır. Sanki bu şeirlərin dünyaya dediyi bir cümlə vardı: “Ey insan, sənə ürəyimi verirəm”
Bu kitaba görə Əkbər qardaşıma və “Bengü” Yayım Evinə, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərin hamsına dərin təşəkkürümü bildirirəm.
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib habil yaşar, 22 Yanvar, 2010 11:27:32Qəşəm müəllim biz sizin gənc nəslə vermiş olduğunuz bu dəyərli sözləri yüksək qiymətləndirir və daha da səylə çalışmağa yaratmağa çalışacağıq.Allah razı olsun!amin!







MÜSAHİBƏLƏR