Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

RUH OTAĞI

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Hafiz HACXALIL

Onun heç kimə ziyanı dəyməmişdi. Təsadüfən ayağının altında bir qarışqa qalsa belə ürəyinin giziltisindən gecələr yata bilməzdi. Baxışlarında gəzdirdiyi işıqdan bəlli olurdu ki, o yer adamı deyil. Adətən dünyanın ən ağ adamının belə sifətində olan qara cizgilər nə vaxtsa özünü təsdiqləyir. Bəlkə də o yerə xoş məramçün gəlmiş naməlum uçan obyektlərin yer üzünə xeyir nədir sözünün böyüklüyünü insanlara çatdırmaq üçün buraxıb getdikləri vücudən yerli, ruhən göylü bir naməlum kimsə idi. Ancaq onu hamı tanıyırdı. Uşaqlar uşaq kimi, böyüklər böyük kimi. Yerişindən qarışqalar da tanıyırdı onu. İndiyə qədər əlindən və dilindən nə başına bəla gəlmişdi, nə də kiminsə başına bəla gətirmişdi. Dörd uşaq atası idi. Böyük qızının köşürtmüşdü. Üz- gözündən oxuyan olsa baba olmaq üçün necə səbirsizliklə gözlədiyinin sirrini aydınca bilmək olardı. Hər axşam evindən saz səsi gələrdi.Özü üçün kiçik bir otaq düzəltmişdi və adını da qoymuşdu «Ruh otağı». Otağın pəncərəsindən süzülüb gələn işığa qucaq açan cücülər, böcəklər belə işıq yanmasa da elə bil qara sazın sehirli səsinin işığına, nuruna və yanğısına gəlirdilər, bəlkə də vərdiş etmişdilər. Ən çox xoşladığı hava «Dilqəmi» idi. İlk dəfə atasından eşitmişdi bu havanı. Bu hava üstündə atasının necə yanıqlı-yanıqlı oxumağının, sonra da hönkür-hönkür ağlamağının şahidi olmuşdu. İndi dədə-baba ocağının yad nəfəsdən üşüyən ocaq yerinə, qara inəyin pəyədə qalan çatısına, səhər-səhər eydirmə içdiyi dolçanın göynərtəsinə ağı deyə-deyə «Dilqəmi» üstündə hönkür-hönkür ağlayırdı və oxuyurdu. Oxuduğu bayatının yanğısından göydə mələklərin qanadına od düşmüşdü.
Haray naşı əlindən,
Atmaz daşı əlindən
Yastıq şikayət eylər
Gözüm yaşı əlindən
Dərmənnən
Dərd sağalmaz dərmənnən
Əzrayılın başını
Tovlayıram dərmənnən

Özlərini pəncərəyə vuran cücülər, böcəklər də sanki dərdinə şərik çıxmaq istəyirdilər. Çəkdiyi dərdi hamı bilirdi, amma o heç kimə demək istəmirdi.
Amma bir gün onun dərdindən hamı danışırdı.
Kəndə hay düşmüşdü ki, Səməd müəllimin oğlunu ermənilər vurublar. Böyükdən-kiçiyə hamı kəndin girəcəyinə «El yoluna» tərəf axışırdı. Bu xəbəri eşidəndə hiss etdi ki, içində gəzdirdiyi, zilini zil, bəmini bəm eylədiyi ömür adlı sazın simlərindən biri səssizcə qırıldı. Cınqırını belə çıxartmadı. Artıq yolu seçə bilmirdi, daha doğrusu yolu görmürdü, gözünün bəndini üçüran dəli dağ çayı kimi axan göz yaşları tutmuşdu. Heç özünün də xəbəri olmadı «El yoluna» necə çatdı. Camaat hamı meyiti gətirən hərbçilərin maşınını dövrəyə almışdı. Meyiti gətirən əsgərlər yazıq-yazıq və qorxa-qorxa camaatın üzünə baxır, sonra başlarını yerə dikirdilər. Əsgərlər yoldaşlarının ölümündə özlərini günahkar bilirdilər və bəlkə də içlərindən keçən «əşi nə vaxta qədər atəşkəs deyə-deyə hər gün bir əsgərimiz kafir gülləsinə tuş gələcək» fikri artıq beyinlərini qanatmışdı. Hər gün üzünü gördüyün, deyib güldüyün, zarafat etdiyin bir insanı hərəkətsiz, rəngi ağappaq özü də tabutda görmək dərdlərin ən böyüyüdü dünyada bəlkə də. Əzizlərini itirənlər bu dərdi heç kimə arzulamaz düşmənə belə.
Əvvəlcə uzaqdan tabutu başdan-ayağa süzdü, sonra tabutun ayaq ucuna gəlib yerə çöməldi, əlindəki çubuqla nəsə cızmağa başladı. Hamı ona baxırdı, o öz işində idi, torpağa cızıq çəkirdi. Çəkdikcə də yenə də bu kəndə meyit gəldi deyə pıçıldayırdı. Və birdən... və birdən heç kim bunu gözləmirdi. Var gücü ilə yenə sazda «Dilqəmi» üstə oxuyurmuş kimi çığırmağa başladı. «Camaat, nə vaxta qədər bu kəndə meyit gələcək, nə vaxta qədər kölgəmizdə qoruyub, kölgəsinə sığınmadığımız fidanların ömrü kafir gülləsinə hədəf olacaq. Nə vaxta qədər bu torpağa su yox, şəhid qanı verəcəyik. Bax bu qara torpağa qardaşımın iki oğul balasını öz əllərimlə qoydum. Ondan sonra əllərimi kəsmək istədim, fəqət bacarmadım, ona görə ki, tökülən göz yaşlarımı o əllərdən başqa heç kim silməyəcəkdi. Mən Allah rəhmət eləsin, axır qəminiz olsun sözündən bezmişəm artıq.
Gözün aydın a qara torpaq, Səməd müəllim də sənə öz oğlunu pay verdi. Gözün üstündə osun, nə qədər olmasa müəllim oğludu, tərbiyəli uşaqdı, muğayət ol.»Artıq uçmurdu, havalanırdı. Yenə də heç kim görmürdü, amma gedirdi. Ayaqları onu toy xonçası kimi bəzənmiş Şəhidlər Xiyabanına sürüyürdü. Bir qəbirin yanında üzüqoylu necə düşdüsə eləcə da qaldı.
Səhər açılanda özünü «Ruh otağında» gördü. Həmin Ruh otağı ki, içinin dərdi səpələnmişdi hər bucağına. Gündüz içində gəzdirdiyini gecələr qara baxtının qarasına batırıb qara sazın qara saçlarına sığal çəkə-çəkə oxuyurdu. Özünü oxuyurdu və bir də hamının oxumaq istədiyini.
Onun heç kimə ziyanı dəyməmişdi. Təkcə özündən başqa. Artıq «Ruh otağı»nda” cansız bədənindən başqa heş nə yox idi. Ruhu isə Allahın yanına hesab verməyə uçmuşdu.



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Erol Akbash, 05 İyul, 2009 10:24:10
    Deyerli kardeshim Hafiz! Sana shu yazi icin tesekkur.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az