“Mən paralel xətlərin məmnuniyyətlə kəsişib öpüşdüyünü görürəm”
ƏVVƏLDƏ SON:
“Ədəbiyyatın olmayan dönəmdə” ədəbiyyat söhbəti elədiyim Qulu Ağsəsdən sağollaşmadan ayrıldım. İstədim ki, arzularının birini də mən gerçəkləşdirim – bircə azərbaycanlı olsun barı, bir dəfə «salam» verib «əleyk» alan daha onunla salamlaşmasın, sadəcə, oturub gözləsin ki, kim birinci öləcək – bu aralıqda milyon dəfə görüssələr də!!!
… Və SAĞ QALAN SAĞ QALMAYANA «SAĞ OL» desin: «arzuya bax, sevgilim» - hə-ə!?
Söhbət boyu Qulu Ağsəsi «yormadığım» qənaətindəyəm – O, tünlükdən yorulur, kimlərdən xoşu gəlmədiyini bilirəm!
Qulu Ağsəs də məni yormadı – O bilir kimlər ondan yorulur, kimlərin ondan xoşu gəlmir! (Sözarası deyim ki, kim bu söhbəti oxumaqdan yorulsa, deməli, günah onun özündədir).
Maraqlı məqam odur ki, hər şeyin qeyri-adisindən stimul alan Qulu Ağsəs sözarası mənim çox sevdiyim Flora Kərimovanın da plastik əməliyyatına ehtizazlı bir rəy verdi: “Bu, təkcə plastik əməliyyat deyil, həm də adamın özündə nəyin yerində olub-olmadığını bilmək məharəti, ölümə növbəti dəfə qalib gəlib dörd oktavalıq səsiylə yenidən və bir daha möhtəşəm oxumaq fatehliyidi” - Qulu Ağsəs də özündə nəyin yerində olub-olmadığını bilənlərdəndir.
Qulu Ağsəs hər şeyi, o cümlədən də Qulu Ağsəsi oxumamaq imkanı olanın Qulu Ağsəsi oxumağından, eləcə də digərlərinə məhz belələrinin belə münasibətindən xoşlanır, ləzzət alır.
Ədəbiyyatdan danışmaq ona çox çətindir – ədəbiyyatı çox istəyir, dostu bilir. Dostdan nə danışasan axı! Ayrı sahələrdən – rəssamlıqdan, maşınqayırma sənayesindən, biznes strukturlarının yaradılmasından olsa, həvəslə danışar – maraqlı layihə mövzusudu, amma…
Münasibətə münasibət bildirməkdən də zindeyi-zəhləsi gedir – adamın guya öz fikri yoxdur ki?
Trafaretləri dağıtmaq ölüsüdür – yaxşı ki, Allah YAZI istedadı verib, POZU imkanı-sərvəti yox…
“Meşələr
qışda öləziyən
Günəşə
odun atmaq üçündü”
- Həyatın ən müxtəlif lövhələrini qənirsiz ədəbi mənzərələrə-peyzajlara çevirən Qulu Ağsəs bugünkü ədəbi durumu necə təsvir edər?
- Mən həmişə o fikirdə olmuşam ki, ilk sual ədəbiyyatın həyatla eyniliyindən, əksliyindən, vəhdətindəndirsə, cavab budur: ədəbiyyat həyatdan ya bir addım irəlidə olmalıdı, ya bir addım geri. Ona görə ki, ədəbiyyatın işi alternativ yaratmaq cəhdidi, yəni Allahın yaratdıqlarına alternativ yaratmaqdı, Ondan ya irəlidə, ya da geridə görmək istəyirəm.
- Özün irəlidə, ya geridə duranlardansan?
