Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

HAMI ÜÇÜN ÜMİD VAR

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 Hafiz HACXALIL

 

 Məmmədgil  1988-ci  il  hadisələrindən  sonra  zorla  öz  dədə-baba torpaqlarından  deporta- siya  olunaraq  Xocalıya  köçmüşdülər.  Burada  özlərinə yurd-yuva  salmış,  ev-eşik  qurmuşdular. Atasını  uşaq  vaxtı  itirmişdi.  Anası  Dilbər  arvad  ingilis  dili müəlliməsi idi.  Kimin  oğlusan  soruşanda  Məmməd  bir  xeyli  susar  və  Mansur  kişinin adını deyərdi. Ömrü  boyu  üzünü  görmədiyi  atasını  o,  “niyə  belə  tez  öldün”-  deyə ürəyində qınayardı həmişə.  Artıq ailənin bütün yükü onun çiynində idi.
 Anası  Məmmədgildə qalmırdı. O, nə qədər dil töksə də, camaat bizə nə deyər desə də anası Dilbər arvad: “Siz təzə ailəsiniz, mən öz evimdə qalacam”-deyib durmuşdu. Kiçik bir qığılcımdan başlayan müharibə odu Xocalını bürümüşdü və artıq Xocalı mühasirədəydi. Yerli özünümüdafiə batalyonunun gücü tükənmişdi, Bakıdan isə hələ də kömək yox idi. Namus, ana-bacı qeyrəti döyüşən oğulları gülləsi, mərmisi qurtarsa belə dişiylə, dırnağıyla döyüşməyə,  əllərini dəmir, balta, yaba eyləməyə səsləyirdi. Xocalıda təkcə torpaq yox, ana-bacı, namus-qeyrət uğrunda müharibə gedirdi.
 Birdən Məmməd yaxınlıqda iki böyük gurultu eşitdi. Özünü yerə atıb toz-dumanın çəkilməsini gözlədi. Sürünə-sürünə gurultu gələn tərəfə gələndə gözlərinə inanmadı. Anasının və özünün evi darmadağın olmuşdu. Artıq Məmməd bu yaşında yetim qalmışdı. İndi onun heç kimi yox idi.
 Həmin gün o, qonşularının  qızlarını, gəlinlərini və onların körpə uşaqlarını özüylə müxtəlif gizli yollarla Ağdama apara bilmişdi.  Ağdam alınana qədər Məmməd Ağdamda qalmış, döyüşmüş, lakin ölməyi arzulasa belə bir göz qırpımında can almağa gələn “ölümdən də sürətli olan qanadlı güllələr” ondan üz çevirib torpağı, daşı yaralamışdı. Elə bil ölümün də ona yazığı gəlır, ölüm də onu qoruyurdu sanki. O, tənha bir bozqurd kimi sonsuzluğa uzanan və bir daha dönüşü olmayan dörd yol ayrıcında qalmışdı.
Bakıda tək-tənha qaldığı uşaq bağçasında Şuşadan, Xocalıdan, Ağdamdan, Laçından olan məcburi köçkünlər “yurd salsalar da” bura  onu çox sıxırdı. Məmməd qışın soyuğunda, yayın istisində çadırda qalanları xatırladı və hamıdan gizlətdiyi cib dəftərçəsinə nəsə yazmağa başladı. (Bu cib dəftərçəsində onun gizlin yazdığı şeirləri vardı).

Hələ bax beləcə qalıb yerində,
Hələ ağac kimi kökü dərində
Çiçək də açacaq günün birində.
Ay Allah, bu çadır göyərir deyən.

Adına köhnələn kətilmi deyim,
Yorğanmı, döşəkmi, mitilmi deyim.
Ömürlük iş alan qatilmi deyim.
Ay Allah bu çadır göyərir deyən.

Od tutub alışır min ah içində.
Qaranlıq içində, sabah içində.
Bu qədər savabla, günah içində.
Ay Allah, bu çadır göyərir deyən.

Qalanmır ocağı, yanmır işığı.
Kədərdi mahnısı, qəmdi aşığı.
Yavaşca başını əyib aşağı.
Ay Allah , bu çadır göyərir deyən.

Göz yaşıyla öz dibini yudu bu.
Ölüm himni oxuyacaq qudu bu.
Ürəyinə daş bağlayan budu, bu.
Ay Allah, bu çadır göyərir deyən.

