RAMİN QASIMLI
Təcnis
Dəyişmə yolunu, bu ərkan gözəl,
Qal, bu düşüncədə qalan incə, qal.
Əzaba qarşılıq ömür təsəlli,
Gedib atəşlərə qalanınca qal.
Ala gözlərini sevdi yar, ala,
Sevdi həmdəm ola, sevdi yar ola,
Günahkar özüdü, sevdi yarala,
Bilsin yanmaq nədi, qalanıncaq al.
Ay Ramin, üyündü illər dən misal,
Dedim saçlarıma, illər, dənmi sal?
Nə qaldı, nə çəkim illərdən misal,
Bilək qiymətini qal, anınca qal.
03.2010
***
İndi bildinmi, neylərmiş?
Adamı, gözlər adamı.
Süzüləndə tufan eylər,
Badamı gözlər, badamı.
Alası-qarası zulum,
Könlümdə yarası zulum,
Baxdıca çarəsi zulum,
Qadamı, gözlər qadamı?
Bu nə şahlıq, nə əmirlik,
Verməz ruhuma özgürlük,
Yoxsa düşdüm bir ömürlük,
Odamı, gözlər, odamı?
Həm ucaldar, həm endirər,
Söz elədi, söz elədi.
Həm isidər, həm yandırar,
Köz elədi, köz elədi.
Kim eylədi haqqını car,
Ürəyi çat, dili qabar,
Anan ölsün düzdə qalar,
Düz elədi, düz elədi.
Mən Raminəm, işim - zulum,
Qəlbim kimi payım-puşum,
Verdi haqqı görən kişi,
Gec elədi, tez elədi.
03.2010
***
Dərd eləmə dərdimi sən.
Dərdim gözəl dərddi, baba.
Hər halımda üzü dönməz,
İnsanlardan mərddi, baba.
Ömür deyilən bir andı,
Birdə baxdın ki, virandı,
Neyləmək, hər nə dövrandı,
Yaşamaq da,şərtdi, baba.
Saçımda dənə yaslanma,
Qismətə-baxta aslanma,
Dönən deyil ta səslənmə,
Keçən keçdi, ötdü, baba.
03.2010
Yorumunuz
Şərhlərə görə (2 göndərilib)
-
Yerləşdirilib habil yaşar, 09 Mart, 2010 10:30:42gözəl şerlərinə görə təşəkkür qardaşım!
-
Yerləşdirilib Hafiz Hacxalil, 09 Mart, 2010 09:39:46Salam qardaşım. Yazıların çox xoşuma gəldi. Təcnisə müraciət etməyin, ozü bir qəhrəmanlıqdı. Sənə uğurlar arzu edirəm.var olasan!







YENİLİKLƏR