- Mənim üçün neçənci ildə doğulmağım yox, kimnən bir sırada olmağım önəmlidi. İndi mən bir misal deyim: iki yaşında qarğa götürək, iki yaşında bülbül götürək – indi onlar yaşıddı deyə, eyni mahnını oxumalıdırlar? İki yaşında qarğa min il bundan qabaq ölüb getmiş qarğanın səsiylə oxuyur. İki yaşında bülbül nə vaxtsa doğulacaq bülbülün səsiylə oxuyur. Ədəbiyyatda təsnifatı belə aparmaq lazımdır: kim nə yazır, necə yazır, səsi hara çatır. Eləsi var, Füzuli dövrünün şairidi, keçmiş stildə yazır. Məsələn, İlqar Fəhmi qəzəliyyatda Füzuli üslubunda yazır. Tapmaq istədiyi rıçaqlar məhz klassik üslubdadı – dili fars-ərəb tərkiblərindən azad olmaqla. Bunu mahiyyət etibarilə demək olmaz ki, Füzulini ifadə edir. Formaca hə. Elə bir axın da var ki, beşinin şeirini oxuyasan, imzasına baxmasan, deyə bilməzsən kimdi. İndi hamısı şeirin ən yeni metodolgiyasından istifadə edir, «sms, «vızov» e-mail»-ı şeir ifadələrinə, kimin harada nə qədər araq içməyini, kimnən görüşməyini süjetə çevirməklə hesab edirlər ki, həyatı şeirə gətirirlər. Həyatla ədəbiyyat guya eyniləşir. Mən elə düşünmürəm. Bir halda ki, biz həyatı bəyənmirik, pis, ortabab və yaxud da yaxşı sayırıqsa, ya onu tündləşdirməliyik, ya artıq, ya da əskik deməliyik. Məncə, poeziya iki cürdür. Bir var rəssam şairlər, bir də var fotoqraf şairlər. Rəssamın üstünlüyü koru görən kimi göstərə bilməyindədir.
- İndiki durum?
- "Minus" beş. Əgər minusu qabağından götürə bilsək, olar əla. Götürmək də olar ona görə ki, ədəbi nümunələr var. Ədəbiyyat su kimi bir şeydi. Dünyanın yetmiş faizi sudu, onun da üç faizi içməli. O üç faizdən ikisi Şimal buzlu okeanında. Qalan bir faiz də aşağıda, yerin altında. Onu da tapmaq lazımdı. Faradey işığı tapana qədər işıq var idi də. Necə olmağından asılı olmayaraq, söz həmişə olur. Bir var mən on birinci əsrdə yaşayaydım, bir də var iyirmi birinci əsrdə yaşayıram. Gör nə boyda fərq var. O vaxt sözə təşnəydilər. Sözə əl dəyməmişdilər. Sözlərin hamısı bakirəydi. İndi hansı birinə üz tutursan, görürsən ki, bunu Nizami tapdayıb, Füzuli minib suya göndərib, Vaqif oynadıb-oynadıb atıb qırağa, Aşıq Valeh Dərbəndə qədər sürüyüb. Bizə indi təkrar emal olunmuş sözlərdən fikir demək qalıb. Söz ağacı da yoxdu. Onu da kəsiblər, gərək kökünə gedəsən. Əlimizə bir dənə söz bayrağı veriblər, çatdırın estafetə. Kim haracan apara bildidi. Nizami səkkiz yüz ildi qaçır, Füzuli beş yüz ildi, Molla Pənah Vaqif üç yüz ilə çatacaq. Əli Kərim yetmiş ildi.
- Sən neçə il qaça bilərsən, hesab edirsənmi, sözü estafetə qaçırdanlardansan?
- Mən qaçmağına qaçacam, ola bilsin, geri qaçım. O sözü mənə verənə qaytarmağım da mümkündü. Qaçmaq elədi ki, əsas hərəkətdi. Ən böyük səhv iş görməyib özünü səhvdən sığortalamaqdı. Elementar bir misal: bir maşın adam qəzaya düşüb, ölən-yaralanan. Hamını danışdırırlar, təsviri verən yoxdu. Görürsən, qıraqda əli yüngülcə cızılan qəzanı elə gözəl təsvir eləyir, ürəyin qalır əlinin cızığında, amma o birisinin qıçı yoxdu ey… danışa, yaza bilmək, çatdırmaq sənətidi ədəbiyyat.
- Qulu… AĞsəs, Zahid… SARItorpaq, Elxan QARAqan, … GÖYtürk, … BOZqurd, yaşıl yoxdu, YAŞILKÖYNƏKLİ oğlan var – ədəbiyyatda bu rəngli imzalar oxunmalı nəsə yazıbmı, töhfələri varmı?
