AZƏR QİSMƏT
(Hekayə)
...O kəndə girəndə gecə zülmət kəlağayısını asimana sərmişdi. Addımlayırdı. Yağış az öncə kəsdiyindən otların ətri yenidən aləmi başına götürmüşdü; nəmli iy soxulcanlar, budaqlarda gecələyən quşlarla bərabər onun da burnunu qıcıqlandırırdı.
Addımlayırdı. Özü də səliqəli tikilən, səliqəli düzülən kənd evlərinin arası ilə addımlayırdı. İtlərin üstünə qıcanmaması üçün cibini daşla doldurmuşdu, amma çiyninə keçirdiyi tüfənglə də atəş aça bilərdi dördayaqlı quduzlara. Hərgah bunu etsəydi atəş səsinə kəndlilər başlarını tezcə pəncərədən çıxarar, «sən kimsən?» deyib qışqırar, o da səsin çoxaldığını eşidib neçə illərdən bəri ürəyində gəzdirdiyini ala bilməz, qaçardı. O, səssizcə gəlib, səssizcə də getməliydi və bəlkə də belə olacaqdı. Tüfəngi pencəyinin altına soxdu.
…Axtardığı evi tapdı. İşıqlar söndüyündən içəridən neft lampasının şöləsində ev sakinlərinin itə, əcdahaya, daha nələrə bənzəyən kölgələri çox-çox iri, qarmaqarışıq göründüyündən əvvəlcə qorxdu, istədi pəncərədən atəş açsın. Bunu etmək çox asandı. Amma bu ev kəndin girəcəyindən bir xeyli aralı olduğundan qaça bilməyəcəkdi. Onu tutar, başını sərçə başı kimi üzər, ürəyini, qarnını deşik-deşik edərdilər. Qaça bilərdi, ancaq üzü meşəyə tərəf. Ordan da Allah bilir yol tapa-tapmaya.
Ətrafa baxa-baxa çəpərdən hoppanıb həyətə düşdü. Pəncərədən süzülən lampa işığının şöləsi az da olsa həyətə də düşürdü. 35 yaşı olan bu gözlənilməyən saqqallı və qorxunc qonaq gizlənib gözlərini pəncərədən içəri marıtdatdı. Evin kişisi qabağına qoyulan bir kasa şorbanı qaşıqla hortuldadır, soğanı əzib yeyirdi. Hərdənbir də beşikdəki uşağın ağlamağına hirslənirdi:
-İt uşağı bəsdi də…qulağımız getdi ki…Çöldə qanını qaraldırlar, evdə qanını qaraldırlar…Bilmirsən hara cəhənnəm olasan? Əlli dəfə demişəm bunun duzunu çox tök də…, - deyə evin kişisi üzünü arvadına sarı tutdu.
Gözləniləməyən qonaq pəncərəcən evin sağ tərəfinə baxdı. Bir qadın beşikdəki körpəni yelləyirdi.
Ağır-ağır qapıya tərəf addımlamağa başladı. Addımlarını ağır-ağır atırdı ki, heç kim eşitməsin. Bir anlıq ayaq saxladı. Geri qayıtmaq istədi. Lakin anasının ona dediyi sözlər yadına düşdü:
-Mütləq taparsan onu. Onunla haqq-hesabı elə həmin gecə çürüdərsən. Bunu etməsən südümü sənə halal eləmərəm.
O, ölmək istəmirdi. Həyatı tam başa düşdüyündən öldürmək istəyirdi. Qan susuzluğunu yatıracaqdı. Belə düşünürdü.
Qapını astaca döydü.
Ev yiyəsi qəfil qonağın kim olmasını soruşmayıb qapını açdı, çünki bu kənddə heç vaxt oğurluq olmamış, hamı qardaşlaşmış, elə hamı da qapını açıq qoyub yatırdı.
Qapı açıldı. Qonaq pencəyinin altından tüfəngi çıxardı. Sonra içəri girdi.
