ZƏRƏNGİZ QAYALI
BAYATILAR
20 ildir ki, torpağımızda ədalətsiz müharibə gedir,
18 rayonumuz düşmən tapdağındadır
Xırman üstü dən olur,
Çox gəlib-gedən olur,
Fələkdə nə qaydadı,
Zülm üstdən sitəm olur?
Əzizim, yada düşdü,
Qəlbimə qada düşdü,
90-cı qirğında,
18 yada düşdü!
Sovrulduq saman kimi,
Qovrulduq şaman kimiş
Sellər, sular çağlayır,
Gözümü yuman kimi!
Fələk yolu bağladı,
Didəm qanlar ağladı,
Əsir dərdi, ay ellər,
Ürəyimi dağladı!
Əzizim, yada qaldı,
Ya qırğın, ya da qaldı!
Şəhid oldu Xocalım,
Torpağım yada qaldı!
Atım var, yüyənim yox,
Qapımı döyənim yox,
Ədalətim tapdanır,
Haqqımı deyənim yox!
Aşiqəm belə qalmaz,
Su çağlar selə qalmaz,
Bir gün yenilər düşmən,
Qisasım belə qalmaz!
27.12.06
DÜNYADA
Elə özü boyda heyrətmiş demə,
Nə qədər gözəllik varmış dünyada?
Bir zərif çiçəklə aldı könlümü,
Bütün qayğılarım qaldı arxada!
İnsan gəlir-gedir, bir tarix olur,
Ömür ötüb-keçir, o yaşa dolur,
Hərə bir iz qoyur, ruhlarsa solur,
Xəyal kəpənəyi, uçur havada.
Ömrümün sahibi sən oldun, ya Rəb!
Dərdim saçlarımda dən oldu, ya Rəb!
Həzin-həzin yazan mən oldum, ya Rəb!
İki kəlmə sözüm qalar dünyada!
3/3-2010
VƏTƏN
Bir ovuc torpağam, bir ovuc qanam,
Məni şair doğdu dünyaya anam!
Sənin eşqin ilə alışıb-yannam!
Külüm də qurbandı gülünə, Vətən!
Gülüm də qurbandı külünə, Vətən!
Sevdalı dağların baş-başa durar,
Qartal qanad çalar, şahin qıy vurar,
Əlim yara bağlar, dil səni sorar,
Bənövşə düzərəm telinə, Vətən!
Qayıdaq Kəlbəcər elimə, Vətən!
Xan Araz, dəli Kür axar qanımdan,
Savalan yelləri əsər canımdan,
Elə nigaranam Həştərxanımdan,
Dərbənd əl uzatsın əlimə, Vətən!
Qurban olum Təbriz elinə, Vətən!
Şuşam yad əllərdə, gülləri xəzan,
Tapılmır bəd gələn yuxumu yozan,
Yurduma sevdalı, vəfalı qızam,
Qayıt Zəngilanın selinə, Vətən!
Urud, Vedi, Laçın yelinə, Vətən!
Anam Xəzər kimi qaynayam, coşam,
Vətənim, hüsnünə nəğmələr qoşam,
Zərəngiz Dəmirçi, sanki bihuşam,
Xarıbülbül bənzər gəlinə, Vətən!
Qayıdaydıq sənin gülünə, Vətən!
Çıdır düzü, Şuşa çölünə, Vətən!
8/9-2009-cu il
SÖZLƏ GEDİR
Şair sözü-yaranışdan haqq deməkdir,
İlahidən qurulmuş bir taxt deməkdir,
Bəlkə elə göydən gələn baxt deməkdir,
Sözlə gəlir bu dünyaya şair olan!
Sözlə gedir bu dünyadan şair insan!
DÜNYA SINAQ MEYDANIDIR
Mən qırıq ney kimiyəm,
Min amanım, min qəmim var,
Sokrat, Qaliley kimiyəm,
Hikmət dolu aləmim var!
Tanrı mənə şeir dolu,
Nəğmə dolu dünya verdi,
Ömür yüküm-sözüm, boxçam,
Hər sözümə məna verdi.
Zərəngiz Dəmirçi bilməz,
Ömür keçdi, ələ gəlməz,
Dünya sınaq meydanıdır.
Kimə gülər, kimə gülməz!
Yorumunuz
Şərhlərə görə (3 göndərilib)
-
Yerləşdirilib Zərəngiz Dəmirçi Qayalı, 10 Fevral, 2011 00:33:58Salam, aziz Habil, aziz Elmeddin,sayt ahli! Diqqatiniz ve urayiniz ucun cox saq olun!Allah qelemimize,ureyimize,zehmetimiza, sozun qiymeti olmayan zemanede sozumuze qiymet versin Inshaallah!
-
Yerləşdirilib Elməddin, 20 Mart, 2010 05:39:35Bu insanın nəfəsindən şairlik duyulur. Bayatı lap çox xoşuma gəldi, hələ kövrəltdi də! "Sözlə gəlir bu dünyaya şair olan" - çox gözəl deyimdi. Bəzi axıcılığı pozan misralar da var idi; "...Ömür ötüb-keçir, o yaşa dolur, Hərə bir iz qoyur, ruhlarsa solur". Qələminiz yorulmasın! Səmimi tənqid saxta tərifdən üstün olduğu halda, mən səmimi tənqidi səmimi tərifdən də üstün tuturam. Tənqidlə insan prinsipial olur, məncə... Bir daha uğurlar sizə!
-
Yerləşdirilib habil yaşar, 04 Mart, 2010 12:56:40yaşasın Şairlər!