- Hamısında material eynidi, forma dəyişib – əvvəl lələklə yazırdılar, sonra qələmlə, indi də hamı, - məndən başqa, - kompüterdə klaviaturayla yazır. Amma hərə öz xislətini yazır. İstedad nədi – orijinallıq. Adamı çağırırsan duelə – yumruq əvəzinə, ona «qrad» atırsan. Qarşındakı heç vaxt bilmir səninlə necə döyüşsün – bu mənada, ədəbiyyat qaydasız döyüş növüdü.
“Elələrinin öldüyünü güzgü göstərər, əgər baxsalar”
- Bu ədəbi axını nəzərə alıb, müsabiqə keçirib, onlardan «xalq ulduzu, yeni ulduz» düzəltmək olmazmı?
- Ədəbiyyatda «sms-lə şeir oxumaq» demişdilər mənə. Bir söz deyim. Bax, bu muğam müsabiqəsindən gördünmü dostlarım necə diri çıxdılar - qalmaqallardan, maşınlarının, villalarının reklamından uzaq oldular. Amma görün, aşıq müsabiqəsi nə təhər iyrənclik yaradıb. Bizdə indi hər şey inkişaf edib, təkcə aşıq sənətindən başqa.
Bizə desələr gəlin belə müsabiqə keçirilir, mən getmərəm. Elə bir şey olsa, biabırçılıq olar, vallah.
- Niyə ki… Maşın, ev, pul, məşhurluq-filan…
- Axırıncı variant kimi, dostlara deyərəm mənə maşın lazımdı. Yox, qardaş, mən heç vaxt çıxıb televizorda deyə bilmərəm xalqa ki, səs verin ilin şairi olum… ölərəm. Ölmək nədir ki? Adam güzgüyə baxa bilmirsə, ölür. Bunlar güzgüyə baxmırlar, baxırlarsa da, qaranlıqda, arxa tərəfinə baxırlar. Mən ədəbiyyatda elə proqramların qəti əleyhdarıyam. Televiziya ədəbiyyata yer ayırmalıdır – «ağa-bəy yeri» amma.
- O «ağa-bəy yeri» ayrılsa, ədəbiyyat həyatımızda nəyi dəyişəcək?
- Heç nəyi. Amma gəl bunu da nəzərə alaq da. Həyatda xəzri var, gilavar var, tornado var. Bir on-on beş il bundan qabaq Mexikoda hava dayandı. Maşınların hərəkətinə qadağa qoydular. Camaat bilirsən o havasızlıqda nə arzulayırdı? Tornado…
Qoy dağıtsın, amma olsun. Ədəbiyyat o tornado kimi şeydi. Elə bir vəziyyət yarana bilər, mən, biz onu tornado kimi arzulayarıq.
- Kimdi bizdə o «tornado», «xəzri», «gilavar»ın təmsilçisi?
- Kifayət qədərdi. Salam Sarvan, Etimad Başkeçid, Əlisəmid Kürü çox sevirəm – həyatı kimi də gözlənilməz şairdi. Seyid Ramin kitabını mənə verdi – elə qəşəng, balaca ifadələri var.
“Ədəbiyyat yanğılısı deyilik”
- Qısası, «tornado» yoxdu, hamısı «xəzri», «gilavar»…
- Niyə ki? Yaradıcılıq reseptnən deyil ki? Mən inanıram ki, onlar haranı istəsələr, dağıda bilərlər. Sadəcə, Bakıda «xəzri»-«gilavar»dırlar. Bunlar yaxşı tərcümə olunsa, dünyaya çıxsa, bir də nə vaxtsa burada havasızlıq olsa, onlar dağıda bilərlər. Biz bu gün ədəbiyyat yanğılısı deyilik. Bizə bu lazım deyil. Bizi ədəbiyyatdan doyuzdurublar. Bunlar da üz tutublar publisistikaya. İndi publisistika meydanıdır. Əvvəllər belə deyildi. O dövrün publisistlərindən neçəsini saya bilərsən?
- Çox. İndikilərdən on dəfə artıq.
- Az, yoxsa artıq?
