Vasif SÜLEYMAN
DƏRDİM NAXIŞ-NAXIŞ, DÜZÜM-DÜZÜMDÜ…
İbrahim İlyaslıdan eşitdim Zirəddin Qafarlının 55 yaşa gəlib çatdığını. Yaşı 55-ə indi çatsa da, mənə elə gəlir, onu həmişə beləcə ahıl görkəmdə, yetgin düşüncədə görmüşəm. Üstəlik də bu yaşda, bu ilhamda olan şairin edə biləcəyi nə vardısa Zirəddin etdi.
Yubileyi ilə bağlı çapa hazırladığı yeni kitabında yazılacaq DOST SÖZlərinin arasında mənim də qeydlərimin olmasını özü istəyibmiş. Mən dost kimi yox, Zirəddinin bir oxucusu ola¬raq yazıram bu qeydləri. Hərdən düşünürəm, - mən Zirəddinə dost kimi daha yaxınam, yoxsa oxucu kimi!?. Hər dəfə də bunu düşünəndə üstünlüyü Oxucuya verirəm.
Zirəddin Qafarlını məni kimi sevən oxucular çoxdur. “Məni kimi” deməyim bir az qeyri-təvazökar səslənməsin… Onun xalq yaradıcılığından qaynaqlanan və damcı-damcı süzülüb gələn poeziyasını sevməyə başladığım müddət iyirmi beş ili keçir. O zaman müddətində oxuduğum şeirlərindən bir çox misralar hələ də yaddaşımdadır:
Özün sağalmayan yara veribsən,
Gedib axtarırsan sağlar içində.
Zirəddin Qafarlının yaşam tərzindən və yaradıcılığından böyük bir ağrı keçir. Hərdən adam həsəd də aparır, onun bu qədər dərdin içindən sıyrılıb çıxmasına. Özü də mərdi-mərdanə… Tanrının yazdığına asi olmayan Zirəddin İlahinin hökmüylə gələn ağrıları sevərək yaşatmağı bacaran bir şairdi:
Dərdim naxış-naxış, düzüm-düzümdü,
Üz-üzə durmuşam bəlalarımla.
Atasız böyüyən canım üzüldü,
Anasız böyüyən balalarımla.
Amma bu qədər ağrılı bir taleyi, Zirəddini heç vaxt sevgi dolu dünyasından ayıra bilməyib:
Sənsiz ömür sürmək qəm-qüssədir ki,
O bağ da, bağça da yerindədir ki.
Gözümün üstündə yerin nədir ki,
Mənim gözlərimin yeri sənindir.
…Bəlkə də onu bizlərə sevdirən budur.
***
İbrahim İLYASLI
QƏLƏMini salamlayıram
Zirəddinlə dostluğumuzun tarixi qədim, məzmunu böyük, mahiyyəti əsl qələm dost¬luğudur. Təəssüf ki, “Qələm dostu” ifadəsi yazarlar arasında ümümişlək bir ifadəyə çevril¬diyindən indilərdə bu sözbirləşməsindən yersiz istifadələr də çoxalıb. Bəzən qələmləri dost olmayanlar da bir-birini “qələm dostum” deyə çağırırlar. Mənə elə gəlir, Zirəddin Qafarlı ilə İbrahim İlyaslının qələmlərinin əsl dost olduğunu görmək üçün onların hərəsindən bir şeir oxumaq yetər. Bizim dost olmağımızın əsl səbəbkarları bizdən xəbərsiz, bizdən öncə dost olmuş, bir-birinə sirdaş, qardaş yaranmış qələmlərimizdir. Bu mənada mən 55 yaşlı şair Zirəddin Qafarlıdan öncə onun yaşı bilinməyən QƏLƏMini salamlayıram. Bu mübarək qələmə olan sevgilərimi və onun sahibinə olan sayğılarımı bildirirəm.
Yaxşı yadımdadır, Zirəddinin “Dünyayla üz-üzə” adlı ilk şeirlər kitabı çapdan çıxanda bu kitab haqda mətbuatda ilk yazını və ilk yazımı yazdım. Onun gecikmiş sevicinə şərik oldum. O vaxta qədər mən heç zaman hansısa kitab haqda yazı yazmamışdım. Aradan xeyli zaman keçəndən sonra Zirəddin Qafarlının ikinci kitabının ilk nüsxələrini mətbəədən götürmək də mənim qismətimə düşdü. Sonra nəşr olunan kitabların isə təqdimat mərasimlərini təşkil etmək, onunla keçirilən görüşlərdə aparıcılıq missiyasını yerinə yetirmək mənə həvalə olundu. Və bu tədbirlərdə Zirəddin Qafarlının sözü haqda da, özü haqda da yetərincə danışıb ürəyimi boşaltmaq imkanında oldum. Amma mənə elə gəlir onun kitabdan kitaba zənginləşməkdə olan gözəl, səmimi və bənzərsiz poeziyası haqda deməyə həmişə yeni sözümüz olacaq.
Yeri gəlmişkən onu da deyim ki, öz ədəbi ənənələri olan Sumqayıt şəhərində sağlam ədəbi mühitin yaradılmasında, gənclərin ədəbi zövqünün formalaşmasında, eləcə də istedadlı sumqayıtlı yazarların respublika miqyasında təbliğ edilməsində onun xidmətləri danılmazdır.