Qoca ev yiyəsi qəfil qonağı, özü də tüfəngli qonağı görüb udqundu, başını döndərib arvad-uşağa göz ağartdı ki, yerlərini bilsinlər, əlüstü səliqə-səhman yaradıb səslərinii içlərinə salsınlar. Sonra neft lampasını qaldırıb nurunu artırdı, qonağın gözlərinə, saqqalına, sifətinə, çiyninə keçirdiyi tüfəngə heyrətlə baxdı, alnındakı dərin çapığa da baxdı. Azacıq üşəndi, qarnını, sinəsini aşağı-yuxarı qaşımağa başladı ki, atəş açılsa güllə qoluna dəysin. Evin yiyəsi çöldən kənd yolu ilə keçən qonşusunu görüb bərkdən «axşamın xeyir, qonşu» deyib səsini qaldırdı, öz kisəsindən yeməyə gələn vaxtsız, həm də qorxunc qonağa eşitdirmək istədi ki, «biz tək deyilik, başqa fikrin varsa ağlını başına yığ, nəyisə bacarmayacaqsansa indidən qaç, əgər məğrursansa sadəcə get».
Qonaq gözünü qırpmırdı. Canlı müqəvva kimi ev yiyəsinə, onun kirlənmiş yun parçadan toxunma caketinin altındakı ürək nahiyəsinə baxırdı. Çünki onu ancaq ürəyindən vurmaq istəyirdi. Çantasındakı rəhmətlik anasından qalma butalı kasayla da qanından içəcəkdi. Anası canını tapşırmazdan qabaq vəsiyyətini deyəndə belə xırıldamışdı. Əgər vəsiyyətə əməl etməsəydi, onun qəbrinin üstünə gedib şam yandıra bilməyəcəkdi. Şam yandıra bilərdi, amma qorxurdu ki, anasının əlləri qəbirdən pırtlayıb çıxar və hulqumundan yapışıb özü ilə aşağılara aparar.
Qoca anladı ki, bu saqqalda, bərəli, işıltılı gözlərdə və çapıqda hansısa pis məna gizlənir. O, bu tapmacalı mənanı tapmağa çalışdı, lakin buna vaxt olmasa da şübhələndi ki, qəfil qonaq oğurluğa gəlsəydi çoxdan evdəkilərin əl-qolunu bağlayıb nə var sümürüb aparmışdı.
Arvad-uşaq kirimişcə gözlərini döyə-döyə ev yiyəsinin istənilən əmrini gözləyərək qonağa baxırdılar. Yalnız qocanın bələkdəki dördaylıq körpəsi ilantutan vaxtını boş keçirmək istəməyib toppuş əllərini açıb-yumurdu.
-Qonaq, deyəsən bizim meşəmizə ova gəlmişdiniz?
Öldürəcəkdi. İstəyir uşaqları, nəvəsi, hətta nəticəsi olsa belə, üzünə hırıldayıb şam yeməyinə qonaq etsələr də, gecələməyə icazə verib başının altına qaz tükündən balış qoysalar da, öldürəcəkdi. Özü də arvad-uşağının gözünün qabağında qanına qəltan edəcəkdi ki, gələcəkdə doğulacaq körpələrin atalarından keçmə toxumları kəsilsin. Kökünü kəsəcəkdi cücərən toxumların. İllər keçəcək, balacalar anlayacaqdılar ki, bir gün gecə evimizə gələn saqqallı, çapıqlı əmi atamızı güllə ilə deşməkdə nə əntiqə iş gördü, halaldı ona.
Qoca sinəsini və qarnını aşağı-yuxarı qaşıyırdı, güllənin ayağına dəyməsinin qorxusu yoxuydu, əlil arabasında da gəzərdi, təki ölməsin. Yumağa dönən ev yiyəsi fikirləşirdi, axır ki, əcəl onu girlədi, özü də bu ixtiyar çağında girlədi əcəl. O əcəl ki, cavanlığında girləməliydi onu, daha qocalığın şirin vaxtında yox. Elə bir vaxtda ki, birtəhər özünə güzəran qurmuş, ölən arvadından sonra ikinci dəfə evlənib oğul-uşaq yiyəsi olmuş, onları pis-yaxşı böyüdüb toylarını görmək istəyən arzuların içərisində girlədi əcəl. Yox, o, indi ölmək istəmirdi.