- Artıq! Rəfael Nağıyev, Şakir Yaqubov, İlham Rəhimli, Sabir Rüstəmxanlı, Vaqif Bəhmənli, Seyran Səxavət... elə təkcə «İspaniya rəqs edir» hələ bundan otuz il sonra da yaddan çıxmaz.
- Onda yazıçılar publisistika ilə məşğul olurdular.
- Amma indi iki şeir, bir hekayə müəllifləri «millətə mayaklıq” eşqindədirlər... Niyə etiraz etmirsən ki, rəsmi dövlət jurnalının baş redaktor müavini?
- Çörək yoxdu da...
- Publisistika nə vaxtdan çörək zavodu olub?
- Yazır, qonorar alır, əzizim. Şeirdə pul var?
- Jurnalında yaxşı qonorar ver…
- 600 manat qonorarı 20 müəllifə böl.
- «Ulduz»dan hərəsi 30 manat alacaq, 30 manat da «Azərbaycan»dan alsın, 20 manat «525-ci qəzet»dən, 50 manat Seymur Baycanın alternativ yazıçılar ocağından…
- İndi onlar AYB-də çap olunmurlar, çap olunanlar alır. Hər gün şeir yazmırlar axı. İldə iki dəfə şeir yazmaqnan bala saxlamaq olmaz ki...
- Getsinlər işləsinlər. Ədəbiyyat nə vaxtdan iş yeri olub axı?
- İş yeri yoxdu!
- İxtisasları yoxdu, dilənsinlər. Demirsən, Yaponiyada şairlər-yazıçılar düşür dilənir? Bə onlar necə yaşayır? Şeir-hekayə yazırlar deyə, millət bunlara borclu çıxır?
- Publisistikaya pul verirlər…
- Kim verir?
- «525-ci qəzet», «Bizim yol», «Azadlıq», İnternet portallar, «lent.az»…
- Onların o qəzetlərdə yazdığı publisistikadı, yoxsa çərlətmə-çürütmə-qıcqırtma?
- Bəs necə dolansınlar?
- Ayrı işlə məşğul olsunlar. Elə sən də...
- (bir xeyli güləndən sonra) Elə bilirsən, sən qədər də ağlım yoxdu? İmkanım olsa, cavanlara sponsorluq eləyərəm. Alınmır.
- Yaponların yazdığından istifadə eləyirsiniz, elədiklərini niyə eləmirsiniz?
- Onlara dədələri hər şeyi verib. Onlar kefindən dilənir…
“İndi «Nobel» avrogöstəri olub”
- Dünya ədəbiyyatında nə yazıb Nobel alıblar? Fərqli fikir meyarı nədir?
- Nobel mükafatı heç də ədəbi-bədii məziyyətlərə görə verilmir. Ölkəyə və alternativ düşüncəyə görə verilir. Orxan Pamuk yüz illərlə davası aparılan «ermənilər, kürdlər türkləri qırıb» davasının astarını yazdı: «türklər erməni də qırıb, kürd də». Əgər on iki kəndin əhatəsində olan sırf türk kəndimi yazsam ki, dədə-baba erməni kəndidi, mənə də verərlər. Amma yazmaram axı…
Nobel mükafatı bu gün avrogöstəridi, «yevrovijn» kimi.
Allahın verdiyi mükafatla - istedadın təşkilatın təltif etdiyi ödülün - ordenin fərqi çoxdu. Dəyər baxımından da, daşımaq, sahib olmaq prizmasından yanaşanda da.