Şair ilham atından salınanda tükənir. Sevinirəm ki, Zirəddin yenə də əzəlki ilham atındadı. Yenə də əzəlki şuxluğuyla “dünyayla üz-üzə” dayanıb “haqdan gələn ağrılar”a sinə gərməkdədi. Yenə də öz qoruğunda, öz oylağında, öz yaylağındadı. Bəndi-bərəsi möhkəm, ünü-nərəsi ötkəmdi. Mən Zirəddin Qafarlını həmişə belə görmək istəyənlərin sırasındayam.
***
Ehtiram İLHAM
ŞEİRLƏRİ DİLİMDƏ GƏZƏN ŞAİR
Mən dərdinə bu boyda bağlı olan adama rast gəlməmişəm. Mən qəmiylə bu boyda qol-boyun olan Allah bəndəsi görməmişəm. Canım-gözüm Zirəddin, böyük şairin dərdi də böyük olar. Gözəl şairin dərdi də gözəl görünür. Sənə bu böyüklükdə, bu gözəllikdə şeirlər yazdıran dərdin dərdisin alım, dərdiş. Bizim hər ikimizin, illah da sənin mənsub olduğun ədəbi nəslin kumiri olan Məmməd İsmayıl yadıma düşür həmişə səni xatırlayanda. Sənin adın gələn yerdə böyük ustadımız canlanır gözüm önündə. Ona görə ki, havan o havadan havalanıb, ruhun o ruhdan ruhlanıb. Sən də, bəlkə heç özü də bilmədən, Murad Köhnəqala da, behiştin ən rahat guşəsində özünə taxt qurmuş Akif Səməd də, dünyanın ən duru adamı və ən saf şairi olan Akif Əhmədgil də, canım sənə desin, İbrahim İlyaslı da, Sabir Sarvan da, Vasif Süleyman da ... biz hamımız o şineldən çıxmışıq. Necə deyirdin: “taleyimiz oxşardı gördüm”... Bunu heç kim dana bilməz.
Bir də sənin nə boyda, nə biçimdə bi şair olduğunu dünyanın heç bir söz adamı dana bilməz. Dana bilməzlər ki, çağdaş şeirimizdə Zirəddin Qafarlı o toxunulmaz yerini ana südü kimi halal qazanıb. Demişdin axı, dərdlərimə ağı deyə-deyə dərdlərinin üzünü ağardan adamın ağ günə çatmağı zor bir iş. Sən ağ günlü olmasan da üzüağ söz adamısan. Şeirləri dilimdə gəzən, özü bağrımın başında olan şair mənim üçün ən bəxtəvər adamdır. Səninlə fəxr edirəm!
***
Əli NƏCƏFXANLI
ŞAİR ÖMRÜ...
Eşidəndə ki, şair dostum Zirəddin Qafarlının 55 yaşı tamam olur, xəyalım 32 il əvvələ, Zirəddinlə tanışlığımızın ilk dövrlərinə qanadlandı. Qızqaytaran boy-buxunu, aşıqlarsayağı qalın bığları, yanıqlı səsi, isti ürəyi olan gənc şair Sumqayıtın ədəbi mühitində ab-hava yaradanlardan idi. Dərnəkdə, görüşlərdə oxuduğu gözəl-göyçək şeirləri ilə hamını ovsunlayırdı. Ədəbiyyata gül ətrində, bal dilində, dəli-dolu duyğuların tərkində əsl bir istedadın gəldiyi göz qabağında idi.
Sözü uca tutan, oxşayıb-əzizləyən Zirəddin Qafarlının «Dünyayla üz-üzə» adlı ilk kitabı çıxanda da, o, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirəndə və sonrakı davamlı uğurlarını qazananda da yüksəlişinə sevinənlərdən biri idim. Sənətə sədaqəti, səmimiyyəti, çalışqanlığı onu tay-tuşlarından fərqləndirirdi. Elə indi də elədir.
…Sinəsini İsaq-Musaq quşlarına vətən verən şairin şeirlərində dərd adi qəza-qədər, ovqat, hal deyil, poetik bir obraz kimi, millətin tarixi tale yaddaşının bir parçası kimi canlanır. «Həsrətinin dağına gün düşməyən» şair qardaşımız qələminə sarılıb «saxta bazarların ağzını açdığı, dəyirman yollarının itdiyi» dünya ilə öcəşir, «pis gününü zəhmətilə pis günə» qoya bilir:
Çəkib aparmağa çatacaq gücüm,
Bu dərdin mən boyda arabası var… -
deyir.
«Yaddaş maşası» ilə xatirələrimin odunu-közünü eşirəm. Zirəddin Qafarlının poetik təkamülü illərcə gözlərimin önündə baş verib. Yetkin-bitkin bir şairə çevrilməsini, tanınmasını, sayılıb-seçilməsini ilbəil, günbəgün özüm görmüşəm.
55-inə kimi bunca uğur qazanmaq hər şairə nəsib olmur. Dostum Zirəddinə bundan belə də mənalı və məzmunlu bir şair ömrü arzulayıram.
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib Namiq Haciheyderli, 02 Mart, 2010 07:16:32Chagdash edebiyyatimizin en istedadli numayendelerinden biri olan deyerli dostum, SHAIR Zireddin beye yeni-yeni yaradicilig sevincleri ve 100 yashi adlayib kechmesini arzu edirem.







YENİLİKLƏR