Qonaq onu, bu kəndi tapanacan uzun yol gəlmiş, qan-tərə batmışdı. Evdən çıxanda pencəyində gəzişən bəyaz rəngli hörümçəkdən bilmişdi ki, nəhayət qocanı öldürüb xoşbəxtlik tapacaq. Həyatı anlamağa beş yaşından başlayanda anası bəzən hirsli, bəzən şadyanalıqla qulağını, beynini ta ötən ilin bu fəslinəcən doldurmağa başlamışdı ki, onu öldürüb qanından kasayla içməlisən, yoxsa başdaşımdan öpməyə həsrət qalacaqsan.
Qonaq bu kəndi tapa bilmişdi. Vaxtilə anasının dediyinə görə qoca enlikürək imiş, bəlkə də qocaldığına, ya da tüfəngin zəhminə görəmi qonaq onu büzüşmüş gördü, enlikürək görmədi.
Qocanın azacıq belinin əyilməsi, dizlərindəki ağrılar, sümüklərinin sızıltısı yaman əziyyətli idi, xüsusən gecələr. Ölmək istəyərdi, daha ağrı ilə yox. Yatağına girəndə arzulayırdı ki, gecə yatıb səhər ayılmasın, bu daha rahat yol idi.
İlantutan körpə ağladığından qocanın arvadı körpəni ona verdi, bilirdi ki, yaşlı ərinin qucağında kiriyir, toppuş əlləriylə cod, tikanlı saqqalının ucundan dartıb uğunurdu. Qoca bir azdan hiss etdi ki, belindən gələn körpəni əvvəlki günlərə rəğmən daha çox bağrına basıb oxşayaraq öpür, hələ burnunun ucundakıları da təmizləyir. O, hiss etmişdi. Və başa düşmüşdü ki, körpəni oxşayıb öpməyinə səbəb gözlənilməz qorxunc qonağın ürəyinə rəhm salmaq cəhdi idi. O, başa düşmüşdü ki, gözəgörünməz qüvvə onu bu qədər yanğılıqla körpəni öpməyə, oxşamağa vadar etmişdi. Başını qaldırıb qonağın gözündə isinmə, ilıqlıq görməliydi. Amma başını qaldıranda qonağın gözündə isinmə, ilıqlıq görmədi. Meyit gözlərinin dərinliyi ilə qonağın gözlərinin dərinliyini, pöhrə ağacın kötüyünə bənzəyən damarlarını lampa işığında görə bildi. Amma isinmə, ilıqlıq görmədi. Başını arvadına tərəf döndərib hirslə qaşlarını düyünlədi və eyham vurdu ki, gəlsin yetimini götürsün. Arvadı bu gün sifəti daha da zəhrimara dönmüş ərindən körpəni aldı, təzədən başlayacaq zırıltısını kəsmək üçün qaranlığa çəkilib sinəsini açdı, uşağın başını ora soxdu, bir azdan marçıltı səsi gərgin sakitliyi pozdu.
Qoca bir neçə saat əvvəl əkin yerindən gəldiyindən, yorulduğundan, birbaşa masa başına keçib arvadının sarımsaqlı şorbasından horuldatdığından əllərini yumağı unutmuşdu. Yox, qoca ölmək istəmirdi. Tez-tez neft lampasının işığını azaldıb-artırır, içərisinə palçıq dolmuş dırnaqlarıyla sinəsini və qarnını aşağı-yuxarı qaşıyırdı ki, güllə, bəlkə də güllələr qoluna dəysin, ayaqlarına dəysəydi də olardı.
Haraylaya bilərdi. Amma qonaq bu səsi kəsmək üçün onu tez öldürər, həm də həyasızlıq etdiyinə görə başını sərçə başı kimi üzərdi. Qapı qorxunc qonağın arxasında, pəncərə onun yanında. Hara qaçacaqdı?!
