Türkiyənin “Kanal A” televiziyası ATXƏM-in təşkilatçılığı ilə Azərbaycan haqqında tanıtım proqramı hazırladı
Yanvarın 26-dan 31-dək Azərbaycanlıların və digər Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə Türkiyənin “Kanal A” televiziyasının “Gəzgin” proqramının aparıcısı və rejissoru, eyni zamanda “First Business” dərgisinin sahibi və baş redaktoru Abdullah Türksoy (mahmut Sönməzlə birgə ) Azərbaycanda olmuş, Azərbaycanın tarixi, bu günü həqiqətləri ilə bağlı geniş televiziya proqramı hazırlamışdır. Proqram hazırlıqlarında Azərbaycanın tarixini, mədəniyyətini, azadlıq mücadiləsini, Dağlıq Qarabağ problemini, qaçqınların durumunu, ermənilərin Azərbaycanda törətdiyi soyqırım aktlarını əhatə etməklə, Qafqaz İslam Ordusunun Bakının qurtulu-şundakı roluna da geniş diqqət ayrılmışdır.
Səfər çərçivəsində Türkiyəli jurnalistlər Qubada ermənilər tərəfindən törədilən soyqırımın qurbanlarının kütləvi məzarlığını ziyarət ediblər. Quba rayon ictimayyəti və ölkə televiziyalarının da geniş diqqət ayırdığı səfərdə “Kanal A” televiziya kanalının və “First bisiness” dərgisinin əməkdaşları Azərbaycanda ermənilərin törətdiyi vəhşiliklərdən dəhşətə gəldiklərini bildirdilər. Abdullah Türksoy bildirib ki, bir müddət öncə Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməklə getmək istəyiblər, lakin erməni tərəfi bunun yalnız Ermənistan vasitəsilə mümkün olduğunu onların nəzərinə çatdırıb. Bundan sonra A.Türksoy Azərbaycanda erməni vəhşiliklərinin izlərini lentə almaq qərarına gəlib və ATXƏM-in dəvətiylə Azərbaycana gəlib. Jurnalist ermənilərin törətdikləri soyqırımın dünyaya çatdırılmasının vacib olduğunu bildirib.
Daha sonra Türkiyəli jurnalistlər Salyan rayon məzarlığında və Nefçala rayonu Bankə qəsəbəsindəki Türk Şəhidliyini də ziyarət ediblər. Nefçalada olarkən qonaqlar görkəmli elm adamı, professor İmamverdi Əbilovla da görüşərək, Qafqaz İslam Ordusunun bölgədəki tarixi fəaliyyətiylə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycanla bağlı “Kanal A” televiziyasında yayınlanacaq “Gəzgin” proqramı fevralın 6-da Bakı vaxtı ilə saat 18.30-da, təkrarı isə fevralın 7-də saat 12.30-da ekrana çıxacaq.
(Qaynaq: atxem.az)







MÜSAHİBƏLƏR