Məndən olsa, «xalq şairi» adını da yığışdırsalar, yaxşı olar. Ona görə yox ki, istəmirəm, ala bilmərəm, elə qəşəng alaram. Amma absurddur da. Aşıqlara düşür: «xalq aşığı». Aşıq Ədalətə düşür – bütün ölkə öz ocağında görmək istəyir. Aşığın Dərbənddən ta Kərkükəcən sorağı gedir. Şairi kim tanıyır bütün Azərbaycan boyu? Kitabım çıxıb. «Ən çox satılanlar» sırasında birinci yerdədi «Bayatı» kitab mağazasında. Bilirsən tirajı nə qədərdir – 250 nüsxə. Alanların da çoxu dostlarımdı? Sən götürən kimi üz qabığındakı peyzaja fikir verdin, onlar heç qatını açmayıb. Ümumiyyətlə, ədəbiyyatın xalqa nə dəxli var? Biz xalq yaradıcılığından, folklordan qaynaqlanmalıyıq. İnternetdən qaynaqlanandan nə şair? «Balkon aborta gedən hamilə qadına oxşayır» - tapıntıdımı, ədəbi uğurdumu? İnternetdən başı çıxan istənilən adam bir-biriylə çatlaşanların lağlağı söhbətini qafiyəsiz-filansız, formasız da təqdim edib deyə bilər ki, şairəm. Şair bədahətən deyər.
“Gördün üşüyürsən, yandır özünü”
- Qulu, bu ədəbi mənzərə səni üşütmür?
- Hərdən üşüdür də, hərdən titrədir də… Arada qızdırır da. Ədəbiyyatda amacım bilirsən nədi? Ölümsüzlük. İnsanlar daha çox yaşasın. Yaxşılar yorulsun yaxşı olmaqdan, arada pislik eləsin, əclaflar o qədər yaşasın ki, axırda yaxşı olsun. Bir sözlə, ölümsüzlük iksirini tapmaq. Ən biabırçı ölüm onu sayıram ki, ayrı planetdə yaşayanları görməyim. Gedib onları görmək istərdim. Yaşayışlarını, düşüncələrini bilmək istərdim. «OVİR»-in qabağında məni ayrı planetə viza almaqda görəsən. Görməsəm onları, ölsəm, özüm üçün biabırçı ölüm sayaram. Doğrudan da, mən paralel xətlərin məmnuniyyətlə kəsişib öpüşdüyünü görürəm.
Müdriklər öləndə heç biri ağlamır – sanki bu otaqdan o biri otağa keçirlər. İnsan ölə bilməz – enerji itmirsə, ruh nə təhər itir ki?
- Yazılarında var bu tezislər?
- Mən yazılarıma vərə, ləkə girən kimi girirəm – şamamanın qulluğunda dururam, qarpız-qovun yanır.
- Səni nə sakitləşdirir?
- Evdə uşağın üzünə baxmaq. Fikirləşirəm ki, gör mənim sifətim nə qədər dəyişib. Uşağın sifətində mənim dilədiyim, hikkəsində olduğum nə qədər şey yoxdu. Uşaqla təbiətin sifəti həmahəngdir. Heç bir daş demir ki, bilirsən, mən kimin başına düşən daşam? Uşaqda daş, ağac xisləti var – biz də doğulanda o xislətdə olmuşuq. Uşağın ən maraqlı işi nədi – özüylə oynamaq. Şair onda uşaq olur ki, özüylə oynayır.
Başqalarına qarışmır – başqası fəlakətdi. Başqa yer cəhənnəmdi. İnsanın getdiyi yer öz yeri olmalıdı, danışdığı adam özü olmalıdı.
Poeziya monoloqdu. Dialoqda ikisi danışır, birin o, birin bu deyir, aləm dəyir bir-birinə, narahatlıq yaranır. Şairlər özgələşə bilmir, nasirlər cilddən cildə düşür.
- Nə təhər olur özgələşə bilməyən Qulu Ağsəs həm də cilddən-cildə düşür?
- Bu «Nabran novellası» elə mənəm.
- İndi demədin şair özgələşmir?
- Qadan alım, deyirəm də – «Nabran novellası» da mənəm, kamança da, tar da mənəm. Mən bu yazıları yazanda giriş yazmaq istədim: əziz oxucu, oxuduqlarını yazanda janr axtarmaq istəmədim. Sən də, sən Allah, janr axtarma. Bu, bir quyudu. Atalar da deyib ki, quyunu qazma, qazırsan, dərin qaz. İstəsən, Aydın, sən də düşə bilərsən.
- Niyə düşünmürsən ki, mən səni quyudan çıxara bilərəm…
- Həzrəti-Əli başını quyuya dirəyib deyirmiş ki, ya Allah, yeganə padşaham ki, sənə rəiyyətdən şikayət edirəm.
- Xoşuna gələn mövzu?