Qonaq onun gözlərində qorxu, bir ceryan ürkəkliyi görmək istədi, görürdü də. İstəyirdi çox-çox görsün. Bilirdi ki, bunu bir azdan tüfəngi çiynindən aşırıb bir addım irəli gələndə daha da yaxşı görəcək. Hələ tələsmirdi, onun ölümqabağı əzabını görməkdən, duymaqdan xoşallanırdı. Arvadının, uşaqlarının yalvara-yalvara, çığırışa-çığırışa onun qarşısını kəsib ilan dillərini çıxarmaması üçün tətiyi tez çəkəcək, bununla da anasının ölümqabağı sayıqladığı vəsiyyətin son zəngi çalınacaqdı.
Qoca Əzrayılı belə təsəvvür etmirdi. O, başı əmmaməli, nurani olmalı idi, özü də özünün həmyaşıdı. Bu isə orta yaşlı və qorxunc idi. Ona yalvarmaq, ağlayıb diz çökmək, ayaqlarını öpüb dizlərini qucaqlamaq artıq, həm gec idi. İstəyirdi əzablı keçən həyatının sonuncu zəngi məğrurluqla çalınsın və buna ağır keçən dəqiqələrdən sonra nail olunacaqdı. Onun ömür karvanı it qulağına bənzəmişdi. İt şaqqıltıya qulağını şəkləyən kimi, o da gecələrin zülmətində hər taqqıltını, hər qapı cırıltısını, günahlı ömrünün çıxarıb-çıxarmadığı şaqqıltıları it qulağı ilə dinşəmişdi, ceyran ürkəkliyi ilə yorğan altda titrəmişdi. Ömür ömürlüyündə qalmışdı. Neçə illər idi ki, tale onu başsız adama döndərmişdi. Qarğalar kimi üç yüz il ömür sürməyə imkanı olsaydı da, yenə üfunətli cəmdəklər didəcəkdi, çünki işlətdiyi günahının əvəzi bu cür çıxılırdı. Ancaq otuz yaşındakı günahı işlədənə qədər otuz il qartal ömrü sürüb qanad açıb ucalıqlarda süzmək, üfunətli deyil təzə cəmdək didmək istəyirdi. Çünki o vaxtlar ürəyindəki qan hələ laxtalanmamışdı, qara-qara ləkələr qəlbinə pərçimlənməmişdi. Günah isə onun qanadlarını sındırıb ucalıqlardan uçuruma çırpmış, it küçüklərini doğdurmaq xatirinə arvadının qırxı çıxmamış ikinci dəfə sevmədiyi ifritəylə evləndirmiş, günahı yaddan çıxarmışdı. Həmin günah uşaqların doğuluşunda - ortancıldan başqa yenidən doğulmuşdu. İlk uşağının ağzı əyri, beşikdəki ilantutan körpənin isə bətndə ayaqları qıc olduğundan heç vaxt yeriməyəcəkdi. Günah beləcə çıxmışdı qarşısına və qoz qırışına bənzəyən beynini cəmləyib özünə sual verə bilməmişdi ki, hara gedirəm, hara getməliyəm.
Beləcə əyildi, sümüklər sızıldadı, dizlər büküldü, səhərlər evdən çıxanda üstünə itlər hürdü, qabağına itlər çıxdı, kilidlənən ağzına it nəfəsi dəydi, içərisi itləşdiyindən hamı deyirdi ki, «qoca elə bil it nəfəsi üfürür, it nəfəsindən çıxıb». Şabalıd kimi qovruldu, özünü otuz yaşında qoz kimi sındıranda da baxıb gördü ki, ruhu çürük imiş.
Qonaq bütün bunları bilmirdi. Anası deyirdi ki, qoca qudurduğundan boynunu piy basıb, harınlayıb. Qonaq bilə bilməzdi ki, işlətdiyi günah qocanın cəmdəyini meyvə qurusu kimi qurutlayıb. O, bunları bilmirdi. İndi qoca sinəsini, qarnını aşağı-yuxarı qaşıyır, fəqir görsənir, qəlbinin dərinliklərində ağlayırdı.
