Türkiyədəki “Yeddi Dövlət - Bir Millət” Kültür və Dayanışma Dərnəyinin başqanı İbrahim Demirtaşın GünAz.TV Mətbuat Xidmətinə müsahibəsi
- İbrahim bəy, xöş gördük Sizi. “Yeddi Dövlət - Bir Millət” Kültür və Dayanışma Dərnəyinin fəaliyyəti haqqında oxucularımıza məlumat vermənizi istərdik. Qurum hansı zərurətdən yarandı.
- Bu dərnəyi qurmaqda əsas məqsədimiz parçalanaraq zəif hala gətirilmiş türk millətini bir birlik çatısı altında toplamaq və güclü bir birlik olaraq dünya düzənində yerinə almasına çalışmaqdır. Bu birliyin adının Bağımsız Türk Dövlətləri Birliyi (BTDB) olmasının uyğunluğunu düşündük və dərnək logomuzda ay təsvirinin içində “BTDB” hərfləriylə bunu ifadə etməyə də çalışdıq. Hazırda bu birliyin baş tutması üçün çalışmalarımızı sürdürməkdəyik.
- Hazırda, Türk dünyasının birliyi istiqamətində görülən işlər Sizi qane edirmi?
- Təəssüf ki, indiyə qədər görülən işlər çox yetərsizdir və özəlliklə vurğulamaq istərdim ki, Türkiyə Cümhuriyyəti dövlətinin müxtəlif strukturlarında bu məsələ ilə bağlı bir ilgisizlik də görməkdəyik. Biz də dərnək olaraq bu ilgisizliyin yerini doldurmaq üçün çalışmaqdayıq.
- Necə düşünürsünüz, Türkiyə Avropa Birliyi istiqamətində xərclədiyi enerjisini Türk Birliyi istiqamətinə sərf etsəydi, bəlkə də bu gün Türk dünyasında başqa mənzərələrin şahidi olardıq...
- Düşünürəm ki, Türkiyə Avropa Birliyi üçün xərclədiyi enerji və maddi gücünün yarısını Türk Birliyi üçün xərcləsəydi, bu birlik çoxdan həyata keçərdi və bu gün bağımsız olmayan türk yurdlarındakı qandaşlarımız məruz qaldıqları saldırı və soyqırımlara tuş gəlməyə bilərdi.
- Dərnəyin Güney Azərbaycana baxışı nədən ibarətidir?
- Dərnəyimizin baxışı bütün türk yurdlarının birliyi yönündədir və bu anlamda Güney və Quzey olaraq Azərbaycanı bir bütün qəbul edirik. Həm də bunun yaxın gələcəkdə bir gerçək olacağına inanırıq.
- Türküstan elində Türk Birliyinin yaranması istiqamətində işlər neçə gedir?
- Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyəti xaricindəki Türk Dövlətlərinin də bu məsələyə daha sıcaq ilgi göstərəcəyini gözləyirik və bu ölkələrdəki təmaslarımızı Türk Cümhuriyyətləri baş təmsilçimiz sayın Azər Həsrət yürütməkdədir. Düşünürəm ki, bununla bağlı onun özündən daha geniş bilgi almağınız faydalı olardı.
- Son vaxtlar cərəyan edən Türkiyə-Ermənistan əlaqələrini necə dəyərləndirirsiniz?
- Bu, çox önəmli bir məsələdir. Bizim görüşümüzcə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmədən, Azərbaycanın uğradığı bütün zərərlər təzmin edilmədən və eyni zamanda Ermənistan anayasası dəyişdirilərək Türkiyə Cümhuriyyətinin hazırkı sərhədləri tanınmadıqca, bu ölkəylə heç bir ilişki qurulmamalıdır.
-İbrahim bəy, suallarımızı cavablandırdığınıza görə Sizə öz təşəkkürümüzü bildiririk.
Söhbətləşdi: Elnur Eltürk







YENİLİKLƏR