- Nəyi ki, yaza bilirəm, xoşum gəlir. Vətənpərvərlikdən, müharibə mövzusundan xoşum gəlmir. Demirəm yaza bilmərəm, yaza bilmirəm. Televiziyada dedim, vermədilər: «Laçınım» mahnısı… nə təhər başa düşmək olar ki, Lion işğal olunub, sən də mahnıya qulaq asırsan: «Lionum, Lionum, Vətənim mənim». Ən böyük vətənpərvər Tolstoy deyirdi: «Vətənpərvərlik əclafların sığındığı sonuncu yerdir».
Sevdiyindən elə yazmaq lazımdı ki, rəğbət yarım saat sonra oyansın – qanan üçün. Qanmazlarda yarım əsrə də rəğbət oyanmaz.
Mövzu orijinal olmalıdı. Xudu Məmmədov deyirdi ki, səhər durub ayağına corab geyinirsən e, ondan üç yüz əlli səhifə roman yazmaq olur. Mənim nəzərimcə, yataqdan qalxıb corabı əlinə almağacan olan o gömrük aralığı mərhələsində ondan bir iki dəfə çox yazmaq olar: görəsən, səni bu həyata boşlayacaqlar bu gün ya yox. Bir yarpağın düşümündən də eləcə. Yarpağın tərkibindən minlərlə kitab yazılıb, akademik olublar, yarpaq düşür e, lələ, akademik də batdı…
“Başdaşımdakı şeir…”
- Sənin başdaşındakı epitafiyan?
- Gedib tövbə eləməyə
Mənə yer ver, İlahi.
Elə yer ki, baxım görüm,
Sənsən hər yer, İlahi.
Günahımı nəylə desən,
Razıyam yuyum orda.
Əgər gücün çatsa, məni
Özündən doyur orda.
- Son vaxtlar aldığın kitablar…
- Mənə kitabların çoxunu müəlliflər özləri verir… Özüm isə Əjdər Olun, İlqar Fəhminin, Seyid Raminin mənə verdiyi kitabını, Namiq Hacıheydərlini, Məmməd İlqarın dastanını… oxumuşam, oxuyuram.
- Kimin üçün yazırsan – xalq, tarix, dövlət, oxucu, yoxsa…
- Adam özünü dağdan tullayır e, yarıyolda vertolyotla yaxınlaşıb soruşursan ki, niyə özünü atdın…
- Vertolyotla yaxınlaşıb deyirlər: Qulu Ağsəs, kimin üçün yazırdın?
- Yazıram da… Hərədə bir çatışmazlıq var, xislət var. Xalq, dövlət, tarix üçün yazmıram, hər halda…
- Kitab mağazaları şəbəkəsi, ədəbi lektorlar institutu bərpa olunsa, millət oxuyacaqmı?
- Yox! Bax, tarixin tunc dövrü var, daş dövrü var, sovet dövrü var… indi də İnternet dövrüdü də. Ədəbiyyat dönəmi deyil.
Aydın Canıyev
Yorumunuz
Şərhlərə görə (4 göndərilib)
-
Yerləşdirilib Kamil, 26 İyun, 2010 09:03:21Qulu muellim yaziniz ucun cox sagolun,Sizin "SENSEN HER YER"ADLI SEIR KITABINIZ MENDE VAR,COX GOZEL YAZIRSINIZ.Kamil Behmenoglu
-
Yerləşdirilib Azerbay Butovyurd, 23 Fevral, 2010 08:56:28Salam Qulu muellim! Sizin kimi ziyalilarimizin sayi chox olsun. Lap chox!
-
Yerləşdirilib habil yaşar, 22 Fevral, 2010 08:40:47gözəl yazınız üçün Allah razı olsun Amin!
-
Yerləşdirilib Namiq HACIHEYDERLI, 22 Fevral, 2010 08:01:46yeni nesil Azerbaycan edebiyyatinin en istedadli numayendelerinden olan deyerli SOZ ADAMI QULU AGSES edebiyyatimizda yeni donemin yaradicilarindandir. ona ugur dilemek vetendash borcumuz. Var ol Qulu Agses!







YENİLİKLƏR