Qonaq bunları bilmirdi. Yalnız onu bilirdi ki, atasızlığın ucbatından ilan kimi sürünərək qapılarda su daşıyıb, çaqqal kimi zibilliyə atılan sümüklü ətləri didib, gəmirib, quru çörək yeməkdən dişləri sınıb. Beləcə o, qocanı heç cür bağışlaya bilməzdi. Qəti qərara gəlmiş və anasının beynini doldurduğu, qulağına pıçıldadığı qisasla yoğrulmuşdu xəmiri.
Qonaq qocanın alnında muncuq kimi puçurlanan tər damcılarını görə bildi. Bu qorxu təri idi və başa düşdü: tər soyuq tərdir, özü də qorxu təridir. Tüfəngi çiynindən aşırıb onu qatladı, iki dəlik yerinə patron qoymaq istədi, sonra patronları təzədən cibinə atdı. Dəliklərdə patron vardı, özü də neçə illər bundan əvvəl qoyulmuşdu.. Qoca üçün qoyulmuşdu, lüləsi isə üstlü-içli dəfələrlə yağlanmışdı.
Qoca tüfəngin çiyindən aşırıldığını arvadını qucaqlayıb qulağına «uşaqları ac böyütmə…ərə gedərsən» sözlərini pıçıldayanda gördü. Ömür karvanı heç bircə kol da bitirməyən səhralı qəlbindən zınqrov çala-çala keçirdi. Bilə bilməzdi. Bilə bilməzdi ki, ölür, öləcək, özü də indi, uşaqların gözü qarşısında.
Qoca qonağa yaxınlaşdı, sanki ayaqlarını çəkə-çəkə, sürünə-sürünə yaxınlaşdı. Arxaya çönərək əyalına baxıb gülümsədi. Sonra qonağa pıçıldadı:
-Onlar hələ ölümün nə olduğunu bilmirlər. Gedək tövlənin arxasına. Ora sakitlikdir.
Qoca pıçıldamağını qurtarıb yenidən arxaya çönərək gülümsədi. Arvadı da gülümsədi. Ona görə gülümsədi ki, ərinin axırıncı dəfə nə vaxt gülümsədiyini görmədiyindən sevinib gülümsəmişdi. Ağzıəyri böyük uşaq da, ortancıl da anaları kimi gülümsədilər, ayaqları qıc olub heç vaxt yeriyə bilməyəcək bələkdəki ilantutan körpə isə gülümsəmədi, əksinə təzəcə diş çıxardığından əmziyi didişdirməyə girişdi.
Qonaq və qoca eşiyə çıxdılar. Qoca qabaqda, qonaq arxada.
-Tövlənin arxası yaxşıdır. Ora sakitlikdir. Öyrətmək olmasın, gülləni atandan sonra meşəliyə tərəf qaçsan ağacların arasında gözdən itərsən. Kəndin camaatı tozuna da çatmaz. Yaxşı ki, bu gün ayın işığı zəifdir, yoxsa ha tərəfə qaçdığını aydın görərlər. Dalınca düşsələr yerindəcə didərlər səni. Bəs necə? Sən bizim kəndçiləri tanımırsan e…Ürəyinə başqa şey gəlməsin, qorxudub eləmirəm a…Kənddə hamı məni çox istəyir. Hamının inəyini naxıra aparıram axı, ona görə hörmətim çoxdur. Gedək tövlənin arxasına. Burdan çox da uzaq deyil… Üç-dörd dəqiqəyə ordayıq. Vallah, mənlik deyil, rəhmətlik atam, Allah ölənlərinizə rəhmət eləsin, tövləmizi bir az uzaqda tikdirib. Rəhmətlik deyirdi ki, tövlə uzaqda olsa yaxşıdır, yanıb-eləsə evə xətər toxunmaz, həm də iyi-zadı evi basmasın.
Addımlayırdılar. Heç birindən səs gəlmirdi. Bu uzun çəkmədi.