 Elə bil ki, ürəyinin yanğısını bu beş bəndlik şeirlə bir anlıq da olsa söndürə bilmişdi. Özündən başqa panah aparmağa, dərdini deməyə, heç olmasa ürəyini boşaldıb doyunca hönkürməyə kimi qalmışdı ki... Məcburi köçkün kimi hər ay hökumətin verdiyi çörək puluna qol çəkəndə elə bil öz ölümünə qol çəkirdi. O, bunu özünə sığışdıra bilmirdi.
 Bir gün dostlarından biri ona bir xarici şirkətdə iş yeri olduğunu bildirdi. Məmməd imtina etsə də dostu onun azdan-çoxdan ingilis dilini bilməsini və onun bu işi bacaracağını dönə-dönə xatırlatdıqdan sonra razılaşmışdı. Döstu ilə həmin xarici şirkətə getmişdilər. Şirkətin direktoru əcnəbi olsa da köməkçisi azərbaycanlı idi və o, şirkətin nə işlə məşğul olduğunu, Azərbaycanda hansı məqsədlə fəaliyyətə başladığını Məmmədə bir-bir anlatmışdı. “ Bu işin ən böyük uğuru insanları inandırmaq və onun mahiyyətini, onların özlərinə xeyirli olduğunu olduğu kimi onlara çatdırmaqdır. Çünki cəmiyyətimiz hələ buna hazır deyil, özü də müharıbə şəraitində olan Azərbaycanda”.
 Məmməd elə həmin şirkətdə işə başladı. Gecəni-gündüzə qatıb öz üzərində çalışması, ingilis dilində daha sərbəst şəkildə danışa bilməsi, insanlarla mehriban davranışı, xoş  ünsiyyətqurma  bacarığı onu tezliklə həmin şirkətin məsul vəzifə tutan şaxslərindən birinə çevirdi. Məmməd qazi yoldaşlarının əksəriyyətini bu işə cəlb etməklə  onlara itirdikləri əllərinin, ayaqlarının, gözlərinin ağrısını unutdurmağa çalışmışdı. O, öz hesabına  sığorta kursları açmış, şəhid ailələrində və uşaq evlərində qalan yeniyetmələrə,  gənclərə sığortanın sirrini, vacibliyini, gələcəkdə Azərbaycanda ona böyük  önəm veriləcəyini onlara öyrətməklə,  onların  uğurlu gələcəyini bir növ sığortalamışdı.
 Onun özünün artıq “Vətən sığorta”  adlı  sığorta  şirkəti  var idi. Şirkətin qarşısındakı böyük plakatda isə bu sözlər yazılmışdı: “ Unutmayın,  hər şeyi sığortalamaq olar, nə ölümü, nə də vətənimiz Azərbaycanı düşmənlərdən sığortalamaq olmaz”.
 Aradan 17 il keçsə də, tanınmış və imkanlı bir şəxs olsa da Məmməd xatirələrdən asılıb qalmışdı. I Qarabağ müharibəsi onun gəncliyini əjdaha kimi udmuş,  26  fevral isə qapqara  saçlarına ömürlük qar  ələmişdi. O gecəni xatırladıqca  kürəyində  daşıdığı  qəlpələr  içini bir qurd  kimi gəmirir, ruhunu dinc buraxmırdı.  Hər gecə Məmməd yuxularında  minaya  düşər,  gözlərində  bomba partlayar  və  sanki səsi quyudan gəlirmiş kimi bir körpə səsinə oyanardı. 17 il keçsə də bomba dağıtmış evinin dağıntıları altında  qalan hamilə yoldaşının qarnını qucaqlayıb: “ Məmməd, mən cəhənnəm, onu qoru” deyib  canını tapşırması Məmmədin qəlbində qəfildən  partlamış  bir mina yeri kimi  qalmışdı. Onun qəlbindəki bu ağrını isə bundan sonra  heç kim,  heç vaxt  sığortalaya bilməyəcəkdi.

 



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib Azerbay Butovyurd, 02 Fevral, 2010 09:05:36
    Salam Hafiz qardash. Sizin yazularuzdan yurd, torpag etri gelir. Chox yaxshidur ve semimidir. muveffeqiyyet arzulayiram. azerbay@box.az
  • Yerləşdirilib Əli İsayev (tələbə), 31 Yanvar, 2010 07:43:42
    Hafiz müəllim. Sizin şeirlərinizi də oxumuşam. Bu hekayədə isə mənə ən çox təsir edən məqam:17 il keçsə də bomba dağıtmış evinin dağıntıları altında qalan hamilə yoldaşının qarnını qucaqlayıb: “ Məmməd, mən cəhənnəm, onu qoru” deyib canını tapşırması Məmmədin qəlbində qəfildən partlamış bir mina yeri kimi qalmışdı. Onun qəlbindəki bu ağrını isə bundan sonra heç kim, heç vaxt sığortalaya bilməyəcəkdi. Hekayənizi bəyəndim. Sizə uğurlar arzu edirəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az