-Gəldik çatdıq tövləyə. İndi isə fırlanaq arxa tərəfinə. Səsi eşidirsiz? Eşidirsiz? Ala inək bu gecə doğmalıydı…necə də qadınlar kimi zarıyır. Buna bax e, necə də zarıyır. Birinci dəfə doğanda heç belə zarımırdı. Yəqin inəklər bizim arvadlar kimi deyil. Anam yadıma düşdü. O da öləndə bu cür zarıyırdı. Yooox, Allah eləməsin, inək kimi zarımırdı, amma zarıyırdı. Adınız nə oldu sizin? Söhbət adda deyil, yaxşı insan olmaqdadır.
Qonaq tüfəngin lüləsiylə onu itələdi.
-Hə-hə… yavaş danışmaq lazımdır. Axı ələ keçərsən. «Sən» dedim, incimədiz? Day mənə olar də…sizdən böyüyəm axı… Gəldik çatdıq tövlənin arxasına. İnəyin zarıltısını eşidirsən? Yenə də «sən» dedim. Siz Allah day keçib, elə «sən» deyəcəm. İnək yenə də zarıyır…bala doğmaq nə çətin imiş… əziyyət çəkir e... Həəə, dünyaya bala gətirmək asan iş deyil. Yenə zarıyır. Bir azdan mən də o cür zarıyacam. Qoy üzümü divara çevirim ki, tətiyi asanca çəkə biləsən. Çox danışıram ki, vaxt getsin, yoxsa qorxudan şalvarımı isladaram, sonra dost-tanışın yanında danışıb gülərsən, biabır olaram. Biri vardı, biri yoxdu. Əslində hər ikisi vardı, sadəcə böyüklər bu həyatda birini gizlədiblər. Ya o bir dənə sirli şeydir, ya da nağılı necə lazımdı fırladıblar. Yaxşı insan olmaq istədim, alınmadı. O, kəndə gələndə nabələd idi, özü də ova gəlmişdi. Neyləyim ki, pul lazım idi mənə, o da verməyəcəkdi. Öldürməliydim. Meşəyə gedəndə heç kim məni onunla görməmişdi, öldürsəydim də kimsə şübhələnməyəcəkdi. Amma çörək yeyəndə onu arxadan öldürəndə başa düşdüm ki, ağzından düşən çörək qırıntısı nə vaxtsa gözümü tutacaq. Nə biləydim ki, onun oğlu varmış, neçə ildən sonra gəlib boğazımdan yapışacaq.Əcəb işdir vallah, inək o cür zarıyır, arvadın vecinə də gəlmir ki, evdən çölə çıxsın. Yəqin yenə də pencəyimə yamaq vurur. Qoy vursun. «Sarı gəlin» mahnısının sözlərini bilirsən? Elə xoşum gəlir o mahnıdan, tüklərim biz-biz durur. Bu dərənin uzunu, çoban qaytar quzunu, nə ola bir gün görəm yarın üzünü. Buna bax e, inək necə də zarıyır. Həyatımda bircə günah etdim, onda da yaşımın bu vaxtında yaxalandım. Yoxsa üzbəüz qonşu kimi?! Cavan yaşında bir qızı samanlıqda zorlayıb, qız ondan uşağa qalmasını deyəndə, üzbəüz qonşu onu döyə-döyə qovub. Kəndə haray çəkib ki, "bu pozğun əlli kişi ilə oturub-durub, indi də deyir «səndən uşağa qalmışam". Amma indi o kefdədir, mənsə ölməyə hazırlaşıram. Bəs Allah onun günahını görmür?
Qız uşağa qaldığından kənddən qaçdı. Buna bax e, inək yenə zarıyır. Ay bala, ay huşsuz, ay eşşək, çıx çölə gör bu inək niyə zarıyır, sən bilmirsən ki, bu gün ala inək doğmalıydı?! Niyə tətiyi çəkmirsən? Niyə vurmursan? Bayaq yavaş hürməyimi istəmirdin, vur də…vur…vur…Saçın ucun hörməzlər, gülü sulu dərməzlər, Sarı gəlin. Bu sevda nə sevdaaaadııııır, səni mənə verməəəəəzləəəər… Sonra eşitdik ki, qızın oğlu olub, hardasa tək yaşayır. Xəcalətindən kəndə gəlmədi, atası da nə qədər axtardı onu, tapa bilmədi, «qızım» deyə-deyə öldü. İndi qonşum üzbəüz evdə qalır, həyətində çarhovuz tikdirib, tovuz quşu saxlayır, kefi kök, damağı çağ. Mənsə burda əsirəm. Eh, kiminin əvvəli, kiminin axırı. Bəs, Allah onun günahını görmür? Nə durmusan, vur da…Çox gözlətmə…Üzümü sənə çevirməyəcəm…Yoxsa dizlərim əsər, gözüm yaşarar… Əşədü ənnə ilahə illəllah, Əşədu ənnə Muhəmmədin Rəsul Allah…Vur da…Vur dedim…Allah səni zəlil eləsin…Balan da səni belə öldürsün…it oğlu, it…Onsuz da dədən sağ qalsaydı da belə zülüm çəkəcəkdin, zülüm çəkəsən görüm səni…O bələkdəki körpəmə də rəhmin gəlmədi…Onun ahı tutsun səni...Ömür boyu nərildəmişəm, qoluzorlu oğlanları bir-bir sındırmışam, indi gör məni kim öldürür…qoturun biri… Nə gözləyirsən? Vur da…Allah ürəyini çəksin…Ürəyin çəkilsin elə sənin…Tərslikdən bir adam da yaxınlaşmadı ki, kömək eləsin mənə. Heç kömək eləyərlər, görüm hamınızın evi başınıza uçsun.
İki atəş səsi eşidildi. Kişi ağır-ağır dizlərini yerə atdı. Başını aşağı saldı. Əgər ölüm budursa, bütün ömür boyu bundan qorxurdumsa, bütün ömür boyu bununla qorxudurdularsa, bu nə yüngül, nə şirin imiş. Ağrı yox, iztirab yox, ruhum da göylərə uçmur, çiskin, otların rahiyələnən ətri, güllə səsindən ağaclarda gecələyən quşların uçuşu, içərimə dolan sərin hava…dolanır, dolanır içimdə…Dayan görüm. Doğrudan bu nədir? Heç yerim incitmir, bəlkə hələ yeri istidir deyə ona görə heç nə hiss eləmirəm…
O, qaranlıqda əllərini bədəninə sürtdü, üst-başına baxdı. Heç hardan qan axmırdı. Öz-özünə pıçıldadı:
-Dəymədi, nədi?
Qorxa-qorxa arxaya çevrildi. Qorxunc qonaq yox idi. Bəs getməyini niyə eşitmədim? Yəqin çox danışdım deyə getməyini bilmədim.
Birdən gecənin səssizliyi içərisində onun evi ilə üzbəüz qonşudan qışqırıq səsləri eşidildi:
-Ay aman, ərimi öldürdülər…Ay Allah, atamı vurdular…
Adamların qışqırığı ətrafa yayıldı, ayaq tappıltıları eşidildi. Tappıltıların ən səslisi meşəyə gedən cığırdan gəlirdi.
Qoca yenə də əlini bədəninə, qarnına, sinəsinə sürtüşdürdü, qaranlıqda ovcuna baxdı. Qan görünmürdü. Və heç harasından qan axmırdı.
Ayın öləzi işığında adamlar ha çalışsalar da, ha axtarsalar da, heç nə sezə bilmədilər.
Gecənin səssizliyini itlərin hürüşməsi, ağlaşma, qışqırma səsləri və bir də uzaqdan, çox-çox uzaqdan eşidilən qaçan adamın ayaq səsləri pozurdu.
SON
Yorumunuz
Şərhlərə görə (2 göndərilib)
-
Yerləşdirilib Hafiz Hacxalil, 04 Mart, 2010 01:42:53Beli, maraqlı hekayədir. Allah heç kəsə belə ölüm qismət etməsin. Mən indi bildim ki, rəhmətlik nənəm niyə bizə hirslənəndə:"A sinəndən güllə dəysin"- deyirmiş. Azər bəy, sizə uğurlar!
-
Yerləşdirilib habil yaşar, 02 Mart, 2010 12:29:58gözəı və maraqlı hekayədir təşəkkür!







YENİLİKLƏR